Məhkəmə qərarları › İş №2(107)-381/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-381/2024

20.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-381/2024 20.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı “əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Apellyasiya icraatına xitam) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(016)-288/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Ağsu şəhəri, M.Hüseyn küçəsi, 19 saylı evin 6 saylı mənzilindən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(016)-1391/2016 nömrəli qətnaməsinə əsasən, cavabdehlər Cavabdeh və qeyrilərindən müştərək qaydada iddiaçının xeyrinə 32.996,94 ABŞ dolları məbləğində borcun və məhkəmə xərclərinin tutulması, tələbin ipoteka predmeti olan Ağsu şəhəri, M.Hüseyn küçəsi, 19 saylı evin 6 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Hazırda mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Cavabdehə mübahisəli fərdi yaşayış evinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh mübahisəli fərdi yaşayış evini ona təhvil verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(016)-288/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Ağsu şəhəri, M.Hüseyn küçəsi, 19 saylı evin 6 saylı mənzilindən çıxarılması, və mənzilin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi, Cavabdeh ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı QSC-nin nümayəndəsi, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh məhkəmə iclasınadək məhkəmə kollegiyasına göndərdiyi ərizəsində apellyasiya şikayətindən imtina etdiyini, bu imtinasının hər hansı şəxsin hüquqlarını və qanuni mənafeyini pozmadığını göstərmiş və apellyasiya şikayətindən imtina barədə ərizəsinin qəbul edilib, işə onun iştirakı olmadan baxılmasını, 2(107)-381/2024 nömrəli mülki iş üzrə apellyasiya şikayətinin icraatına xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4-ci maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən cavabdeh tərəfin apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina üçün apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı QSC-nin Cavabdeh qarşı “əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(016)-288/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar