Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-456/2020 10.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi və cavabdeh Babayev Qabil Nurməmməd oğlunun iştirakı ilə, İddiaçı Qorçuzadə Məhəmməd İsrayıl oğlunun cavabdeh Babayev Qabil Nurməmməd oğluna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-800/2019 nömrəli qətnaməsindən iddiaçı Qorçuzadə Məhəmməd İsrayıl oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-800/2019 nömrəli qətnaməsi ilə (hakim Rafayel Şirinov) iddiaçı Qorçuzadə Məhəmməd İsrayıl oğlunun cavabdeh Babayev Qabil Nurməmməd oğluna qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi rədd edilmişdir. İşin halları İddiaçı Qorçuzadə Məhəmməd İsrayıl oğlu (bundan sonra iddiaçı) cavabdeh Babayev Qabil Nurməmməd oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən çox saylı məhkəmə proseslərinə cəlb edildiyindən yol, nəqliyyat, hüquqi yardım alma, vəkil xidmətindən istifadə etmə və sair xərclər üçün maddi zərərin əvəzi kimi 1.500 manat və mənəvi zərərə görə 50.000 manat məbləğin alınaraq ona verilməsi və cavabdehin onu cinayətdə günahlandıraraq bu barədə məhkəmə və digər orqanlara rəsmi müraciət etdiyinə, onu həkim olaraq iş və ictimai yerdə hörmətdən salan hərəkət və fikirləri ilə işgüzar nüfuzuna xələl gətirdiyinə görə bu barədə yazdıqlarına təkzib verilməsi və ondan üzr istənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, nümayəndəsi Məmmədov Fərhad Möhübbət oğlu məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia tələbinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçı Yevlax rayonu Mərkəzi Xəstəxanasında həkim işləyir. Cavabdeh iddiaçı barəsində məhkəmələrə və digər dövlət orqanlarına müraciət edərək şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən ifadələr işlədərək iddiaçını hörmətdən salmış, əsassız olaraq məhkəmə çəkişmələrinə məcbur etmişdir. Belə ki, cavabdeh gözünün tutulmasının səbəbkarı kimi iddiaçını günahkar hesab edərək sağlamlığa zərərvurma, rüşvət tələb etmə, səlahiyyətlərdən sui-istifadə kimi cinayət əməllərini törətməkdə təqsirləndirərək bu barədə Səhiyyə Nazirliyinə və digər qurumlara həqiqətə uyğun olmayan məlumatlar yazmışdır. Daha sonra cavabdeh Yevlax Rayon Məhkəməsində iddia qaldıraraq gözündə yaranan problemlər ilə bağlı maddi və mənəvi ziyana görə iddiaçıdan ümumilikdə 3.000,000 manatdan çox vəsait ödənilməsini tələb etmişdir. Məhkəmə zamanı aparılan ekspertiza nəticəsində məhkəmə-tibbi və mütəxəssis oftamoloqun müayinələrinə əsasən cavabdehdə hər iki gözün qüzehli qişasının kolobomasının olduğu, bu patoloji prosesin anadangəlmə olması, cavabdehə müalicə məqsədi ilə təyin edilmiş dərman preparatlarının istifadəsi cavabdehin görmə qabiliyyətinin zəifləməsinə səbəb olmaması, cavabdehin hər iki gözündə olan patoloji prosesin anadangəlmə olması, göz almaları fəsadlı olduğu üçün torlu qişanın istənilən vaxt qopa bilməsi və cavabdehin almış olduğu travmanın buna təkanverici amil olması müəyyən edilmişdir. Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehin iddia tələbi rədd edilmişdir. Bundan sonra cavabdeh qətnamədən apelyasiya və kassasiya instansiya məhkəmələrinə şikayət vermiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı əsassız olaraq çoxsaylı məhkəmə proseslərinə cəlb edildiyindən yol-nəqliyyat, hüquqi yardım almaq, vəkil xidmətindən istifadə etmək üçün 1500 manat məbləğində pul sərf etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı və ailəsi mənəvi sarsıntı keçirmişdir. İddiaçı dəfələrlə məhkəmə proseslərində iştirak etməklə həyəcan keçirmiş, cavabdehin onu sağlamlığa zərər vurmaqda, rüşvət tələb etməkdə, səlahiyyətlərdən sui-istifadə etməkdə təqsirləndirərək yüksək həddə pul tələb etməklə iş fəaliyyətinə mənfi təsir etmiş və xəstələrini uzaqlaşdırmışdır. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyanı 50.000 manat məbləğində qiymətləndirir. İddiaçı çoxsaylı məhkəmə proseslərinə cəlb edildiyindən yolnəqliyyat, hüquqi yardım alma, vəkil xidmətindən istifadə etmə və sair xərclər üçün maddi zərərin əvəzi kimi 1.500 manat və mənəvi zərərə görə 50.000 manat məbləğin cavabdehdən alınaraq ona verilməsi və cavabdehin iddiaçını cinayətdə günahlandıraraq bu barədə məhkəmə və digər orqanlara rəsmi müraciət etdiyinə, onu həkim olaraq iş və ictimai yerdə hörmətdən salan hərəkət və fikirləri ilə işgüzar nüfuzuna xələl gətirdiyinə görə bu barədə yazdıqlarına təkzib verilməsi və ondan üzr istənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş ərizə göndərərək işə onun iştirakı olmadan baxmağı xahiş etmişdir. Birinci instansiya məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh ərizəsində göstərmişdir ki, 2015-ci ildə mobil telefon sağ gözünə dəymiş və bundan sonra müalicə olunmaq üçün Yevlax rayon Mərkəzi Xəstəxanasında göz həkimi işləyən Məhəmməd Qorçuzadəyə müraciət etmişdir. Məhəmməd Qorçuzadə ona gözündə ciddi problem olmadığını deyərək iki aylıq müalicə yazmışdır. Məhəmməd Qorçuzadənin səhv diaqnoz təyin etməsi nəticəsində onun yeganə görən sağ gözü tutulmuşdur. Sonra Akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzinin həkimlərinin tövsiyəsi əsasında Türkiyə Respublikasının İstanbul şəhərində əməliyyat olunmuşdur. Əməliyyat olunmasına və bu günədək gözündə müalicə aparılmasına baxmayaraq gözünü normal vəziyyətə qaytarmaq mümkün olmamışdır. O, gözünün tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmış və digər qurumlara da müraciət etmişdir. Amma onun iddia tələbi təmin edilməmişdir. Müvafiq qurumlar bu məsələyə obyektiv yanaşmamışlar. Gözü Məhəmməd Qorçuzadənin səhv diaqnoz təyin etməsi səbəbindən tutulmuş, ona maddi və mənəvi ziyan dəymişdir. O, Məhəmməd Qorçuzadəyə heç bir maddi və mənəvi ziyan vurmamışdır. İddiaçının tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı Qorçuzadə Məhəmməd İsrayıl oğlu apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı Qorçuzadə Məhəmməd İsrayıl oğlu apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsi işə mahiyyət üzrə baxsa da, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, mübahisə mahiyyəti üzrə öz həllini tapmamış, maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmə iddia tələbini mahiyyəti üzrə həll etməmişdir. Nəticədə onun hüquqları açıq-aşkar pozulmuşdur. Cavabdehin ərizə və şikayətlərində müraciət etməsi, təbiiki onun hüququdur. Ancaq insanın şərəf və ləyaqətini alçaltmaq heç bir kəsə huquq və ixtiyar vermir. Cavabdeh istədiyi qaydada, istədiyi sayda ərizə və şikayətlərlə müraciət etməsinə ölkəmizin qanunları və konstitusiya normaları tam ixtiyar verir. Mahiyyət isə ondan ibarətdir ki, cavabdeh həm onu məhkəməyə verir, həmdə şərəf və ləyaqətini alçaldır. Qanunları birbaşa ehtiva edir ki, heç bir hal insan şərəfini və ləyaqətini alçatmaq üçün səbəb ola bilməz. İsmayıllı Rayon Məhkəməsi vermiş olduğu ərizəni ümumiyyətlə araşdırmamışdır. Çıxarmış olduğu qətnamədə tələbin rədd edilməsi əsasını müəyyən etməmişdir. Halbu ki, ona qarşı işlədilən ifadələr insan şərəf və ləyaqətini alçaldan ifadələr olduğundan məhkəmə həmin fikirlərə münasibətdə müvafiq ekspertizanı keçirməmiş, tələbi mahiyyəti üzrə araşdırmamışdır. Göründüyü, kimi cavabdeh məhkəmə prosessində iştirak etməmiş, sözü gedən tələblə bağlı öz mövqeyini real olaraq ortaya qoymamışdır. O, həkimdir, Azərbaycan Respublikasının vətəndaşıdır, dövlətimiz hüquqi dövlətdir. Qanunlarımız bugün ölkəmizdə məhkəmələr tərəfindən ədalətlə icra edilir. Şəxs onu sağlamlığa zərər vurmada, rüşvət tələb etmədə, səlahiyətlərdən sui-istifadə etmədə təqsirləndirib, əsassız üzərinə ihtiham irəli sürüb, yüksək həddə pul tələb etməklə, şərliyərək bu fikirlərini ərizələrində və məhkəməyə vermiş olduğu iddiasında əks etdirmişdir, Bununla da şərəf və ləyaqətini alçatmaqla qeyd olunan ifadələri yaymaqla qanunsuzluq etmişdir. Məhkəmə qeyd etdiyi halları nəinki aydınlaşdırmış, hətta onun tələbini güya o, şəxsin məhkəmələrə vermiş olduğu ərizələri ilə əlaqədar maddi və mənəvi ziyan tələb etdiyini, qətnamənin giriş hissəsində əsassız olaraq əks etdirmişdir. Bununla da onun tələbini işin əsas mahiyyətindən kənara yönəltmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-800/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iddiasının təmin edilməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Babayev Qabil Nurməmməd oğlu apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-800/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı Qorçuzadə Məhəmməd İsrayıl oğlu lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı Qorçuzadə Məhəmməd İsrayıl oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-800/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(039)-1763/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən edilir ki, Babayev Qabil Nurməmməd oğlunun Qorçiyev Məhəmməd İsrayıl oğluna qarşı sağlamlığa ziyan vurmağa görə maddi zərərin ödənilməsi, mənəvi ziyana görə kompensasiya verilməsi, çəkilən xərclərin əvəzinin ödənilməsinə dair iddia tələbi rədd edilmişdir. İşdə olan xx xxxx 2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən edilir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Qabil Babayev gözünün tutulmasının səbəbkarı kimi Məhəmməd Qoçuzadəni günahkar hesab edərək məhkəmədə iddia qaldırmış, Səhiyyə Nazirliyinə və digər qurumlara müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin məhkəməyə müraciət etməsi, həqiqət hesab etdiyi məlumatları müxtəlif vəzifəli şəxslərə və dövlət orqanlarına ünvanladığı ərizəsində qeyd etməsi onun özünün haqlı saydığı hüquqlarını müdafiə etmək üçün vasitədir. Cavabdehin bu hüququnu realizə etməsi böhtan, şərəf, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi və nəticədə iddiaçıya maddi və mənəvi zərər vurulması kimi qiymətləndirilə bilməz. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 23.5-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Şərəf, ləyaqət və işgüzar nüfuz insanı bir şəxsiyyət kimi xarakterizə edən qeyrimaddi məzmunlu mənəvi göstəricilərdir. İnsan bu ali keyfiyyətlərə şəxsən özünün davranışı ilə. özünü bır şəxsiyyət kimi formalaşdırmaqla və öz insanlıq təyinatına müvafiq hərəkətləri ilə əldə edir. Bu keyfiyyətlərə malik olan insan cəmiyyət qarşısında, onun ştirakçıları qarşısında, nəhayət bir şəxsiyyət kimi şəxsən özü qarşısında öz məsuliyyətini aydın dərk edir və öz davranışını düzgün nizamlayır. Bütün bu keyfiyyətlər insana əxlaqi baxımdan öz davranışını mənəviyyata, qanunlara, əxlaq qaydalarına müvafiq olaraq nizamlamağa imkan verir və bunların nəticəsində insanın özünə qarşı şəxsi münasibəti və ona qarşı cəmiyyətdə ictimai münasibət formalaşır. Şərəf – şəxsin ictimai və şəxsi davranışı barədə mənəvi və əxlaqi prinsiplər baxımından ictimai rəydə formalaşmış sosial əhəmiyyətli müsbət qiymətdir. Ləyaqət – şəxsin öz mənəvi, əxlaqi və digər insani keyfiyyətlərinə, ictimai davranışına özünün verdiyi qiymətdir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 №-li qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi haqqında işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halda qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi: həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsalat-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir. Məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Qeyd edilən Plenum qərarının 4-cü bəndində göstərilir ki, qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülkiprosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi kimi baxıla bilər. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə, yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərdə səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlarda çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Bununlа yаnаşı "Vətəndаşlаrın mürаciətləri hаqqındа" Аzərbаycаn Respublikаsı Qаnununun 1.1-ci mаddəsinə əsаsən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının: 10.1-ci maddəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. 10.2-ci maddəsinə əsasən Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Yuxarıda göstərilən qanun normalarının tələbləri baxımından birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin gözünün tutulması kimi ağır hadisədən onun həkimi olmuş iddiaçını günahkar tutması və bununla bağlı müxtəlif qurumlara şikayətlər etməsi, məhkəmədə iddia qaldırması iddiaçının şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı Qorçuzadə Məhəmməd İsrayıl oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-800/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-800/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı Qorçuzadə Məhəmməd İsrayıl oğlu tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-456/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-456/2020
10.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver