Məhkəmə qərarları › İş №2(107)-41/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-41/2021

07.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-41/2021 07.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, İddiaçı cavabdehlər “Cavabdeh1” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Qəbələ rayon İcra şöbəsinə, 3-cü şəxslər X1 və ƏMDK yanında DƏDRX-in Qəbələ Ərazi İdarəsinə qarşı keçirilmiş hərracın etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi və İddiaçı cavabdehlər Qəbələ rayon İcra və Probasiya Şöbəsinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və üçüncü şəxs X1 qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin hakimləri Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlunun özü-özlərinə verdiyi etiraza baxaraq müəyyən etdim: Qəbələ Rаyоn Məhkəməsinin 5 аprel 2016-cı il tаrixli, 2(025)-274/2016 nömrəli qətnaməsi ilə (hakim Fehruz Аbbаsоv) iddiаçı İddiaçı cavabdehlər "Cavabdeh1" MMC-yə, Qəbələ rayon İcra şöbəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı keçirilmiş hərracın etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi bаrədə iddiası təmin edilməmişdir. İddiaçı qeyd olunan qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Qəbələ Rаyоn Məhkəməsinin 5 аprel 2016-cı il tаrixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul etməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2017-ci il tarixli, 2(107)-161/2017 nömrəli (sədrlik edən İnşallah Quliyev, hakimlər Ələddin Məcidov və Mahir Əsədli) qətnaməsinə əsasən iş üzrə Qəbələ Rаyоn Məhkəməsinin 5 аprel 2016-cı il tаrixli qətnaməsinin iddiаçı Rüstəmоv Sаbiq Dursun оğlunа münаsibətdə dəyişdirilmədən, оnun apellyasiya şikayətinin isə təmin edilmədən sаxlаnılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2017-ci il tarixli qətnaməsindən İddiaçı və onun vəkili İsmayılova Xavər Bəxtiyar qızı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 5 mart 2018-ci il tarixli, 2(102)-1413/2017 nömrəli (sədrlik edən və məruzəçi Mehparə Əhmədova, hakimlər Əli Rüstəmov və Əhməd Nurməmmədov) qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(107)- 1347/2018 nömrəli (sədrlik edən və məruzəçi Rafail Əliyev, hakimlər Mirbahəddin Hüseynov və İmanverdi Şükürov) qətnaməsi ilə iş üzrə Qəbələ Rаyоn Məhkəməsinin 5 аprel 2016-cı il tаrixli qətnaməsinin iddiаçı Rüstəmоv Sаbiq Dursun оğlunа münаsibətdə dəyişdirilmədən, оnun apellyasiya şikayətinin isə təmin edilmədən sаxlаnılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsindən İddiaçı və onun vəkili Süleymanov Səfəralı Bayramalı oğlu kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 5 fevral 2019-cu il tarixli, 2(102)-710/2019 nömrəli (sədrlik edən və məruzəçi Əhməd Əhmədov, hakimlər Akif İsgəndərov və İlqar Dəmirov) qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(107)- 1456/2019 nömrəli (sədrlik edən Vəzirxan Məlikov, hakimlər Elçin Hüseynov və Ayaz Mahmudov) qətnaməsi ilə iş üzrə Qəbələ Rаyоn Məhkəməsinin 5 аprel 2016-cı il tаrixli qətnaməsinin iddiаçı Rüstəmоv Sаbiq Dursun оğlunа münаsibətdə dəyişdirilmədən, оnun apellyasiya şikayətinin isə təmin edilmədən sаxlаnılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı və onun vəkili Rəcəbov Səbuhi Tapdıq oğlu kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 9 dekabr 2019cu il tarixli, 2(102)-7415/2019 nömrəli (sədrlik edən və məruzəçi İlqar Xələfov, hakimlər Qəhrəman Allahverdiyev və Ənvər Şadiyev) qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şərh olunan mülki işdən əlavə digər mülki iş üzrə İddiaçı cavabdehlər Qəbələ rayon İcra şöbəsinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 3 mart 2011-ci il tarixli, 2(205)-20/2011 nömrəli icra vərəqəsi əsasında verilmiş Qəbələ rayonu Nic qəsəbəsində 0,46 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə dair 27.08.2011-ci il tarixli, 11-666 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim Fehruz Abbasov) 14 iyul 2017-ci il tаrixli, 2(025)-33/2017 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “xxxx” MMC-nin 27.08.2011-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının ləğv edilməsi və Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin qiymətinin 42 000 (qırx iki min) manat olduğu əsas götürülməklə Qəbələ Rayon Məhkəməsinin 3 mart 2011-ci il tarixli, 2(205)-20/2011 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi, iddianın qaldırılması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və Ekspert rəyinin dəyəri olan 300 manat pulun “xxxx” MMC-dən alınaraq “xxxx” MMC-nin hesabına, eləcə də ekspert rəyinin dəyəri olan 200 manat pulun İddiaçı alınaraq xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan üçüncü şəxs X2 аpellyаsiyа şikаyəti verərək Qəbələ Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tаrixli, 2(025)-33/2017 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2(107)-2222/2018 nömrəli (sədrlik edən və məruzəçi Rövşən Rəfiyev, hakimlər Gündüz Abbasov, Elçin Hüseynov) qətnaməsinə əsasən üçünçü şəxs X2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tаrixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə razılaşmayan İddiaçı və vəkili Süleymanov Səfəralı Bayramalı oğlu tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 9 dekabr 2019-cu il tarixli, 2(102)-7649/2019 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi Qürbət Əsgərov, hakimlər Sənan Hacıyev, Elşanə Vəliyeva) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib və mülki iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2020-ci il tarixli, 2(107)-634/2018 nömrəli (sədrlik edən Ayaz Mahmudov, hakimlər Ələddin Məcidov, Mahir Əsədli) qətnaməsinə əsasən üçünçü şəxs X2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinin qismən təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tаrixli, 2(025)-33/2017 nömrəli qətnaməsi qismən, yəni “Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin qiymətinin 42 000 (qırx iki min) manat olduğu əsas götürülməklə Qəbələ Rayon Məhkəməsinin 3 mart 2011-ci il tarixli, 2(205)-20/2011 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi” hissəsində ləğv edilsin və həmin hissənin qətnamədən xaric edilməsi, qətnamənin qalan hissələrdə-yəni “xxxx” MMC-nin 27.08.2011-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının ləğv edilməsi, dövlət rüsumunun iddiaçıya aid edilməsi və ekspert rəyinin dəyəri olan 300 manat pulun “xxxx” MMC-dən alınaraq “xxxx” MMC-nin hesabına, eləcə də ekspert rəyinin dəyəri olan 200 manat pulun İddiaçı alınaraq xxxx” MMC-nin hesabına köçürülməsi hissələrində” dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2020-ci il tarixli qətnaməsi ilə razılaşmayan üçüncü şəxs X2 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(102)-4810/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi İlqar Xələfov, hakimlər Zaur Əliyev, Gündüz Quliyev) kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2020-ci il tarixli 2(107)-634/2020 nömrəli qətnaməsi ləğv edilib və mülki iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyələrinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(107)-41/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Qəbələ rayon İcra şöbəsinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və üçüncü şəxs X1 qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi” tələbinə dаir 2(107)-644/2021 nömrəli mülki iş 2(107)-41/2021 nömrəli mülki işlə bir icrааtdа birləşdirilmiş və birləşmiş mülki işə 2(104)-41/2021 nömrəsinin verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının tərkibində olan hakimlər Gündüz Abbasov və Rövşən Rəfiyev 28 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə kollegiyasının iclasında özü-özlərinə etiraz verərək bildirmişlər ki, bir icraatda birləşdirilmiş mülki iş, yəni İddiaçı cavabdehlər Qəbələ rayon İcra və probasiya şöbəsinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və üçüncü şəxs X1 qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli, 2(025)-33/2017 nömrəli qətnaməsindən üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri (sədrlik edən və məruzəçi Rövşən Rəfiyev, hakimlər Gündüz Abbasov və Elçin Hüseynovdan ibarət tərkibdə) tərəfindən 25 oktyabr 2018-ci il tarixdə mahiyyəti üzrə baxılaraq üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli, 2(025)-33/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. X3 Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti təmin edilmiş və həmin qətnamə ləğv edilərək iş yenidən apellyasiya baxışına qaytarılmışdır (Ali Məhkəmənin Mülki Kollegiyasının 9 dekabr 2019-cu il tarixli qərarı). Hakimlər öz etirazlarında qeyd etmişlər ki, tərəflər arasında eyni predmetlə bağlı mübahisə fərqli əsaslarla indiyədək məhkəmə instansiyalarında davam edir. Hazırkı işdə tərəflər arasında mübahisə predmeti Qəbələ rayonu, Nic qəsəbəsində 0,46 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış sahəsi ilə bağlıdır. Hesab edirlər ki, eyni tərəflər arasında eyni predmetlə bağlı mübahisəyə dair işə baxılmasında əvvəllər iştirak etdiklərindən hazırkı mülki işə apellyasiya icraatında onlardan ibarət tərkibdə baxılması yolverilməzdir. Əks təqdirdə, bu iş üzrə qəbul ediləcək qətnamənin obyektivliyi və qərəzsizliyi şübhə altına alına bilər. Bu səbəbdən 2(107)-41/2021 nömrəli mülki işə baxılması ilə əlaqədar özü-özlərinə etiraz edirlər. Etirazın əsaslarını araşdıraraq belə qənaətə gəlirəm ki, etiraz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 19-cu maddəsinin tələbləri kontekstində əsaslandırılmış və buna görə də təmin olunmalıdır. Belə ki, MPM-in 19.1.3-cü maddəsinə əsasən hakim, əvvəllər hakim kimi birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə, onun işə baxmasına yol verilmir. Həmin Məcəllənin 19.2.3-cü maddəsinin tələbləri baxımından, hakimin obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran halın mövcudluğu ehtimalı varsa o, işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özüözünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özüözünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Həmin Məcəllənin 22.3-cü maddəsinə görə, apellyasiya və kassasiya qaydasında işə baxan bir neçə hakimə və ya bütün məhkəmə tərkibinə edilən etiraz apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinin sədrləri tərəfindən həll edilir. Həmin Məcəllənin 22.6-cı maddəsinə görə, etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Həmin Məcəllənin 23.3-cü maddəsinə görə, kollegial tərkibdə işə baxan məhkəmənin bütün tərkibinə edilmiş etiraz və ya özü-özünə etiraz təmin olunduqda, iş həmin məhkəmədə başqa tərkibə verilir. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulmuş “etiraz” institutu ədalət mühakiməsinə etimadı, hakimlərin obyektivliyinə və qərəzsizliyinə əminliyi, nəticə etibarilə məhkəmə qərarlarının ədalətliliyinə inamı təmin etməyə yönəlmiş vasitələrdən biridir. Ona görə də hesab edirəm ki, hazırkı işlə bağlı hakimlər Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlunun özü-özlərinə etirazı təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 21 və 22-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlunun özü-özlərinə verdikləri etiraz təmin edilsin. Mülki iş başqa apellyasiya məhkəməsinin icraatına verilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Şəki Apellyasiya Məhkəməsinin sədri : Mübariz Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar