Məhkəmə qərarları › İş №2(107)-392/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-392/2023

09.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-392/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbinə dair Şəki Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2(075)-644/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı olaraq onun 1978-ci ildən 1994-cü ilə kimi Əyriçay Su anbarında titrəmə yükləyici qurğuların maşinisti kimi işləməyinin faktının təsdiqlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1978-ci il tarixindən etibarən əmək fəaliyyəti ilə məşğul olur. Bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Belə ki, 40 ilə yaxındır rəsmi olaraq müxtəlif idarələrdə əmək fəaliyyəti ilə məşğul olur. 1994-cü ildən isə coğrafiya müəllimi işləyir. Əmək fəaliyyətinin müəyyən dövrlərində, 14 ildən çox hissəsini isə çöl işləri kimi, Əyriçay Su anbarında çalışmışdır. Belə ki, əmək kitabçasından göründüyü kimi, 1978ci ildə Şəki Melorasiyasına çilingər kimi işə başlamışdır. Daha sonra 1981-ci ildən yeni əmrlə su bəndində titrəmə yükləyici qurğuların maşinisti işləmişdir. Həmin sahə üzrə işlədiyi vaxt ölkədə cəmi iki mütəxəssiz olmuşdur ki onunda biri o olmuşdur. 1981-ci ildən 1994-cü ilə kimi həmin vəzifədə çalışmışdır. Hesab edir ki, həmin müddət qanunvericiliyin tələbinə əsasən güzəştli müddət sayılır. Lazımi sənədlərini Azərbaycan Respublikası ƏƏSM yanında Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etsə də sözü gedən qurum ilk əvvəl xx.xx.2022-ci il tarixli məktubla onun güzəştli iş stajı olmağını əsas gətirərək imtina etmişdir. Onların imtinasını əsassız saydığı üçün iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, onun ümumi iş stajını, o cümlədən 1978-ci ildən 1994-cü ilə kimi titrəmə yükləyici qurğuların maşinisti kimi işlədiyini nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarmasını xahiş etmişdir. Tələbinə İnzibati Məhkəmədə baxılarkən 1978-ci ildən 1994-cü ilə kimi titrəmə yükləyici qurğuların maşinisti kimi işlədiyinin faktının məhkəmə yolu ilə təsdiqlənməsinə ehtiyac olması barədə yardım etmişdirlər. Məhz buna görədə hal-hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəki Rayon Məhkəməsinin (hakim E.Vəliyev) 8 fevral 2023-cü il tarixli 2(075)-644/2023 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı özünə qaytarılması qərara alnmışdır. İddiaçı Şəki Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2(075)-644/2023 saylı qərardadından şikayət verərək Şəki Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2(075)-644/2023 saylı qərardadının ləğv edilməsini və iddia tələbinə baxılması üçün sonrakı prosessual hərəkətlərinin yerinə yetirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(075)- 644/2023 saylı qərardadı ilə məhkəmə aidiyyəti üzrə İnzibati Məhkəməsində baxılmalı olduğunu əsas göstərilərək geri qaytarılmışdır. Qərardad belə əsaslandırılmışdır ki, Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Qaldırılan hazırki tələb inzibati məhkəməmdə baxılmalı olduğundan həmin tələbə Şəki Rayon Məhkəməsində baxılmasının yolverilməz olması qeyd edilmişdir. Belə ki, iş materiallarında göründüyü kimi, tərəfindən Şəki İnzibati Məhkəməsinə ərizə ilə maraciət edilərək onun ümumi iş stajını, o cümlədən 1978-cü ildən 1994-cü ilə kimi titrəmə yükləyici qurğuların maşinisti kimi işlədiyini nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə gedişatında işə baxan hakim Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində nəzərədə tutulan “Məhkəmənin yardım etmək vəzifəsi” prinsipini əsas tutaraq ona 1978-ci ildən 1994-cü ilə kimi titrəmə yükləyici qurğuların maşinisti kimi işlədiyinin faktının məhkəmə yolu ilə təsdiqlənməsinə ehtiyac olması barədə yardım etmişdir. Ona görə də şikayətin təmin edilməsini Şəki Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2(075)- 644/2023 saylı qərardadının ləğv edilməsini və iddia tələbinə baxılması üçün sonrakı prosessual hərəkətlərinin yerinə yetirilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(075)-644/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Publik Hüquqi şəxs məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, Şəki Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2(075)-644/2023 nömrəli qərardadı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir. İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı olaraq onun 1978-ci ildən 1994-cü ilə kimi Əyriçay Su anbarında titrəmə yükləyici qurğuların maşinisti kimi işləməyinin faktının təsdiqlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1978-ci ildən 1994-cü ilə kimi titrəmə yükləyici qurğuların maşinisti kimi işlədiyinin faktının təsdiq edilməsi iş materiallarında əmək kitabçasının olması və həmin iş müddətlərinin əmək kitabçasında göstərilməsi səbəbindən həmin mübahisədən yaranan münasibətlər yuxarıda qeyd olunan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da göstərildiyi kimi rayon məhkəməsinə aidiyyatı olmamasına baxmayaraq Şəki rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1 -ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1 -ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); baxılması inzibati mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 367,2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçı X2 "hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi" tələbinə dair Şəki rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2(075)-644/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsini və Şəki rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2(075)-644/2023 nömrəli qərardadının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsni xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2(075)-644/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir Beləliklə məhkəmə kollegiyası iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəlləsinin 2.2.1-ci maddəsinə əsаsən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə ( ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 6.1-ci bəndinə əsasən, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin plenum qərarının 15.4-cü bəndinə əsasən, eyni ilə inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-nin 153.2, 153.2.1ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçı onun 1978-ci ildən 1994-cü ilə kimi Əyriçay Su anbarında titrəmə yükləyici qurğuların maşinisti kimi işləməyinin faktının təsdiqlənməsini xahiş etsə də, hazırkı tələbə dair iddia ərizəsinə Şəki Rayon Məhkəməsində deyil, Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş Şəki Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2(075)-644/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2(075)-644/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar