Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-380/2025 08.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə” dair mülki iş üzrə (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə yükü) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə” dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(035)-743/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi ziyana görə 1027 manat,mənəvi zərərə görə 1000 manat və məhkəmənin hesabına ödədiyi 41 manat olmaqla cəmi 2068 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,cavabdeh müxtəlif vaxtlarda ona məxsus mağazadan müxtəlif növ ərzaq və qeyri ərzaq məhsulları əldə etmişdir. Buna əsasən cavabdehin ona ümumilikdə 2728 manat borcu yaranmışdır. Bununla bağlı Zərdab Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciəət edərk 2728 manat pulun və 500 manat əldən çıxmış faydanın cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Lakin cavabdeh borcu tam etiraf etmədiyindən Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunmuş və 122 manat əsas borcun cavabdehdən tutularaq ona ödənilməsi qət olunmuşdur. Bundan sonra qətnamədən narazı qaldığı üçün Şəki Apellyasiya Məhkəməsinə Zərdab rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti ünvanlamışdır.Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Zərdab Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv olunmuş və 2606 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi qəth olunmuşdur. Apellyasiya şikayəti əldən çıxmış fayda hissəsində təmin olunmamışdır.Qətnamə 2024-cü ilin iyun ayında cavabdeh tərəfindən tam şəkildə icra olunmuşdur.Hazırda iddiaçı hesab edir ki,cavabdeh ona olan borcunu 2021-ci ilin may ayında ödəməli olsada lakin borcunu 2024-cü ildə ödəmişdir. Buna əsasən ona maddi və mənəvi ziyan dəymişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki,cavabdeh bu hərəkətləri ilə ona maddi və mənəvi ziyan vurmuşdur.Belə ki,cavabdeh ona olan borcunu vaxtında ödəməmişdir. Bu müddət ərzində ölkədə inflyasiya olmuş ərzaq və qeyri ərzaq məhsullarının qiymətində kəskim artım halları müşahidə olmuşdur.Eyni zamanda cavabdehin hərəkətləri ilə bağlı məhkəməyə ödədiyi dövlət rüsumları,Şəki Apellyasiya Məhkəməsinə getməsinə görə xərclədiyi yol xərcləri və vəkil xidmətindən istifadə etməsinə görədə ona maddi ziyan dəymişdir. Ümumilikdə dəymiş maddi ziyan 1027 manat təşkil edir. Eyni zamanda qeyd etmişdir ki,cavabdeh müxtəlif vaxtlarda onu təhqir edərək onunla kobud danışmış və bununlada ona mənəvi zərər vurmuşdur.Buna əsasən məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh Şahmurad oğlu iddianı qəbul etməyərək izahatında bildirmişdir ki,iddiaçıya olan borcunu tam şəkildə ödəmişdir və hazırda iddiaçıya heç bir borcu yoxdur. Heç bir zaman iddiaçını təhqir etməmiş və ona maddi və mənəvi ziyan vurmamışdır. Buna əsasən məhkəmədən iddianın rədd olunmasını xahiş edir.
5. Zərdab Rayon Məhkəməsinin (hakim İ.Həsənquliyev) 09 dekabr 2024-cü il tarixli, 2(035)-743/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə” dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının iddiası mümkün iddiadır. Eyni zamanda məhkəmə iddiaçının iddiasına maddi və mənəvi ziyan hissəsində ayrı-ayrılıqa qiymət verərək bildirir ki, iddiaçı ona 1027 manat maddi ziyan dəydiyini bildirsədə lakin həmin ziyan məbləğləri ilə bağlı məhkəməyə hər hansısa sübut təqdim edə bilməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə qeyd etmişdir ki, iddia rədd olunmalıdır. Belə ki, iddiaçı ərzaq və qeyri ərzaq məhsullarının dəyərində 3 il ərzində 69% artım olmasını bildirsədə lakin həmin statistik göstəriciləri rəsmi sənədlərlə (mütəxəssis rəyi və s) əsaslandıra bilməmişdir.
8. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddiaçının rüsum, vəkil və yola xərclədiyi pulları cavabdehdən tələb etməsi mümkün olsada lakin bu xərcləri sübut olunmalı və onların hər biri əsaslandırmalıdır. Lakin iddiaçı maddi ziyanla bağlı hissədə heç bir sübut məhkəməyə təqdim etməmiş və formal mülahizələrlə iddiasını əsaslandırmağa çalışmışdır.
9. İddiaçının mənəvi ziyana görə 1000 manat pul tələbinə münasibətdə isə məhkəmə bildirmişdir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26.1, 60, 71ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 119.1, 217.4, 218.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, hesab edir ki, rayon məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır.
13. O, ərizəsində, ona dəyən maddi və mənəvi zərəri dəqiqliklə geniş şəkildə izah etməyinə baxmayaraq məhkəmə onun izahatında göstərdiyi halları dəqiq araşdırmamış və cavabdehin ona mənəvi və maddi zərər vurmasını təsdiq edən, onunla olan səs yazılarını CD diskdə məhkəməyə təqdim etsədə, məhkəmə SD diskdəki səs yazılarını araşdırmamış və bununlada işin əhəmiyyətini azaltmış və səhv qərar vermişdir.
14. Məhkəmə onun ərizəsində göstərdiyi halları dəqiq araşdırmamış və bununlada işin əhəmiyyətini azaltmışdır. Məhkəməyə təqdim etdiyi CD diskdəki faktları araşdırmamış və qətnamə qəbul edərkən həmin faktların üzərindən sükutla keçərək ərizəsində göstərdiyi halların dəyərləndirməsini düzgün həyata keçirməmişdir.
15. İş hərtərəfli və faktlarla araşdırılmadığı üçün məhkəmənin gəldiyi nəticəni düzgün hesab etmir.
16. Odur ki, Zərdab rayon məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(35)-743/2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. İddiaçı məhkəmə kollegiyasına elektron kabinet vasitəsi ilə daxil olmuş, lakin nə elektron nə də ki, fiziki qaydada imzalanmamış ərizəsində məhkəmə iclasında iştirak edə bilməyəcəyi göstərilsə də, imzalanmaması səbəbli həmin ərizənin müzakirəsi mümkün olmamışdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
23. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülməlidir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqların müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan mərhum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Apellyator Zərdab Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(035)-743/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
29. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, tərəflər arasında əvvəlki icraatda iddiаçı İddiaçı cаvаbdeh Cavabdeh qаrşı “pul tələbi”nə dаir iddiası üzrə mübahisələri olmuş, Zərdab Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(035)-54/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 122 manat, dövlət rüsumuna görə 53 manat, cəmi 175 (bir yüz yetmiş beş) manat pulun tutularaq İddiaçı verilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-706/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Zərdab Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(035)-54/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən, yəni iddianın təmin edilməmiş 2605,6 manat borca aid hissəsində ləğv edilmiş, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi 2605,6 manat borca aid hissədə də təmin edilərək, Cavabdeh 2605,6 manat borcun alınaraq, İddiaçı verilməsi, qətnamənin iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə 2024-cü ilin may ayında icra olunmuşdur. Cavabdeh tərəfindən borcunun vaxtında qaytarılmaması səbəbli ona maddi və mənəvi ziyan dəydiyini əsas gətirən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də iddiaçı cavabdehin ona olan borcunun vaxtında qaytarılmaması səbəbli cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyətinin yarandığı qənaətinə gəlmişdir.
32. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin normaları tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşır.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin onunla olan səs yazılarını CD diskdə məhkəməyə təqdim etsədə, məhkəmənin CD diskdəki səs yazılarını araşdırmamasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
34. İddiaçının iddia tələbi borcun vaxtında qaytarılmaması səbəbli ona maddi və mənəvi ziyanın vurulması ilə bağlı olduğu, borcun vaxtında qaytarılıb-qaytarılmamasının yazılı sənədlərlə müəyyən edildiyi halda səs yazısının baxılan tələblə əlaqəsinin nədən ibarət olması iddiaçı tərəfindən əsaslandırılmamışdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdeh tərəfindən ona maddi və mənəvi zərərin vurmasını təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməməsi nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir. Belə ki, iş materiallarından cavabdehin iddiaçıya maddi və mənəvi ziyanın vurulmasını təsdiq edə biləcək hər hansı bir sübutun təqdim edilməsi halı müəyyən edilməmişdir.
36. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
38. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
39. Məhkəmə kollegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Zərdab Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(035)-743/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(035)-743/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.