Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-441/2022 03.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, nisyə alqı-satqı müqaviləsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tаrixli, 2(037)-844/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11250 manat pul və 30,40 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, valideynlərinə məxsus fərdi yaşayış evinin torpaq sahəsində “Qaradolaq-Tatarlar” sortu adlanan 116 baş xırda buynuzlu malı satmaq qərarına gəlmişdir. Ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunduğundan həmin heyvanları bazara çıxarıb sata bilmədiyindən alıcı axtarmağa başlamışdır. Cavabdehlər ölkə ərazisində xüsusi karantin rejimini fürsət bilib 116 baş xırda buynuzlu heyvanı, hər biri heyvanın dəyəri 210 manat olmaqla, ümumilikdə 24360 manata almaq istədiklərini bildirmişlər. Cavabdehlər ödənişi həftə ərzində 1500 manat olmaqla ödəyəcəkləri barədə onunla razılığa gəlmişlər. O, cavabdehlərin sözlərinə inanaraq həmin heyvanları İsmayıllı rayonu Qaraqaya kəndində yerləşən sonunculara məxsus həyətə gətirərək təhvil vermişdir. Cavabdehlər sonradan əldə etdikləri heyvanların dəyərini vəd etdikləri kimi deyil, öz istədikləri kimi ödəməyə başlayanda öz etirazını bildirsə də nəticəsi olmamışdır. Cavabdehlər heyvanların ümumi dəyəri kimi müəyyən olunmuş 24360 manat puldan 12900 manat pulu hissə-hissə ödəmiş və qalan 11250 manat pulu isə bu günədək verməmişdilər. O, qalan 11250 manat pulu cavabdehlərdən dəfələrlə tələb etsə də sonuncular müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışlar. Cavabdehlərin bu əməllərində dələduzluq cinayət tərkibinin olduğuna inanır. Cavabdehlər onun etibarından sui-istifadə edərək aldatma yolu ilə əmlakını ələ keçirmişlər. Cavabdehlərdən 11250 manat pul və 30,40 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tаrixli, 2(037)-844/2021 saylı qətnaməsi ilə (hakim R.Şirinov) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11250 manat pul və 30,40 manat ödənilmiş dövlət rüsumu – cəmi 11280 (on bir min iki yüz səksən) manat 40 (qırx) qəpik pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 31 oktyabr 2020-ci il tarixli əlyazmada Cavabdeh2 hər bir malın dəyəri 210 manat olmaqla, 116 baş xırda buynuzlu malın ümumilikdə dəyəri 24150 manat müəyyən edilməklə həmin malları nisyə aldığını və pulun ödənişini fevral ayının sonuna kimi tam bağlayacağını qeyd etmişdir. Əlyazmanı öz imzası ilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiklərindən, habelə iddia tələbinin mahiyyəti üzrə məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etmədiklərindən məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi və məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatları, habelə iş materiallarını sübut kimi qəbul edir və hesab edir ki, iddiaçının dəlilləri iddia tələbini tamamilə təsdiq edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərdən satdığı xırda dırnaqlı heyvanların ödənilməmiş qalan 11250 manat dəyərini və dövlət rüsumunun əvəzi kimi 30,4 manatı tələb edir. İddiaçı ona və atasına qarşı 11250 manat pul və 30,40 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi tələbi ilə iddia qaldırmışdır. Əvvəla bildirir ki, bu mübahisədə atasının heç bir qarışacağı olmayıb, iddiaçıdan qoyunları o təhvil almış və razılaşma ikisinin arasında olmuşdur . Belə ki, iddiaçı ona bildirmişdir ki, onun 114 baş ana qoyunu var və həmin heyvanları saxlaya bilmir, birlikdə köməkləşib sataraq pula çevirməkdə ona kömək etsin. Heyvanların satılmasında hər ikisi birlikdə səy göstərməli idilər. Qoyunlar gətirilib yaşadığı İsmayıllı rayon Qaranohur kəndində ona təhvil verilib. Qoyunların hər birinin təqribən ən azı 160-170 manata satılması nəzərdə tutululmuşdur. Həmin vaxt ölkədə Covid-19 virusu ilə əlaqədar karantin rejimi hökm sürürdü, heç bir iaşə obyekti, bazarlar işləmirdi . Heyvanları saxlamaq üçün də şəraiti yox idi. İddiaçı isə bir növ qoyunları üstünə atıb getmişdi, heç bir köməklik etmirdi. Ona görə o, məcbur qalaraq iddiaçının razılığı ilə qoyunları müxtəlif şəxslərə aşağı qiymətə satmışdır. Əldə olunan pulu bütünlüklə iddiaçıya ödəmişdir. Onun iddiaçıya heç bir borcu qalmayıb. İddiaçı haqsız olaraq ondan 11250 manat tələb edir . Bunu da səbəbini sonradan öyrənib. Belə ki, qoyunlar başqa şəxsə məxsus olub, saxlanılması üçün iddiaçıya verilib. İddiaçı isə etibarsızlıq edərək qoyunları satıb. Bununla əlaqədar həmin qoyun sahibi ilə iddiaçı arasında böyük narazılıq yaranıb və həmin şəxs iddiaçıdan böyük məbləğdə pul tələb edib. Hazırda iddiaçı həmin pulu onun hesabına əldə etmək istəyir və qoyun sahibini inandırmaq istəyir ki, guya pulu o, mənimsəmişdir. Məhkəmə qətnaməsində adı çəkilən 31 oktyabr 2020-ci il tarixli əlyazma ümumiyyətlə mövcud olmamış, o, iddiaçıya belə bir yazılı sənəd verməmiş və belə bir sənədə imza etməmişdir. Bu adı çəkilən əlyazma tam saxtadır və iddiaçının özü tərəfindən saxta yolla tərtib olunmuşdur. Məhkəmə yalnız həmin saxta yazılı sənədə və iddiaçının izahatına istinadən son nəticəyə gəlmişdir. Onun və digər cavabdeh olan atasının iştirakını təmin etməmiş, ədalətli mühakimənin aparılması üçün çəkişmə, bərabərlik və faktlara əsaslanma prinsipinə əməl etməmişdir. Birinci inctansiya məhkəməsi AR Mülki Məcəlləsinin 1091.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibəti əsassız varlanmaya aiddir. Lakin onun iddiaçıya heç bir borcu qalmamışdır, o, iddiaçıya razılaşdıqları bütün pulu ödəmişdir. Məhkəmə cavabdeh kimi onların iştirakını təmin etməklə işin bütün faktiki hallarını aydınlaşdırmamışdır. İştirakları təmin edilsəydi əvvəla aydın olardı ki, cavabdeh kimi atasının bu mübahisə üzrə heç bir iştirakı və mülki məsuliyyəti yoxdur. İkinci təqdim edilmiş sadə əlyazmanın saxta yolla tərtib edildiyi sübut olunardı, bununla əlaqədar məhkəmə xətşünaslıq ekspertizası təyin olunardı. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından İsmayıllı Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tаrixli, 2(037)-844/2021 saylı qətnaməsinin ləğv edilməsi, Cavabdeh1 cavabdehlikdən kənarlaşdırılması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, İsmayıllı Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tаrixli, 2(037)-844/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə görə, Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 431.1-ci maddəsinə görə, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətində apellyator Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 844/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Digər Cavabdeh1 qətnaməni mübahisələndirməmişdir. Mülki Prosessual Məcəlləyə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də kollegiya hesab edir ki, mübahisənin predmeti bölünməz olduğundan İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 844/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsini tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə Cavabdeh2 münasibətdə nəticə olaraq düzgün olsa da, Cavabdeh1 münasibətdə qanuni və əsaslı olmamışdır. Eyni zamanda qətnamə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamışdır. Maddi hüquq norması səhv tətbiq edilmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 844/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilməlidir. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, Birinci inctansiya məhkəməsi AR Mülki Məcəlləsinin 1091.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibəti əsassız varlanmaya aiddir. Lakin apellyator bildirir ki, onun iddiaçıya heç bir borcu qalmamışdır, o, iddiaçıya razılaşdıqları bütün pulu ödəmişdir. Məhkəmə kollegiyası apellyatorun bu dəlili ilə qismən razılaşaraq bildirir ki, işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad etmişdir. Halbuki məhkəmə tərəfindən iddiaçının bildirdiyi faktiki hallarla həmin normaların dispozisiya şərtləri arasında uyğunluq müəyyən edilməmiş və əsaslandırılmamışdır. Bu hal ona dəlalət edir ki, birinci instansiyası məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşdən görünür ki, iddiaçı sözügedən müqavilə üzrə cavabdehin borclu olmasına istinad edir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı valideynlərinə məxsus fərdi yaşayış evinin torpaq sahəsində “Qaradolaq-Tatarlar” sortu adlanan 116 baş xırda buynuzlu malı satmaq qərarına gəlmişdir. Cavabdeh2 116 baş xırda buynuzlu heyvanı, hər bir heyvanın dəyəri 210 manat olmaqla, ümumilikdə 24360 manata almaq istədiyini bildirmişdir. Cavabdeh ödənişi həftə ərzində 1500 manat olmaqla ödəyəcəyi barədə iddiaçı ilə razılığa gəlmişdir. İddiaçı cavabdehin sözlərinə inanaraq həmin heyvanları İsmayıllı rayonu Qaraqaya kəndində yerləşən sonuncuya məxsus həyətə gətirərək təhvil vermişdir. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385-ci, 443.1-ci, 448.1-ci, 431.1-ci, 600.1-ci maddələri tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi Cavabdeh2 münasibətdə təmin edilməli, Cavabdeh1 münasibətdə isə təmin edilməməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, tərəflər yəni iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 31.10.2020-ci il tarixli nisyə alqı-satql müqaviləsinə əsasən İddiaçı tərəfindən hər birinin dəyəri 210 manat olan 115 baş qoyun Cavabdeh2 verilmişdir. Cavabdeh pulu fevral ayının sonuna kimi tam ödəyəciyini bildirmiş və müqaviləni öz imzası ilə təsdiq etmişdir. Lakin, cavabdeh borclu olduğu 11250 manat pulu bu günədək ödəməmişdir. Ona görə də kollegiya hesab edir ki, iddia ərizəsi Cavabdeh2 münasibətdə təmin edilməli, 11250 (on bir min iki yüz əlli) manat pul və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası iddia ərizəsinin Cavabdeh1 aid hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsi ona münasibətdə təmin edilə bilməz. Hazırkı iddia tələbi ilə bağlı olaraq nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən sayda qoyunun Cavabdeh1 verildiyini bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi Cavabdeh1 münasibətdə təmin edilə bilməz. Apellyator apellyasiya şikayətinin digər dəlillərində qeyd etmişdir ki, məhkəmə qətnaməsində adı çəkilən 31 oktyabr 2020-ci il tarixli əlyazma ümumiyyətlə mövcud olmamış, o, iddiaçıya belə bir yazılı sənəd verməmiş və belə bir sənədə imza etməmişdir. Bu adı çəkilən əlyazma tam saxtadır və iddiaçının özü tərəfindən saxta yolla tərtib olunmuşdur. Məhkəmə yalnız həmin saxta yazılı sənədə və iddiaçının izahatına istinadən son nəticəyə gəlmişdir. Onun və digər cavabdeh olan atasının iştirakını təmin etməmiş, ədalətli mühakimənin aparılması üçün çəkişmə, bərabərlik və faktlara əsaslanma prinsipinə əməl etməmişdir. İştirakları təmin edilsəydi əvvəla aydın olardı ki, cavabdeh kimi atasının bu mübahisə üzrə heç bir iştirakı və mülki məsuliyyəti yoxdur. İkinci təqdim edilmiş sadə əlyazmanın saxta yolla tərtib edildiyi sübut olunardı, bununla əlaqədar məhkəmə xətşünaslıq ekspertizası təyin olunardı. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, apellyator bildirir ki, iddiaçı ilə onun arasında heç bir yazılı razılaşma olmamış və iş materiallarında olan yazılı sənəd onun tərəfindən imzalanmamışdır. Həmçinin onun və atasını məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Lakin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər məhkəmə iclasları barədə xəbər edilmişlər, onlara həm məhkəmə bildirişi (səh. 52) təqdim edilmiş, həm də elektron məhkəmə sistemi vasitəsilə SMS bildirişlər (səh. 53,56,57) ünvanlanmışdır. Lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda apelyator məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq apelyasiya məhkəməsinin iclasında iştirak etməmiş, şikayətin dəlillərinə dair hər hansı bir sübut növü təqdim etməmiş, ekspertizanın keçirilməsi üçün imza nümunələri təqdim etməmişdir. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Yəni Cavabdeh2 iddiaçıya ödənilməli olan 11250 manat pulu ödənilməmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, qalan 11250 manat pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu barədə heç bir sübut təqdim etməmişdir. Ona görə də kollegiya qeyd edir ki, iddia təmin edilməli, 11250 manat pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamışdır. Ona görə də, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tаrixli, 2(037)- 844/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi cavabdeh Cavabdeh2 münasibətdə təmin edilməli, cavabdeh Cavabdeh2 11250 manat pul və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. İddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-844/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 11250 (on bir min iki yüz əlli) manat pul və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-441/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-441/2022
03.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver