Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-350/2020 30.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “maddi və mənəvi ziyan” tələbinə dair Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(039)- 1866/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(039)-1866/2019 nömrəli qətnaməsi ilə iddiaçının tələbi qismən təmin edilərək cavabdehdən, iddiaçının xeyrinə 1500 (bir min beş yüz) manat məbləğində pul tutulması və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin hаllаrı : İddiaçı, cavabdehə qarşı“maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 20.000 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi ziyanın, dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehin təqsiri üzündən xx xxxxxx 2018-ci il tarixdə baş vermiş avtoqəza nəticəsində ciddi xəsarət almışdır. Baş vermiş hadisə zamanı aldığı xəsarətlərin nəticəsində onun sağlamlığ ciddi şəkildə pozulmuşdur. Bu səbəbdən o, hal-hazırda digər şəxslərin yardımı olmadan hərəkət edə bilmir. Lakin, cavabdeh bu günə qədər ona heç bir maddi və yaxud mənəvi yardım etməmişdir. Halbuki, qəzadan sonra cavabdehin təqsiri üzündən aldığı xəsarətlərə görə o, günlərlə xəstəxanada yataq şəraitində olmaq məcburiyyətində qalmışdır. Nəticədə, müalicəsi üçün 20 000 (iyirmi min) manat həddində maddi vəsait sərf etmişdir. Məhkəmənin gedişində cavabdeh ona dəymiş zərəri tam olaraq ödəyəcəyinə söz versə də, cavabdeh tərəfindən bu günə qədər ona heç bir köməklik olunmamışdır (sadəcə cüzi bir məbləğdə iltizam yazıb mənə vermişdir ki, o da adi bir kağız parçasından başqa bir şey deyildir). Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, həm maddi cəhətdən həm də, mənəvi cəhətdən ziyan çəkmişdir. Belə ki, ona 20 000 (iyirmi min) manat maddi ziyan, özünün keçirdiyi mənəvi iztirabalara görə isə 5000 (beş min) manat həddində mənəvi zərər çəkmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh izahatında təqsirləndirildiyi cinayət işinin gedişi zamanı zərərçəkmiş şəxslə razılıq əldə edib 15 ay müddətində hər ay ona 100 manat olmaqla, cəmi 1500 manat məbləğində pul ödəməyi və J-5 markalı mobil telefon alıb ona verməyi öhdəsinə götürmüşdür. Ona görə də iddianın 1500 manat hissədə təmin edilib qalan hissədə rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Аpelyаsiyа şikаyətinin dəlilləri : İddiaçı аpelyаsiyа şikаyəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini və idianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişdir. O, аpelyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qanunsuz qətnamə qəbul edilmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də (SMS məlumat verilmişdir), tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kollegiyası iş materiallarından müəyyən edir ki, həqiqətən hazırkı iş üzrə cavabdehin xx.xx.2018-ci il tarixdə idarə etdiyi “Daevo Nexia” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı minik avtomaşını ilə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən 31-ci kilometrliyində sükan arxasında yuxulamış və hərəkətdə olan başqa avtomaşına arxa tərəfdən vurmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermiş hazırkı iş üzrə iddiaçı da bədən xəsarətləri almışdır. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh zərərçəkmiş şəxslərlə (hazırkı iş üzrə iddiaçı da daxil olmaqla) barışıq əldə etdiyindən barəsində CM-nin 263.1-ci maddəsi ilə iş üzrə icraata xitam verilmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxslərdən biri hazırki iş üzrə İddiaçı olmuş, o notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edib təqsirləndirilən Cavabdeh tərəfindən ona lazimi maddi və mənəvi yardım göstərildiyini və təqsirləndirilən şəxslə barışıb ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin cinayət işi üzrə təqsirləndirilən hazırki iş üzrə Cavabdeh xx.xx.2019-cu il tarixdə yazılı iltizam verərək 15 ay müddətində hər ay iddiaçlya 100 manat olmaqla, cəmi 1500 manat məbləğində pul və J-5 markalı mobil telefon alıb verməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia maddi ziyan hissədə qismən-1500 manat məbləğində təmin olunmalı, digər hissələrdə isə məhkəməyə heç bir sübut təqdim edilmədiyindən və qeyd olunan hal iş materialları ilə subuta yetirilmədiyindən iddia bu hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın( 21.1-ci maddə). - zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). - mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1-ci maddə) - delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). - mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1-ci maddə). - qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (1097.3-cü maddə). - zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (1115-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli Qərarında qeyd edilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası qeyd dilən hüquq normalarının əlaqəli şəkildə nəzərdən keçirilməsi nəticəsində hesab edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Kollegiya qeyd edir ki, hazırkı işdə iddiaçının yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı sübutlar mövcuddur və hal təkzib edilmir. Lakin, həmin hadisə ilə bağlı müvafiq məhkəmə qərarında hazırkı iş üzrə cavabdehi, o cümlədən iş üzrə iddiaçının notarial qaydada cavabdehdən hər hansı bir şikayətinin olmaması səbəbindən cinayət məsuliyyətindən azad edilməsi müəyyən edilir. İddiaçı birinci instasniya məhkəməsində 1500 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi barədə yazılı qəbz verdiyini və bununla iddiaçı ilə razılaşdığını əsas gətirərək birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etmiş, iddia tələbinin digər hissələri ilə bağlı hissədə iddiaçı sübut təqdim edilmədiyindən iddianı həmin hissədə təmin etməmişdir. Bundan əlavə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında hazırkı iş üzrə iddiaçının məhkəmə iclasında verdiyi izahatında təqsirəndirilən şəxs tərəfindən ona lazımi maddi və mənəvi yardım göstərildiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. MPM: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin iddiaçıya münаsibətdə ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə оnа münаsibətdə dəyişdirilmədən, аpelyаsiyа şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(039)-1866/2019 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvəsində sаxlаnsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-350/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-350/2020
30.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver