Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-373/2023 17.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Zaqatala rayonu X8 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Zaqatala rayonu X8 və Cavabdeh2 qarşı hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tаrixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işən açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 7,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi tam mülkiyyət hüququ əsasında Zaqatala rayon X5 adına daşınmaz əmlakın dövlət reyestrində 181 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə **********0 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Zaqatala rayonu X5 28 oktyabr 2020-ci il tarixli, 19 saylı iclasının protokolundan çıxarışdan görünür ki, X5 mülkiyyətində olan kateqoriyası kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü kənd təsərrüfatı məhsulları istehsalı olan, o cümlədən hər bir hektar torpaq sahəsinin icarə haqqının ilkin qiyməti 150 (bir yüz əlli ) manat olmaqla 7,74 ha torpaq sahəsinin icarə haqqının ilkin qiyməti 1161 (bir min bir yüz altmış bir) manat olmaqla növbəti 49 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün icarəyə verməkdən ötrü müsabiqəyə çıxarılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Hərracların Təşkili üzrə X9 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə 06 may 2021-ci il tarixi, 53 nömrəli iclas protokolundan görünür ki, "Komissiya” tərəfindən Zaqatala rayon ərazisində yerləşən X5 mülkiyyətinə aid 77400,0,0 kv.metr və ya 7,74 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə 06 may 2021-ci il tarixdə keçirilən müsabiqədə iştirak edən şəxslərin siyahısı təsdiq edilmiş, müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələrlə vəkil etdikləri şəxslərin nümayəndələrinin iştirakı ilə komissiyanın iclasında açılmışdır. Müsabiqədə 1280,0 (bir min iki yüz səksən) manat ən yüksək təklif vermiş Cavabdeh2 - Zaqatala rayonu Aşağı Tala kəndi eyni zamanda bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanuna müvafiq şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. AM seriyalı, 12523 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin şəhadətnaməsindən görünür ki, Xəmmədov X3 rayonu X5 mülkiyyətində olan 77400,0 kv.m və ya 7,74 ha olan torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X9 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 06 may 2021-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibidir. Zaqatala rayonu X5 16 may 2021-ci il tarixli, 14 saylı iclasının protokolundan çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X9 ərazi torpaq müsabiqə və hərrac Komissiyası tərəfindən 06 may 2021-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuş Cavabdeh2 ilə 06 may 2021-ci il tarixli, 12523 nömrəli hərracın qalibi şəhadətnaməsinə uyğun olaraq notariat müqavilə bağlanması qərara alınmışdır. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Zaqatala rayonu X5 sədri X1 rayonu Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 7,74 ha olan torpaq sahəsini Zaqatala rayonu X5 xx.xx.2020-ci il tarixli iclasın 19 saylı protokolundan çıxarışa əsasən və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X9 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının xx.xx.2021ci il tarixli, 53 nömrəli protokoluna əsasən xx.xx.2070-ci il tarixədək illik 1280 manat icarə haqqı müəyyən edilməklə Cavabdeh2 icarəyə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Zaqatala rayon X5 mülkiyyətində olan 7,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-xx.xx.2070-ci illər ərzində 49 il müddətinə Cavabdeh2 xeyrinə xx.xx.2021-ci il tarixli 3M-181 saylı icarə müqaviləsinə əsasən illik icarə haqqı 1280 manat olmaqla yüklü edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən 06 may 2021-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və həmin protokolun icrası ilə əlaqədar 18 may 2021ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Zaqatala rayonu Aşağı Tala kənd bələdiyyəsinin mülkiyyətində olan 7,74 ha torpaq sahəsi 06 may 2021-ci il tarixdə keçirilmiş hərracda Cavabdeh2 7,74 ha torpaq sahəsinin qalibi olmuşdur. Hərrac keçirildikdən sonra sözügedən torpaq sahəsi icarə müqaviləsi əsasında Cavabdeh2 49 illik icarəyə verilmişdir. 18 may 2021-ci il tarixdə həmin şəxsə icarə müqaviləsi əsasında torpaq sahəsinin verilməsinə baxmayaraq sözügedən torpaq sahəsindən hazırki vaxtadək özü istifadə etmişdir. Həmin torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir və həmin torpaq sahəsindən hazırda da istifadə edir. Lakin hərrac keçirilən zaman torpaq sahəsindən daimi istifadə edən şəxs hərraca dəvət edilmədən, həmin torpaq sahəsi Cavabdeh2 icarəyə verilmişdir. Qanunvericilik normalarından da görünür ki, hərracın keçirilməsi barədə alğı-satqı predmeti olan əşyanın hərraca çıxarılması barədə məlumat hərrac keçirilməzdən 30 gün əvvəl bildirilməli idi. Lakin ona bu barədə heç bir məlumat verilməmişdir. Hesab edir ki, hərracın nəticələrinə dair protokol qanunsuz olduğundan ləğv edilməlidir. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(033)- 71/2022 nömrəli iş üzrə 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) iddia tələbi təmin edilmiş, Zaqalala rayonu, X8 məxsus 7,74 ha torpaq sahəsi ilə bağlı 53 nömrəli, 06 may 2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X9 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolunun etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Zaqatala rayonu, Aşağı Tala bələdiyyəsi arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-181 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 18 may 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, mübahisəli torpaq sahəsinin hərraca çıxarılması ilə əlaqədar hər hansı qəzetdə elan verilməsinə dair sübut təqdim edilməmiş, eləcə də bu elanın verilməməsi X5 ərazisində yaşayan şəxslərin həmin ərazidə yerləşən torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı birmənalı olaraq məlumatlandırılması kimi qiymətləndirilməməlidir. Məhkəmə iclasında, cavabdeh bələdiyyənin nümayəndəsinə Zaqatala rayonu X5 mülkiyyətində olan torpaq sahəsinin hərraca çıxarılmasına dair elanın bələdiyyənin ərazisində yayılmasını təsdiq edən sübutların təqdim olunması təklif olunmuşdur. Bələdiyyənin nümayəndəsi tərəfindən belə bir sübutun olmaması bildirilmiş və təqdim edilməmişdir. Halbuki, bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.7-ci maddəsinə uyğun olaraq ərazidə yaşayan sakinləri bilavasitə olaraq məlumatlandırmağa borclu idi. Ona görə ki, həmin maddənin tələblərinə görə bələdiyyələr satışa çıxarılan torpaq sahələrini və bu torpaqların ölçülərini, təyinatını, qiymətini, olduğu yeri göstərməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatı seçicilərə çatdırırlar. Məhkəmənin qənaətinə görə, mübahisələndirilən torpaq sahəsi ilə bağlı baş tutmuş hərracın keçirilməsi qanunsuz olmuş, onun keçirilməsi üçün müəyyən olunmuş meyarlara zidd qaydalarla həyata keçirilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Repsublikasının Qanununun 9.1-ci bəndində isə qeyd olunur ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddənin tələbindən də göründüyü kimi, iddiaçının torpaq sahəsini icarəyə götürməkdə heç bir üstünlük hüququ olmayıb. Üstünlük hüququnu müəyyən edən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Repsublikasının Qanununun 9.5-ci maddəsi (9.5. Kənd təsərrüfatı torpaqlarının, onlar üzərində istifadə və icarə hüquqlarının əldə edilməsində, habelə kənd təsərrüfatına az yararlı və yararsız torpaqların kənd təsərrüfatına və onunla bağlı olan dövriyyəyə cəlb edilməsi məqsədilə satın alınmasında üstünlük hüququ, bu torpaqların əvvəlki istifadəçilərinə və icarəçilərinə, torpaqlardan istifadə etməklə ailə kəndli təsərrüfatı fəaliyyət göstərmək istəyən müvafiq yaşayış məntəqəsində daimi yaşayan və qeydiyyatda olan torpaq payı almamış vətəndaşlara və istefaya çıxmış hərbi qulluqçulara, habelə satışa çıxarılan sahələrlə həmsərhəd yerləşən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilir) isə çoxdan həmin Qanundan xaric edilib. Yəni, Zaqatala Rayon Məhkəməsi İddiaçı üstünlük hüququ olmadığı halda bunu qanuni göstərməyə çalışmış və sonuncunun Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət hesab olunan hərəkətinə haqq qazandırmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı və digər cavabdehlər apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi X7 izahatında bildirmişdir ki, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh Zaqatala rayonu X5 nümayəndəsi- sədri X2 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinin 2 ha hissəsi 2017-ci ildən iddiaçının istifadəsində, 5 ha hissəsi isə Cavabdeh2 istifadəsində olsa da, hərracın keçirilməsi ilə bağlı iddiaçıya hər hansı məlumat verilməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs. Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı Bənd 6.1. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır Bənd 15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPMin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 384.0.5. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 387.2.1. İşə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa qətnamə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının iddia tələbindən və işdə olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən nəticələri mübahisələndirilən müsabiqənin yekunları X5 mülkiyyətində olan, kateqoriyası kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü kənd təsərrüfatı məhsulları istehsalı olan torpaq sahəsi ilə bağlıdır. Qeyd olunan torpaq sahəsi müsabiqəyə məhz Zaqatala rayonu X5 28 oktyabr 2020-ci il tarixli, 19 saylı qərarı əsasında çıxarılmışdır. Məhkəmə bildlirir ki, iddiaçı qeyd edilən tələb ilə mülki icraat qaydasında ümumi məhkəməyə müraciət etməkdə haqlı olmamışdır, həmin tələb inzibati orqanın hərəkətləri ilə bağlı olduğu üçün bu tələblərə ümumi məhkəmədə baxılması yolverilməzdir. Çünki “İnzibati icraat haqqında Qanunun 2.0.1-ci maddəsinə görə, bələdiyyə inzibati orqan, Qanunun 2.0.2-ci maddəsinə görə bələdiyyənin qəbul etdiyi aktları isə inzibatı aktdır. İddiaçının irəli sürdüyü tələblərin əsasında duran qərar da bələdiyyə qərarı olduğundan, inzibati aktdır. Həmçinin, Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 6.1-ci bəndinə əsasən, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilənlərə əsasən müəyyən ediir ki, işə baxmış Rayon Məhkəməsi mülki prosessual hüquq normalarının tələblərini pozmuşdur – səlahiyyətinə aid olmayan işə baxmışdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə inzibati mühakimə icraatı qaydasında baxılmalı olduğu halda, ümumi məhkəmədə baxılması, işə buna hüququ olmayan hakim tərəfindən baxılması kimi qiymətləndirilməlidir. MPM-nin 384.0.5-ci maddəsinin mənasına görə, apellyasiya icraatı zamanı iş üzrə icraata xitam verilməsi üçün əsaslar aşkar edildikdə apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verməklə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi barədə qərardad qəbul etməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv olunmalı və mülki iş üzrə icraata, MPM-nin 261.0.1-ci maddəsinə əsasən – “işə mülki icraat qaydasında baxılmalı deyil” əsası ilə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, apellyasiya şikayətində mübahisələndirilən qətnamənin ləğv olunması ilə yanaşı, iddia ərizəsinin rədd edilməsi xahiş olunduğundan, şikayət qismən təmin edilmiş hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 384, 385, 387, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 noyabr 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı izah edilsin ki, ərizədə qeyd olunan məsələnin həlli ilə əlaqədar Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-373/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-373/2023
17.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver