Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-401/2020 06.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “maddi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(025)-1306/2019 nömrəli qətnaməsindən cavabdehin vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(025)-1306/2019 nömrəli qətnaməsi ilə (hakim A.Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 15.000 (on beş min) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 15.030 (on beş min otuz) manat məbləğində pul alınıb İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 15000 (on beş min) manat pulun, yol və s. xərcləri olaraq 1500 manatın, cəmi 16.500 manat məbləğində pulun (maddi zərərin), 5000 manat məbləğində mənəvi zərərin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddiada qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, göstərmişdir ki, 2016-cı ilin dekabr ayında cavabdeh təsərrüfat yaratmaq üçün onunla görüşməyi təklif etmişdir. İlkinlə qohumluq münasibətlərini nəzərə alaraq təklifini qəbul etmiş və onunla görüşmüşdür. Görüş zamanı İlkin ona qoyunçuluq təsərrüfatının qazanc gətirən, az vəsait qoyulmaqla daha çox gəlir əldə etmək mümkün olan təsərrüfat sahəsi olduğuna onu inandırmış və həmin istiqamətdə təsərrüfatın yaradılmasını təklif etmişdir. İxtisasca iqtisadçı olduğundan bir müddət cavabdehin təklifini analiz edərək İlkinin təklifi barədə fikirləşdikdən sonra həmin təklifi qəbul etmişdir. Şifahi olaraq razılığa gəlmişlər ki, o, İlkinə qoyun almaq üçün pul vəsaiti verməli, sonuncu da müfaviq qaydada bir neçə baş qoyun-quzu alaraq saxlamalı, kökəltməli və satışa çıxartmalı, qoyunların satışından əldə olunan pul vəsaitinə uyğun surətdə təsərrüfatın genişləndirilməsi işini təşkil etməlidir. Qohumluq münasibətlərini və İlkini tanıdığını, ona etibar etdiyini nəzərə alaraq razılıqlarını notarial qaydada rəsmiləşdirməmişdir. Bundan sonra o, İlkinə 40.000 manat məbləğində pul vermişdir. Birinci mərhələdə 2017-ci ildə cavabdeh ona verilən pula uyğun olaraq qoyun-quzu almış, saxlayaraq kökəltmiş və satmışdır. Bu zaman normal qazanc əldə olunmuşdur. Vəziyyəti analiz edərək təsərrüfatın genişləndirilməsi üçün ona məsləhətlərini verməklə əldə olunan pul vəsaitinin həmin istiqamətdə xərclənməsini ona tapşırmışdır. Lakin İlkin qoyun-quzunun saxlanması üçün onda olan tövlənin balaca olduğunu bəhanə gətirərək, geniş ölçüdə tövlə tikilməsi üçün əlavə pul vəsaitinin lazım olduğunu demişdir. Bunu nəzərə alaraq işin lazımi qaydada getməsi məqsədi ilə şəxsi vəsaiti hesabına onun həyətində heyvanlar üçün geniş tövlə tikmişdir. Tövlə tikilən zaman razılaşmışlar ki, işləri alınmasa da, tikili cavabdehin həyətində qalacaqdı və istənilən vaxt ondan istifadə edəcəklər. Tövlənin tikilməsinə 7438 manat məbləğində pul xərclənmişdir. Təsərrüfata baxmaq üçün götürülmüş işçiyə zəhmət haqqının onun tərəfindən ödənilməsinə dair İlkinlə əvvəlcədən hər hansı razılıqları olmamışdır. Həmin ilin iyun ayında heyvanları satmışlar, lakin heç bir qazanc əldə olunmamışdır. Yenidən iyul ayında 100-150 baş qoyun-quzu almış, avqust ayında qurbanlıq heyvanların alınıb-satıldığını nəzərə alaraq aldıqları qoyunları satmışlar. Sentyabr ayında İlkin qoyun-quzunun satılmasından 5000 manat məbləğində pul əldə olunduğunu bildirmişdir. Həmin pulun ona düşən 2500 manatını cavabdeh vermişdir. Dekabr ayında cavabdehlə haqq-hesab etmiş və belə nəticəyə gəlmişlər ki, gözlənilən (fikirləşdikləri) qazanc əldə olunmamışdır. Bundan sonra da bir müddət gözləmişdir. Lakin təsərrüfatdan qazanc əldə olunmadığını görüb 2018-ci ilin mart ayının 7-də İlkinin evinə gedərək yenidən haqq-hesab etmişlər. Bu zaman İlkinin əlində təsərrüfatın 14.800 manat nəğd pulunun olduğu, 7438 manat pulun tövlənin tikintisinə xərcləndiyi və 5.500 manata yaxın heyvanın olduğu ona məlum olmuşdur. Buna görə də İlkinə işin dayandırılmasını tapşırmışdır. Əvvəldən razılaşdığı kimi cavabdehdə olan, özünə məxsus 14.800 manat mələğində pulu ondan almışdır. İlkində onun 25.200 manat məbləğində pulu qalmışdır. İlkin ona qalan heyvanları satıb, nisyələri yığıb aprel ayınadək qaytaracağını, o, isə cavabdehə may ayında vəsaitini ondan geri alacağını bildirmişdir. 2018-ci ilin may ayının 4-də İlkin Bakı şəhərinə gələrək ona 5000 manat pul qaytarmış, qalan 20.000 manatı isə yaxın iki-üç ay ərzində qaytaracağını vəd etmişdir. Bu zaman razılaşmışlar ki, İlkin ona qalan 20000 manatı bir dəfəyə ödəyəcəyi halda tövlə üçün xərclənmiş vəsaiti yarı-yarı bölsünlər. Bundan sonra İlkin yenidən sentyabr ayının 5-də Bakı şəhərinə gələrək ona 5.000 manat pul vermişdir. Lakin həmin puldan sonra cavabdeh ona pul qaytarmamışdır. Hazırda İlkinin ona 15.000 manat borcu qalmışdır. İlkinlə görüşüb məsələni həll etmək üçün dəfələrlə Qəbələ şəhərinə gəlmiş, yola, qidalanmağa, qalmağa 1.500 manat məbləğində pul vəsaiti xərcləmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində mənəvi sarsıntı keçirmiş və nəticədə İlkin ona öz əməlləri ilə 5.000 manat məbləğində mənəvi zərər vurmuşdur. Qeyd ounanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmsını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh məhkəmə iclasında göstərmişdir ki, iddiaçının təşəbbüsü ilə il yarım ərzində birgə təsərrüfatları fəaliyyətdə olmuşdur. Yəni, 2017-ci ilin dekabr ayında təsərrüfat işinə başlamış və 2018-ci ilin mart ayında işi yekunlaşdırmışlar. Razılaşdıqları kimi o, iddiaçının verdiyi pula qoyun-quzu almış, müəyyən müddətdə saxlayaraq kökəltməklə satmışdır. Həmin müddətdə, birinci mərhələdə iddiaçı ona 30.000 manat pul vermişdir. Quzunun biri 110 manat olmaqla 300 baş quzu almış və 3.000 manat borclu qalmışdır. Quzulara 3- 4 ay ərzində qulluq göstərməklə satmışdır. Lakin heç bir qazanc əldə olunmamışdır. Sonradan İddiaçı ona 2018-ci ilin avqust ayında 10000 məbləğində pul göndərmişdir. Həmin pulun 3.000 manatı nisyə almış quzulara görə ödənilmiş, 7.000 manatı isə tövlənin tikintisinə xərclənmişdir. Heyvanlar satıldıqdan sonra 41.000 manat məbləğində pul əldə olunmuş, həmin puldan 7-8 min manatı heyvanların yeminə xərclənmişdir. İkinci mərhələdə 22.000 manatlıq 150 baş quzu almışlar. Quzuların satılmasından 23.500 manat pul əldə etmişlər. Bundan sonra da yenidən 150 baş quzu almışlar və 2018-ci ilin sentyabr ayında satmışlar. Bu zaman 1500 manat gəlirləri olmuşdur. Dekabr ayında isə ümumilikdə 35.000 manatlıq quzu alınmış və onların 5.000 manatlıq gəliri olmuşdur. Ümumilikdə iddiaçı ona təsərrüfata görə 40.000 manat məbləğində pul vəsaiti vermişdir. Bu puldan 25.000 manatını iddiaçıya qaytarmışdır. İddiaçı ondan qalan 15000 manatı tələb etməsi tam əsassızdır. Çünki, həmin məbləğdən 8.600 manatı tövlənin tikilməsinə (7.350 manatı tövlənin qalan hissəsi isə anbarın tikilməsinə olmaqla, cəmi 8.600 manat vəsait xərclənmişdir), 4.000 manatı işçi olan Azərə verilmiş, qalan 3.000 manatlıq malı isə başqa şəxslərə (müştərilərinə) nisyə kimi vermişdir. İddiaçı ilə qoyun-quzunun nisyə və ya nəğd satışı ilə bağlı aralarında heç bir razılaşmaları olmamışdır. Təsərrüfatda görülən bütün işlər iddiaçının razılığı ilə olmuşdur. Elnurun görülən bütün işlərdən daima xəbəri olmuş və o, təsərrüfatla mütəmadi olaraq maraqlanmışdır. İddiaçı Qəbələ şəhərinə gəlməklə yola, qidalanmağa, qalmağa və s. əlavə xərc çəkildiyini qeyd etmişdir. Lakin iddiaçı təsərrüfatla bağlı onun çəkdiyi əlavə xərcləri heç vaxt nəzərə almamışdır. İddiaçının razılığı ilə Respublikanın müxtəlif rayonlarında yerləşən heyvan bazarlarına gedərək xırda buynuzlu heyvanlar almışdır. Bu zaman bütün xərcləri (yol, qidalanmaq, oteldə qalmaq və s.) özü çəkmişdir. Hətta özünə və atasına məxsus avtomobildən təsərrüfat işlərinin görülməsi üçün mütəmadi olaraq istifadə edilmişdir. Bütün bu xərclər onların təsərrüfatının ümumi büdcəsinə daxil edilməmiş və Elnur həmin xərcləri heç vaxt nəzərə almamışdır. Qoyunların kökəldilib satılmasından əldə olunan 5000 manat məbləğində pul yarı-yarıya olmaqla onlar arasında iki yerə bölünmüşdür. Çəkdiyi əziyyət və xərclərin qarşılığında Elnurun ona verdiyi 2500 manat çox az məbləğdir. Buna görə də o, artıq xərc və əziyyət çəkdiyini Elnura bildirərək buna razılıq verməsə də, etdiyi narazılığının heç bir faydası olmamışdır. Hətta tövlənin tikilməsində də müəyyən qədər vəsaiti öz büdcəsindən xərc olaraq çəkmişdir. 2018-ci ilin fevral ayında İddiaçı Qəbələ rayonuna gələrək ona işin hansı yöndə davam etdirilməli olduğu barədə tövsiyələr versə də, mart ayında gəlib əlində olan pul vəsaitini geri götürməklə işi dayandırmışdır. Hazırda iddiaçı ondan 15.000 manat məbləğində pul tələb edir. Tələb olunan vəsaiti isə onda deyildir. Buna görə də məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində Şahid1 şahid qismində verdiyi izahatında göstərmişdir ki, o, cavabdehin əmisi oğludur. Qəbələ rayonu Zarağan kəndində ət mağazası vardır. Cavabdeh nisyə ət almışdır. Hazırda onun İlkinə 1.050 manat məbləğində borcu qalmışdır. Əti müştərilərinə nisyə satıb həmin pulu yığa bilmədiyi üçün borclu olduğu pulu İlkinə qaytara bilməmişdir. Birinci instansiya məhkəməsində Şahid2 şahid qismində verdiyi izahatında göstərmişdir ki, təsərrüfatın yaradılmasında təklifin İddiaçı tərəfindən edildiyi barədə məlumatlıdır. Bakı şəhərində o, İlkin, bibisioğlu Eldəniz və iddiaçı çörək yeyən zaman İlkin və Eldəniz arasında qoyunçuluq təsərrüfatının yaxşı gəlir gətirən sahə olduğu barədə söhbətləri olmuşdur. Yeməkxana yerindən ayrılan vaxt İddiaçı İlkini idarə etdiyi maşına dəvət edərək vacib söhbətinin olduğunu bildirmişdir. Maşında olarkən aralarında söhbətin nədən getdiyini bilməmiş, lakin sonradan İlkin ona Elnurun ona qoyunçuluq təsərrüfatının yaradılmasını təklif etdiyini demişdir. Bu istiqamətlə iddiaçı İlkinə qoyunların alınması üçün pul vəsaiti göndərmiş, İlkin də qoyun-quzu alaraq kökəltməklə satmışdır. İlkini tanıdığından onun təklifi ilə təsərrüfatda çoban işləmiş, işlədiyi bir il müddətində ona 4.000 manata yaxın zəhmət haqqı ödənilmişir. İlkin onun 300 başadək qoyun-quzuya baxacağını bildirmişdir. Həqiqətən də təsərrüfatda 300 başa kimi qoyun-quzu olmuşdur. Onlar 3-4 ay ərzində qoyunlara baxaraq ya satırdılar ya da ki, kəsmək üçün qəssablara verirdilər. Qoyun-quzu alınaraq kökəldilməsi məqsədi ilə saxlanan müddətlərə görə yay aylarında əziyyəti çox olduğu üçün 500 manatadək, qalan vaxtları isə 200-250, 300-350 manatadək əmək haqqı (zəhmət haqqı) almışdır. Təsərrüfatla, yəni qoyun-quzunun saxlanılması ilə bağlı bütün göstərişləri və tapşırıqları ona İlkin vermişdir. Elnurla İlkinin arasında olan söhbətlərə o, heç vaxt müdaxilə etməmişdir. Birinci instansiya məhkəməsində Şahid3 şahid qismində verdiyi izahatında göstərmişdir ki, o, Cavabdeh təklifi ilə həyətində usta kimi işləyərək bir həftə ərzində tövləni tikmiş və ona təhvil vermişdir. Zəhmət haqqı olaraq ondan 1000 manat məbləğində pul almışdır. Aldığı pula fəhlələrin zəhmət haqqı daxil olmamışdır. Tikintidə işləyən fəhlələrə İlkin tərəfindən nə qədər pul verildiyindən, tikinti materiallarına çəkilən xərcdən və materialların kim tərəfindən alındığından məlumatı yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn cavabdehin vəkili аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hazırkı işlə əlaqədar polis orqanında araşdırma zamanı dindirilmiş şahidlərin və tərəflərin izahatından birgə təsərrüfatın yaradılmasında birinci təşəbbüskarın iddiaçının özü olması müəyyən edilir. Belə ki, məhkəmə iclası zamanı iddiaçı işin halları barədə izahat verərkən bildirmişdir ki, iqtisadçı olaraq təsərrüfatın genişləndirilməsi və işin lazımi qaydada getməsi məqsədi ilə şəxsi vəsaiti hesabına cavabdehin həyətində heyvanlar üçün geniş tövlənin tikintisinə icazə vermiş və gələcəkdə birgə fəaliyyətin alınmadığı təqdirdə tövlənin cavabdehin həyətində qalacağına razılıq vermişdir. Eyni zamanda tövlənin tikintisinə 7438 manat vəsaitin xərclənməsini iddiaçı öz izahatında təsdiq etmişdir. Mülki məhkəmə icraatı zamanı cavabdeh maliyyə vəziyyətinin ağır olduğunu, sahibliyində qoyun-quzunun mövcud olmadığını əsas gətirərək, həyətindəki tikilmiş tövləyə ehtiyacı olmadığını bildirmiş və cavabdehin üzərinə qoyulmuş tövlənin tikintisinə xərclənmiş vəsaitin əvəzinə həmin tövlənin iddiaçı tərəfindən sökülərək aparılmasını təklif etmişdir. İddiaçı məhkəmədə izahat verərkən bildirmişdir ki, cavabdeh ilə arasında əldə olunmuş şifahi razılığa əsasən, qoyun-quzunun saxlanılması ilə bağlı işçiyə (çoban) əmək haqqının ödənilməsini cavabdeh öz üzərinə götürmüşdür. Lakin həmin faktı təsdiq edə biləcək hər hansı sübutedici sənəd (müqavilə və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Buna baxmayaraq, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında təsərrüfatda qoyun-quzuya baxmaq üçün işçiyə (çoban) zəhmət haqqının ödənilməsinə dair razılaşma olmadığından, həmin işçiyə əmək haqqı formasında ümumilikdə ödənilmiş 4000 manat məbləğində vəsait yalnız cavabdehin üzərinə qoyulmalıdır. Bundan başqa, məhkəmə iddiaçının izahatını əsas götürərək, qətnamədə göstərib ki, guya iddiaçı ilə cavabdeh arasında əldə olunmuş şifahi razılığa əsasən qoyun-quzuların nisyə satılması nəzərdə tutulmadığından, nisyə satılmış heyvanların dəyəri, yəni 3000 manat məbləğində vəsait cavabdehə aid edilməlidir. Lakin heyvanların nisyə satılmasına məhdudiyyətin qoyulması ilə bağlı hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, dəmir konstruksiyadan ibarət olan tövlənin şəkilləri və həmin tövlənin tikilməsi üçün istifadə olunmuş inşaat materiallarının qaimə-fakturası (4892 manat) cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Şahid3 şahid qismində ifadə verərək bildirib ki, cavabdehin təklifi ilə həyətində usta kimi işləyərək tövləni tikmiş və bunun müqabilində zəhmət haqqı olaraq ondan 1000 manat pul almışdır. Həmçinin, tövlənin tikilməsi ilə bağlı əlavə xərclərin siyahısına daxil olan və ümumi dəyəri 3720 manat təşkil edən işlər - həyətdən torpağın yük avtomobillərinə yüklənərək daşınması, xırda çay daşlarının yayılması, suyun çəkilməsi, ot axırlarının tikilməsi, su çəninin, ot üyüdən avadanlığın alınması, dəmir konstruksiyaların qaynağı, dəmir qapıların quraşdırılması və s. barədə izahatı cavabdeh məhkəmə icraatı zamanı məhkəmənin diqqətinə çatdırmışdır. Eyni zamanda, tövlənin tikintisinə cavabdeh tərəfindən ümumilikdə 7438 manat vəsaitin xərclənməsini iddiaçı məhkəmə prosesi zamanı öz izahatında təsdiq etmişdir. Məhkəmə iclasında Şahid2 sahid qismində verdiyi izahatında göstərmişdir ki, birgə yaradılmış təsərrüfatda qoyun-quzuya qulluq etmək məqsədi ilə iddiaçının razılığı əsasında işə götürülmüş və bunun müqabilində zəhmət haqqı olaraq ona ümumilikdə cavabdeh tərəfindən 4000 manat pul verilmişdir. Mülki məhkəmə icraatı zamanı şahid qisminda ifadə vermiş Şahid1 bildirmişdir ki, Qəbələ rayonu Zarağan kəndində yerləşən dükanında pərakəndə satış üçün cavabdehdən nisyə ət almış və borcunu hələ də cavabdehə qaytarmamışdır. Beləliklə, mülki iş üzrə icraat zamanı etirazın əsası kimi 15000 manat vəsaitin xərclənməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmişdir. Birgə fəaliyyət məqsədləri üçün xərclənmiş 15000 manat vəsaitin məhkəmə tərəfindən yalnız cavabdehin üzərinə qoyulması və eyni zamanda iddiaçını məsuliyyətdən tam azad edilməsi həm məntiqə, həm də ki birgə sahibkarlıq və işgüzar adətlərə uyğun gələ bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatını təsdiq edir və əlavə olaraq bildirir ki, iddiaçı ilə aralarında qoyun təsərrüfatı yaradılması ilə bağlı razılıq olmuş, bu təşəbbüsü iddiaçı irəli sürmüş, iddiaçı tərəfindən ona bir neçə dəfəyə verilməklə ümumilkdə 40000 manat pul verilmiş, həmin pulu qoyun-quzu alıb, bəsləməklə satmaq və əldə edilən gəliri bölüşdürmək, qalan vəsaiti isə təsərrüfatın genişləndirilməsinə sərf etmək barədə iddiaçı ilə razılaşmışlar. İddiaçı ilə qoyun-quzu alınıb, bəslənməsi zamanı onun həyətindəki tövlənin balaca olması səbəbindən yeni heyvan bəsləmək üçün tövlə tikilməsi barədə razılaşmışlar. Həmin tövlənin tikintisi iddiaçı ilə razılaşdırılmış, iddiaçı hətta tövlənin necə tikilməsi barədə öz tövsiyələrini vermiş və tövlənin cizgisini də çəkib ona vermişdir. O tövlənin tikintisinə iddiaçının vəsaiti ilə bərabər özünün vəsaitini də xərcləmiş və ümumilikdə 8600 manat məbləğə yaxın vəsait xərcləmişdir. Belə razılaşmışlar ki, bu formada biznes fəaliyyətləri uzun müddətli olacaq və əldə edəcəkləri gəlir hesabına tövlə də ona qalacaqdır. Qalan xərclərin mayası, yəni iddiaçının verdiyi pylun özü qaytarıldıqdan sonra əldə edilən qalan vəsaiti bölüşdürəcəklər. Bu razılaşmaları uzun müddət üçün nəzərdə tutulmuş, lakin cəmi bir il yarım belə işlədikdən sonra iddiaçı özünə məxsus pulu tələb etmişdir. Bundan əlavə heyvanlara baxan şəxs lazım olduğu üçün 2017-ci ildən 2018-ci ilin ortalarınadək 4000 manat məbləğində çoban olmuş Azərə zəhmət haqqı olaraq ödəmişdir. Qalan məbləğ isə nisyə ət alan şəxslər tərəfindən qaytarılmamışdır. İddiaçı ilə aralarında olan 40000 manat məbləğində vəsait özünün də təsdiq etdiyi kimi, 25000 manat məbləğində vəsaiti geri qaytarmışdır. Aralarında hazırda 15000 manat məbləğində ödənilməyən vəsait qalmışdır ki, həmin vəsait də hazırda yuxarıda qeyd etdiyi tövləyə xərclənmiş, çoban haqqı olaraq verilmiş və qalan məbləğlər isə nisyə alınmış və həmin məbləğlər də ona qaytarılacaqdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, 2016-cı ildən aralarında qoyun təsərrüfatı yaradıb pul qazanmaq barədə aralarında razılıq olmuş, 2017-ci ildə əvvəl bir neçə dəfə alqı-satqı apardıqdan sonra gəlirli sahə olduğundan buna pul qoyub gəlir əldə etmək fikirləri yaranmış və cavabdehə bir neçə dəfəyə 40000 manat məbləğində pul vermiş, razılaşmışlar ki, cavabdehin həyətində olan tövləni yenidən tikib genişləndirsinlər. Düzdür tövlənin tikintisi ilə bağlı aralarında razılıq olmuş, lakin tövləyə sərf edilən vəsaiti cavabdehin dediyinə görə qeyd etmiş və 7438 manat pulun tövlənin tikintisinə xərcləndiyini bilmişdir. Razılaşmışlar ki, tövlə hər dəfə qoyun-quzu alınıb-satıldıqdan sonra onun verdiyi əsas maya pulu geri qaytarılacaq, qalan vəsait isə aralarında bölünəcəkdir. Bundan əlavə qoyun-quzunun bəslənməsi də əldə edəcəkləri gəlir hesabına cavabdehə qalan gəlir hesabına cavabdehin özü tərəfindən təmin ediləcəkdir. Bir də o, heyvanları diri və ya kəsilmiş formada nisyə verməmək haqqında tapşırıq vermiş, cavabdeh isə bunu icra etməmişdir. İlk əvvəllər gəlir çox olmuş və onu bölmüşlər, lakin sonradan il ərzində 3500 manat gəlir olduğundan bu sahənin gəlirsiz olduğundan verdiyi pulu cavabdehdən tələb etmişdir. 2018-ci ilin mart ayının 7-də İlkinin evinə gedərək yenidən haqq-hesab etmişlər. Bu zaman İlkinin əlində təsərrüfatın 14.800 manat nəğd pulunun olduğu, və 5.500 manata yaxın heyvanın olduğu ona məlum olmuşdur. Buna görə də İlkinə işin dayandırılmasını tapşırmışdır. Əvvəldən razılaşdığı kimi cavabdehdə olan, özünə məxsus 14.800 manat mələğində pulu ondan almışdır. İlkin ona növbəti dəfə ayrılıqda 10000 manat pul vermiş və 15000 manat borc qalmışdır. İlkinlə görüşüb məsələni həll etmək üçün dəfələrlə Qəbələ şəhərinə gəlmiş, yola, qidalanmağa, qalmağa 1.500 manat məbləğində pul vəsaiti xərcləmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində mənəvi sarsıntı keçirmiş və nəticədə İlkin ona öz əməlləri ilə 5.000 manat məbləğində mənəvi zərər vurmuşdur. İddiaçı məhkəmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatları və təqdim edilmiş sübutlar əsasında müəyyən etişdir ki, iddiaçı ilə cavabdeh arasında olan şifahi razılaşmaya görə iddiaçı ona qoyun-quzunun alınaraq saxlanması, kökəldildikdən sonra satılması, bir sözlə təsərrüfat məqsədləri üçün ümumilikdə 40.000 manat məbləğində pul vəsaiti vermişdir. İşin bu halını işin məhkəmə araşdırılması zamanı hər iki tərəf təsdiq etmişdir. Birinci mərhələdə verilən pul vəsaitinə cavabdeh qoyun-quzu alaraq müəyyən müddətə saxlamış və satmışdır. Əldə olunan pul vəsaiti iddiaçının tapşırığı əsasında yaradılan təsərrüfatın inkişaf etdirilməsi məqsədi ilə sonradan cavabdeh tərəfindən yenidən bir neçə dəfə quzular alınmış və müəyyən müddətə saxlanıldıqdan sonra satılmışdır. Onlar razılığa gəlmişlər ki, cavabdehin həyətində olan tövləni yenidən qurub böyütsünlər ki, alınıb bəslənəcək heyvanların saxlanması üçün kifayət etsin. Həmin tövlə iddiaçının razılığı ilə onun verdiyi vəsaitdən yəni 40.000 manat vəsaitdən xərclənmiş və iddiaçının birinci instansiya məhkəməsində ifadəsində qeyd edildiyi kimi tövləyə xərclənmiş vəsaitin məbləğinin 7438 manat olmasını təsdiq etmişdir. Tərəflər arasında, eyni zamanda qoyunları saxlamaq və bəsləmək üçün ayrıca bir şəxsin ayrılması barədə razılıq olmuş, lakin ona veriləcək vəsaitin cavabdehə qalan pay hesabına veriləcəyi razılaşdırılmışdır. Buna iddiaçı etiraz etsə də, o bununla bağlı əsaslı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan əlavə iddiaçı ilə cavabdeh arasınada olan razılığa əsasən heyvanların nisyə satılmayacağı barədə də razılıqları olmuşdur. Onların qoyun-quzu alıb satması dörd mərhələdə həyata keçirilmişdir. Əldə olunan gəlir onlar arasında bərabər olaraq bölünmüşdür. Lakin təsərrüfat bir ildən artıq müddətdə fəaliyyət göstərdikdən sonra, nəzərdə tutulan gəlirin olmadığını görən iddiaçı təsərrüfatın fəaliyyətinin vaxtından əvvəl dayandırılmasını cavabdehə tapşıraraq, onda qalan pulun qaytarılmasını tələb etmişdir. Tərəflər arasında hzırkı mübahisə yaranmışdır. Bundan əvvəl isə cavabdeh müxtəlif vaxtlarda iddiaçıya cəmi 25.000 manat məlbəğində pulu qaytarmış, ona verilən 400xx xxxxxxxx 15000 manat mübahisəli qalmışdır. Qalan pulun ödənilməsini dəfələrlə cavabdehdən tələb etməsinə baxmayaraq sonuncu həmin pulu iddiaçıya qaytarmamış, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Buna görə də İddiaçı ödənilməmiş qalan pulun alınması məqsədi ilə Qəbələ rayon Polis Şöbəsinə müraciət etmiş, şöbədə müvafiq araşdırılma aparılmışdır. Həmin araşdırılma zamanı da cavabdeh verdiyi izahatında iddiaçının qoyunların alınması məqsədi ilə ona 40.000 manat məbləğində pulun verildiyini və ondan 25000 manat məbləğində vəsaitin qaytarıldığı və arada qaytarılmamış məbləğin 15000 manat olması təsdiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin müəyyən edilməsi baxımından hesab edir ki, hazırkı iş üzrə iddiaçının maya olaraq verdiyi maliyyə vəsaiti əsasında cavabdehə verdiyi tapşırıq əsasında gəlir etməklə bağlı bağlı ilkin razılaşmanın olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayətqədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İşin şərh olunan hallarından göründüyü kimi, qoyunçuluq təsərrüfatının yaradılaraq lazımi qaydada fəaliyyətinin qurulması məqsədi ilə iddiaçı tərəfindən cavabdehə verilən və göndərilən pul vəsaitin sonuncu tərəfindən lazımi istiqamətdə xərclənməsi təmin edilsə də, tərəflərin arasında əldə edilmiş razılıqdan kənara çıxmalar baş vermişdir. Birincisi tərəflər arasında razılıqla cavabdehin həyətində tövlə tikilmiş buna iddiaçının razılığı olmuş və verilmiş vəsaitdən ora xərclənmişdir. İddiaçı tərəfindən razılıqdan 1 il keçməmiş fəaliyyəti dayandırmağı və verilmiş vəsaitin geri qaytarılması barədə tələbi olmuşdur. Halbu ki, tərəflər uzun müddət fəaliyyət göstərmək üçün bu işi qurmuş və gəlir əldə etmək və əldə ediləcək gəlir hesabına tövləyə xərclənmiş vəsaiti iddiaçıya qaytarmaqla, tikilmiş tövləyə xərclənmiş vəsaiti gəlir hesabına əldə edilmiş əmlak olaraq cavabdein mülkiyyətində qalmalı idi. Bu halda iddiaçı tərəflər arasında razılıqdan kənara çıxmışdır. Digər tərəfdən isə tərəflər arasında qoyunların bəslənməsi üçün onlara baxan şəxsin (çoban) zəhmət haqqının həmin iddiaçının verdiyi vəsait hesabına xərclənməsi nəzərdə tutulmamış, həmin vəsaitin cavabdehin birgə əldə edəcəkləri qazancdan cavabdehə çatacaq vəsait hesabına ödənilməsi barədə razılıq olmuşdur. Eyni zamanda, o da təsdiq edilir ki, tərəflər arasında razılıq omuşdur ki, satılacaq qoyunquzunun diri və ya ət formasında verilməsi nisyə olaraq həyata keçirilməyəcəkdir. İşin hallarından müəyyən edilir ki, cavabdeh isə bu razılaşmadan kənara çıxmışdır. MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-nin 218.1-ci maddəsi isə müəyyən edir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunim tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. MPM-nin 218.1-ci maddəsində təsbit edilmiş qaydalar tətbiq edilərkən, nəzərə almaq lazımdır ki, həmin qaydalar imperativ xarakter daşıyır və məhkəmənin üzərinə həmin maddədə nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilməsi öhdəliyini qoyur. MPM-nin 218.1-ci maddəsində müəyyən edilmiş qaydalar məhkəmə aktı qəbul edilərkən məhkəmənin hüquqtətbiqetmə fəaliyyətinin məcmusunu təşkil edir. Həmin qaydalara müvafiq olaraq məhkəmə aşağıdakıları yerinə yetirməyə borcludur:
1. Sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsi MPM-nin 88-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir.
2. İş üçün əhəmiyyəti olan nə kimi halların müəyyən edildiyi, nə kimi halların müəyyən edilmədiyi qərarlaşdırılmalıdır. Məhkəmə işdə iştirak edən tərəfin tələbləri və etirazları, həmçinin maddi hüquq norması əsasında iş üçün əhəmiyyətli olan hallan müəyyən edir, sübutlan qiymətləndirərək məhkəmə onlann işin halları üçün əhmiyyətlilik kontekstində müqayisə edir və iş üçün əhəmiyyəti olan nə kimi halların müəyyən edildiyi və nə kimi halların müəyyən edilmədiyi barədə nəticəyə gəlir.
3. Tərəflərin hansı hüquq münasibətində olmaları müəyyənləşdirilməlidir. Məhkəmə tərəfindən sübutlann araşdınlıb qiymətləndirilməsi, iş üçün əhəmiyyəti olan hansı hallanın müəyyənləşdirilməsi, hansı halların müəyyənləşdirilməməsi barədə müəyyən qənaətə gəldikdən sonra tərəflər arasında olan münasibətlər hüquqi baxımdan qiymətlədirilərək onlann arasındakı münasibətlərin predmeti, xarakteri, həmin münasibətləri maddi hüquq normalarının hansı sahəsi ilə tənzimlənməli olması barədə mövqeyini formalaşdırır. Yəni məhkəmə tərəflər arasındakı münasibətləri hüquq müstəvisinə çıxarır, hüquq münasibətləri baxımından dəyərləndirir.
4. Həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyənləşdirir. Məhkəmə tərəflər arasında münasibətlərin hüquiqi xarakterini müəyyənləşdirdikdən, yəni həmin münasibətlərin, məsələn borc, podrat, vərəsəlik, sığorta və s. münasibətlərə aid olmasını qərarına gəldikdən sonra həmin münasibətlərin hansı qanun və onun hansı normaları əsasında tənzimlənməli olduğunu müəyyən edib, həmin normaları işin hallan prizmasında ədalətlilik tələblərinə müvafiq qaydada şərh etməklə, maddi hüquq normasını mübahisəli hüquq münasibətinə tətbiq edir.
5. İddianın təmin olunub-olunmadığını müəyyən edir. Tərəflər arasındakı hüquq münasibətləri, onlara tətbiq edilməli olan maddi hüquq normaları müəyyən edilib şərh və mübahisəli hüquq münasibətinə tətbiq olunduqdan sonra məhkəmə iddia tələbi maddi hüquq normasına müvafiq olduqda onu təmin, maddi hüquq normasının tələblərinə müvafiq olmadıqda isə onu rədd edir. Qətnamədə işin faktiki hallan ilə bağlı məhkəmənin gəldiyi nəticənin göstərilməsi həmçinin onunla şərtlənir ki, mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları göstərilməlidir ( MPM- nin 220.4-cü maddəsi). Məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, iddiaçının tapşırığı ilə cavabdeh tərəfindən sonuncunun həyətində tövlə tikilməsi və həmin tövləyə 7438 manat vəsaitin xərclənməsi təsdiq edilir. Bu halda iddiaçının tapşırığından cavabdeh tərəfindən hər hansı bir kənara çıxma halı müəyyən edilmir. Halbu ki, həmin tövlə uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulsa da iddiaçının həmin razılığı vaxtından pozması qeyd edilən xərcin iddiaçının təqsiri ucbatından yaranması sübut edilir. Eyni zamnda, 4000 manat məbləğində vəsaitin qoyunların saxlayanması üçün çobana zəhmət haqqı olaraq ödənilməsi ilə bağlı iddiaçının razılığı olmamış, eyni zamanda heyvanların nisyə satılması ilə bağlı iddiaçının tapşırığı cavabdeh tərəfindən icra edilməmiş və o tapşırıqdan kənara çıxaraq 3000 manat məbləğində heyvanları nisyə satmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi əsas məbləğ olan 15000 manatdan tövlənin tikintisi üçün sərf edilən 7438 manat vəsait çıxılmalı, çünki həmin məbləğin itirilməsində cavabdehin hər hansı bir təqsirli davranışı müəyyən edilməmişdir. Digər hallarda isə 4000 manat çoban haqqına və 3000 manat məbləğində vəsaitə münasibətdə cavabdehin tapşırıqdan kənara çıxma halı və təqsirli davranışı mövcuddur. Ona görə də həmin vəsaitin qaytarılmaması üçün məsuliyyət daşıyır. Birinci instasniya məhkəməsinin təmin edilməyən iddia tələbinə münasibətdə iddiaçı tərəfindən mübahisələndirmədiyindən və həmin hissədən apelyasiya şikyəti vermədiyindn apelyasiya instansiyası həmin hissəyə baxmamışdır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində qismən ləğv edilməli, həmin hissə üzrə iddia 7562 manat məbləğində təmin edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Nəticəvi hissə
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfin apelyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(025)-1306/2019 nömrəli qətnaməsi qismən-Cavabdeh tutulmuş 15000 (on beş min) manat məbləğə münasibətdə ləğv edilsin, tutulmalı olan məbləğ 7562 (yeddi min beş yüz altmış iki) manat müəyyən edilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.