Məhkəmə qərarları › İş №2(107)-400/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-400/2022

09.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-400/2022 09.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair (Açar sözlər: maddi ziyan-sübut yox) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi X1, vəkili (həmçinin nümayəndəsi) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(039)-1671/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş;

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2071/2021 saylı iş üzrə çıxartdığı 27.04.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsində çıxarılma tələbinə dair iddiası Yevlax rayon Məhkəməsinin 24.02.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş və cavabdehin iddiaçıya məxsus 23,21 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. 2.Şəki Apellyasiya Məhkəməsinin 02.11.2020-ci il tarixli qətnaməsi ilə qeyd olunan qətnamə dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin 27.04.2021-ci il tarixli qərarı ilə isə qanuni qüvvəsini almışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş 150.000 manat maddi ziyan və 20.000 manat mənəvi ziyan olaraq, cəmi 170.000 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 4 . İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək, onun qanuni icarəsi altında olan 50 ha torpaq sahəsinin 23,21 ha hissəsində cavabdehin çıxarılması və qalan hissədə iddianı rədd olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.04.2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2017-ci ildən hal-hazıradək onun və ailə üzvlərinin icarəsi altında olan, o cümlədən 9 nəfərdən ibarət olan ailə üzvlərinin yeganə dolanışıq yeri olan 23,21 ha torpaq sahəsini cavabdeh qanunsuz və əsassız olaraq istifadə etmişdir. Bununla da, cavabdeh ona həm maddi ziyan, həm də mənəvi ziyan vurmuşdur. Ötən 4 il müddətində onun icarəsi altında olan 23,21 ha torpaq sahəsində cavabdeh taxıl, pambıq, ot məhsulu, bostan əkmiş, daha sonra isə payız mövsümündə həmin sahədə heyvanlarını otarmış və həmin sahələrdən külli miqdarda mənfəət əldə etmiş və bununla da ona və ailə üzvlərinə külli miqdarda maddi ziyan vurmuşdur. Ötən 4 il müddətində həmin sahələr onların özünün istifadəsində olsaydı, onlar həmin sahələrdən hər hektara hər il birinci biçimə 250 bağ ot, ikinci biçimə isə 180 bağ ot götürəcəkdilər. Ot biçini başa çatdıqdan sonra isə payız və qış mövsümlərində həmin sahədə heyvanlarını otaracaqdılar. Buna görə də heyvanlarının payız və qış mövsümündə otarılması üçün torpaq sahəsinə ehtiyacı olmamışdır. Lakin 23,21 ha torpaq sahəsi ötən 4 il ərzində onların ailəsində olmadığı üçün heyvanlarının yemlənməsi üçün onlar payız və qış mövsümündə otlaq sahəsini satın almış və hər il bu məqsədlə 15.000 manat pul xərcləmək məcburiyyətində olmuşdur. 4 il ərzində hər ilə 15.000 manat ödəməklə payız və qış mövsümləri üçün otlaq sahəsinə, ümumilikdə 60.000 manat pul məsrəf etmişdir ki, ona bu ziyanı birbaşa cavabdeh vurmuşdur. Ötən 4 il müddətində onların icarəsi altında olan 23,21 ha torpaq sahəsindən, əgər həmin torpaq sahələri onun istifadəsində olsaydı əldə edə biləcəyi gəlir aşağıdakı kimi müəyyən edilmişdir: birinci biçimdə 34.815 manat, ikinci biçimdə 23.767,04 manat olmaqla, iki biçimdə əldən çıxmış fayda cəmi 58.582,04 manat. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan vurulmuş və mənəvi ziyanın qiymətinin 20.000 manat olduğunu hesab edir 5.Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 16 noyabr 2021-ci il tarixli, 2(039)-1671/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası təmin edilməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qeyd olunan maddənin dispozisiya şərtinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni başqa şəxslərlə icarə müqaviləsi bağlanması ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçı iddia ərizəsində cavabdehin onun ailə üzvlərinə silah çıxarması, üzərinə maşın sürməsi, vəzifəli şəxslərə rüşvət verməsi səbəbindən müraciət etdiyi hər yerdə süründürməçiliklə və laqeydliklə qarşılaşmasını əsas gətirərək, ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, qeyd olunan halların baş verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının, əldən çıxmış faydanın tutulması barədə tələbi təmin edilə bilməz

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 443.4 maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri 8.Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İşə birinci instansiya məhkəməsində baxılarkən hakim maddi hüquq normalarının tələblərini pozaraq onun icarəsi altında olan 23.21 ha torpaq sahəsinin ötən 4 il ərzində Cavabdeh tərəfindən zəbt edilməsinə halına hüquqi qiymət verməmişdir. Sadalanan maddi hüquq normalarına istinadən iddia tələbi qanuni və əsaslı olduğu halda məhkəmə heç bir əsaslandırma gətirmədən qanunun tələblərini pozmuşdur. Qətnamənin əsaslandırıcı hissəsində işin faktiki halları barəsində ,məhkəmənin hansı səbəbdən bu nəticəyə gəlməsi açıqlanmamışdır. Məhkəmənin mövqeyinə görə cavabdeh tərəfindən icarəsi altında olan 23.21 ha torpaq sahəsi zəbt edilərkən o, tamamilə hərəkətsiz qalmışdır. Halbuki, o, ilk başdan aidiyyəti üzrə Yevlax Rayon Polis Şöbəsinə müraciət etmiş və məhz həmin zəbti ilə bağlı Azərbaycan Respublikası cinayət məcəlləsinin 188-ci maddəsi ilə Cavabdeh barəsində cinayət işi qaldırılmışdır. Məhkəmənin həmin mövqeyinə qarşı , Cavabdeh barəsində cinayət işinin başlanmasına dair Yevlax Rayon Polis Şöbəsində qəbul edilmiş qərarı və Cavabdeh istintaqdan yayınaraq barəsində axtarış işi açılması ilə bağlı qəbul edilmiş qərarı hakimə təqdim etsələr də , bütün hallar birtərəfli olaraq hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində,məhkəmə yalnız , işə əlavə edilmiş sənədləri sıralamaqla və mübahisəni əsaslandırmağa aid olmayan maddi hüquq normalarını rəhbər tutmaqla qəbul etdiyi nəticə işin hallarına uyğun deyildir( bununla da MPM –nin 220.4- cü maddəsinin tələbləri pozulmuşdur). Qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021- ci il tarixli 2(039)-1671/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları 11.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamışdır.Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili (həmçinin nümayəndəsi) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəsi gedən torpaq sahəsi iddaçının icarəsində olmasına baxmayaraq, neçə il cavabdeh tərəfindən istifadə olunmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh tərəf (onun vəkili) səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri 16.Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(039)-1671/2021 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(039)-1671/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(039)-1671/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 20 Belə ki, Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də məhkəmələr iddiaçıların əmlakına zərər dəyməklə cavabdehin onların qarşısında “delikt – müqavilədənkənar” məsuliyyət yarandığı qənaətinə gəlmişdir.

21. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin maddi hüquq normalarını tətbiq etmiş, apellyasiya instansiya məıhkəməsi də bu mövqe ilə razılaşır.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır.

21. Birincisi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

22. İkincisi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehdən maddi zərərə və digər tələblərə görə pul tələb edir. Bu tələblərə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmiş və apellyasiya şikayətində də təqdim ediləcəyinin mümkünlüyü barədə hər hansı bir dəlil irəli sürülməmişdir

23. Üçüncü, Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

24. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

25. Dördüncü, yuxarıda qeyd olunduğu kimi MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

26. Lakin kollegiyanın araşdırması zamanı da təklif olunmasına baxmayaraq iddiaçı tərəf iddia ərizəsində qeyd etdiyi kimi ehtimal olunan ziyanın məbləği və əldə edə biləcəyi həcmdə faydanın mənbəyi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, hesablama qaydasını heç bir sübuta söykənməyən riyazi hesablamaya isinad etməklə iddiasının təmin olunmasını xahiş etmişdir

27. Bundan əlavə kollegiyanın araşdırması zamanı təklif olunmasına baxmayaraq iddiaçı tərəf zəruri sübutları müstəqil əldə etmək imkanının olmamamsı barədə də hər hansı sübüutu məhkəməyə təqdim etməməklə yanaşı, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir (MPMnin 77.3, 102.1, 102.2-ci maddələri)

29. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(039)-1671/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. 31.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(039)-1671/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar