Məhkəmə qərarları › İş №2(107)-423/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-423/2023

05.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-423/2023 05.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən olunur ki, Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,6124 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə 1/2 hissə iddiaçının və 1/2 hissə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla müəyyən olunur ki, Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,4010 ha kənd kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə 1/2 hissə iddiaçının və 1/2 hissə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu, Danaçı kəndində yerləşən DƏDRX tərəfindən verilmiş **********49 reyestr nömrəli, 0,6124 ha həyətyanı və Zaqatala rayonu, Danaçı kəndində yerləşən DƏDRX tərəfindən verilmiş **********20 reyestr nömrəli, 0,4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən payının naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, naturada ayrılmasının tələb etdiyi torpaq sahələrinə onun və cavabdehin payları müəyyənləşmiş və buna dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar verilmişdir. Cavabdeh onun keçmiş həyat yoldaşı olmuşdur. Nikahı Zaqatala Rayon Məhkəməsinin qərarına əsasən pozulmuşdur. Cavabdeh paylı mülkiyyət hüququ üzrə ona düşən torpaq sahələrinin naturada ayrılmasına maneələr həyata keçirir. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(033)- 92/2022 nömrəli iş üzrə qəbul etdiyi 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) iddia təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,6124 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin İddiaçı aid 1/2 hissəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı aid 1/2 hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli, 10/4866 nömrəli rəyində göstərilən qaydada və ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə Cavabdeh aid 1/2 paydan naturada ayrılması qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər ki, onlardan biri də ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılmasıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli, 10/4866 nömrəli rəyi ilə torpaq sahələrinin naturada bölgüsünün mümkün olduğu müəyyən edilir. Məhkəmə həmin rəyi sübut kimi qiymətləndirir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152.5, 157.1, 157.2, 157.4, 213.1, 213.2, 213.3, 213.4, 213.5, 215.1, 215.2, 215.4, 220.1, 220.2, 220.3, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.3, 65.5, 65.7, 65.9, 111.1, 111.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 64.1-64.2, 76.1-76.2, 77.1, 82.3, 89, 107, 115,119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İşin halları ondan ibarətdir ki, İddiaçı ilə nikahımız 25 avqust 1995-ci il tarixdə qeydə alınmışdır. Nikahımız faktiki olaraq 2008-ci il tarixdə pozulsa da Zaqatala Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli 2(033)- 190/2018 saylı qətnaməsi ilə rəsmi olaraq pozulmuşdur. İddiaçı ilə heç vaxt birgə təsərrüfatı idarə etməmişik. İddiaçı islahatdan əvvəl və sonra Zaqatala rayonu, Danaçı kəndində qeydiyyatda olmayıb. Zaqatala rayon Arxiv İdarəsi tərəfindən verilmiş, Zaqatala rayonu, Danaçı kənd sakini Cavabdeh 1991-1995-ci illərə dair Danaçı kənd İnzibati ərazi nümayəndəliyinin “təsərrüfat başına” kitabından çıxarışda Cavabdeh təsərrüfat üzvləri siyahısında İddiaçı adı qeyd edilməmişdir (Rusiya Federasiyası vətəndaşı olduğu üçün). Bundan başqa isalahat haqqında qanunun tələbinə əsasən pay torpaq sahəsi ayrılacaq subyektlərin siyahısına Danaçı kəndində yaşamadığı halda İddiaçı adının salınması düzgün deyil. Məhkəmə isə bu faktı araşdırmamış mənim hüquqlarımı pozan qətnamə qəbul etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)- 92/2022 saylı, 22 dekabr 2022-ci il tаrixli qətnaməsi ilə naturada ayrılmış torpaq sahələrinin mülkiyyət hüquq mənə məxsusdur. Bir haldaki mübahisəli torpaq sahələri birgə nikah dövründə əldə edilməyib ona görə də torpaq sahələrinin 1/2 hissəsinin tərəflər arasında bölünməsi qanuna ziddir. Mən İddiaçı tərəfindən qanunsuz yolla əldə etdiyi çıxarışın ləğv edilməsi barədə müraciət edəcəyimi məhkəməyə bildirsəm də məhkəmə buna əhəmiyyət vermədi. Belə ki, qeyd olunan çıxarışın ləğv edilməsinə dair mənə vaxt verilməli və həmin iddianın nəticəsi müəyyən olunanadək icraatda olan mülki iş baxılmamış saxlanılmalı idi. Məhkəmə bunu etməyərək mənim hüququmu pozmuşdur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh tərəfindən şikayətində qətnamənin tam ləğvi xahiş edildiyindən Məhkəmə qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.1, 220.2. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,6124 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin və həmin kənddə yerləşən 0,4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli, 10/4866 nömrəli rəyi ilə isə qeyd olunanan torpaq sahələrinin paylara uyğun naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Cavabdeh apellyasiya şikayətində naturada bölünməsi tələb olunan torpaq sahələrinə dair rəsmiləşdirmənin düzgün aparılmadığını, həmin torpaq sahələrinə iddiaçının hər hansı hüququnun olmadığını, həmin torpaq sahələrinin yalnız onun mülkiyyəti olduğunu bildirsə də, bu dəlilləri təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir. Mülki işin apellyasiya baxışı zamanı cavabdeh vəsatətlə Məhkəməyə müraciət edərək, naturada bölünməsi tələb olunan 0,4010 ha torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi tələbinə dair inzibati məhkəmədə iddia qaldırdığını və həmin inzibati mübahisəyə baxılıb qurtarana qədər hazırki işin icraatının dayandırılmasını xahiş etmişdir. Məhkəmənin 04 aprel 2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə icraat Şəki İnzibati Məhkəməsinin icraatında olan e-2-1(116)-1477/2023 nömrəli inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı təqdim edilənədk dayandırılmışdır. Şəki İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2-1(116)-1477/2023 nömrəli məktubu ilə müəyyən olunur ki, Cavabdeh Hüsənoviçin 0,4010 ha torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi tələbinə dair inzibati məhkəmədə qaldırdığı iddiası təmin edilməmiş və qərar qanuni qüvvəsini almışdır. Beləliklə müəyyən olunur ki, Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,6124 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin və 0,4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarış var və hazırda da qüvvədədir. Mülki qanunvericiliiyin mənasına görə də, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 dekabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar