Məhkəmə qərarları › İş №2(107)-397/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-397/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-397/2021 01.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(025)-899/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Təkbir oğlu tərəfindən törədilmiş nəqliyyat hadisəsi nəticəsində “xxxx” ASC tərəfindən “Mitsubishi Pajero İO” markalı, 90-ZG189 dövlət nömrə nişanlı avtomobillə vurulmuş ziyan avtomobilin sahibinə ödənildiyi üçün cavabdehdən 2994 manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxx” ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(025)-899/2020 nömrəli (hakim E.İsayev) qətnaməsi ilə iddia təmin edilmiş, 2994 manat məbləğində verilmiş sığorta ödənişi və 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, “VAZ 21099” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə 23.07.2016-ci il tarixdən 22.07.2017-cı il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh idarə etdiyi “VAZ 21099” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə 17.07.2017-ci il tarixdə saat 20:45 radələrində hərəkətdə olarkən Nizami küçəsi ilə Atatürk prospektinin kəsişməsində nizamlanmış yol aryırıcında yol ayırıcı keçmə qaydalarını pozaraq sola dönərkən “Mitsubishi Pajero İO” markalı, **- ZG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş həmin avtomobilə 2994 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə verindən yayındığında hadisə ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində TYP 039623 nömrəli, 17.07.2015-ci il tarixli inzibati xəta haqqında tərtib olunmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Beləki, o günəmuzd işlədiyi üçün sonuncu məhkəmə iclasında iştirak edə bilməmiş, lakin əvvəlki məhkəmə iclaslarında iştirak etmişdir. Həmin avtomobil baş etibarnamə ilə onun adına olmasına baxmayaraq, həmin vaxt avtomobili X5 idarə etmişdir. Belə ki, avtomobili Zaur alarkən şəxsiyyət vəsiqəsi olmadığı üçün onun adına baş etibarnamə alınmışdır. Zaur da ona demişdir ki, sonra qeydiyyat vəsiqəsini öz adına keçirdəcək. Lakin sonradan Zaur 17 iyul 2017-ci il tarixdə etibarnamə olmadan idarə edərək hadisə törətmişdir. Lakin Zaurun sürücülük vəsiqəsi olmuşdur. Ona görə də apelliyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(025)-899/2020 nömrəli qətnaməsi dəyişdirilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ 21099” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil 23.07.2016-cı il tarixdən 22.07.2017-ci il tarixədək olan dövrü əhatə edən müddətdə «xxxx» ASC tərəfindən sığortalanmışdır. Bundan əlavə, sığortalı Cavabdeh avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında PAZ********** saylı şəhadətnamə verilmişdir. İşdə olan digər sənədlərdən göründüyü kimi, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində – 17.07.2017-ci il tarixdə saat 20:45 radələrində Cavabdeh idarə etdiyi “VAZ 21099” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri, Nizami küçəsi ilə Atatürk prospektinin kəsişməsində nizamlanmış yol aryırıcında yol ayırıcı keçmə qaydalarını pozaraq sola dönərkən “Mitsubishi Pajero İO” markalı, **-ZG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Cavabdeh barəsində TYP seriyalı 039623 saylı inzibati tənbehvermə haqqında qərar qəbul olunmuş, İXM-in müvafiq maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. DİN BDYPİ-nin YPXB-nin 14.08.2017-ci il tarixli 046-31273-1117 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışda yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh qeyd olunmuşdur Fərdi sahibkar X4 tərəfindən tərtib edilmiş07.10.2017-ci il tarixli qüsur aktından görünür ki, “Mitsubishi Pajero İO” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün lazım olan ehtiyyat hissələrinin və s. adları, həmçinin onların dəyəri siyahıda ardıcıllıqla göstərilmiş, avtomobilin bərpasına 2994 manat pul vəsaiti tələb olunması qeyd edilmişdir. 12 oktyabr 2017-ci il tarixli, 4877/CML-2799/2017 saylı sığorta aktından görünür ki, sığortalıya 2994 manat sığorta ödənişi edilməsi qərara alınmışdır. 12 oktyabr 2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, 2994 manat sığorta ödənişi faydalanan şəxs X1 hesabına köçürülmüşdür. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2020-ci il tarixli, № 9/717 saylı rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan fərdi sahibkar X4 tərəfindən təqdim olunmuş 25.08.2017-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2002-ci il buraxılışlı “Mitsubishi Pajero İO” markalı, ** ZG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2854,0 manat müəyyən edilir. Dəyişdirilməli hissələrin adı: 01 ədəd qanad ön sol-180 manat; 01 ədəd qabaq işıq sol 120 manat; 01 ədəd bamper ön-240; 01 ədəd ön bamperin orta toru- 45 manat; 01 ədəd oblisovka-140 manat; 01 işıqların alt dəmiri-70 manat; 01 ədəd podpres ön-130; 02 ədəd podpres kleyi 30; 01 ədəd praymer-13 manat; 01 ədəd təkərüstü ön sol- 55 manat; 01 ədəd duman əleyhinə işığın əvəzedici oçkisi-25 manat; 01 ədəd rastyaşka ön sol-45 manat; 01 ədəd alt çaşka ön sol -80 manat; 01 ədəd Amortizator ön sol -90 manat; 10 ədəd düymə-10 manat; 02 ədəd stık germetik -26 manat; 01 ədəd panel ön-230 manat; 01 ədəd hava çəni 115 manat; 01 ədəd ön bamperin alt dəmiri -115 manat; 01 ədəd lampa -12 manat; 01 ədəd antifriz, cəmi 1789 manat Təmir bərpa işləri: Dəmirçi-200 manat; rəngsaz-400 manat; armatur-100 manat; çilingər-50 manat; razval-balans-25 manat; disk təmiri-30 manat; diskin rənglənməsi-50 manat; frion-40 manat; diaqnostika-20 manat; işlək hissənin təmiri-150 manat, cəmi 1065 manat Ümumi məbləğ- 2854 manat Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə tam razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası qanunun 25.1-ci maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbarı sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sğortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır; Sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərkətlərinin nəticəsi olduqda (maddə 25.1.1.) İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istfadə etməyə, idarə etməyə, işlətməyə və diğər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. (maddə 25.1.3.) Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsaslı olmasa da dəyişdirilməsi üçün əsasdır. Əvvala ona görə ki, apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. İkincisi, həmin avtomobilin onun tərəfindən deyil, “Zaur” adlı şəxzs tərəfindən idarə edildiyini bildirsə də bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Üçüncüsü, apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, cavabdehin iddiaçıya sığorta ödənişini ödəməkdən imtina etməsi sığorta hüququnun ümumi prinsiplərinə ziddir. Çünki, bu imtina sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutlarına və sığorta təşkilatlarına olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşiklatları zərər çəkə bilər. Çünki, iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd cavabdehin hüququnu həyata keçirməsi və aralarında yaranmış mülki hüquq münasibətlərini nəzərə almaq istəməməsi yalnız və yalnız hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(025)-899/2020 nömrəli qətnaməsi ekspert rəyi əsas götürülməklə dəyişdirilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2020-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, qeyd оlunаn məhkəmə xərci tərəflərə аid edilməli və məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesаbına ödənilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(025)-899/2020 nömrəli qətnaməsi-“ Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması müəyyən edilmiş 2994 manat sığorta ödənişinin” məbləğinə münasibətdə dəyişdirilsin. Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalı olan sığorta məbləği 2854,0 (iki min səkkiz yüz əlli dörd) manat müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar