Məhkəmə qərarları › İş №2(107)-474/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-474/2021

30.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-474/2021 30.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-995/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-995/2020 saylı qətnaməsi ilə (hakim Tural Həsənov) iddia ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 191 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********42 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,4996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, daşınmaz əmlakın dövlət reyestrində 145 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********80 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,2060 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi, daşınmaz əmlakın dövlət reyestrində 145 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********79 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,2930 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əlmələr) torpaq sahəsi, daşınmaz əmlakın dövlət reyestrində 191 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********41 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,3693 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin 1/7 hissədən ibarət olmaqla paylarının müəyyən edilməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ümumi birgə mülkiyyətdə olan 0.4996 ha torpaq sahəsi üzərində, ********** qeydiyyat nömrəli xx.xx.2020 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ümumi birgə mülkiyyətdə olan 0.3693 ha torpaq sahəsi üzərində, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş ümumi birgə mülkiyyətdə olan 0.2930 ha torpaq sahəsi üzərində, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş ümumi birgə mülkiyyətdə olan 0.2060 ha torpaq sahəsi üzərində hər birinin payının bərabər olması, yəni hər birinin payının 1/7 hissə olmasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 iddia ərizəsini müdafiə edərək göstərmişdiri ki, onların ümumi birgə mülkiyyətlərində bir neçə yerdə torpaq sahələri vardır. Həmin torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən Çıxarışlar da verilmişdir. Cavabdeh2 keçmiş əridir. Nikahları uzun illərdir pozulmuş və ayrı yaşayırlar. Digər cavabdehlər isə Cavabdeh2 anası və bacılarıdır. Lakin ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindən cavabdehlər özləri istifadə edirlər, onlara düşən hissədən də istifadə edərək onların əmlakını mənimsəyirlər. Torpaq sahəsinin sənədləri dövlət tərəfindən indiyə qədər camaata paylanmadığına görə özlərinə məxsus torpaq sahəsi tələbi ilə məhkəmədə iddia qaldıra bilməmişlər. Torpaq sahələri üzərində paylar məlum olmadığından hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşlar. Məqsədləri torpaq üzərində payları müəyyən etdirdikdən sonra naturada böldürməkdir. İddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 vəkili Vəkil iddiaçının verdiyi izahatın məzmununa uyğun çıxış edərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia ərizəsində göstərilənləri qəbul etməyərək göstərmişdir ki, iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətində 4 torpaq sahəsi var. Həmin torpaq sahələrinin bir hissəsindən o və cavabdeh olan bacısı Fazilət Abdullayeva istifadə etsə də, torpaq sahəsinin qalan hissəsindən iddiaçılar istifadə edir. O, iddiaçılara mülkiyyətində olan torpaq sahələrindən paylarını vermişdir. Öz istifadəsində olan torpaq sahəsinə isə müəyyən xərclər çəkmiş və həmin torpaq sahəsini abadlaşdırmışdır. Hazırda istifadəsində olan torpaq sahəsində iddiaçıların paylarının müəyyən edilməsinə etiraz edir və iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X1 Cavabdeh2 izahatına uyğun izahat verərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh2 apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaya cavab verməli olan 4 nəfərdən ikisi - X3 xx.xx.2005-ci il tarixdə, Cavabdeh1 isə xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən iddia iddiaya cavab verməyi mümkün olmayan şəxsə qarşı qaldırılmışdır. Həyatda olmayan şəxsə qarşı verilmiş iddia tələbi və onun əsasında çıxarılmış qətnamə qanunsuzdur. Məhkəmə qətnaməsində bu hal məhkəmə tərəfindən araşdırılmamış və göstərilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxx 2004-cü il qətnaməsinə əsasən iddiaçıların mülkiyyət hüququ tanmmamışdır. Həmin qətnamədən sonra o, iddiaçılara 0.75 ha torpaq sahəsini və sənədsiz olan fərdi yaşayış evini faktiki olaraq vermişdir. Ümumlikdə evin yerləşdiyi ərazi 10 sotdur, evin yerləşdiyi ərazidə əlavə olaraq təxminən 10 sota yaxın da torpaq vardır. Ümumilikdə götürdükdə iddiaçıların istifadəsində 0.95 ha torpaq sahəsi vardır. İddiaçılar onun keçmiş həyat yoldaşı və uşaqlarıdır. Hazırda iddiaçılar onun tikdiyi evdə yaşayırlar. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-995/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)- 995/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,4996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,2060 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi, 0,2930 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əlmələr) torpaq sahəsi və 0,3693 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında mülki iş üzrə tərəflərin adına qeydiyyata alınmışdır. Hazırkı iddia ərizəsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3, Balayeva X2 rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,4996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,2060 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi, 0,2930 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əlmələr) torpaq sahəsi və 0,3693 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hər birinin 1/7 hissədə paylarının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5-ci madəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəlləsinin 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəlləsinin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Qeyd edilən hüquq normalarının məzmunundan da göründüyü kimi, daşınar və ya daşınmaz əşyaya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir və birgə mülkiyyət iştirakçılarının razılaşması olmadıqda məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Birinci instansiya məhkəməsi işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlmişdir ki, iddia ərizəsi qanuni və əsaslı olduğuna görə təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş; daşınmaz əmlakın dövlət reyestrində 191 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********42 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,4996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, daşınmaz əmlakın dövlət reyestrində 145 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********80 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,2060 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi, daşınmaz əmlakın dövlət reyestrində 145 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********79 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,2930 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əlmələr) torpaq sahəsi, daşınmaz əmlakın dövlət reyestrində 191 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********41 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,3693 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin 1/7 hissədən ibarət olmaqla payları müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya şikayətinin dəlilləri ancaq formal mülahizələrdən ibarət olmuşdur. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-995/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-995/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar