Məhkəmə qərarları › İş №2(107)-47/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-47/2023

31.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-47/2023 31.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi ilə, İddiaçı9bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 Hüseyn oğluna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı, 2021-ci ilin noyabr ayında X3 X1 rayonu Cülyan kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsini məftil torla hasara alaraq, torpaq sahəsində müxtəlif meyvə ağacları əkmişdir. Qeyd olunan hasar 2021-ci ilin dekabr ayında cavabdehlər tərəfindən sökülmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş maddi zərərin əvəzi kimi 1.755 manat, mənəvi zərərin əvəzi kimi 10.000 manat olmaqla, 11.755 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ikinci Qarabağ müharibəsi iştirakçısıdır. X4 birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla 2-ci qrup müharibə əlili, bacısı Elnarə Kərimova isə ümumi xəstəlikdən 1-ci qrup əlilidir. O, İsmayıllı rayonu Cülyan kəndi ərazisində yerləşən Meşə İdarəsinə aid 0,12 hektar torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün şifahi qaydada X2 və Bərpası Müəssisəsinə müraciət etmişdir. Bundan sonra o, hər biri 2 metr uzunluğunda dəmir borular, məftil tor, giriş qapısı üçün taxtalar və digər şeylər alaraq ərazini məftil torla hasara aldırmışdır. Hasara aldığı torpaq sahəsində 9 ədəd müxtəlif meyvə ağacları əkmişdir. 10 dekabr 2021-ci il tarixdə hasara aldığı torpaq sahəsinə müəyyən işlər görmək üçün getdikdə görmüşdür ki, torpağın ətrafına çəkdiyi məftil hasar dağıdılıb, dirək kimi torpağa basdırılan dəmir borular əyilərək yararsız hala salınıb, taxtalar sındırılıb, həyətdə əkdiyi bütün meyvə ağacları isə dibindən sındırılaraq məhv edilmişdir. Onun şikayəti əsasında İsmayıllı rayon Polis Şöbəsinin təhqiqatçısı tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, hadisəni törədənlər cavabdehlər olmuşdur. Hadisə nəticəsində ona 1.755 manat məbləğində maddi zərər dəymişdir. Hadisə ilə əlaqədar keçirtdiyi əsəb gərginliyindən və stresdən xəstəxanaya düşmüş və Şəki şəhərində yerləşən ruhi-əsəb xəstəxanasında müalicə olunmuşdur. O, hal-hazırda da ev şəraitində müailcə olunur. Ona vurulmuş mənəvi zərəri 10.000 manat məbləğində qiymətləndirir. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(037)- 303/2022 nömrəli iş üzrə qəbul etdiyi 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Şirinov) iddia təmin edilməmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı İsmayıllı rayonu Cülyan kəndi ərazisində yerləşən X2 və Bərpası Müəssisəsinə aid 0,12 hektar torpaq sahəsini qanunsuz olaraq məftil torla hasara almışdır. Bu səbəbdən həmin kəndin bir çox sakinləri iddiaçıya etirazlarını bildirsələr də, sonuncu buna məhəl qoymamışdır. Bundan sonra cavabdehlər Meşə İdarəsinin və “Şahdağ” Milli Parkının işçilərinin iştirakı ilə 07 dekabr 2021-ci il tarixdə iddiaçının özbaşına çəkdiyi setka məftildən ibarət hasarı sökərək kənara qoymuşlar. İddiaçı həmin torpaq sahəsinə dair hər hansı bir hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan fakt məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlmişdir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə qanunsuz qətnamə qəbul etmişdir. Həmin qətnamə maddi və prоsessual hüquq nоrmalarının kobud şəkildə pоzulması,düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, məhkəmə iddiaçının İsmayıllı rayon Cülyan kəndi ərazisində yerləşən X2 və Bərpası Müəssisəsinə aid 0,12 hektar torpaq sahəsini qanunsuz olaraq məftil torla hasara aldığını və həmin kəndin bir çox sakinlərinin iddiaçıya etirazlarını bildirmələri, lakin iddiaçının buna guya məhəl qoymadığını göstərmişdir. Halbuki, iddiaçı X2 və Bərpası Müəssisəsinə müraciət etmişdir. Bundan sonra iddiaçı hər biri 2 metr uzunluğunda dəmir borular, məftil tor, giriş qapısı üçün taxtalar və digər şeylər alaraq ərazini məftil torla hasara aldırmışdır. Bundan sonra cavabdehlər Meşə İdarəsinin və “Şahdağ” Milli Parkının işçilərinin iştirakı ilə iddiaçı tərəfindən çəkilmiş setka məftildən ibarət hasarı sökərək kənara qoyulmuşlar. Cavabdehlər subut etməyə çalışırlar ki, guya onlar həqiqəti danışırlar. İddiaçının əmlakı yararsız vəziyyətə salınmışdır.Təssüflər olusun ki məhkəmə faktları araşdırmaq, iş üçün əhəmiyyətli olan faktların sübut edilməsi üçün səy göstərməmişdir. Bu məsələ ətrafında demək olar ki, cavabdehlərə heç bir sual verməmişdir. Belə olan halda iddiaçıya dəymiş olan maddi zərərin əvəzi də məhz cavadehlər tərəfindən ödənilməli olduğu halda məhkəmə iddianı təmin etməmiş, iddia tələbini əsassız olaraq rədd etmişdir. Torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Rayon Məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, mübahisənin həllində sadalanan maddi hüquq normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmiş, işin həqiqi hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin miqdarının daha az ödənilməsi nəzərdə tutulsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun vədəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsinhərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflərin, o cümlədən də iddiaçının özünün izahatları və iş materialları ilə müəyyən edilir ki, iddiaçı X3 X1 rayonu Cülyan kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsini qanunsuz olaraq məftil torla hasara alaraq, torpaq sahəsində müxtəlif meyvə ağacları əkmişdir. Cavabdehlər tərəfindən həmin hasar sökülmüşdür. İddiaçı qeyd edir ki, cavabdehlərin hərəkəti nəticəsində ona 1.755 manat maddi ziyan dəymişdir. İddiaçıya vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə Məhkəmənin təşəbbüsü ilə xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbacan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Tədqiqat obyektinə baxış keçirilməsi barədə ekspertin xx.xx.2022-ci il tarixli vəsatəti təmin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli məlumatından müəyyən olunur ki, iş üzrə tərəflərin baxışda iştirak etməməsi və tədqiqat obyektinin təqdim edilməməsi səbəbindən baxış baş tutmamışdır. Belə ki, iddiaçının telefon nömrəsi ilə əlaqə saxlanılmış, lakin iddiaçı qarşı tərəflə razılığa gəldiklərini əsas gətirərək baxışda iştirak etməkdən imtina etmişdir. Yaranmış vəziyyəti nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 97.5-ci maddəsinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Odur ki, vurulduğu iddia edilən maddi zərərin məbləğinin iddiaçının özünün istəyi ilə müəyyən etməyin mümkün olmamasını nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının dəlilləri müzkirə olunan hissədə əsassızdır. MPM-nin tələblərinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Göstərilən prosessual hüquq normalarının tələbindən çıxış edən Məhkəmə bildirir ki, iddiaçının mövqeyi sübuta söykənmir. İş materiallarına əlavə edilmiş və yuxarıda adıçəkilən sübutların mövcudluğunu da nəzərə alan Məhkəmə bu qənaətə gəlir ki, maddi zərərin əvəzinin ödənilməsi hissəsində iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticə düzgündür və işin faktiki hallarına uyğundur. Məhkəmə, iddianı mənəvi zərərin tələb edilməsi hissəsində də əsassız hesab edərək qeyd edir ki, iddiaçı ona mənəvi zərər dəydiyini, yaşadığı mənəvi ziyana görə ona pul formasında təzminat ödənilməsini tələb etsə də, mənəvi zərərin dəyməsini sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı müzakirə edilən bu tələbini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etmədiyinə görə müzakirə edilən tələb əsassızdır. Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid olan dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə İsmayıllı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 aprel 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar