Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-442/2023 27.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsi, Cavabdeh1 MMC, Cavabdeh2 və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı ekspert rəyinin etibarsız hesab edilməsi və onun əsasında edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair Şəki Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(075)-116/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsi, Cavabdeh1 MMC, Cavabdeh2 və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-nin 25 iyun 2021-ci il tarixli, 103/21 saylı ekspert rəyinin etibarsız hesab edilməsi, Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(075)-913/2020 saylı qətnaməsinin icra ilə əlaqədar Cavabdeh1 MMC-nin 25 iyun 2021-ci il tarixli 103/21 saylı ekspert rəyinə istinad edilməklə Cavabdeh4 02 iyul 2021-ci il tarixli təklifinin qanunsuz hesab edilməsi, həmin təklif əsasında ailələrinin mülkiyyətində olmuş, Şəki rayonu Cəyirli kəndində yerləşən 1,7247 ha torpaq sahəsinin Cavabdeh2 adına qeydə alınmasına dair 21 aprel 2022-ci il tarixdə **********92 inventar nömrəli çıxarışın ləğv edilməsi, iddianın qaldırılması ilə bağlı 100 manat dövlət rüsumunun və 500 manat ekspertə ödənilmiş rüsumun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 26 yanvar 2023-cü il tarixli 2(075)-116/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsi, Cavabdeh1 MMC, Cavabdeh2 və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı ekspert rəyinin etibarsız hesab edilməsi və onun əsasında edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsinin ekspert rəyinin etibarsız hesab edilməsi hissəsində iş üzrə icraatına xitam verilməsi qərara alnmışdır. İddiaçı Şəki Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(075)-116/2023 saylı qərardadından şikayət verərək Şəki Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(075)- 116/2023 saylı qərardadının ləğv edilməsini və iddia tələbinin xitam verilmiş hissəsi üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsi, Cavabdeh1 MMC, Cavabdeh2 və DƏDRX-nin 12 saylı Ərazi İdarəsi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-nin 25 iyun 2021-ci il tarixli, 103/21 saylı ekspert rəyinin etibarsız hesab edilməsi, Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(075)- 913/2020 saylı qətnaməsinin icra ilə əlaqədar Cavabdeh1 MMC-nin 25 iyun 2021-ci il tarixli 103/21 saylı ekspert rəyinə istinad edilməklə Cavabdeh4 02 iyul 2021-ci il tarixli təklifinin qanunsuz hesab edilməsi, həmin təklif əsasında ailələrinin mülkiyyətində olmuş, Şəki rayonu Cəyirli kəndində yerləşən 1,7247 ha torpaq sahəsinin Cavabdeh2 adına qeydə alınmasına dair 21 aprel 2022-ci il tarixdə **********92 inventar nömrəli çıxarışın ləğv edilməsini, iddianın qaldırılması ilə bağlı 100 manat dövlət rüsumunun və 500 manat ekspertə ödənilmiş rüsumunun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin Şəki Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(075)-116/2023 saylı qərardadı ilə iddia tələbi ekspert rəyinin etibarsız hesab edilməsi və onun əsasında edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi hissəsi üzrə icraata xitam verilmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən iddia tələbi üzrə qəbul edilmiş 26 yanvar 2023-cü il tarixli 2(075)-116/2023 saylı qərardadı əsassız hesab edir. Ona görə də şikayətin təmin edilməsini Şəki Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(075)-116/2023 saylı qərardadının ləğv edilməsini və iddia tələbinin xitam verilmiş hissəsi üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(075)-116/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(075)-116/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, hazırkı işdə iddiaçının mübahisələndirdiyi məsələ digər mülki iş üzrə sübut kimi qəbul edilmiş rəyin əsassız sayılması barədədir. Məhkəmə kollegiyasının mövqeyi belədir ki, həmin iddiaya ümumiyyətlə məhkəmədə baxıla bilməz. Belə iddialara baxılması sübutetmənin mahiyyətinə zidd olmaqla mülki dövriyyənin sabitliyini pozmuş olar. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normalardan göründüyü kimi iş üzrə sübutların təqdim edilməsi, əldə olunması və qiymətləndirilməsi konkret mülki işə baxılarkən həll edilən məsələdir. Başqa bir mülki iş üzrə məhkəmənin sübut kimi qəbul etdiyi və çıxarılan qərarın əsası kimi götürülən sübutun ayrıca iddia icraatında mübahisələndirilməsi mülki mühakiməni heçə endirir. Belə iddialara baxılması onu ehtiva edir ki, bir mülki iş üzrə məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra həmin mülki işdə məhkəmənin əsas götürdüyü bütün sübutlar (şahid ifadəsi, tərəflərin izahatları, mütəxəssis rəyi, maddi sübutlar və.s.) ayrıca iddia icraatı qaydasında mübahisələndirilə bilər. Əslində iddiaçı hazırkı tələbi ilə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması üçün əsaslar, zəmin hazırlayır. Lakin qanunverici belə halların iddia icraatı qaydasında əldə olunmasını istisna edir. Azərbaycan Respublikası MPM-nin 432.2.2. maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsas ola bilər. Göründüyü kimi qanunverici iş üzrə verilmiş ekspert rəyinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə saxta olması halında yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılması əsası kimi müəyyən etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş Şəki Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(075)-116/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(075)-116/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-442/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-442/2023
27.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver