Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-425/2022 01.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı qəyyumu Qanuni Nümayəndəsi X5 və maraqlı şəxs X2 hüquqi varisi Nümayəndə iştirakı ilə İddiaçı qəyyumu Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Maraqlı şəxs1 qarşı “torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(033)-706/2018 nömrəli qətnaməsindən maraqlı şəxs X2 hüquqi varisi Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı qəyyumu Qanuni nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsinə və Maraqlı şəxs1 qarşı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon Şöbəsi tərəfindən X1 adına 3395 kvm torpaq payı üçün hazırlanmış və A 521425 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) 06 iyun 2018-ci il tarixli, 2(033)-706/2018 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək Maraqlı şəxs1 3395 kv.m. torpaq sahəsinin verilməsi ilə bağlı işlənilmiş A 521425 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi qət edilmişdir Zaqatala Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(033)-706/2018 nömrəli qətnaməsindən maraqlı şəxs X2 hüquqi varisi Nümayəndə tərəfindən аpellyаsiyа şikаyəti verilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1996-cı il tarixli "X6" Qanuna əsasən Qımır kəndi ərazisində yerləşən torpaq sahələrindən Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə hər birinin mülkiyyətinə 3395 kvm pay torpaq sahəsi verilmişdir. Lakin həmin torpaq sahələrinin sənədləri yerlərdə işlənərkən kolxoz dövründən faktiki istifadələrində olan həmin torpaq sahəsi səhvən Qımır kənd sakini X1 adına işlənmişdir. X3 12.04.2005-ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxs1 isə onun vərəsəsidir. Həmin torpaq sahəsi kollxoz dövründən onların istifadəsində olmuşdur. Bu faktı kənd bələdiyyəsi və bütün camaat təsdiq edə bilərlər. Hazırkı mübahisə əmlak hüquqları ilə bağlı olduğundan sözügedən mübahisənin məhkəmə aidiyyəti mülki məhkəmə oldugundan Zaqatala Rayon Məhkəməsinə müraciət etmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən mübahisələndirilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Maraqlı şəxs X2 hüquqi varisi Nümayəndə apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə razı deyil. Qətnamə tam araşdırılmadan və əsassız çıxarılmışdır. Həmçinin həmin qətnamə qəbul edilərkən ekspertiza təyin edilməmiş, ləğv olunacaq torpaq sahəsinin faktiki olaraq kimdə olması araşdırılmamışdır. Əgər ekspertiza keçirilsə idi həmin torpaq sahəsi onlarda olduğundan işə onlar da cəlb olunacaqdı. Həmin qətnamə məhkəmə tərəfindən qəbul edilərkən onlar işə cəlb edilməmişlər. Onun həmin qətnamədən xəbəri olmamışdır. Onun müraciətləri əsasında qeyd olunan qətnamə ona rəsmi qaydada 01.11.2021-ci il tarixdə verilmişdir.Tərəfindən Apellyasiya şikayəti verilmə müddəti buraxılmamışdır. Bundan başqa İddiaçı qəyyumu Qanuni nümayəndə qaldırmış olduğu iddiada məhkəmə aiddiyyatı qaydaları da pozulmuşdur. Belə ki, həmin iddianın aid olduğu məhkəmə inzibati məhkəmədir. Qətnamə çıxarılarkən iş materiallarına əlavə edilmiş Çobankol Bələdiyyəsinin 21 iyul 2017-ci il tarixli arayışı da tam qanunsuzdur. Çünki həmin arayışda İddiaçı mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsinin və 0.34 ha torpaq sahəsinin olması qeyd olunsa da Arxiv arayışında İddiaçı 0.28 ha torpaq sahəsinin verilməsi qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 2(033)-706/2018 saylı, 06 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X2 hüquqi varisi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsi onlara məxsusdur. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman onlar maraqlı şəxs kimi cəlb edilməmişdir. Hansı ki, qəbul olunmuş qətnamə onların maraqlarına toxunur. Ona görə də Zaqatala Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasını kollegiyadan xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı qəyyumu Qanuni Nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, sonda şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh tərəfin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(033)-706/2018 nömrəli qətnaməsinin apellyator tərəfindən mübahisələndirilən hissəsinə münasibətdə yoxlayır. Hazırki iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçının tələbi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən Maraqlı şəxs1 adına 3395 kv.m. torpaq payı üçün hazırlanmış və A 521425 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsindən ibarətdir. Məhkəmə kollegiyası tələblə bağlı qeyd edir ki, birinci instasiya məhkəməsi tərəfindən işə ümumi məhkəmədə mahiyyəti üzrə baxılaraq iddia tələbi təmin edilərkən, məhkəmə aiddiyyatı qaydaları pozulmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(033)-706/2018 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir Belə ki, işin faktiki halından müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən “Torpaq sahəsinin planı və ölçü” sənədi Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19.05.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. İddiaçı tələbini cavabdeh kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə yönəltmişdir. Həmin orqan inzibati orqandır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 31.1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) inzibati orqanlardır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulan mənada inzibati orqan olmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan işdə iddia tələbi üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir. Belə ki, iddia tələbinin qeyd edilən hissəsindən göründüyü kimi, mübahisələndirilən hissədə dövlət reyestrində qeydiyyatın aparılmasına əsas fiziki şəxslər arasında mülki hüquqi münasibətlərin nəticəsində baş verməmişdir. Reyestrdə həmin qeydiyyatın aparılmasına əsas kimi iş materiallarına əlavə edilmiş Arxiv arayışı və Basqal qəsəbə İcra nümayəndəliyi tərəfindən verilmiş arayış göstərilmişdir Göründüyü kimi cavabdeh orqan həmin qeydiyyatı apararkən və qeydiyyatın nəticəsi olaraq mübahisələndirilən “Plan və Ölçü” sənədini verərkən mülki hüququn subyekti kimi deyil, hakimiyyət səlahiyyətlərini həyata keçirən inzibati orqan kimi çıxış etmişdir ki, iddiçının bu hissədə tələbinin faktiki əsasını cavabdeh orqanın qanunsuz hərəkətlərinə yönəlmiş, həmin qeydiyyatın saxta sənədlər əsasında aparıldığını iddia etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19.05.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın DövləReyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında baxılır” Qərarda həmçinin qeyd edilmişdir ki, “...bununla belə, MM-nin 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir”. Göründüyü kimi iddiaçının tələbi inzibati orqan olan dövlət qurumlarının publik hüquq münasibətindən irəli gələn hərəkətləri ilə bağlıdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbini yolverilməzliyinə görə qəbul etməkdən imtina etməyərək iddia tələbinin ümumi məhkəmədə baxılmalı olmadığı halda mahiyyəti üzrə baxmışdır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-in, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-nin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(033)- 706/2018 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Kollegiya sonda qeyd edir ki, iddiaçıya hazırki mübahisənin həlli ilə bağlı ilk növbədə həmin sənədləri verən orqana müraciət etmək hüququ, inzibati orqan tərəfindən müraciəti müsbət həll olunmadığı təqdirdə isə həmin mübahisənin həlli üçün məhkəmə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263- 264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs X2 hüquqi varisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(033)-706/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına (vəkil vasitəsilə) kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-425/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-425/2022
01.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver