Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-427/2025 24.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X12 qızının katibliyi, apellyasiya şikayəti vermiş İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı "torpaq sahəsinə və fərdi həyət evinə mülkiyyət hüququnun tanınması" tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(016)- 1024/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı 17 iyul 2024-cü ildə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı (iddia ərizəsində Ağsu rayon İcra Hakimiyyətinin Kalva kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi və Azərbaycan Respublikası Dövlət Arxivinin Ağsu rayon filialı – iş üzrə “maraqlı şəxs” qismində göstərilmişlər) "torpaq sahəsinə və fərdi həyət evinə mülkiyyət hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək, Ağsu rayonunun Kalva kəndində, mərhum valideynlərinin istifadəsində olmuş 0,10 ha torpaq sahəsinin yarısı, inşa edilmiş və 49 ildir faktiki sahibliyində və istifadəsində olan fərdi həyət evinin ona aid olan hissəsinə, ümumilikdə təxminən 110 kv.metr sahəsinə dair mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağsu rayonu Kalva kəndində doğulub böyümüş, valideynləri ilə birlikdə yaşamış, əsgərlikdən qayıtdıqdan sonra orta-texniki təhsilini Bakı şəhərində almış və yenidən Kalva kəndinə qayıdaraq ixtisasına uyğun işlə təmin olunmaqla uzun müddət rayonda yaşayıb işləmişdir. Mərhum valideynləri kənddə onunla böyük qardaşı Səfərov Ağaşirin üçün fərdi həyət evi tikməkdən ötrü 1970-ci ilin əvvəlində 0,10 ha torpaq sahəsi götürmüş, sonradan həmin torpaq sahəsinin yola bitişik hissəsində və torpaq sahəsinin tam ortasında, ailəliklə 16 metr uzunluğu, 10,5 metr enində iki hissədən ibarət kürsülü ev inşa etmişdilər. Evin inşası 1973-cü ildən başlamış, 1975-76-cı illərdən isə böyük qardaşı ilə aralarında püşk ataraq kimə evin hansı hissənin düşməsini həll etdikdən sonra, evin sol hissəsi (arxadan baxıldıqda) qardaşına, sağ hissəsi isə ona düşmüşdür. Beləliklə, o, ailə quraraq elə 1976-cı ildən köçüb ona aid olan hissədə yaşamağa başlamış, uşaqlarının hamısı həmin evdə doğulmuşlar. 1990cı illərdə iş yerləri bağlandığına görə Bakı şəhərində işləməyə başlasa da, evinə hər zaman gedib-gəlmiş və təsərrüfatı ilə məşğul olmuşdur. Ev əşyaları da evindədir. Hazırki iş üzrə Cavabdeh2 2019-cu il tarixində ona qarşı "yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair" iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki işin məhkəmə araşdırılması zamanı ona bəlli olmuşdur ki, qardaşının adına həm torpaq sahəsinə dair şəhadətnamə və həm də evin dövlət reyestrindən çıxarış verilmişdir və əlavə olaraq onun da evinə aid hissəsini həmin çıxarışa saldıraraq, ona faktiki mülkiyyət hüququ ilə məxsus olan əmlakını ələ keçirmişdir. Məhkəmə prosesləri zamanı evin hüquq müəyyənedici sənədləri digər cavabdeh Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsindən tələb olunub gətirilmiş və araşdırılmışdır. Bəlli olmuşdur ki, evin texniki pasportunda göstərilən cizgiləri ilə evin daxili cizgilərində uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin kəndin təsərrüfat kitabında qeydi ilə bağlı kitab tapılmamışdır. Torpaq sahələrinin vətəndaşlara pay verilməsi ilə bağlı Ağsu rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1998-ci il tarixli 07 saylı qərarına əsasən qardaşı Ağaşirin Səfərovun adına JN-072F KOD 40911018 seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Qeyd elədiyi kimi, ataları 0,10 ha torpaq sahəsini 1970-ci ilin əvvəlində o zaman mövcud olmuş kənd sovetindən almışdır. 1973-cü ildən evin inşası başlanmış və 1998-ci ilədək qardaşı ilə birgə mülkiyyətində olduğu halda, həmin torpaq sahəsi qardaşına pay torpağı kimi ayrılmışdır. Onun sahibliyi və istifadəsində olan evin bir hissəsi ümumilikdə təxminən 110 kv.m. sahə təşkil edir. Aqrar İslahat Komissiyasının qərarına qədər bu ev onların hər ikisinin faktiki mülkiyyətlərində olub. Odur ki, qardaşı X3 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 oktyabr 2015-ci ildə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın sonradan vərəsəlik qaydasında iddiaçı Cavabdeh2 adına xx.xx.2016-ci ildə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən etibarsız hesab edilməli olması, ona aid hissəyə dair çıxarışın verilməsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilməsi barədə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Hazırki iddia tələbi isə faktiki mülkiyyət hüququnun tanınması barədədir. Mübahisəli torpaq sahəsi qardaşı A.Səfərova ailə üzvlərinin sayına görə pay torpağı kimi Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış, Cavabdeh2 isə onu vərəsəlik qaydasında qəbul etmişdir, evin heç bir hüquqmüəyyənedici sənədləri olmadan ona dair çıxarış verilmişdir. Odur ki, evin ona məxsus hissəsi onun mülkiyyəti hesab olunur. Çox qəribədir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Ağsu rayon filialından, Şəki İnzibati Məhkəməsinə 20 sentyabr 2022-ci ildə daxil olmuş məktubda (nədənsə kitabdan çıxarış verilməmişdir!?), 1995-2001-ci illərə aid təsərrüfatbaşına kitabın arxivdə olması, bu iş üzrə Cavabdeh2 ona qarşı Ağsu Rayon Məhkəməsinə iddia ərizəsi məhkəmədə araşdırılarkən məhkəməyə təqdim edilməmişdir (gizlədilmişdir)!? Aradan bir neçə ay keçdikdən sonra Şəki İnzibati Məhkəməsində peyda olması çox müəmmalı və şübhəlidir. İkincisi, o zamanadək hələ SSRİ-nin mövcud olduğu vaxtlar mülkiyyətin təkcə dövlət forması vardı və bütün ölkə boyu şəhər, qəsəbə və kənd sovetlərinin mövcud olan inzibati ərazilərində təsərrüfatbaşına kitablar tutulur, hər kəndli təsərrüfatı və ailələr ev təsərrüfatları ilə həmin kitablarda qeydiyyatdan keçirilərdi. Necə olur ki, onların valideynlərinə məxsus təsərrüfatbaşına kitab arxivdən yoxa çıxır, hələ o zaman gənc olan qardaşı və ailəsinin adına bu kitabda qeyd mövcud olur!? O cümlədən də, 1988-ci ildə tərtib edilmiş evin texniki pasportunda onların valideynləri, özü və digər bacı-qardaşları qeyd edilməyiblər!? Üçüncüsü, 1988-ci ildə tərtib edilmiş(!?) texniki pasportda fərdi həyət evinin 1975-ci ildə inşa edilməsinin göstərilməsi doğrudur, qardaşı və iş üzrə cavabdeh ailəsinin adlarının orada göstərilməsi, sənədlər üzərində saxtakarlıq edilməsindən xəbər verir. Ona görə də həmin kitab məhkəməyə gətirilməli və yerində araşdırılmalıdır. Dördüncüsü, 1988-ci il tarixli texniki pasportun mövcudluğu, xx.xx.2022-ci il tarixli arxiv məktubunda evin 1975-ci ildə inşa edilməsi, özlüyündə ondan xəbər verir ki, bu mübahisəli ev həmin dövrdə inşa edilmişdir və ev tikilərkən qardaşlar olaraq hələ evlənməmişlər, valideynləri ilə birlikdə yaşamışlar. Təsərrüfatbaşına kitab da ataları Ağakişinin adına olmalı idi. Hətta olmasa belə, SSRİ Mülki Məcəlləsində daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi qanunla tənzimlənirdi. Həmin redaksiyadaki tələbə əsasən, hər iki qardaş olaraq, həm 1988-ci il tarixində verilmiş o şübhəli texpasportun verilməsinədək və o cümlədən də 1995-2001-ci il təsərrüfatbaşına kitabın tərtib olunduğu 1995-ci ilədək aradan keçən 18 və 25 ilədək vaxt olmuşdur. Bu dövrədək müddətlərdə bunların da adları heç yanda keçmir. Beşincisi, ailə qurduqdan indiyədək aradan keçən 54 il müddətində və evin inşa edildiyi 49 ildir ki, bu fərdi evin ona aid bir hissəsində indi də hər cür ev avadanlığı ilə yaşayır və oradan istifadə edir. Yəni, Mülki Məcəllənin həm əvvəlki redaksiyadakı tələbində, həm yeni redaksiyasında və həm də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanın nəzərdə tutulan əsaslarla bu evin bir hissəsinin faktiki mülkiyyətçisi olaraq, ona dair mülkiyyət hüququnu 1995 və ya 1988-ci ilədək əldə etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1 maddəsinin mənasına görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Qanuna əsasən iddia tələbinə uyğun Ağsu rayon məhkəməsinin icraatında mülki iş materialları mövcuddur və həmin iş materiallarında kifayət qədər sübutlar mövcuddur: məhkəməyə sənədlər təqdim etmiş, şahidlər dəvət etmiş, qanun pozuntusu barədə konkret sübutlar təqdim etmişdir. O cümlədən də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan əsaslar da, onun mülkiyyət hüququ əldə etməyinə əsas verir. Son olaraq bildirir ki, bu evə mülkiyyət hüququnu həm evin inşa tarixi, həm 1988 tarixində verilmiş Texniki pasportu, həm uşaqlarının orada anadan olması və onun nikah barədə şəhadətnaməsi, o cümlədən də evin faktiki sahibliyində olması təsdiq edir.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Ağsu Rayon Məhkəməsinin (hakim Babək Qasımov) 28 oktyabr 2024-cü il tarixli 2(016)- 1024/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı "torpaq sahəsinə və fərdi həyət evinə mülkiyyət hüququnun tanınması" barədə iddia tələbi, yəni “Ağsu rayonunun Kalva kəndində, mərhum valideynlərinin istifadəsində olmuş 0,10 ha torpaq sahəsinin yarısı, inşa edilmiş və 49 ildir faktiki sahibliyində və istifadəsində olan fərdi həyət evinin ona aid olan hissəsinə, ümumilikdə təxminən 110 kv.metr sahəsinə dair mülkiyyət hüququnun tanınması” barədə iddia tələbi təmin edilməmişdir. Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(016)-1024/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-072F, kod-40911018 olan şəhadətnamənin surətindən görünür ki, X4 və ailə üzvləri Cavabdeh2, X7 və X1 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 13 iyul tarixli 07 nömrəli qərarı ilə 0,10 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********76-10301 olan Ağsu rayonu, Kalva kəndində yerləşən ümumi sahəsi 78,5 kv.m olan daşınmaz əmlak və 0,10 ha torpaq sahəsi X3, torpaq sahəsi isə Cavabdeh2, Cavabdeh3 və X2 adlarına qeydiyyat nömrəsi ********** olan ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********76-10301 olan Ağsu rayonu, Kalva kəndində yerləşən ümumi sahəsi 78,5 kv.m olan daşınmaz əmlak və 0,10 ha torpaq sahəsi Cavabdeh2, Cavabdeh3 və X2 adlarına qeydiyyat nömrəsi ********** olan bərabər hissəli ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ağsu Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(016)-09/2022 saylı qətnaməsinindən görünür ki, iddia təmin edilmiş, cavabdeh İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən iddiaçılar Cavabdeh2, X7 və X1 xüsusi mülkiyyətində olan və Ağsu rayonu, Kalva kəndində yerləşən yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması qət edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-880/2023 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 14 saylı Şamaxı Ərazi idarəsinə qarşı “sonradan vərəsəlik qaydasında xx.xx.2016 tarixində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın qismən etibarsız hesab edilməsinə və bu tələbə uyğun olaraq Ağsu rayonunun Kalva kəndində 0,10 ha torpaq sahəsi üzərində 1970-ci ilin əvvəlində, torpaq sahəsinin yola bitişik hissəsindən ibarət kürsülü evin, küçə istiqamətindən sağ yarısı və 60 kv.m yaxın həyətyanı torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. Həmin qətnamənin təsviri hissəsində qeyd edilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-509F, nömrəli şəhadətnaməyə əsasən Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 13 iyul tarixli 07 nömrəli qərarı ilə cavabdeh X5 Ağsu rayon Kalva kəndində 0,12 ha torpaq sahəsi verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(107)-188/2024 saylı qərarının surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2- 2-1(116)-880/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, iddiaçı qeyd edilən fərdi yaşayış evinin ona aid hissəsinə mülkiyyət hüququ əldə etməsini təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı əvvəllər mübahisəli evdə yaşasa da, 1989-cu ildən sonra daimi əsaslarla köçərək həmin evi tərk etmişdir. Hazırda o, ailəsi ilə birgə Bakı şəhərində yaşayır. Bundan başqa torpağın mülkiyyətə verilməsinə dair JN- 509F, kod-40911018 olan şəhadətnaməyə əsasən cavabdeh X5 Ağsu rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1998-ci il tarixli 07 nömrəli qərarı ilə Ağsu rayon Kalva kəndində 0,12 ha torpaq sahəsi verilmişdir. Eyni zamanda torpağın mülkiyyətə verilməsinə dair JN072F, kod- 40911018 olan şəhadətnaməyə əsasən Ağsu rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1998ci il tarixli 07 nömrəli qərarı ilə 0,10 ha torpaq sahəsi üzərində yerləşən yaşayış sahəsi ilə birgə X4 və ailə üzvləri Cavabdeh2, X7 və X1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli RX seriyalı, ******* nömrəli Çıxarışı ilə Ağsu rayonu Kalva kəndində yerləşən ümumi sahəsi 78,5 kv.m olan fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi Cavabdeh2, Cavabdeh3 və X2 adlarına bərabər hissəli ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı iddia tələbində qeyd etmişdir ki, cavabdeh ailəsi ilə birgə 1989-cu ildə daimi əsaslarla yaşamaq üçün Bakı şəhərinə getmiş və hal-hazırda orada yaşayır. Ağsu Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(016)-09/2022 nömrəli qətnaməsinə əsasən cavabdeh İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçılar Cavabdeh2, X7 və X1 xüsusi mülkiyyətində olan və Ağsu rayonu Kalva kəndində yerləşən yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması qət edilmişdir. İddiaçı Ağsu rayonu Kalva kəndindəki, mərhum valideynlərinin istifadəsində olmuş 0,10 ha torpaq sahəsinin yarısının, inşa edilmiş və 49 ildir faktiki sahibliyində və istifadəsində olan fərdi həyət evinin ona aid olan hissəsinə, ümumilikdə təxminən 110 kv.metr sahəsinə dair mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarmasını xahiş etsə də, buna dair, yəni həmin daşınmaz əmlakın onun mülkiyyətində olması barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Halbuki Mülki-Prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, cavabdeh isə bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Halbuki Mülki-Prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz həmin tərəfin vəzifəsidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, iddiaçı tərəf Ağsu rayonunun Kalva kəndindəki, mərhum valideynlərinin istifadəsində olmuş 0,10 ha torpaq sahəsinin yarısının, inşa edilmiş və 49 ildir faktiki sahibliyində və istifadəsində olan fərdi həyət evinin ona aid olmasını bildirsə də, buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, öz iddiasını ona uyğun əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin əsaslandırılması üçün məhkəmə iclasında iştirak etmiş tərəflərin izahatlarına, məhkəməyə təqdim olunmuş və mübahisə üzrə məhkəmə araşdırmasının predmeti olan sənədlərin məzmununa, Azərbaycan Respublikası Mülki Məcələsinin 139.1 və 152-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217 və 218-ci maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1 İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(016)-1024/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(016)-1024/2024 nömrəli qətnaməsi onun maddi və prosessual hüquqlarını ciddi şəkildə pozduğundan qanunsuz və əsassız olduğu üçün ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Ağsu rayonunun Kalva kəndində doğulub böyümüş, valideynləri ilə birlikdə yaşamış, əsgərlikdən qayıtdıqdan sonra orta-texniki təhsilini Bakı şəhərində almış və yenidən Kalva kəndinə qayıdaraq ixtisasına uyğun işlə təmin olunmaqla uzun müddət rayonda işləyib yaşamışdır. Mərhum valideynləri kənddə onunla böyük qardaşı Səfərov Ağaşirin üçün fərdi həyət evi tikməkdən ötrü 1970-ci ilin əvvəlində 0,10 ha torpaq sahəsi götürmüş, sonradan həmin torpaq sahəsinin yola bitişik hissəsində və torpaq sahəsinin tam ortasında, ailəliklə onlara 16 metr uzunluğu 10,5 metr enində iki hissədən ibarət kürsülü ev inşa etmişdilər. Evin inşası 1973-cü ildən başlamış 1975-76-cı illərdən isə böyük qardaşı ilə arasında püşk ataraq, kimə evin hansı hissənin düşməsini həll etdikdən sonra evin sol hissəsi (arxadan baxıldıqda) qardaşına, sağ hissəsi isə ona düşmüşdür. Məhkəmə mülki iş materiallarına araşdırarkən tərəflərin qanun qarşısındakı bərabərliyini pozmamalıdır. Çox təəssüflər olsun ki, Ağsu Rayon Məhkəməsində məhkəmə iclasına dəvət olunan tərəflər məhkəmə prosesində iştirak etməmişlər. Halbuki, cavabdeh və maraqlı şəxs qismində işə cəlb olunmuş tərəflər hazırki iddia tələbi ilə sıx bağlı olduqları üçün mübahisənin həllində iştirak etməli və onların iştirakları təmin olunmalı idi. Cavabdehlərin məhkəmə prosesində iştirakları təmin edilməmiş və onun iddia ərizəsinə etiraz etməmişlər. Məhkəmə isə yerli müayinə keçirilməsi barədə vəsatətinə qanunsuz olaraq baxmamışdır. Qanunverici tələb edir ki, tərəflər məhkəmə iclasında iştirak etmədikdə, məhkəmə işə baxa bilməz. Məhkəmə onun təqdim etdiyi sənədlərə, irəli sürdüyü hüquqi əhəmiyyətli faktlara etinasız yanaşmış və işə cavabdehin maraqlarına uyğun qiymət vermişdir.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 24 aprel 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayətini vermiş İddiaçı gəlmiş olsa da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi və iddia ərizəsində “maraqlı şəxs” qismində göstərilmiş Ağsu rayon İcra Hakimiyyətinin Kalva kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin və Azərbaycan Respublikası Dövlət Arxivinin Ağsu rayon filialının nüayəndələri isə məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iş üzrə digər tərəflərin və yaxud onların nümayənədlərinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş İddiaçı Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(016)-1024/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(016)-1024/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilərək, Ağsu rayonunun Kalva kəndində, mərhum valideynlərinin istifadəsində olmuş 0,10 ha torpaq sahəsinin yarısı, inşa edilmiş və 49 ildir faktiki sahibliyində və istifadəsində olan fərdi həyət evinin ona aid olan hissəsinə, ümumilikdə təxminən 110 kv.metr sahəsinə dair mülkiyyət hüququnun tanınması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(016)-1024/2024 nömrəli qətnaməsinin, onun maddi və prosessual hüquqlarını ciddi şəkildə pozduğundan qanunsuz və əsassız olduğu üçün ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Ağsu rayonunun Kalva kəndində, mərhum valideynlərinin istifadəsində olmuş 0,10 ha torpaq sahəsinin yarısı, inşa edilmiş və 49 ildir faktiki sahibliyində və istifadəsində olan fərdi həyət evinin ona aid olan hissəsinə, ümumilikdə təxminən 110 kv.metr sahəsinə dair mülkiyyət hüququnun tanınması barədə iddia tələbi üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma nəticəsində Ağsu Rayon Məhkəməsi tərəfindən 28 oktyabr 2024-cü il tarixli 2(016)-1024/2024 nömrəli qətnamə qəbul edilərək, həmin qətnamədə iddia tələbi - sübuta yetməməsi əsası ilə təmin olunmamışdır. Eyni zamanda, Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(016)- 1024/2024 nömrəli qətnaməsindən verilmiş hazırkı apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılan araşdırma zamanı da iddiaçının bu iddia tələbinin əsaslılığı sübut olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, həmin apellyasiya şikayəti təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(016)-1024/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(016)-1024/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.