Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-446/2024 05.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Allahderdi qızının Cavabdeh qarşı (açar sözlər: pul tələbi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Kərimli Tunar Mübariz oğlunun katibliyi, İddiaçı - İddiaçı Allahderdi qızı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Allahderdi qızının Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tаrixli, e-2(033)-1023/2023 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-in 18-ci PŞ-in təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 11 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında Cavabdeh barəsində toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
2. İş materiallarında olan Cavabdeh tərəfindən 01 mart 2022-ci il tarixdə verilmiş ərizədən görünür ki, o, 01 mart 2022-ci il tarixdə Gülşən xanımdan 1000 ABŞ dolları məbləğində pulu qaytarmaq şərti ilə borc olaraq götürmüşdür.
3. İş materiallarında olan 29 avqust 2023-cü il tarixli 9780 saylı qəbzin surətindən görünür ki, İddiaçı Alllahverdi qızı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 1000 (bir min) ABŞ dolları manata məzənnə ilə 1700 (bir min yeddi yüz) manat və sonradan aldığı 300 (üç yüz) manat məbləğində borc pulun, cəmi 2000 (iki min) manat məbləğində pulun, mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pulun, cəmi 5000 (beş min) manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun 70 (yetmiş) manatın, hüquqi yardıma görə vəkilə ödənilmiş 250 (iki yüz əlli) manat pul məbləğinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 01 mart 2022-ci il tarixdə Cavabdeh 1000 (bir min) ABŞ dolları manata məzənnə ilə 1700 (bir min yeddi yüz) manat məbləğində pulu qaytarmaq şərti ilə borc vermişdir. Təxminən 15 gün sonra gəlib 300 (üç yüz) manat da borc almışdır. Bildirmişdir ki, lotereya oynayır və aprel ayının axırında 3000 (üç min) manat alacaq və ona olan 2000 (iki min) manat borcunu qaytaracaqdır. Cavabdeh borc aldığı barədə ona sadə yazılı formada sənəd vermişdir. Həmin sənəd Cavabdeh Nicran qızı tərəfindən şəxsən imzalanmışdır. Həmin vaxtdan uzun müddət keçməsinə və dəfələrlə tələb etməsinə baxmayaraq, Cavabdeh borc götürdüyü pulu ödəməkdən yayınmışdır. Bu səbəbdən də o, əvvəl onun hərəkəti barəsində hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis mayoru X1 11 avqust 2023-cü il tarixdə qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi barədə ” qərarında göstərilir ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət olunmalıdır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmişdir. Əhmədovaa Təranə Hicran qızı tərəfindən keçən 18 ay ərzində ona mənəvi zərər də vurulmuşdur (keçən 18 ay ərzində səhhətinə ciddi zərər dəymişdir). Mənəvi zərəri 3000 (üç min) manat dəyərləndirir. Hesab edir ki, məhkəmə, Cavabdeh ona olan 1000 (bir min) ABŞ dolları manata məzənnə ilə 1700 (bir min yeddi yüz) manat və sonradan aldığı 300 (yüz) manat məbləğində borc pulun, cəmi 2000 iki min) manat məbləğində pulun, mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pulun, cəmi 5000 (beş min) manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun 70 (yetmiş) manatın, hüquqi yardıma görə vəkilə ödənilmiş 250 manat pul məbləğinin Cavabdeh alınaraq ona ödənilməsi haqqında qətnamə qəbul etməlidir.
6. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, o, iddiaçı ilə Bakı şəhərində işləyərkən tanış olmuş və onun maddi cəhətdən çətinliyi yarandığından iddiaçıdan borc pul isətmişdir. İddiaçı ona 1000 ABŞ dolları məbləğində pulu faizlə qaytarmaq şərti ilə vermiş və o, hər ay iddiaçıya 255 manat pul vermişdir. O, həmin pulu aldıqda iddiaçıya borc pulun qaytarılmasının təmin etmək məqsədi ilə hər hansı bir əşya verməmiş, lakin bu barədə yazılı sənəd vermişdir. İddiaçı ona əlavə 300 manat pul verməmişdir. O, iddiaçıdan aldığı 1000 ABŞ dolları məbləğində pulu etiraf edir və həmin borcu da iddiaçıya hissə-hissə qaytaracaqdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsində işə iddiaçı tərəfin iştirakı olmadan baxılmışdır.
8. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 12 dekabr 2023-cü il tаrixli, e-2(033)-1023/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 1000 (bir min) ABŞ dollarının manata olan məzənnə ilə 1700 (bir min yeddi yüz) manat borc məbləği və hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 250 (iki yüz əlli manat) manat alınaraq İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun 37 (otuz yeddi) manatı Cavabdeh alınaraq İddiaçı verilməsi, qalıq 33 (otuz üç) manat isə iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 445.2, 445.2.1, 448.1, 1096.1 və 1096.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 17.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsindən aydın olmur ki, onun vermiş olduğu izahat hansıdır. Gah məhkəmə pulu etiraf etdiyini və hissə-hissə iddiaçıya ödəyəcəyini, gah da pulu iddiaçıya artıq ödədiyini qeyd edir. Görünür ki, məhkəmə sübutları tam araşdırmamış, məhkəmə iclasında vermiş olduğu ifadələri yalnış qeyd etmişdir. İddiaçı borca götürmüş pul məbləğini geri qaytarmadığını iddia edirsə, o zaman iddiasını əsaslandırmalıdır. İddianı sübut etmək vəzifəsi cavabdehin üzərinə qoyulması MPM-nin qeyd olunan maddəsinin tələblərinə ziddir. İddiaçı pulu götürdüyünü əsaslandırırsa, o zaman pulu geri qaytarmadığını da əsaslandırmalıdır. Məhkəmə iclasında pulu artıq iddiaçıya ödədiyi bildirərək, heç bir borcunun qalmadığını ifadəsində bildirmişdir. Yuxarıda qeyd etdiklərindən bir daha görünür ki, iddia əsassızdır və təmin olunmamalıdır. İddiaçıya hər hansısa bir borcu yoxdur. İddiaçıya olan borcunu tamamilə ödəmişdir. Hesab edir ki, həmin qətnamə hakim tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamışdır. Göstərilənlərə əsasən Zaqatala Rayon məhkəməsini 12 dekabr 2023-cü il tаrixli, e- 2(033)-1023/2023 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə etiraz göndərmiş, həmin etirazda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon məhkəməsini 12 dekabr 2023-cü il tаrixli, e-2(033)-1023/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı Allahderdi qızı və onun nümayəndəsi və vəkili Nümayəndə hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Zaqatala Rayon məhkəməsini 12 dekabr 2023-cü il tаrixli, e-2(033)- 1023/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
14. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. İş üzrə cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
18. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
24. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tаrixli, e- 2(033)-1023/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
40. Müəyyən edilmişdir ki, Cavabdeh 01 mart 2022-ci il tarixdə İddiaçı qısa müddət ərzində qaytarmaq şərti ilə 1000 ABŞ dolları (1700 manat) pulu götürmüş, lakin xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh götürdüyü borcu iddiaçıya geri qaytarmamışdır. İddiaçı cavabdehdən pulunu qaytarılmasını tələb etdikdə sonuncu müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan götürdüyü pulu faizlə götürdüyünü və hər ay iddiaçıya 255 manat verdiyini bildirsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
41. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəflər arasında olan razılığa əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmiş, bununla da razılığın şərtlərini pozmuşdur. Buna görə də hesab etmişdir ki, cavabdeh öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 1700 manat məbləği iddiaçıya ödəməlidir.
42. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda, bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
43. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
44. Apellyasiya şikayətlərinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
45. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
47. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
48. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tаrixli, e-2(033)-1023/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
50. Hazırkı mülki iş üzrə mübahisələndirilən məbləğ 5 (beş) min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tаrixli, e-2(033)-1023/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov