Məhkəmə qərarları › İş №2(107)-355/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-355/2022

02.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-355/2022 02.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Hökümətinə qarşı “işi ilə bağlı 03 may 2018-ci il tarixli 56330/10 nömrəli İ.H.Ü. Avropa Məhkəməsinin Qərarının icra olunmadığına görə ona dəymiş mənəvi zərərə görə 331200 manatın cavabdeh Azərbaycan Höküməti tərəfindən ödənilməsi tələbi”nə dair iddia ərizəsinin geri qaytarılması barədə Qax Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(024)-851/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Hökümətinə qarşı məhkəmədə iddia qaldıraraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 56330/10 nömrəli 03 may 2018-ci il tarixli Qərarının 6-cı bəndində təsdiq edilmiş yaşamaq hüququnun əlindən alınmasına görə ona dəymiş mənəvi zərərə görə 331200 (üç yüz otuz bir min iki yüz) manatın cavabdeh Hökumət tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(024)-851/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Hökümətinə qarşı “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 56330/10 nömrəli 03 may 2018-ci il tarixli Qərarının 6-cı bəndində təsdiq edilmiş yaşamaq hüququnun əlindən alınmasına görə ona dəymiş mənəvi zərərə görə 331200 (üç yüz otuz bir min iki yüz) manatın cavabdeh Hökumət tərəfindən ödənilməsi tələbi”nə dair iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılması, İddiaçı qərardadda qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edə biləcəyinin izah edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan Şəki Apellyasiya Məhkəməsinə göndərdiyi şikayət sonuncu tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 362 və 364-cü maddələrinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Qax Rayon Məhkəməsinə göndərilmişdir. Qax Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(024)-851/2021 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Qax Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(024)-976/2021 saylı qərardadının dəyişdirilmədən və ləğv edilmədən saxlanılması, İddiaçı Qax Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(024)-976/2021 saylı qərardadından verdiyi şikayətin baxılması üçün mülki işlə birlikdə 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qax Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(024)- 851/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda iddia ərizəsindən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı iddiasına cavab verməli şəxs Azərbaycan Höküməti deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyidir. Lakin iddiaçi İddiaçı iddianı cavabdeh hüquqi şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yerləşdiyi yer üzrə Nəsimi Rayon Məhkəməsinə verməli olduğu halda Qax Rayon Məhkəməsinə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Qax Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(024)-851/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Qax Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(024)-851/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(024)-851/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar