Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-395/2022 10.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tаrixli, 2(033)-1168/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 2(033)-1546/2016 saylı qətnaməsinin qəbul edildiyi 16 noyabr 2016-cı il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 24 sentyabr 2021-ci il tarixədək olan 4 il 9 ay müddət üçün ödənişin gecikdirilməsinə görə 7019 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 7049 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(033)-1168/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-1168/2021 saylı, 24 dekabr 2021-ci il tаrixli qərardadından İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsindəki imza ilə pretenziya məktubundakı imzanın eynilik təşkil etməsi iddia ərizəsinin onun tərəfindən deyil Yaşar Ağazadə tərəfindən imzalanması nəticəsinə gəlməyə əsas vermir. O bildirir ki, bir halda ki, iddia ərizəsindəki imza məhz onun tərəfindən mübahisələndirilmir, əksinə iddia ərizəsini imzaladığını qeyd edir, bu halda heç kəs onun əvəzindən qeyd edilən imzanı mübahisələndirə bilməz. Məhkəmənin iddia ərizəsindəki imzanın həqiqətən də onun tərəfindən deyil, Yaşar Ağazadə tərəfindən icra edilməsi barədə mövqeyi subyektivdir və mülahizə xarakterlidir. Zaqatala Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tаrixli, 2(033)-1168/2021 saylı qərаrdаdı ilə verilmiş şikayət təmin edilməmiş, şikаyətin mülki işlə birlikdə bаxılmаsı üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(033)-1168/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 66-cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 150.1-ci və 150.1.3-cü maddələrinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilir. Həmin Məcəllənin 152.1-ci və 152.1.2-ci maddələrinə görə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Odur ki, kollegiya şikayətin dəlillərinin formal müahizələrlə əsaslandırılması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün kifayətedici əsaslar mövcud deyildir. Beləliklə, iş materiallarından görünür ki, iddia ərizəsi İddiaçı tərəfindən verilsə də, Yaşar Ağazadə tərəfindən imzalanmışdır. Həmçinin cavabdehə göndərilən pretenziya məktubu da Yaşar Ağazadə tərəfindən imzalanmış, həmin imza ilə iddia ərizəsində İddiaçı adının qarşısında olan imza eynilik təşkil edir. İş materiallarında olan 11.02.2021-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı tərəfindən X1 etibarnamə verilmişdir. X2 İddiaçı yaxın qohumu olması və ya Yaşar Ağazadənin vəkili olmasını (order əlavə edilməyib) təsdiq edən heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tаrixli, 2(033)-1168/2021 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tаrixli, 2(033)-1168/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tаrixli, 2(033)-1168/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-395/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-395/2022
10.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver