Məhkəmə qərarları › İş №2(107)-424/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-424/2023

28.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-424/2023 28.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Gecikdirilmiş vaxt üçün hesablanmış 5% faiz pulun tutulması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-619/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zaqatala rayon Məhkəməsinin 2(033)-1546/2016 saylı qətnaməsinin qəbul edildiyi 16 noyabr 2016-cı il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 12 aprel 2022-ci il tarixədək olan 5 il 5 ay müddət üçün ödənişin gecikdirilməsinə görə 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat faiz borcu (28 650 Azn/100%=286,5 x 5%=1432,5 Azn, 1432,5 Azn x 4 il 9 ay = 7019 Azn) və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu, cəmi 7978 (yeddi min doqquz yüz yetmiş səkkiz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf olaraq Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 30 000 (otuz min) manat əsas borc, hüquqi xidmət xərci olaraq 500 (beş yüz) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ödənişin gecikməsinə görə 3750 (üç min yeddi yüz əlli) manat, mənəvi zərərə görə 2000 (iki min) manat, əldən çıxmış faydaya görə 5000 (beş min), cəmi 41280 (qırx bir min iki yüz səksən) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi qismən təmin edilərək Cavabdeh Füzuli oğlundan cəmi 30 250 (otuz min iki yüz əlli) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmiş və məhkəmə qətnaməsi qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Lakin borclu Cavabdeh qanunla müəyyən edilmiş qaydada və müddətdə qətnaməni icra etmədiyi üçün Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi başlanıb. Zaqatala rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 1 (033)-44/2019 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh üzərinə yaşayış yerini gecə saat 23:00-dan sabahısı gün səhər saat 06:00- a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin elektron vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Zaqatala rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 saylı qətnaməsi üzrə borcunu tam icra etmək vəzifələri qoyulub. Zaqatala rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 1(033)-44/2019 saylı hökmündən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək Zaqatala rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 1(033)-44/2019 saylı hökmünün ləğv edilməsi və Cavabdeh Füzuli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 15 yanvar 2020-ci il tarixli 1(107)-15/2020 saylı qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 1(033)-44/2019 saylı hökmünün dəyişdirilmədən saxlanılması qərara alınıb. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 15 yanvar 2020-ci il tarixli 1(107)-15/2020 saylı qərarından verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 1(102)- 671/2020 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 15 yanvar 2020-ci il tarixli 1(107)-15/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınıb. Aşağıda göstərilənlərə əsasən Cavabdeh Zaqatala rayon Məhkəməsinin 2(033)-1546/2016 saylı qətnaməsinin qəbul edildiyi 16 noyabr 2016- cı il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 12 aprel 2022-ci il tarixədək olan 5 il 5 ay müddət üçün ödənişin gecikdirilməsinə 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat faiz borcu (28 650 Azn/100%=286,5 x 5%=1432,5 Azn, 1432,5 Azn x 5 il 5 ay = 7878 Azn) və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu, cəmi 7978 (yeddi min qırx doqquz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İşin faktiki halları və iş üzrə toplanmış sübutlarla təsdiq edilir ki, məhkəmənin müvafiq qətnaməsi ilə Cavabdeh 30 000 (otuz min) manat pulun tutularaq ona ödənilməsi qət edilib. Lakin Cavabdeh 5 ildən artıq müddətdə göstərilən məbləğdən ona cəmi 1600 manat ödəyib, qalan 28 650 manat pulu ödəməkdən isə imtina edib. Cavabdeh dəfələrlə inzibati məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə cəlb edilsə də, aldığı pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina edib. Bununla əlaqədar olaraq Cavabdeh Zaqatala rayon Məhkəməsinin qətnaməsinin qəbul edildiyi 16 noyabr 2016-cı il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 12 aprel 2021-ci il tarixədək olan 5 il 5 ay müddətində 28 650 (iyirmi səkkiz min altı yüz əlli) manat pulun illik 5 faiz olmaqla 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat pulun alınaraq ona ödənilməsi zəruridir (28 650 Azn/100%=286,5 x 5%=1432,5 Azn, 1432,5 Azn x 5 il 5 ay = 7878 Azn). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırkı işdə əsas borc məbləğinin borcun qaytarma vaxtı olan 16 noyabr 2016-cı il tarixdən sonrakı müddət üçün cavabdeh məsuliyyət daşıyır və həmin pul məbləğinin hər hansı əsas olmadan özündə saxlanılması qanunsuz olmaqla, həmin pul vəsaitindən cavabdehin istifadə etməsini və gəlir götürməsini də istisna etmir. Cavabdehin barəsində qəbul edilmiş 2(033)-1546/2016 saylı qətnamənin qəbul edildiyi 16 noyabr 2016-cı il tarixdən birinci instansiya məhkəməsinə hazırkı iddia ərizəsinin verildiyi 12 aprel 2022-ci il tarixədək olan müddət üçün cavabdehdən 7878 manat tutulmalıdır. Digər işlər üzrə məhkəmələr tərəfindən qəbul edilmiş qətnamələrə əsasən də, cavabdeh Zamanov X7 rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 saylı qətnaməsini 5 il 5 ay müddətinə icra etmədiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən faizlər ödəməsinə dair iddia tələbinin qanuni olması təsdiq edilir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə tərəflər məhkəmə baxışı iclasına gəlməmişlər. İddiaçı teleqramla müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-619/2022 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddianın qismən təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsi üzrə Cavabdeh tərəfindən ödənilməmiş 28650 manat borc məbləğinə qətnamənin qanuni qüvvəsini aldığı 17 dekabr 2016-cı il tarixdən 12 aprel 2022-ci il tarixədək olan müddət ərzində illik beş faiz dərəcəsi ilə hesablanmış faiz məbləği olan 7620,10 (yeddi min altı yüz iyirmi manat on qəpik) manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh 96,20 (doxsan altı manat iyirmi qəpik) manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi, İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 3,80 (üç manat səksən qəpik) manat dövlət rüsumunun onun özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərcinin Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsinə əsasən Cavabdeh 30000 manat əsas pul və göstərdiyi yardıma görə nümayəndəyə ödənilmiş 250 manat pul alınaraq İddiaçı ödənilməlidir. Cavabdeh tərəfindən qeyd edilən məbləğin 1600 manat hissəsi ödənilmiş və onun iddiaçı qarşısında 28650 manat borcu qalmışdır. İddiaçı qeyd edilən məbləğin ödənilməsinin gecikdirilməsinə görə cavabdehdən 6446 manat faiz borcu tələb etmiş və bu tələbi ilə bağlı 06 sentyabr 2021-ci il tarixli pretenziyanı Cavabdeh ünvanlamışdır. İddiaçı hazırda iddia ərizəsi ilə müraciət edərək borc tələbinə dair qətnamənin çıxdığı 16 noyabr 2016-cı il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 12 aprel 2022-ci il tarixədək olan 5 il 5 ay müddət üçün ödənişin gecikdirilməsinə görə 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat faiz borcunun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2022-ci il tarixli 9/7636 nömrəli ekspert rəyi ilə 28650 manat pul məbləğinin illik 5 faiz dərəcəsi ilə hesablanmaq şərti ilə, 16 noyabr 2016-cı il tarixdən 12 aprel 2022-ci il tarixədək yaranmış faiz borcu məbləği 7743,46 manat məbləğində, 28650 manat pul məbləğinin illik 5 faiz dərəcəsi ilə hesablanmaq şərti ilə, 17 dekabr 2016-cı il tarixdən (qətnamənin qanuni qüvvəsini aldığı tarix) 12 aprel 2022ci il tarixədək yaranmış faiz borcu məbləği 7620,10 manat məbləğində müəyyən edilir.

6. Birinci instansiya məhkəməsi eyni zamanda müəyyən etmişdir ki, 17 dekabr 2016cı il tarixdə qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsi üzrə Cavabdeh ödənilməmiş 28650 manat borcu vardır və məhkəmə hesab etmişdir ki, cavabdeh həmin pul məbləğinin iddiaçıya ödənilməsini gecikdirdiyindən İddiaçı qeyd edilən məbləğin gecikdirilmiş vaxt üçün illik beş faizini tələb etməkdə haqlıdır.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsi üzrə cavabdeh tərəfindən ödənilməmiş 28650 manat borc məbləğinə hesablanmalı və cavabdehdən iddiaçının xeyrinə tutulmalı faizlər qətnamənin qəbul edildiyi gündən deyil, qətnamənin qanuni qüvvəsini aldığı 17 dekabr 2016-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2022-ci il tarixli 9/7636 nömrəli ekspert rəyindən də görünür ki, illik 5 faiz dərəcəsi ilə hesablanmaq şərti ilə 28650 manat pul məbləğinə, 17 dekabr 2016-cı il tarixdən iddia ərizəsinin verildiyi 12 aprel 2022-ci il tarixədək hesablanmış faiz məbləği 7620,10 manat təşkil edir.

8. Məhkəmə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddiasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Lakin işdə iddianın rədd edilməsi qənaətinə gəlinməsi üçün hər hansı sübutlar mövcud deyil.

9. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin qismən təmini üçün yetərli sayır, hesab etmişdir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi qismən təmin edilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.7, 448.1, 448.2, 449.1, 445.7-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4, 218.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

11. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, hələ X3 ona qarşı 2016-cı il tarixində verdiyi iddia ərizəsinin məhkəmə baxışı zamanı o iddiaçıya heç bir borcunun olmadığını və arasında bağlanmış bu borc müqaviləsinin yalnız rəsmiyyət xatirinə bağlandığını bildirmişdir. Belə ki, X6 müxtəlif şəxslərə aylıq faizlər ödəmək şərti ilə sələmə pul verirdi. Onun əvvəl işdədiyi hərbi hissənin əməkdaşları da maddi çətinliklərlə əlaqədar onun tanışlığı vasitəsilə X2 müxtəlif məbləğlərdə faizə pul götürmüşdülər. Həmin şəxslər aylıq faizləri əvvəllər vaxtında versələr də sonradan maddi çətinliklər ilə əlaqədar aylıq ödəmələrdə problem yaranmışdır. Buna görə də X6 həmin şəxsləri tapa bilmədiyi üçün ona qarşı fiziki güc tətbiq edərək və hədə-qorxu gələrək, həmin şəxslərin əvəzinə onunla borc müqaviləsinin bağlanmasına məcbur etmişdir. O da həmin iş yoldaşlarının X6 ilə olan problemlərini qısa müddət ərzində həll edəcəklərini düşünərək, bu borc müqaviləsinin bağlanmasına razılıq vermişdir. Yəni faktiki olaraq o, X2 borc pul götürməsədə rəsmiyyət xatirinə aralarında borc müqaviləsi bağlandı. Sonradan o, bu borc müqaviləsindən sui-istifadə edərək ona qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1546/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş və ondan 30250 (otuz min iki yüz əlli) manat məbləğində pulun alınaraq, ona ödənilməsi qət edilmişdir. Qeyd etmək istəyir ki, həmin vaxt o da aralarınca bağlanmış bu borc müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdi. Lakin maddi vəziyyəti çətin olduğu üçün bu iddia ərizəsi ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilməmişdir. Ona görə də həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Sonradan bu qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Zaqatala rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Təbii ki, həm maddi vəziyyətinin çətinliyi, həmdə iddiaçıya heç bir borcu olmadığı üçün həmin qətnamə onun tərəfindən icra olunmamışdır. Bununla əlaqədar o həm İnzibati, həm də Cinayət məsuliyyətinə cəlb edilmişdir. Təbii ki, əsassız olsa belə artıq qüvvədə olan qətnamənin icrası ilə əlaqədar maddi imkanı olmadığı üçün barəsində belə tədbirlər seçilmişdir. Amma əfsuslar olsun ki, işə baxan məhkəmə tərəfindən işin bu halları nəzərə alınmamış və əsassız olaraq onun barəsində belə bir qətnamə qəbul edilmişdir. Hesab edir ki, işin bütün bu halları yenidən araşdırılmalı və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

12. Məhkəmə tərəfindən AR MM-in 1-ci maddəsinin tələbləri pozulmuşdur. Qanunun mənasından görsənir ki, öz hüquqlarını həyata keçirərkən hər tərəf vicdanlıq prinsipini əsas götürməlidir. Təbii ki, iddiaçı işin həqiqi hallarını bildiyi üçün, həmçinin onun ona heç bir borcunun olmadığını bildiyi halda, məhkəmə tərəfindən qəbul edilmiş qətnamədən suiistifadə edərək ona qarşı belə haqsız iddia ilə məhkəməyə müraciət etmişdir. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bu halları araşdırılmamış və yalnız rəsmiyyət xatirinə bağlanmış müqaviləyə istinad edilərək, belə bir qətnamə qəbul edilmişdir

13. Məhkəmə tərəfindən AR MM-in 454-cü maddəsinin tələbləri pozulmuşdur.

14. Qeyd etmək istəyir ki, onunla X6 arasında bağlanmış borc müqaviləsi faktiki olaraq icra olunmuşdur. Belə ki, yuxarıda qeyd etdiyi kimi həmin borc müqaviləsi əslində keçmiş iş yoldaşlarının bu şəxsdən götürdüyü aylıq ödəmək şərti ilə sələmə-pula görə bağlanmış müqavilədir. Artıq həmin şəxslər X4 olan borclarını ödədikləri üçün onun tərəfindən də Zaqatala Rayon Məhkəməsinin 2(033)-1546/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi icra olunmuş sayılır. Bu halda həmin qətnamənin icrası ilə əlaqədar ondan əlavə faizlərin tələb edilməsi tamamilə qanunsuz və əsassızdır. Lakin məhkəmə tərəfindən işin bu halları araşdırılmamış və bununla da AR MM-in 528-cimaddəsinin tələbləri pozulmuşdur.

15. X6 aralarında bağlanmış borc müqaviləsindən sui-istifadə edərək ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda məhkəməyə verdiyi iddia ərizəsi də yenə də onun öz hüquqlarından sui-istifadə nəticəsində verdiyi iddia ərizədir. Ona görə də məhkəmə tərəfindən AR MM-in 560-cı maddəsinin tələbləri pozulmuşdur.

16. Məhkəmə həqiqətə nail olmaq üçün bütün prosessual imkanlarından istifadə etməlidir. Amma əfsuslar olsun ki, məhkəmə yalnız iddiçının məhkəməyə təqdim etdiyi sənədlərlə kifayətlənmiş və işin həqiqi hallarını araşdırmağa cəhd etməmişdir. Təbii ki, bu da onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Bununla da məhkəmə tərəfindən AR MPM-in tələbləri pozulmuşdur.

17. Qeyd etmək istəyir ki, iddiaçı tərəfindən onun inzibati və cinayət məsuliyyətinə cəlb edilməyi barədə məhkəmə aktları məhkəməyə təqdim edilsə də əfsuslar olsun ki, məhkəmə tərəfindən həmin sənədlər onun maddi vəziyyətinin çətin olduğunu və 2016-cı ildə qəbul edilmiş qətnamənin üzürlü səbəblərə görə onun tərəfindən icra olunmadığını sübut etsə də məhkəmə tərəfindən bu nəzərə alınmamış və bununla AR MPM-in 89-cu maddəsinin tələbləri pozulmuşdur.

18. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-619/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər və cavabdehin vəkili məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Lakin iddiaçı məhkəməyə göndərdiyi teleqramında məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılaraq, apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını, cavabdehin vəkili isə məhkəməyə göndərdiyi ərizəsində Bakı şəhərində bir neçə məhkəmə prosesində iştirak etməli olduğu üçün məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsələr də Cavabdeh məhkəmə kollegiyasının iclasında iştirakının mümkünsüzlüyünün səbəbləri barədə heç bir məlumat verməmişdir. Digər məhkəmənin icraatında olan iş üzrə keçirilən məhkəmə iclasında iştirak etmənin məhkəmə iclasının təxirə salınması üçün əsas təşkil etməməsini də nəzərə alaraq məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin və cavabdehin vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 339.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən, yəni iddianın təmin olunmuş hissəsində mübahisələndirir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-619/2022 saylı qətnaməsinin ləğv ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni ödənilməmiş pul məbləğinin illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləğin təmin edilmiş hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

26. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması, həmçinin məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-619/2022 saylı qətnaməsini ödənilməmiş pul vəsaitinin illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləğin təmin edilmiş hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

29. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsinə əsasən Cavabdeh mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən 30000 manat əsas pul və göstərdiyi yardıma görə nümayəndəyə ödənilmiş 250 manat pul alınaraq İddiaçı ödənilməlidir. Cavabdeh tərəfindən qeyd edilən məbləğin 1600 manat hissəsi ödənilmiş və onun iddiaçı qarşısında 28650 manat borcu qalmışdır. İddiaçı hazırda iddia ərizəsi ilə müraciət edərək borc tələbinə dair qətnamənin çıxdığı 16 noyabr 2016-cı il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 12 aprel 2022-ci il tarixədək olan 5 il 5 ay müddət üçün ödənişin gecikdirilməsinə görə illik 5 faiz dərəcəsi ilə cəmi 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat faiz borcunun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2022-ci il tarixli 9/7636 nömrəli ekspert rəyi ilə 28650 manat pul məbləğinin illik 5 faiz dərəcəsi ilə hesablanmaq şərti ilə, 16 noyabr 2016-cı il tarixdən 12 aprel 2022-ci il tarixədək yaranmış faiz borcu məbləğinin 7743,46 manat, 28650 manat pul məbləğinin illik 5 faiz dərəcəsi ilə hesablanmaq şərti ilə, 17 dekabr 2016-cı il tarixdən (qətnamənin qanuni qüvvəsini aldığı tarix) 12 aprel 2022-ci il tarixədək yaranmış faiz borcu məbləğinin 7620,10 manat təşkil etməsi müəyyən edilmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin əsası pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi ilə əlaqədar qalıq borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanan faizin ödənilməsidir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 447.5-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək məbləğdə pulu tələb etməyə görə sübut etmək yükündən azad etmişdir.

32. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən hüquq normalarının tələblərinə cavab verdiyindən qanuni və əsaslıdır.

33. Apellyator apellyasiya şikayətində göstərdiyi onunla X6 arasında bağlanmış borc müqaviləsinin faktiki olaraq icra olunması, həmin borc müqaviləsinin əslində keçmiş iş yoldaşlarının bu şəxsdən götürdüyü aylıq ödəmək şərti ilə sələmə-pula görə bağlanmış müqavilə olması, artıq həmin şəxslər X4 olan borclarını ödədikləri üçün onun tərəfindən də Zaqatala Rayon Məhkəməsinin 2(033)-1546/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin icra olunmuş sayılması, bu halda həmin qətnamənin icrası ilə əlaqədar ondan əlavə faizlərin tələb edilməsinin tamamilə qanunsuz və əsassız olması, məhkəmə tərəfindən işin bu hallarının araşdırılmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsindən də göründüyü kimi tərəflər arasında xx.xx.2016cı il tarixdə bağlanmış borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən, Cavabdeh 30 000 (otuz min) manat əsas pul və göstərdiyi yardıma görə nümayəndəyə ödənilən 250 (iki yüz əlli) manat xərcin əvəzinin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Həmçinin iş materiallarında olan Zaqatala rayon İcra və Probasiya Şöbəsinin 27 mart 2023-cü il tarixli məktubundan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsi üzrə borclu Cavabdeh 16 oktyabr 2019-cu il tarixdə tələbkar İddiaçı xeyrinə 1600 manat ödəniş etmiş və hazırda qalıq borc 28650 manat təşkil edir.

34. Göründüyü kimi, Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsinə əsasən Cavabdeh 30000 manat əsas pul və göstərdiyi yardıma görə nümayəndəyə ödənilmiş 250 manat pul alınaraq İddiaçı ödənilməlidir. Lakin Cavabdeh həmin borcdan 1600 manatını 16 oktyabr 2019-cu il tarixdə tələbkar İddiaçı ödəsə də qalan 28650 manat borcun ödənilməsini təmin etməmişdir. Ona görə də də məhkəmə kollegiyası apellyasiya şikayətinin borc müqaviləsinin faktiki olaraq icra olunması, keçmiş iş yoldaşlarının X4 olan borclarını ödədikləri üçün onun tərəfindən də Zaqatala Rayon Məhkəməsinin 2(033)-1546/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin icra olunmuş sayılması, bu halda həmin qətnamənin icrası ilə əlaqədar ondan əlavə faizlərin tələb edilməsinin tamamilə qanunsuz və əsassız olması, məhkəmə tərəfindən işin bu hallarının araşdırılmaması ilə bağlı dəlillərini əsassız hesab edir.

35. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Buna görə də, hazırki iş üzrə qərar qəbul edərkən birinci instansiya məhkəməsi qanuni qüvvəsini almış məhkəmə qərarını əsas götürməkdə haqqlı olmuşdur.

36. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

37. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayətinin borc müqaviləsinin əslində keçmiş iş yoldaşlarının bu şəxsdən götürdüyü aylıq ödəmək şərti ilə sələmə-pula görə bağlanmış müqavilə olması ilə bağlı dəlili də əsassızdır və daha sonra qeyd edir ki, 17 dekabr 2016-cı il tarixdə qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli 2(033)-1546/2016 nömrəli qətnaməsi üzrə Cavabdeh ödənilməmiş 28650 manat borcu olduğundan, Azərbaycan Respublikası Mülki Məcəllsinin 445.7-ci maddəsi əsas götürülməklə, cavabdeh həmin pul məbləğinin iddiaçıya ödənilməsini gecikdirdiyindən İddiaçı Cavabdeh qeyd edilən məbləğin məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı 17 dekabr 2016-cı il tarixdən sonra 12 aprel 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faizini tələb etməkdə haqlıdır.

38. Daha sonra məhkəmə kollegiyasi qeyd edir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-619/2022 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizаsı təyin edilmiş və həmin qərardadın icrası üzrə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli 9/7636 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 28650 manat pul məbləğinin illik 5 faiz dərəcəsi ilə hesablanmaq şərti ilə, 16 noyabr 2016-cı il tarixdən 12 aprel 2022-ci il tarixədək yaranmış faiz borcu məbləği 7743,46 manat məbləğində müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 28650 manat pul məbləğinin illik 5 faiz dərəcəsi ilə hesablanmaq şərti ilə, 17 dekabr 2016-cı il tarixdən (qətnamənin qanuni qüvvəsini aldığı tarix) 12 aprel 2022-ci il tarixədək yaranmış faiz borcu məbləği 7620,10 manat məbləğində müəyyən edilir.

39. Göründüyü kimi, illik 5 faiz dərəcəsi ilə hesablanmaq şərti ilə 28650 manat pul məbləğinə, 17 dekabr 2016-cı il tarixdən iddia ərizəsinin verildiyi 12 aprel 2022-ci il tarixədək hesablanmış faiz məbləği 7620,10 manat təşkil edir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

41. Daha sonra məhkəmə kollegiyası apellyatorun birinci instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.

42. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər bütünlükdə əsassız olmaqla birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunur.

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-619/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-619/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar