Məhkəmə qərarları › İş №2(107)-460/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-460/2022

03.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-460/2022 03.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hasarın, tikililərin, darvaznın cavabdehlərin vəsaiti hesabına sökülməsi, həyətdə hər hansı bir tikili tikmək, dəyişiklik aparılmasının qadağan edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququ, hüquqdan su istifadə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdehlər Cavabdeh1 və onun vəkili X4, Cavabdeh2 iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(051)-404/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hasarın, tikililrəin, darvaznın cavabdehlərin hesabına sökülməsi, cavabdehlər tərəfindən həyətdə hər hansı bir tikili tikmək, dəyişiklik aparılmasına qadağan edilməsi, fərdi yaşayış evinin bütün tikililərindən, torpağından istifadəyə cavabdehlər tərəfindən maneələrin aradan qaldırıması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək fərdi yaşayış evini faktiki iki hissəyə bölmüş hasarın icazəsi olmadan aparılan tikililərin, darvazanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülməsi, həyətdə hər hansı tikili tikmək, dəyişiklik aparılmasına cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 fərdi yaşayış evi və 0,0619 ha torpaq sahəsi onun tam mülkiyyətindədir. Cavabdeh1 onun oğlu, digər Cavabdeh2 da Cavabdeh1 arvadıdır. Cavabdehlər də onun mülkiyyətində olan evdə yaşayırlar. Cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsinin ortasından şiferlə hasar çəkərək iki hissəyə bölmüş və bununla da mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə mane olmuşlar. Şiferdən çəkilmiş hasar onun yaşadığı evə çox yaxın olduğuna görə isti havada normal nəfəs almaq mümkün olmur. Cavabdehlər hasarın digər tərəfində onun razılığı olmadan tikililər tikirlər, həmçinin, ayrı darvaza qoymuşlar. Nəticədə o, mülkiyyətində olan fərdi yaşayış evində, normal şəraitdə yaşaya bilmir, torpaq sahəsindən tam istifadə edə bilmir. İddianın təmin olunmasını, ünvan 1 evin həyətini iki hissəyə bölmüş, texniki pasportda qeyd olunmayan hasarın, onun icazəsi olmadan aparılan tikililərin, darvazanın, cavabdehlərin vəsaiti hesabına sökülməsi, həyətin əvvəlki vəziyyətə qaytarılması, cavabdehlərə həyətdə hər hansı tikili tikmək, dəyişiklik aparılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(051)-404/2021 saylı qətnaməsi ilə (hakim M.Kərimova) iddianın təmin olunması, ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsini iki hissəyə bölmüş şiferdən çəkilmiş hasar, iddiaçının razılığı olmadan aparılan tikililər, darvazanın cavabdehlərin vəsaiti hesabına sökülməsi, cavabdehlərə həyətdə hər hansı tikili tikmək, dəyişiklik aparmasının qadağan edilməsi, iş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* №-li Çıxarışa əsasən, ünvan 1 ev, 0,0619 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. ünvan 1 ünvanda yerləşən fərdi ev və 0.0619 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdehlərin həmin evə və ya torpaq sahəsinə mülkiyyət payları olması müəyyən edilmədi. Cavabdehlər iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsini iddiaçının razılığı olmadan şiferlə iki hissəyə bölərək torpağın digər hissəsində tikinti işləri aparırlar, eləcə də torpağın həmin hissəsinə giriş-çıxış üçün darvaza qoymuşlar. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçının mülkiyyətçi kimi hüquqları cavabdehlər tərəfindən pozulduğuna görə iddia təmin olunmalı, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsini iki hissəyə bölmüş şiferdən çəkilmiş hasar, iddiaçının razılığı olmadan aparılan tikililər, darvaza cavabdehlərin vəsaiti hesabına sökülməli, cavabdehlərə həyətdə hər hansı tikili tikmək, dəyişiklik aparması qadağan edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən həyatyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən evlərin İddiaçı Yunis qızının adına hansı vaxtdan və hansı şərtlərlə keçməsini dəqiq aydınlaşdırmamışdır. Belə ki, qeyd olunan, mübahisə edilən 0,0619 ha həyatyanı torpaq sahəsi və 2 yaşayış evləri Cavabdeh1 mərhum atası Vahid Qasımovun mülkiyyətində olmuş və atasının sağlığında və atasının ölümündən sonra həyat yoldaşı Cavabdeh2 və azyaşlı 3 övladı ilə birlikdə həmin köhnə qəzalı evdə yaşayırlar. Hələ mülkiyyətçi olan mərhum Vahid Qasımovun sağlığında onun icazəsi ilə həyatyanı torpaq sahəsi iki yerə bölünmüş və Vahid Qasımov vəfat edəndən sonra vərəsələr mirası qəbul edən zaman İddiaçı Yunis qızı ilə notariusda şərtlə, yəni Vahid Qasımovdan miras qalmış əmlakı mülkiyyətçi kimi İddiaçı adına rəsmiləşdirilməsinə Cavabdeh1 bu şərtlə razılıq vermişdir ki, həmin həyatyanı torpaq sahəsi iki yerə bölünmüş vəziyyətdə qalsın, ayrıca giriş darvazası olsun və həmin torpaq sahəsinin arasında çəkilmiş hasar qalmaqla həyətdə Cavabdeh1 yeni ev tikintisinə icazə verilsin. İlk vaxtlar İddiaçı Yunis qızı tərəfindən bu razılıq olsa da, sonradan kimlərinsə öyrətməsi ilə aralarında mülki mübahisələri yaranmışdır. ünvan 3 ünvanda yerləşən həyatyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən evlər miras əmlakdır və həmin əmlaka dair Cavabdeh1 məcburi pay huququ və Cavabdeh2 isə yaşamaq və mülkiyyət hüququ vardır. Həmin torpaq sahəsində yerləşən ünvan 4 ünvanında ayrıca su, işıq, qaz sayğacları, ayrıca telefon və internet xətti vardır. Lakin, Mingəçevir Şəhər Məhkəməsi nədənsə bu halları düzgün qiymətləndirməmiş və əsassız olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kobud surətdə hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Mingəçevir Şəhər Məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyət huquqlarını pozmuş, onların mülkiyyətində və istifadələrində olan torpaq sahəsinə və daşınmaz əmlaka dair sərəncam vermək huquqlarını məhdudlaşdıraraq, əsas qanunun tələblərini kobud surətdə pozmuşdur. Konstitusiyanın “Dövlət vərəsəlik huququna təminat verir” müddəasının olmasına baxmayaraq, Cavabdeh1 məhkəmədə sübutlar təqdim edərək, mübahisə edilən ünvan 5 ünvanda yerləşən torpaq sahəsinin və yaşayış evlərinin vərəsəlik qaydasında mərhum Vahid Qasımovdan onlara keçdiyini bildirməsinə və həmin əmlakdan onun da bərabər miras pay hüququnun olmasına dair izahat verməsinə baxmayaraq Mingəçevir Şəhər Məhkəməsi Əsas Qanunun bu tələblərini də kobud surətdə pozaraq, əmlakın və torpaq sahəsinin ilkin mülkiyyətçisi mərhum Vahid Qasımovun icazəsi ilə min bir zəhmətlə, əziyyətlə və xərclə tikdirdiyi yarımçıq evin tikintisinin sökülməsinə, neçə illər bundan əvvəl qoyulmuş dəmir darvazanın və çəkilmiş hasarın sökülməsi barədə qətnamə qəbul etməklə cavabdehləri ağır maddi duruma salmış və cavabdehlərə münasibətdə onların hüquqları kobud surətdə pozulmuşdur. Mülki Qanunvericiliyinin bu müddəalarında konkret olaraq göstərilmişdir ki, mülkiyyət huququ həmçinin, əmlakdan istifadə hüququ, əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər və qanunun tələblərinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Lakin, Mingəçevir Şəhər Məhkəməsi Mülki Qanunvericiliyin bu tələblərinə məhəl qoymadan mülkiyyətçi- İddiaçı sanki xüsusi imtiyaz verməklə, mübahisə olunan ünvan 6 ünvanda yerləşən torpaq sahəsinin və yaşayış evlərinə dair onlar cavabdehlərin əmlaka dair istifadə və mülkiyyət hüquqlarını pozmaqla qətnamə qəbul etmişdir. MM-nin 158.4-cü maddəsinin tələbləri kobud surətdə pozularaq, əmlak hüquqlarının mülkiyyətçi tərəfindən pozulmasına baxmayaraq, Mingəçevir Şəhər Məhkəməsi mülkiyyətçi İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlak hüquqlarının pozulmasından müdafiə etmək əvəzinə, əksinə üzərində əmlak hüququ olan zəhmətlə, əziyyətlə və xərclə tikdirdiyi yarımçıq evin tikintisinin sökülməsinə, neçə illər bundan əvvəl qoyulmuş dəmir darvazanın və çəkilmiş hasarın sökülməsi barədə qətnamə qəbul etməklə cavabdehləri ağır maddi duruma salınmasına səbəb olmuşdur. Ona görə də o, məhkəmə kollegiyasından Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinin ləğv olunması və yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və onun vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X3 apellyasiya şikayətinə etirəz edərək, təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(051)-404/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Apelyator Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(051)-404/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(051)-404/2021 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətçi kimi hüquqları cavabdehlər tərəfindən pozulduğuna görə iddia təmin olunmalı, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsini iki hissəyə bölmüş şiferdən çəkilmiş hasar, iddiaçının razılığı olmadan aparılan tikililər, darvaza cavabdehlərin vəsaiti hesabına sökülməli, cavabdehlərə həyətdə hər hansı tikili tikmək, dəyişiklik aparması qadağan edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* №-li Çıxarışa əsasən Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 86/3 nömrəli ev, 0,0619 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə gəlinidir. İddiaçının əri Vahid Qasımov vəfat etdikdən sonra ərinin mülkiyyətində olan ev vərəsəlik qaydasında, onun adına keçmişdir. Digər vərəsələr, o cümlədən Cavabdeh1 buna razılıq vermiş və mirasdan imtina etmişdir. Cavabdeh1 miras əmlakdan imtina etməyinin səbəbi isə iddiaçı ilə aralarında olan şifahi razılaşma olmuşdur. İddiaçı ilə oğlu, Cavabdeh1 həmin razılaşmaya əsasən atası Vahid Qasımovdan ona çatan miras əmlakdan imtina edir, İddiaçı isə evə mülkiyyət hüququ haqqında şəhadətnamə aldıqdan sonra öz həyətində oğlu Cavabdeh1 ev tikməyə icazə verir. İşin bu halını tərəflər məhkəmə iclasında verdikləri izahatlarla təsdiq etmişlər. Lakin tərəflərin razılığına baxmayaraq İddiaçı oğlu Cavabdeh1 çatası miras payını ələ keçirdikdən sonra İddiaçı hazırkı cavabdehlərə qarşı istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, evdən və torpaqdan çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli 2(051)-299/2019 saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarı “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam verməsi və mənzildən məcburi qaydada çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(107)-1595/2019 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30000 manat məbləğində kompensasiya verilməklə, İddiaçı mülkiyyətində olan, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evindn istifadə hüququna xitam verilməsi və cavabdehlərin əmlakları ilə birlikdə həmin ünvanda yerləşən fərdi yaşayış evindən və həyətdən məcburi qaydada çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli 2(102)-6854/2019 saylı qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. İddiaçı apelyasiya şikayətindən imtina etmiş, Şəki Apellyasiya Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(107)-40/2021 saylı qərardadı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına İddiaçı münasibətdə xitam verilmişdir. Bundan sonra isə iddiaçı cavabdehlərə qarşı fərdi yaşayış evini faktiki iki hissəyə bölmüş hasarın icazəsi olmadan aparılan tikililərin, darvazanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülməsi, həyətdə hər hansı tikili tikmək, dəyişiklik aparılmasına cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, mübahisə edilən 0,0619 ha həyatyanı torpaq sahəsi və 2 yaşayış evləri Cavabdeh1 mərhum atası Vahid Qasımovun mülkiyyətində olmuş və atasının sağlığında və atasının ölümündən sonra həyat yoldaşı Cavabdeh2 və azyaşlı 3 övladı ilə birlikdə həmin köhnə qəzalı evdə yaşayırlar. Hələ mülkiyyətçi olan mərhum Vahid Qasımovun sağlığında onun icazəsi ilə həyatyanı torpaq sahəsi iki yerə bölünmüş və Vahid Qasımov vəfat edəndən sonra vərəsələr mirası qəbul edən zaman İddiaçı Yunis qızı ilə notariusda şərtlə, yəni Vahid Qasımovdan miras qalmış əmlakı mülkiyyətçi kimi İddiaçı adına rəsmiləşdirilməsinə Cavabdeh1 bu şərtlə razılıq vermişdir ki, həmin həyatyanı torpaq sahəsi iki yerə bölünmüş vəziyyətdə qalsın, ayrıca giriş darvazası olsun və həmin torpaq sahəsinin arasında çəkilmiş hasar qalmaqla həyətdə Cavabdeh1 yeni ev tikintisinə icazə verilsin. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, məhkəmə kollegiyası müəyyən etmişdir ki, tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı razılıq əldə edilmiş, razılıq nəticəsində cavabdeh miras payından iddiaçının xeyrinə imtina etmiş və iddiaçıya məxsus həyətdə ev tikmişdir. Lakin onlar arasında həmin evin həyətin nə qədər sahəsini əhatə edəcəyi barədə heç bir razılaşma olmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, həm cavabdehin mirasdan məhrum edilməsi, həm də onun tərəfindən ünvan 8 ünvanda yerləşən həyətyanı torpaq sahəsində tikilmiş tikilinin sökülməsi Mülki Məcəllənin 560.1, 560.2-ci, və 158-ci maddələrinə ziddir. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Eyni zamanda Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına əsasən Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Kollegiyanın qənaətinə görə iddia təmin ediləcəyi halda Cavabdeh1 miras əmlakdan imtina etməsinin onun üçün heç bir müsbət nəticəsi olmur. Yəni həm miras əmlakdakı payından məhrum olur, həmdə tərəflərin razılığı ilə həyətdə tikilmiş evin, hasarın sökülməsi ilə ona külli miqdarda zərər vurulur. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən kollegiya mübahisənin əsas məqamlarından birinə diqqət çəkməyi lazım bilir. Belə ki, iddiaçı tərəf kollegiyanın iclasında verdiyi izahatında apelyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, o cavabdehə aid evin, hasarın, tikililərin tamamilə sökülməsini istəmir. Etirazını belə əsaslandırır ki, o, oğluna 1,5 sot torpaq sahəsində tikinti işləri aparmağa icazə vermişdir. Ancaq o, razılaşmanı pozaraq 1,5 sot torpaq sahəsindən kənara çıxmışdır. Kollegiya hesab edir ki, iddiaçının bu etirazı əsassızdır. Belə ki, mübahisəli ev tam hazır deyil, ev hazır olduqdan sonra onun ətrafında hasar çəkildikdə həmin məsələyə qayıtmaq mümkündür. Eyni zamanda tərəflərin belə razılaşması iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq təmin etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 23.11.2021-ci il tarixli 2(051)-404/2021 saylı qətnaməsi ləğv edilməlidir. Yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(051)-404/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar