Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-433/2024 01.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı1 Cavabdeh qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(039)-106/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı1 “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin Baş direktoru vəzifəsində işləyir. Cavabdeh Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına iddiaçı barəsində şikayət ərizəsi ünvanlamışdır. Şikayətdə göstərilmişdir: “maraqlıdır Səhiyyə Nazirliyində və Respublika daxilində təmiz saf tibb kadrları olduğu bu dövrdə əli rüşvətə bulaşmış və Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən Respublika Dezinfeksiya Mərkəzinin direktoru vəzifəsindən qovulmuş İddiaçı1 yenidən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktoru vəzifəsinə təyin olunması ölkə Başçısının və Səhiyyə Nazirliyinin adına ləkədir. Rüşvətdən gözü doymayan İddiaçı1 çalışır ki, RDŞ-lərini bağlayıb və onun gördüyü deratizasiya, dezinfeksiya və dezinfeksiya işini büdcədən maliyyələşən GEM-lərinə gördürsün ki, dezinfeksiyadan gələn pullar onun cibinə axsın. Həmin şöbələrdə işləyən işçilər işsiz qalsın və ailələrin dolandıra bilməyib ölkə Prezidentindən narazı qalsınlar”
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı1 Cavabdeh qarşı «şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə barəsində yaydığı yalan, həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatları təkzib etmək vəzifəsinin qoyulmasına, həmçinin şərəf, ləyaqətini, eləcə də işgüzar nüfuzuna vurduğu mənəvi zərərin əvəzi olaraq ondan 10000 manat məbləğində pulun tutulmasına, həmin pul vəsaitinin “Azərbaycan Ordusuna Yardım Fondu”na keçirilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin İddiaçı1 barəsində yaydığı yalan və böhtan xarakterli məlumatları təkzib edilməsinə və mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun Azərbaycan Ordusunun Yardım Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, İddiaçı1 “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin Baş direktoru vəzifəsində işləyir. İddiaçı Azərbaycan Respublikasının Prezidentinin 16 iyun 2006-cı il tarixli, 1512 № li sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərimə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin 23 iyun 2018-ci il tarixli, 212 nömrəli sərəncamı ilə “Əməkdar həkim” fəxri adı ilə də təltif olunmuşdur. Cavabdeh iddiaçının barəsində şikayətlər etmişdir. Həmin şikayətlərdə şər və böhtan olan ifadələr yazmışdır. İddiaçını rüşvətxorluqda ittiham etmişdir. İddiaçının barəsində böhtan xarakterli məlumatlar yaymışdır.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı1 “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin Baş direktoru vəzifəsində işləyir. Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına iddiaçı barəsində şikayət ərizəsi ünvanlamışdır. İddiaçı1 məhkəməyə müraciət edərək, barəsində yaydığı yalan və böhtan xarakterli məlumatları təkzib edilməsinə və mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun Azərbaycan Ordusunun Yardım Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin dövlət orqanına müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından haqlı bir mənafe çərçivəsində, başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan istifadə etməsi Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan “hüquqa zidd”lik əlamətini aradan qaldıran hal kimi qiymətləndirilə bilər. Başqa sözlə, şəxs bu azadlığından qanunvericiyə uyğun qaydada özünün pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti orqana müraciət edirsə belə hərəkət hüquqa uyğun sayılmaqla mülki-hüquq pozuntusu təşkil etmir.
6. Yevlax Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(039)-106/2023 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) İddiaçı1 Cavabdeh qarşı «şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23, 1096 və 1097-ci maddələrinə istinad etmişdir.
8. Həmin qətnamədən İddiaçı1 apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, sözü gedən məktubda böhtan xarakterli, yalan, həqiqətə uyğun olmayan, eləcə də şərəf, ləyaqət, o cümlədən işgüzar nüfuzumu ləkələyən ifadələrin davam etdirən cavabdeh göstərmişdir ki, “maraqlıdır Səhiyyə Nazirliyində və Respublika daxilində təmiz saf tibb kadrları olduğu bu dövrdəəli rüşvətə bulaşmış və Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən Respublika Dezinfeksiya Mərkəzinin direktoru vəzifəsindən qovulmuş İddiaçı1 yenidən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktoru vəzifəsinə təyin olunması ölkə Başçısının və Səhiyyə Nazirliyinin adına ləkədir. Rüşvətdən gözü doymayan İddiaçı1 çalışır ki, RDŞ-lərini bağlayıb və onun gördüyü deratizasiya, dezinfeksiya və dezinfeksiya işini büdcədən maliyyələşən GEM-lərinə gördürsün ki, dezinfeksiyadan gələn pullar onun cibinə axsın. Həmin şöbələrdə işləyən işçilər işsiz qalsın və ailələrin dolandıra bilməyib ölkə Prezidentindən narazı qalsınlar.”
10. Cavabdeh “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin Baş dirketorunun xx.xx.2006-cı il tarixli 252-k saylı əmri ilə Samux rayon Gigiyena və Epidemiologiya Mərkəzi”nın tabeliyində yaradılmış, tam-təsərrüfat hesablı Samux rayon Profilaktik Dezinfeksiya şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, bundan sonra Mərkəzin Baş direktorunun xx.xx.2008-ci il tarixli, 119K saylı əmri ilə eyni əsaslarla “Göygöl rayon Gigiyena və Epidemiologiya Mərkəzi”nin tabeliyində yaradılmış Göygöl rayon Profilaktik dezinfeksiya şöbəsinin müdiri vəzifəsinin müvəqqəti icrası Cavabdeh həvalə olunmuşdur. Cavabdeh heç bir hüquqi əsas olmadan özünü X1 Şöbəsinin müdiri kimi təqdim edərək bu adda müəssisə blankı tərtib etmiş və barəsində yalan, həqiqətə uyğun olmayan məlumatları həmin blankda tərtib etdiyi məktubda ifadə etmişdir. Qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh fəaliyyət müddəti ərzində dəfələrlə qanunvericiliyin tələblərini pozmuş və bu pozuntular müvafiq araşdırmalarla, eləcə də aidiyyatı yoxlamalarla müəyyənləşdirilmişdir. Belə ki, O, özünü işdə saxlamaqla tabeliyində olan 5 (beş) nəfər işçilərini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə zidd olaraq ödənişsiz məzuniyyətə buraxmış, xx.xx.2022-ci il tarixdən şöbənin vergi ödəyicisi kimi fəaliyyətini dayandırmış, 2020-2021-ci illər ərzində hər iki X2 aid təsərrüfat fəaliyyətinin gəlir-xərc smetasını, ştat cədvəli, rüblük bioloji hesabatları və dərman dövriyyəsi barədə müvafiq məlumatları “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nə təqdim etməmişdir. Eyni zamanda aidiyyatı dövlət orqanlarından alınmış məlumatlarla müəyyən edilmişdir ki, X5 Şöbəsinin hazırda MDSS üzrə 31.573,6 manat, müvafiq vergilər üzrə 735 manat, işsizlikdən sığorta üzrə 347 manat, icbari tibbi sığorta üzrə isə 185 manat borcu yaranmışdır. Yaranmış borclara görə şöbəsinin hesablaşma hesabına Dövlət Vergi Xidməti aidiyyatı idarəsi tərəfindən müvafiq sərəncam qoyulmuşdur. Cavabdeh səriştəsiz fəaliyyəti nəticəsində yuxarıda göstərilən şöbələrin fəaliyyətləri qeyri-qənaətbəxş olmaqla yanaşı, sözügedən şöbələrin fəaliyyəti üçün zəruri inzibati sahə də mövcud deyildir. Belə ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Samux rayon Profilaktik Dezinfeksiya şöbəsi həmin şöbənin blankında göstərilən ünvanda fəaliyyət göstərmir. Həmin şöbənin hazırda hansı ünvanda fəaliyyət göstərməsi belə qeyri-müəyyəndir. Yuxarıda göstərilən araşdırmanın nəticələri barədə “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müfəssəl məlumatların verilməsi təmin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanladığı müvafiq müraciətlərində göstərilənlərin araşdırılması üçün xx.xx.2022-ci il tarixində “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nə dəvət olunsa da, o, həmin dəvətə əsasən Mərkəzə gəlməmiş, gəlməməsinin səbəbinin üzrlü sayılması üçün isə heç bir sənədi təqdim etməmişdir.
11. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(039)- 106/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı1 və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. Qərarlar: “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarı
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
18. İddiaçı Yevlax Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(039)-106/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən iddianın məlumatların təkzib edilməsinə aid hissəsində gəldiyi nəticə ilə razılaşmır. Qeyd edilməlidir ki, məhkəmə hansı məlumatların vətəndaşın şərəf, ləyaqəti və işgüzar nüfuzunu ləkələdiyini şərh edərkən, həmin məlumatların vətəndaş barəsində əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratması halını qiymətləndirməlidir. Məhkəmə qeyd edir ki, şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olsa da, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Şərəf dedikdə-şəxsə verilən müəyyən ictimai (sosial) qiymət başa düşülür. Burada söhbət müsbət ictimai qiymətdən gedir. Deməli, şərəf şəxsiyyətə verilən müsbət ictimai qiyməti ifadə edir və şərəf, şəxsin obyektiv ictimai xüsusiyyətidir. O, cəmiyyətin şəxsə olan münasibətini müəyyənləşdirir. Şəxsin ictimai-mənəvi və ictimai-əxlaqi statusu məhz onunla müəyyən edilir. Şərəf şəxsə olan obyektiv ictimai münasibəti əks etdirir. O, hər bir halda şəxsin cəmiyyətdə tutduğu mövqeyə təsir göstərir. Ləyaqət isə şəxsin özünün öz ictimai keyfiyyətlərinə (mənəvi-əxlaqi, digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. Ləyaqət, şərəflə sıx surətdə bağlı olan kateqoriyadır. Əgər şərəf şəxsiyyətin obyektiv, ictimai və xarici meyarıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Onların hər ikisi şəxsiyyətin vacib mənəvi keyfiyyətləridir. Şərəf və ləyaqət biri-biri ilə qarşılıqlı bağlı olan elə meyarlardır ki, bu meyarlar əsasında şəxsin şəxsiyyətinə mənəvi qiymət verilir. Fərq yalnız ondadır ki, şərəf mənəvi qiymətləndirmənin xarici, ləyaqət isə daxili meyarlarını özündə ehtiva edir. Hər bir şəxsin şərəf və ləyaqət hüquqlarını, əgər həmin hüquqlar pozularsa, müdafiə etmək hüququ vardır. Müdafiə hüququ dedikdə-hüquq sahibinə (hüquq daşıyıcısına, səlahiyyətli şəxsə) öz pozulmuş şərəf və ləyaqət hüquqlarını bərpa etmək məqsədilə hüquqqoruyucu xarakterli tədbirlər tətbiq olunması üçün verilən imkan başa düşülür. Daha sonra, şərəf və ləyaqətin müdafiəsi barədə iddialara baxılarkən ilk növbədə müəyyənləşdirməlidir ki, yayılmış məlumatlar şəxsin şərəf və ləyaqətini ləkələyirmi və yayılmış məlumatlar ləkələyici xarakterə malikdirmi. Ləkələyici məlumatlar dedikdə məlumatı yaymış şəxs tərəfindən qüvvədə olan qanunvericiliyin və ya əxlaqi-mənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya şəxsin şərəf və ləyaqətini alçaldır, şəxsi nüfuzdan salır. Bundan başqa, şərəf və ləyaqətin müdafiə olunmasının digər şərti-yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmamasından, yəni onların doğru olmamasından ibarətdir. Həm də yayılmış ləkələyici məlumatlar əsassız, uydurma və yalan xarakterə malik olmalıdır. Yalnız bu şərt mövcud olduqda şərəf və ləyaqət alçalır, pozulur və onlara zərər dəyir. Yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmaması dedikdə-ilk növbədə ümumiyyətlə, mövcud olmayan hallar (faktlar) barəsində yayılan informasiya başa düşülür. Yuxarıda qeyd olunanlardan belə qənaətə gəlinir ki, hətta yayılma halı olmadan da ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, açıq-aşkar alçaldıcı, nüfuzdan salan, ağır cinayətlərdə ittiham edən ifadələrin ona bildirilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması əsası ilə keçirdiyi iztirab və sarsıntının əvəzi olaraq məhkəmə qaydasında mənəvi zərərin tutulmasını istisna etmir. Məhkəmə hesab edir ki, iş materiallarında olan iddiaçı barəsində ünvanlanmış müraciətlərdəki söz və ifadələrin ləyaqəti ləkələyən məlumat olması açıq-aşkar bəllidir və fakt ortada olduğu və hamıya bəlli olduğu bir halda bunun üçün əlavə sübuta, xüsusi biliyə malik ekspertin rəyinə ehtiyac yoxdur.
20. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni şəxsin dövlət orqanına müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan istifadə etməsi ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, hazırki iş üzrə cavabdehin iddiaçı barəsində etdiyi müraciət həmin kriteriyalara cavab vermir. Cavabdehin iddiaçı barəsində yaydığı məlumatlar vəzifəli şəxs barəsində korrupsiya ilə məşğul olma iddialarını ehtiva etmişdir. Bu tip iddialar vəzifəli şəxsin konkret əməllərində konkret nöqsanlar sadalanmaqla və onları təsdiq edəcək əsaslarla edildiyi və müraciətin məzmunundan açıq-aşkar ləkələmə niyyəti görünmədiyi halda müraciət etmə hüququnun tərkib hissəsi hesab edilə bilər. Hazırki iş üzrə cavabdehin iddiaçı barəsində etdiyi müraciətdə “əli rüşvətə bulaşmış”, “Rüşvətdən gözü doymayan”, “pullar onun cibinə axsın”, “işçilər işsiz qalsın və ailələrin dolandıra bilməyib ölkə Prezidentindən narazı qalsınlar” kimi ifadələr istifadə etməklə açıq şəkildə haqqında müraciət etdiyi şəxsi ləkələmək niyyətini ifadə etmişdir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarının 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Həmin qərarın 5-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Həmin qərarın 6-cı bəndinə əsasən, belə bir vəzifə iddiaçıya həvalə edilmişdir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. Ona görə də, cavabdehin iddiaçı barəsində yaydığı məlumatlar onun şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilməlidir. İddiaçı tələbində haqlıdır.
21. Hazırki vəziyyətdə iddiaçı iddiasının mənəvi zərərə görə pulun tutulmasına aid hissəsindən imtina etdiyinə və həmin hissədə iş üzrə icraata xitam verildiyinə görə, iddianın qalan hissəsi, yəni cavabdehin onun barəsində yaydığı məlumatların təkzib edilməsinə aid hissəsi təmin edilməlidir.
22. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən cavabdehin onun barəsində yaydığı məlumatların təkzib edilməsinə aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(039)-106/2023 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı1 Cavabdeh qarşı barəsində yaydığı yalan və böhtan xarakterli məlumatların təkzib edilməsi tələbinə dair iddiası təmin edilməli, iddiaçının şərəfi, ləyaqəti və işgüzar nüfuzunu ləkələyən şər və böhtan xarakterli məlumatların təkzib edilməsi üsulu Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rəsmi məlumat vermək yolu ilə müəyyən edilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Yevlax Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(039)-106/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı1 Cavabdeh qarşı barəsində yaydığı yalan və böhtan xarakterli məlumatların təkzib edilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yazdığı 6 iyun 2022-ci il tarixli müraciətində göstərilmiş İddiaçı1 şərəfi, ləyaqəti və işgüzar nüfuzunu ləkələyən “əli rüşvətə bulaşmış”, “rüşvətdən gözü doymayan”, “pullar onun cibinə axsın”, “işçilər işsiz qalsın və ailələrin dolandıra bilməyib ölkə Prezidentindən narazı qalsınlar” ifadələrinin təkzib edilməsi üsulu Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rəsmi məlumat vermək yolu ilə müəyyən edilsin. Şəki Apellyasiya Məhkəməsinin 1 may 2024-cü il tarixli 2(107)-433/2024 nömrəli qərardadı ilə iddiaçının iddianın mənəvi zərərə görə pulun tutulmasına aid hissəsindən imtinasının qəbul edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev