Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-44/2022 27.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X5 iclas katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 və onun vəkili Vəkil iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli 2(039)-1777/2019 nömrəli qətnaməsindən Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) 17 sentyabr 2019-cu il tarixli 2(039)-1777/2019 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanına dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş 02.10.2018-ci il tarixli hərrac və həmin hərracın nəticələri haqqında 02.10.2018-ci il tarixli Y-360 saylı yekun protokol, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0488 ha torpaq sahəsi barədə Cavabdeh3 ASC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna dair qeyd və reyestrdən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər "xxxx" MMC, Cavabdeh2nə və Cavabdeh3 ASC-yə qarşı, 3-cü şəxs DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi cəlb edilməklə “Hərracın nəticələrinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması” barədə iddia ərizəsi ilə Yevlax Şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" MMC tərəfindən keçirilmiş 02.10.2018-ci il tarixli hərracın, həmin hərracın nəticələri haqqında 02.10.2018- ci il tarixli Y-360 saylı yekun protokolun, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0488 ha torpaq sahəsi barədə Cavabdeh3 ASC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna dair qeydin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli 2(039)-882/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 ASC-nin iddiası təmin edilərək, cavabdehlər İddiaçı, X1, X6, X12, X3, X13 və X7 5714 manat əsas borc, 2908 manat faiz borcu, ümumilikdə 8622 manat kredit borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsum məbləğinin tutulub iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə ödənilməsi, ödəmənin X16 ilə bank arasında bağlanmış 31 iyul 2013-cü il tarixli YF1490 nömrəli, “Kredit müqaviləsi”nin təminatı qismində banka ipotekaya qoyulmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsinin 05 fevral 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli, Seriya RX № ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, paylı mülkiyyətçilər İddiaçı yaşayış evinin tam və torpaq sahəsinin ümumi birgə, X8 torpaq sahəsinin ümumi birgə, X17 torpaq sahəsinin ümumi birgə, X19 torpaq sahəsinin ümumi birgə, X20 torpaq sahəsinin ümumi birgə və X18 torpaq sahəsinin ümumi birgə paylı mülkiyyət hüququ əsasında məxsus olan Yevlax şəhəri S.Əsgərova küçəsində mülkiyyətində olan 0,0488 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 77,02 kv.m. yaşayış, 78,8 kv.m. köməkçi sahədən ibarət 74 nömrəli fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pulı tələblərinin təmin edilməsi üçün iddiaçı Cavabdeh3ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamənin icrası Cavabdeh2nə həvalə edilmiş, qeyd olunan icra orqanı tərəfindən prosessual tədbirlər görülərək, icra hərəkətləri aparılaraq fərdi yaşayış evinin və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin satılması ilə bağlı hərrac təşkil olunmuşdur, lakin onun ipoteka qoyan kimi hərracın keçirilməsindən xəbəri olmamışdır, bu barədə məlumatlı olmamış, sonradan başqa şəxslərdən bilmişdir ki, ona məxsus olan ev satışa qoyulub, ev Cavabdeh3 ASC tərəfindən alınıb və bunu bilib öz hüquqlarının müdafiəsindən ötrü hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 ASC-nin nümayəndəsi X14 izahat verərək keçirilmiş hərrac nəticəsində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında Cavabdeh3 ASC-yə məxsus olduğunu bildirərək və məhkəməyə ərizə təqdim edərək mübahisəli iş üzrə borclu X4 borcunun Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli “Problemli kreditlərin həllinə dair” Fərmanının təsiri altına düşdüyünü bildirmiş və iddianı etiraf edərək təmin edilməsini xahiş etmiş və nəticələrinin ona aydın olduğunu bildirmişdir. İş üzrə Yevlax Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli 2(039)-1777/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh3 ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli 2(107)- 512/2020 nömrəli qətnaməsi ilə Cavabdeh3 ASC-nin nümayəndəsi X9 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli 2(039)-1777/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2nə, Cavabdeh3 ASC-nə və 3-cü şəxs DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "xxxx" MMC tərəfindən keçirilmiş 02.10.2018-ci il tarixli hərracın, həmin hərracın nəticələri haqqında 02.10.2018-ci il tarixli Y-360 saylı yekun protokolun, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,0488 ha torpaq sahəsi barədə Cavabdeh3 ASC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna dair qeydin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli 2(107)- 512/2020 nömrəli protokol qərarı ilə X22 və X16 hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli 2(107)- 512/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2021ci il tarixli 2(102)-287/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli 2(107)-512/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh3 ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli 2(039)- 1777/2019 saylı qətnaməsi əsassızdır. Belə ki, “AtaBank ASC”-nin cavabdehlər İddiaçı, X8 və X17 qarşı “kredit məbləğinin, ona hesablanmış faiz borcunun və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki işi üzrə qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Həmin qətnamə isə artıq icra olunaraq ipoteka girovu ilə yüklü edilən, ünvan 1 üzərində “AtaBank ASC”-nin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən cavabdehlərin banka olan qalıq borcları restrukturizasiya edilməlidir. Bununla əlaqədar olaraq cavabdehlərə izah olunmuşdur ki, Cavabdeh2 depozit hesabına ödənilmiş qətnamə üzrə borc məbləğinin 7 faiz icra ödənişi məbləği (603.54 (altı yüz üç manat 54 qəpik) AZN) və “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzin”nin büdcə hesabına ödənilmiş alqı-satqı qiymətinin 5 faiz dəyərində məbləğ (637.50 (altı yüz otuz yeddi manat 50 qəpik) AZN) pul vəsaitlərinin ona geri ödəniləcək (4066 (dörd min altmış altı manat) AZN) fərqdən çıxılacaqdır. Lakin cavabdehlər banka geri ödəniləcək pul vəsaitlərinin geri ödənilməsinə narazılıq etmişlər. Birinci intansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli Qərarında göstərilmiş tələbləri pozmuşdur. Belə ki, həmin Qərarda göstərilmişdir ki, “Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: - faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə;- faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə;- faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə.” Göründüyü kimi, Yevlax Rayon Məhkəməsi Konstitusiya Məhkəməsinin sözü gedən göstərişlərini nəzərə almamışdır. Məhkəmə yalnız Cavabdeh3 ASC-nin nümayəndəsinin ərizəsini əsas tutaraq, iş üzrə digər halları araşdırmamışdır və nəticədə Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinin tələblərini pozmuşdur. Yexlax Rayon Məhkəməsi Konstitusiya Məhkəməsinin həmin Qərarında təsbit edilmiş göstərişləri də nəzərə almamışdır. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli 2(039)- 1777/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı iddia tələbinin rədd edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 vəkili Vəkil məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli 2(039)-1777/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli 2(039)-1777/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. X22 verilən suallara cavabında bildirdi ki, onun və ailə üzvlərinin, o cümlədən atası, eyni zamanda hazırkı mülki iş üzrə iddiaçı olan İddiaçı Yevlax Rayon Məhkəməsinin 2(039)-882/2017 saylı iş üzrə çıxartdığı 27 mart 2017-ci il tarixli qətnaməsindən, həmin qətnamənin icraya yönəldilməsindən və qətnamə icra olunmadığından bank qarşısında ipotekaya qoyulmuş əmlakın hərraca çıxarılmasından, o cümlədən 2018-ci ildə keçirilən hərracın nəticəsində ipoteka predmeti olan fərdi yaşayış evinin Cavabdeh3 ASC tərəfindən alınaraq bankın mülkiyyətinə keçməsindən məlumatları olmuşdur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, üçüncü şəxs X16 məhkəmə iclasına gəlməmiş, cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3 ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi nümayəndələrinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli 2(102)-287/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli 2(107)-512/2020 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, ”Kollegiya bildirir ki, 1-ci instansiya məhkəməsi iddianı təmin etmişdir ona görə ki, cavabdehlərdən biri- Cavabdeh3 ASC iddianı qəbul etmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etdi ki, iddianı bu qaydada qəbul etmək, etiraf etmək qanunaziddir. Əvvəla, iş üzrə üç cavabdeh cəlb edilmişdir. İddia tələbi birgə cavabdehlərə qarşı yönəlmişdir. Hərracın etibarsız hesab olunması tələbi əslində "xxxx" MMC-nə qarşı yönələn tələbdir. Cavabdeh bank digər cavabdehə yönələn həmin tələbi qəbul edə bilməzdi və məhkəmə belə etirafı təsdiq etməməli idi. Bundan başqa, iddianın cavabdeh tərəfindən etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Ona görə işə baxan Apellyasiya məhkəməsi qətnaməni ləğv etməkdə və idddianın etirafını qəbul etməməkdə haqlı olmuşdur. Lakin, iddia tələbinə mahiyyəti üzrə baxarkən Apellyasiya məhkəməsi prosessual hüquq normalarının tələblərinə riayət etmədən qərar qəbul etdiyi üçün qətnamə ləğv edilərək iş yeni məhkəmə baxışına göndərilməlidir. Belə ki, iddiaçı hərracın etibarsızlığı ilə bağlı iddia tələbinin əsası kimi bir neçə hala o cümlədən, hərracın onun məlumatı olmadan keçirilməsinə istinad etmişdir. İddiaçı hərracın ona məlumat verilmədən keçirilməsinə istinad edirsə, deməli bu halı təkzib edə biləcək sübutlar (sənədlər) cavabdeh tərəfdə olmalıdır. Məhz bu səbəbdən işə baxan 1-ci instansiya məhkəməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu yazaraq (mülki işin 25-ci vərəqəsi) müvafiq sənədləri tələb etmişdir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Zəruri sübutlar məhkəmə sorğusu əsasında tələb olunsa da, həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. İddianın etiraf olunması ilə bağlı 1-ci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayan Apellyasiya İsnatsniyası Məhkəməsi iddia tələbinin dəlillərinə uyğun olaraq mübahisəyə hüquqi qiymət verməli idi. Bunun üçün mütlək sorğu edilmiş zəruri sənədlər götürülməli idi. Çünki həmin sənədlər götürülmədən hərracın keçirilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamaq mümkün deyildi. Beləki, hərraclarla bağlı kütləvi informasiya vasitələrində elanlar dərc olunub-olunmaması, bu barədə borcluya bildiriş göndərilib-göndərilməməsi və .s zəruri məlumatları həmin sənədlərdən əldə etmək olardı. Cavabdeh tərəf əslində həmin sənədləri təqdim etməyə borclu idi. Zəruri sübutları özündə əks etdirən sənədləri götürmədən iddianın rədd edilməsi əsaslı sayıla bilməz. Çünki idddianın etirafı ilə bağlı tələb təmin olunmursa deməli, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar yoxlanmalı idi. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qətnamədə hərracın keçirilməsi qaydalarını nizama salan maddi hüquq normaları sadalanmışdır. Lakin, hərrac keçirilərkən həmin qaydalara riayət edilib-edilməməsini təsdiq edə biləcək yeganə sübut olan yuxarıda qeyd edilən sənədlər əldə olunaraq tədqiq edilməmişdir. Məhkəmə qərarı o halda əsaslı sayılır ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən birinin etiraf ərizəsi ilə iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Yevlax Rayon Məhkəməsinin 2(039)-882/2017 saylı iş üzrə çıxartdığı 27 mart 2017-ci il tarixli qətnaməsindən görünür ki, qeyd olunan qətnamə ilə iddiaçı Cavabdeh3 ASC-nin iddiası təmin edilərək, cavabdehlər İddiaçı, X1, X6, X12, X3, X13 və X7 5714 manat əsas borc, 2908 manat faiz borcu, ümumilikdə 8622 manat kredit borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsum məbləğinin tutulub iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə ödənilməsi, ödəmənin X16 ilə bank arasında bağlanmış 31 iyul 2013-cü il tarixli YF-1490 nömrəli, “Kredit müqaviləsi”nin təminatı qismində banka ipotekaya qoyulmuş, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsinin 05 fevral 2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli, Seriya RX № ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, paylı mülkiyyətçilər İddiaçı yaşayış evinin tam və torpaq sahəsinin ümumi birgə, X8 torpaq sahəsinin ümumi birgə, X17 torpaq sahəsinin ümumi birgə, X19 torpaq sahəsinin ümumi birgə, X20 torpaq sahəsinin ümumi birgə və X18 torpaq sahəsinin ümumi birgə paylı mülkiyyət hüququ əsasında məxsus olan Yevlax şəhəri S.Əsgərova küçəsində mülkiyyətində olan 0,0488 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı , 77,02 kv.m. yaşayış, 78,8 kv.m. köməkçi sahədən ibarət 74 nömrəli fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pulı tələblərinin təmin edilməsi üçün iddiaçı Cavabdeh3ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Yevlax Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* №li Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 2 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh3 ASC-nin adına 13.02.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh3 ASC-nin 10.07.2019-cu il tarixli AB-İH-0600283 saylı məktubundan görünür ki, borclu X16 ilə danışıqlar aparılaraq razılığa gəlinmiş, Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli “Problemli kreditlərin həllinə dair” fərmanının qaydalarına uyğun olaraq borclunun kreditinin restrukturizasiya edilməsi üçün müvafiq prosedurlara başlanılmışdır. Məhkəmə kollegiyası mülki mübahisə üzrə obyektiv nəticəyə gəlmək üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli 2(102)-287/2021 nömrəli qərarında müəyyən edilən göstərişlərə uyğun olaraq "xxxx" MMC-nə sorğu ünvan 1 ünvanında 0,0488 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən keçirilmiş 02.10.2018-ci il tarixli hərrac və həmin hərracın nəticələri haqqında 02.10.2018-ci il tarixli Y-360 saylı yekun protokolun qəbul edilməsinə əsas olmuş hərracın keçirilməsi ilə bağlı müvafiq sənədlərin təsdiq edilmiş surətləri istənilmişdir. Lakin dəfələrlə rəsmi sorğuların edilməsinə baxmayaraq sorğular müvafiq ünvana çatdırılmadan geri qaytarılmış, "xxxx" MMC tərəfindən çatdırılmamanın səbəbi kimi "xxxx" MMC-nin həmin rəsmi qeydiyyatdan keçirilmiş ünvanlarda fəaliyyət göstərməməsi göstərilmişdir. Bundan sonra Cavabdeh2nə sorğu edilərək Yevlax Rayon Məhkəməsinin 2(039)- 882/2017 saylı iş üzrə çıxartdığı 27 mart 2017-ci il tarixli qətnaməsi üzrə 129135/2018-36- 1-001 nömrəli icra işi alınaraq həmin icra işinə məhkəmə kollegiyası tərəfindən baxış keçirilmişdir. Həmin icra işində olan "xxxx" MMC-nin 24.08.2018-ci il tarixli bildirişlərindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlakın satılması üçün təkrar hərrac 26.09.2018-ci il tarixə təyin edilmiş və bu barədə Cavabdeh3 ASC, X10, İddiaçı, X22, X23, X26, X21 və X19 məlumat verilmişdir. İşdə olan xəbərnamələrdən görünür ki, X10, İddiaçı, X22, X23, X26, X21 və X27 həmin bildirişi 12 sentyabr 2018-ci il tarixdə xəbərnaməyə imza edərək almışlar. Cavabdeh2 129135/2018-36-1-001 saylı İcra işində olan "xxxx"nin Hərracın nəticələri haqqında Y-360 nömrəli yekun protokolundan görünür ki, Cavabdeh2 22.06.2018-ci il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi və İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətində olan 0,0488 ha torpaq sahəsi 12750 manat qiymətə Cavabdeh3 ASC-yə satılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki mübahisə üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək, hazırkı mübahisəyə dair düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət edərkən 317.1, 317.2 414.2, 414.3, 415.2, 415.5 və 416-cı maddələrinə, “İpоtekа Hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun 41.2, 42.1, 43.5 və 43.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3 və 220.4-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2-ci maddəsinə əsasən, satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 414.2-ci maddəsinə görə, hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. 414.3-cü maddəsinə görə, bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 416.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə görə,hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 44-cü maddəsinə görə, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinəən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. 43.5-ci maddəsinə görə, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. 43.7-ci maddəsinə görə, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 ASC-nin nümayəndəsi X14 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə yazılı ərizə verməklə iddianı tam etiraf etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası iddianı təmin edərkən iddianın təmin olunması ilə bağlı maddi və prosessual hüquq normalarını pozduğundan, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə Cavabdeh3 ASC-dən əlavə digər iki cavabdehin olmasını nəzərə almadan, yalnız Cavabdeh3 ASC-nin nümayəndəsi X2 etirafını əsas götürməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan hərracın keçirilməsi barədə bildirişlərdən görünür ki, İddiaçı, müstəqil tələb irəli sürməmiş üçüncü şəxslər X22 və X8, habelə həmin ünvanda qeydiyyatda olan X18, X20, X15 və X19 hərracın keçiriləcəyi vaxt və yer barədə məlumat verilmişdir. İcra işində olan xəbərnamələrdən görünür ki, onlar hərracın keçirilməsi haqqında bildirişləri xəbərnaməyə imza edərək rəsmi qaydada almışlar. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 izahatında bildirmişdir ki, onların, hərracın keçirilməsi yeri və vaxtı barədə məlumatları olmuşdur. Qeyd edilməlidir ki, İddiaçı, müstəqil tələb irəli sürməmiş üçüncü şəxslər X22 və X16, habelə həmin ünvanda qeydiyyatda olan X23, X26, X21 və X27 eyni ailənin üzvləri olmaqla bir-birlərinə doğma şəxslərdirlər. Onlardan birinin hərracın keçirilməsi haqqında məlumatlı olması digər ailə üzvlərinin də məlumatlı olmaları deməkdir. “İpoteka haqqında” Qanuna əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır (maddə 42.1). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, "xxxx" tərəfindən hərracın keçirilmə qaydalarına tam olaraq riayət edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin 02 fevral 2021-ci il tarixli 2(102)-287/2021 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.2-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli 2(039)-1777/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli 2(039)-1777/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2nə və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı “Hərracın nəticələrinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması” tələbinə dair iddia tələbi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-44/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-44/2022
27.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver