Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-353/2023 07.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Ərizənin imzalanmasına dair tələblərə əməl edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Ağsu Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tаrixli, 2(016)-1098/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İşin halları: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 280 manat pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 310 manat alınmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli PAZ********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Hyundai İ30 minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində 99ZP205 dövlət qeydiyyat nişanlı Toyota PRİUS markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ tərəfindən inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə xx.xx.2022-ci il tarixli protokol yazılmışdır. Toyota PRİUS markalı, 99ZP205 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 280 manat ödəniş verilmişdir. Birinci instansiya məhkəməsində icraat: Ağsu Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tаrixli, 2(016)-1098/2022 saylı qətnaməsi ilə (hakim A.Əsgərov) iddianın təmin edilməsi, Cavabdeh 280 manat pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 310 manatın alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixli PAZ********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Hyundai İ30 minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində 99ZP205 dövlət qeydiyyat nişanlı Toyota PRİUS markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə xx.xx.2022-ci il tarixli protokol yazılmışdır. Toyota PRİUS markalı, 99ZP205 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 280 manat ödəniş verilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi sığortalanmış “TOYOTA PRİUS” markalı, 99ZP205 dövlət qeydiyyat nişanlı avtomobilin “HYUNDAİ İ30” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində göstərilən avtomobilə zərər dəyməsi, qərarla və işin digər materialları ilə sübut olunur. “HYUNDAİ İ30” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan iddiaçı tərəfindən aradan qaldırıldığından və cavabdeh hadisə yerindən yayındığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçıya keçmişdir. Məhkəmə hesab etmişdir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, onu qanuni əsaslarla idarə etmiş olan Cavabdeh daşımalıdır. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədildiyindən və o, hadisə yerindən yayındığından vurulmuş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 936.2, 936.5, 1108.1, 1096.1, 1096.2, 1097.1-ci maddələri, İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5 və 284-6-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində ona məxsus olan HYUNDAİ İ30 markalı avtomobilini Bakı şəhəri, Z.Bünyadov prospekti, Xutor körpüsünün altında birinci tuneldə idarə edərkən 99ZP205 dövlat qeydiyyat nişanlı Toyota PRİUS markalı avtomobil yan görmə güzgüləri olmadan yoluna çıxmış, həmin zaman avtomobilini saxlaya bilmədən avto qəza baş vermişdir. Həmin zaman o, maşından düşərək Toyota PRİUS markalı maşını idarə edən Ramil adlı sürücüyə DYP əməkdaşlarını gözləmək va ya onun maşınına vurulan ziyanın tərəfindən ödəməyi və düzəltməyi təklif etmişdir. Həmin sürücü onunla razılaşaraq Suraxanı rayonunun arazisində yerləşən Avtotəmir Məntəqəsinə getmişdir. Orda usta ilə danışıqlar apararaq Toyota markalı maşının təmir edilməsinə usta ilə razılaşmış və təmiri xx.xx.2022-ci il tarixində başlamasını bildirmişdir. xx.xx.2022-ci il tarixində Toyota PRİUS markalı avtomobilin sürücüsü DİN-102 xidmətinə zəng edərək ondan asassız böhtan olaraq şikayət edərək bildirmişdir ki, həmin hadisə yerindən o, yayınmışdır. Sikayətə asasan araşdırma olmadan, Bakı şəhəri DYPidarəsindən onu təqsirli bilərək İnzibati Xətalar Məcəlləsinin 327.1-ci va 327.6-cı maddəsi ilə İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Həmin protokola əsasan "xxxx" ASC-nin tərəfindən Ağsu Rayon Məhkəməsinə "borcun tutulmasına" dair kiçik iddia ərizəsi verilmişdir. İddia ərizəsində "xxxx" ASC bildirmişdir ki, onun tərəfindən idarə edilən Hyundai İ30 minik markalı 77BD518 dövlat qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində 99ZP205 dölat qeydiyyat nişanlı Toyota Prirus markalı avtomobillə toqquşmuşdur və xx.xx.2022-ci ildə DYP İXP 327.1 va 327.6-cı maddəsi ilə yazılmış protokola əsasən hadisə yerindan yayıdığına görə "xxxx" ASC-nə dəymiş ziyanı ondan tələb etmişdir. Bildirir ki, həmin iddia asassız va subutsuzdur. Hadisə xx.xx.2022-ci il tarixdə baş vermiş, DYP-tərəfindən protokol isə xx.xx.2022-ci il tarixində Toyota PRİUS markalı avtomobilin sürücüsünün DİN-102 xidmətinə zəng etməsindən sonra tərtib olunmuşdur. Əgər hadisə yerindən yayınsaydı elə həmin zaman hadisə yerini tərk edərdi amma buna baxmayaraq, Toyota PRİUS markalı avtomobilin sürücüsü ilə razılaşaraq Avtotəmir məntəqəsinə getmiş va dəymiş ziyanı ödəməyə razı olmuşdur. Əlavə olaraq bildirir ki, hadisə zamanı onun avtomobilində tanıdığı Mahir adlı şəxs olmuş, bu hadisəni ətraflı görmüş va axıracan iştirak etmişdir. "xxxx" hadisə yerini dəqiqləşdirmədən, hadisə yerindən sübütları toplamadan, araşdırmadan asassız iddia qaldırmışdır. Hadisə Bakı şəhəri, Z.Bünyadov prospekti, Xutor körpüsünün altında birinci tuneldə baş vermiş və həmin ərazidə video müşaiyətedici kameralar yerləşdirilmişdir. DYP protokolu tərtib edərək həmin hadisə yerindən videogörüntüləri araşdırmadan İXM-327.6-cı maddəsi ilə onu təqsirli bilmişdir. Ağsu Rayon Məhkəməsi işi tam obyektiv araşdırmadan iddianı iddiaçının xeyrinə təmin etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Ağsu Rayon Məhkəməsinin 2(016)- 1098/2022-ci il saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 151.1- ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.5-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tаrixli, 2(016)-1098/2022 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tаrixli, 2(016)- 1098/2022 saylı qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə təqdim olunmuş sənədlərlə birlikdə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki,apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tаrixli, 2(016)-1098/2022 saylı qətnaməsi tamamilə ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin, onun imzalamaq səlahiyyəti olan şəxs tərəfindən imzalanmasını təsdiq edən sənədlə birgə məhkəməyə təqdim edilməməsi və bu halın məhkəmə araşdırması zamanı aradan qaldırılmaması iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarında iddia ərizəsinə əlavə olunmuş sənədlər daxilində etirbarnamə olsa da, həmin etirbanəmədə, iddia ərizəsini imzalayan iddiaçının nümayəndəsi X1 iddia ərizəsinin imzalanması səlahiyyəti verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinə əsasən- iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Yuxarıda qeyd edilən maddənin də tələbindən göründüyü kimi, səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə iddia ərizəsinin imzalanması xüsusi göstərilməlidir. Lakin iddia ərizəsinə əlavə edilən etirbarnamədə belə səlahiyyətin verilməsi göstərilməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər bir iddia onu imzalamaq səlahiyyəti olan şəxs tərəfindən imzalanmalı və həmin şəxsin səlahiyyətini təstiq edən sənəd iddia ərizəsinə əlavə olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə qanunvericiliyin yuxarıda qeyd olunan imperativ tələbinə əsasən iddia verilməsinin qanunla müəyyən edilmiş qaydasına riayət olunmalıdır. Əgər belə qaydalara riayət olunmamışdırsa bu iddia ərizəsinin və ona əlavə olunmuş sənədləri geri qaytarılması üçün, geri qaytarılmadığı halda isə səhvən icraata qəbul edilibsə, bu halda ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Lakin işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadlanan normalarının tələblərini diqqətə almamış, iddia ərizəsi yanlışlıqla icraata qəbul edilmişdirsə belə sonradan da həmin çatışmazlığın aradan qaldırılması üçün müvafiq tədbir görməmişdir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 149.1, 259.0.12, 384.0.5, 400, 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tаrixli, 2(016)-1098/2022 saylı qətnaməsi tamamilə ləğv edilsin və iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-353/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-353/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver