Məhkəmə qərarları › İş №2(107)-413/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-413/2021

11.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-413/2021 11.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə, Balakən Rayon məhkəməsinin xx.xx.2020-ci il tаrixli, İş № 2(019)-75/2020 saylı qətnaməsindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh2 qarşı sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət X4 8347 nömrə ilə uçota alınmış xx.xx.2013-cü il tarixli AN438548 saylı 0.12 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbi hissəsində iddia tələbinin həcmini azaldaraq, Cavabdeh2 adına hazırlanmış ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış AN 396117 nömrəli torpaq sahəsinin plan ölçüsü sənədinin qismən iddiaçıya məxsus 0.12 ha torpaq sahəsinin 0.0732 ha hissəsi ilə üst-üstə düşməsi hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon məhkəməsinin xx.xx.2020-ci il tаrixli, İş № 2(019)-75/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh2 adına hazırlanmış ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış AN 396117 nömrəli torpaq sahəsinin plan ölçüsü sənədi qismən-İddiaçı məxsus 0.12 ha torpaq sahəsinin 0.0732 ha hissəsi ilə üst-üstə düşməsi hissəsində ləğv edilmiş, cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında 18 saylı Zaqatala Ərazi İdarəsindən və Cavabdeh2 10 manat dövlət rüsumunun tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə və 50 manat ekspertiza xərci tutulub, Dövlət büdcəsinə Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba ödənilməsi, eyni zamanda cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında 18 saylı Zaqatala Ərazi İdarəsindən və Cavabdeh2 81.60 manat torpaq sahəsinin inventarlaşdırılması xərci tutulub, Kapital bankın Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SMİFT:AİİBAZ2X. Kadastr və Yer quruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB ******************** №li hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh apellyasiya şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə işə baxarkən nəzərə almamışdır ki, İddiaçı “Azərenerji” İB-nin X2 xx xxx 1992-ci il tarixli, 0501 saylı əmr ilə verilmiş ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və həmin əmrə əsasən Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş xx xxxx 2013-cü il tarixli, A №438548 saylı “Torpaq sahəsinin planı və ölçüsü” texniki sənəd olmaqla, özü-özlüyündə hər-hansı bir hüquq yaratmır. Həmçinin, “Azərenerji” İB-nin X2 xx xxx 1992-ci il tarixli, 0501 saylı əmri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas kimi müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə qətnaməsində ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə qeyd olunmuşdur ki, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Bununla belə, məhkəmə işə baxarkən qeyd olunan iddia perdmetinə aid olan çox saylı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını (qətnamə, qərar və qərardad) da nəzərə almamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyat orqanı tərəfindən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 -ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Ona görə də Balakən rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-75/2020 saylı qətnaməsi ləğv edərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi Ömərov Rafael Ömər oğlu apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı və digər cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, prosesdə iştirak edən nümayəndənin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-75/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, X3 xx.xx.1992-ci il tarixli, 05 nömrəli əmrinə əsasən müəssisənin balansında olan Balakən rayonu Mahamalar kəndində yerləşən 1975-ci ildə inşa olunmuş, yaşayış sahəsi 24 kv.m olan yaşayış binası və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi İddiaçı satılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən verilmiş A seriyalı 438548 saylı torpaq sahəsinin planı və ölçüsü ilə Balakən rayonunun Mahamalar kəndində X1 18.05. 1992-ci il tarixli, 0501 saylı əmri ilə 1200 kv m həyətyanı torpaq sahəsi İddiaçı verilmiş, həmin sənəd dövlət torpaq kadastrı kitabında xx xxxx 2013-cü il tarixdə 8347 nömrə ilə uçota alınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən verilmiş AN seriyalı, 396177 saylı torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surəti ilə müəyyən edilir ki, Balakən rayonunun Mahamalar kəndində Dövlət Notariusunun xx.xx.2000-ci il tarixli müqaviləsinə əsasən 1200 kv m həyətyanı torpaq sahəsi Cavabdeh2 verilmiş, həmin sənəd dövlət torpaq kadastrı kitabında xx xxxx 2012-ci il tarixdə 8281 nömrə ilə uçota alınmışdır. RX seriyalı, ******* №-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. RX seriyalı, ******* №-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla Cavabdeh2 mülkiyyətində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0.0732 ha hissəsi İddiaçı adına tərtib edilmiş AN 438548 nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin hüdudları daxilinə düşür və Cavabdeh2 Dövlət X4 8281 nömrə ilə uçota alınmış 05,07.2012-ci il tarixli, AN 396177 saylı Plan və Ölçü sənədinə uyğun deyil. Balakən rayonu Mahamalar kəndində yerləşən İddiaçı adına Dövlət X4 8347 nömrə ilə uçota alınmış xx.xx.2013-cü il tarixli, AN 438548 saylı 0,12 ha torpaq sahəsi ilə RX seriyalı, ******* №-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışında göstərilən 0.12 ha torpaq sahəsinin 0.0732 ha hissəsi ilə üstüstə düşür. Kollegiya hesab edir ki, iddia tələbi əsaslı, apellyasiya şikayəti isə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən Dövlət Hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının malik qanunvericiliyə uyğun gəlməyən fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində qeyd olunur ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq hal-hazırda torpaq sahələri üzərində mülkiyyət hüququ çıxarışla rəsmiləşdirilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Ona görə də 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş mülkiyyət sənədləri qeydiyyat üçün əsas hesab olunduğundan şəhadətnamələrdə torpaq sahələrinin koordinatlarının düzgün göstərilməməsi hüquqların dövlət qeydiyyatı zamanı buraxılan səhv kimi qiymətləndirilir. Cavabdeh orqan bu düzəlişi aparmaq öhdəliyini daşıyır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsində göstərilir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən isə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Bayramovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının x xxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Torpaq islahatı haqqında” Qanunda təsbit olunmuş vəzifələrin yerinə yetirilməsi daimi istifadəyə verilmiş həyətyanı torpaq sahələri üzərində vətəndaşların xüsusi mülkiyyət hüququnun təmin edilməsini və səlahiyyətli dövlət orqanları tərəfindən vətəndaşların torpaq sahələrinə xüsusi mülkiyyət hüququnun maneəsiz əldə olunması üçün bütün lazımi tədbirlərin görülməsini tələb edir. Bu mənada, həmin dövlət orqanları tərəfindən həyətyanı torpaq sahəsinin orada qeydiyyatda olan şəxslərin mülkiyyətinə verilməsi torpaq islahatlarının səmərəli həyata keçirilməsinə yönələn tədbirlərdən biri hesab oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin edərək, Cavabdeh2 adına hazırlanmış ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış AN 396117 nömrəli torpaq sahəsinin plan ölçüsü sənədi qismən, İddiaçı məxsus 0.12 ha torpaq sahəsinin 0.0732 ha hissəsi ilə üst-üstə düşməsi hissəsində ləğv etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, şikayətdə plan ölçü sənədinin texniki sənəd olduğu qeyd edilir. Halbuki, Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi adlanan 10-cu maddəsində deyilir; 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 10.3. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər (ərizənin notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə verildiyi hallar istisna olmaqla) 10.4. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Daha sonra Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.5-ci maddəsində qeyd olunmuşdur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yer quruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Göründüyü kimi qanunverici Hüquqların dövlət qeydiyyatı üçün torpaq sahəsinin planı və ölçüsünün rəsmi sənəd olaraq tanıyır və hüquqların dövlət qeydiyyatı üçün vacib element hesab edir. Ona görə də kollegiya şikayətin həmin dəlili ilə razılaşmır. Bundan başqa şikayətdə qeyd edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (3-cü şəxs Cavabdeh2) “3-cü şəxsin adına hazırlanmış ********** qeydiyyat nömrəli çıxarışın qismən iddiaçıya məxsus 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0732 ha hissəsinin ləğv edilməsi və A№ 438548 “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,12 ha torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması” tələbi ilə Şəki İnzibati-lqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-lqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1 (84)-154/2019 saylı qərardadı ilə idda tələbi mümkün sayılmamışdır. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, şikayətin həmin dəlili də əsassızdır. Belə ki, həmin iddia tələbi ilə indiki iddi ərizəsi fərqli iddialardır. Yəni eyni tərəf eyni predmet deyildir. Belə ki, əvvəlki iddiada mübahisə predmeti 3-cü şəxsin adına hazırlanmış ********** qeydiyyat nömrəli çıxarışın qismən 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0732 ha hissəsinin ləğv edilməsi olduğu halda, indiki iddianın predmeti plan-ölçü sənədinin ləğv edilməsi tələbidir. Bundan başqa kollegiya şikayətin digər dəli olan birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməsinin yanlış olması hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayətin həmin dəlili də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 206.1-ci maddəsində qeyd olunmuşdur ki, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Kollegiya hesab edir ki, hazırkı mübahisənin həlli üçün xüsusi bilik tələb olunduğundan birinci instansiya məhkəməsi haqlı olaraq ekspertiza təyin etmiş və o rəyi sübut kimi qəbul etmişdir. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi də Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq həmin rəyi digər sübutlarla yanaşı qiymətləndirərək qətnamə qəbul etmişdir. Yəni birinci instansiya məhkəməsi tərəfindən sübutlar qiymətləndirilərkən səhvə yol verilməmişdir. Məhkəmə kollegiyası Cavabdeh2 tərəfindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əlavəyə münasibət bildirərək qeyd edir ki, həmin əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq verilmədiyindən ona münasibət bildirməyə lüzum görmür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Balakən Rayon məhkəməsinin xx.xx.2020-ci il tаrixli, İş № 2(019)-75/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon məhkəməsinin xx.xx.2020-ci il tаrixli, İş № 2(019)-75/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar