Məhkəmə qərarları › İş №2(107)-379/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-379/2023

26.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-379/2023 26.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(046)-1360/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh yazılma tarixi xx.xx.2021-ci il göstərilən iki borc qəbzi üzrə 3000 manat və 5650 manat borc pul vermişdir. Cavabdeh borcunu qaytarmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8650 manat borcun və 127 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-cu il tarixdə iki borc müqaviləsi üzrə 3000 manat və 5650 manat borc pul vermişdir. Cavabdeh həmin borcu qaytaracağını öhdəsinə götürsə də, bu günədək qaytarmamışdır. Şifahi qaydada dəfələrlə cavabdehə borcunun qaytarmasını bildirsə də cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan imtina etmişdir.

4. İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir

5. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıdan aldığı borcları qaytarmışdır. Belə ki, iddiaçı ona faizlə pul vermişdir. Hazırki tələb etdiyi məbləğlər aldığı borcun üstünə gələn faizlərdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmış, İddiaçı Cavabdeh cəmi 8650 manat borc pul vermiş, cavabdeh borcunu qaytarmamışdır. İddiaçı həmin pulun cavabdehdən alınaraq ona verilməsini xahiş edir

7. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı məxsus 8650 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyində qalmışdır.

8. Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(046)-1360/2022 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmuş, Cavabdeh 8650 manat borc və 127 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 442 və 739-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

10. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 5650 manat borc pul almışdır.

11. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 3000 manat borc pul almışdır.

12. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh iddiaçıdan 8650 manat borc alması ilə bağlı dedikləri həqiqətə uyğun deyil. Belə ki, cavabdeh 30 sentyabr 2019-cu ildə iddiaçıdan 3000 manat borc almışdır. Həmin məbləğin 2300 manatı geri qaytarılıb. Lakin, 700 manat borcu qalmışdır. Hazırda da 700 manat qalmaqda davam edir. İddiaçı “Vətən Müharibəsi”nin iştirakçısıdır. O, müharibədən geri qayıtdıqdan sonra özünün müalicəsi üçün və bəzi maddi tələbatını ödəmək məqsədilə iddiaçıdan 5000 manat pul istəmiş və iddiaçı bildirmişdir ki, o bu məbləği verə bilər. Lakin əvəzində cavabdeh öz şəxsi avtomobilini iddiaçının Yevlax şəhərində yerləşən şəxsi fərdi yaşayış evinin həyətinə gətirib qoymalıdır və həmişəki qaydada öhdəlik sənədi imzalamalıdır. Öhdəlik sənədi də ondan ibarət idi ki, cavabdeh öhdəlik götürür ki, götürdüyü 5000 manat məbləğini geri qaytaracaq. Sənəd imzalanır, razılaşdırılan pul məbləği isə cavadehə verilmir, çünki iddiaçı həmin məbləğin düzəlməməsi və 3-cü şəxs tərəfindən ona göndərilməməsi səbəbindən onu verə bilməmək barədə məlumat verir. Bununla razılaşan cavabdeh avtomobilinin iddiaçının həyətindən götürəcəyini bildirir və dostu Səbuhi ilə gedib maşını götürür. Avtomobilin götürülməsindən iddiaçının xəbəri var idi, çünki pul məbləğinin verilməsi məsələsi alınmadığı üçün, iddiaçı özü razılıq verdi ki, maşın həyətdən götürülsün. Burada sual yaranır. Əgər pul məbləği cavabdehə verilsəydi, iddiaçı onu heç vaxt cavabdehə verməzdi və ümumiyyətlə imkan verməzdi ki, avtomobil kimsə tərəfindən o qapıdan çıxarılsın, çünki iddiaçı professional və tanınmış sələm verən şəxsdi və onu nəinki Yevlax şəhərində, həmçinin bütün ətraf rayonlarda tanıyırlar. Əlavə olaraq qeyd edək ki, iddiaçı maşın aparılarkən polisin də iştirak etdiyini qeyd edir. Əgər polisin iştirakı var idisə, iddiaçı qeyd etsin hansı polis idi o şəxs? Bunu təbiidir ki deyə bilməz, çünki heç bir polisdən söhbət gedə bilməz. İddiaçı xx.xx.2021-ci ildə iki borc müqaviləsi ilə Cavabdeh 3000 manat və 5650 manat borc verdiyini qeyd edir. Eyni tərəflər arasında, eyni gündə, eyni predmetlə bağlı 2 ayrı müqavilənin bağlanılması isə ağlabatan deyil. Burdanda görünür ki, bu sənədlərin biri saxtadır və saxta olaraq məhkəməyə sübut kimi təqdim edilib. Yuxarıda da qeyd etdiyimiz kimi, 5000 manat məbləğin götürülməsi barədə sənədi imzalanması xx.xx.2021-ci il tarixdə olsa da, həmin 5000 manat götürülməmişdir. O ki qaldı 3000 manat məbləğinə, həmin məbləğ sentyabr 2019-cu il tarixində götürülmüş və o məblğdən yalnız 700 manat borc kimi qalmışdır.

14. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(046)- 1360/2022 nömrəli qətnaməsinin qismən dəyişdirilməsini və məbləğin 700 manat borc şəklində olması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(046)-1360/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər mülki hüquqlаrı öz mənаfеlərini gеrçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə еdir və həyаtа kеçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvеriciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3- maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 529.1-ci mаddəsinə əsаsən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2-ci mаddəsinə əsаsən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3-ci mаddəsinə əsаsən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci mаddəsinə əsаsən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci mаddəsinə əsаsən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(046)- 1360/2022 nömrəli qətnaməsinin qismən dəyişdirilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş 7950 manata aid hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən iddianın təmin edilmiş 7950 manata aid hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

23. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, “Borc müqaviləsi” bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunun üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. “Borc müqaviləsində” belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan kredit müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan hesab olunur. Borcverən olan iş üzrə iddiaçı “borc müqaviləsi” üzrə pulu borcalan olan cavabdehə təhvil vermiş və cavabdeh yazılı olaraq pulu aldığını yazmaqla borcun alındığını etiraf etmişdir. Bununla da, müqavilə bağlanmış hesab edilir. Cavabdeh apellyasiya şikayətində “5000 manat” pulla bağlı qəbz imzalasa da, həmin pul məbləğinin ona verilmədiyini iddia etsə də, bu halı təsdiq edəcək heç bir sübut və ya dəlil təqdim edilmədiyindən, imzalanmış müqavilə üzrə pulun verildiyi prezumpsiya olunur. Məhkəmənin mövqeyinə görə, borcverən olan iddiaçı cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyi, yəni müqavilədə (yazılı qeyddə) qeyd edilən pul məbləğini cavabdehə borc vermiş, borcalan olan cavabdeh isə, həmin pul məbləğini qaytarmaq barədə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclaslarında verdiyi izahatlarla apellyasiya şikayətində göstərdikləri arasında ziddiyyət mövcuddur. Belə ki, o, izahatında ilk dəfə iddiaçıdan sələmə 1500 manat pul götürdüyünü və cəmi 3000 manat götürməsi barədə qəbz yazdığını, həmin pulun 2300 manatını qaytardığını, 700 manat borcu qaldığını bildirdi. Daha sonra hərbçi dostu olan komandirinin ehtiyacı olduğu üçün iddiaçıdan komandirinin də 1500 manat sələmə pul götürdüyünü, həmin pulla bağlı da özünün cəmi məbləğ olaraq 5650 manat götürməsi barədə qəbz yazdığını bildirdi. Sələmə götürülən pullar ayrı-ayrı vaxtlarda götürülsə də, pulların alınması ilə bağlı yazılan qəbzlərin yazılma tarixinin eyni - xx.xx.2021-ci il olmasına aydınlıq gətirərək hər iki qəbzi iddiaçının diktəsi və onun sözləri ilə iddiaçının iş otağında kamera altında yazdığından həmin tarixlərin də iddiaçının sözləri ilə yazıldığını bildirdi. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətində ilk dəfə iddiaçıdan sələmə də olsa, pul götürdüyünü, növbəti dəfə isə iddiaçıya 5000 manat pul götürməsi barədə qəbz yazıb verməsinə baxmayaraq, həmin pulu almadığını bildirməsi ilə məhkəmə iclaslarında verdiyi izahatlar ziddiyyət təşkil edir. Əvvəla, iş materiallarında “5000 manata” dair qəbz mövcud deyildir. Hazırki iş üzrə iddiaçı da cavabdehdən belə bir qəbzə istinad etməklə pul tələb etməmişdir. İş materiallarında olan iddiaçının istinad etdiyi 5650 manat pulun alınması barədə olan qəbzdə göstərilən məbləğin isə geri qaytarılması nə cavabdehin izahatlarından, nə apellyasiya şikayətindən, nə də işin digər hallarından görünmür. İddiaçı da cavabdehdən sonuncunun komandir dostuna verdiyi borcu tələb etməmişdir. Cavabdehin iddiaçıdan maşınını girov qoymaqla pul götürməsi barədə göstərdiklərinə münasibət bilıdirərək məhkəmə kollegiyası qeyd edir ki, o, hansı maşını və hansı hüquqla ona mənsub olan maşını girov qoyduğunu və pulu ödəməklə maşını girovdan çıxardığını təsdiq edən sübutu da məhkəmə kollegiyasına təqdim etməmişdir. Cavabdehin yazmış olduğu qəbzdə dövlət qeydiyyat nişanı göstərilən avtomobili isə iddiaçının nə girov götürməsi, nə də girovdan çıxarması barədə heç bir qeyd və ya digər sübut və ya dəlil mövcud deyildir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Bu qətnamənin 18-cü bəndində qeyd edilən maddi hüquq normalarının işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, borcalan olan cavabdeh kreditor olan iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün mülki məsuliyyət daşıyır.

25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən iddianın təmin edilmiş 7950 manata aid hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(046)-1360/2022 nömrəli qətnaməsi iddianın təmin edilmiş 7950 manata aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(046)-1360/2022 nömrəli qətnaməsi iddianın təmin edilmiş 7950 manata aid hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar