Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-48/2022 02.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İByə qarşı “yolun açılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: yolun açılması, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı3, Cavabdeh1 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tаrixli, 2(075)-6/2021 saylı qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Şorsu kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evinə gedən yolun zəbtdən azad edilməsi və yolun cavabdehlərin hesabına genişləndirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı1 iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 İB-ni cavabdeh qismində cəlb edərək Şəki rayonu Şorsu kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evinə gedən yolun zəbtdən azad edilməsi və yolun cavabdehlərin hesabına genişləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, Cavabdeh3 İB cavabdeh qismində cəlb edilmişdir. Məhkəmədə işə baxılarkən İddiaçı1 vəfat etdiyi müəyyən edilmiş, onun vərəsələri İddiaçı2 və İddiaçı3 iddiaçı, X3, Pirimova (Paşayeva) Bahar Beydullah qızı, İskəndərova (Paşayeva) Gülafət Beydullah qızı, Şaxnıyeva (Paşayeva) Şərafət Beydullah qızı və X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 onun əridir. Əri 26 iyul 2020-ci il tarixdə vəfat etmişdir. Mərhum əri 1985-ci ildə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi almış, əvvəllər evinə gedən yoldan maneəsiz istifadə etmişdir. Sonradan qonşuluqda yaşayan həmkəndliləri Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evinə gedən yolu zəbt etmişlər. Yol o dərəcədə daralmışdır ki, texnikalar və kənd təsərrüfatı məhsullarını (ot, apra, buğda və s.) evinə gətirə bilmirlər. Bundan başqa kəndə qaz xətti çəkilərkən cavabdehlərə çəpərlərini bir qədər darlaşdırmağı təklif etmiş, qeyd etmişlər ki, belə olduğu təqdirdə qaz xətti onların həyətindən keçə, gediş-gəliş zamanı qaz xəttinə ziyan dəyə bilər. Lakin cavabdehlər onunla razılaşmamış və qaz xətti də çəkildikdən sonra evinə gedən yol tamamilə qısalmışdır. Mübahisəli yolun başlanğıc hissəsində eni 6 m, onların evinə gedən yolun eni isə 3 m-dir. Bununla bağlı dəfələrlə cavabdehlərə, daha sonra bələdiyyəyə müraciət etmişlər. Lakin heç bir nəticəsi olmamışdır. Hazırda Şəki rayonu Şorsu kəndində yerləşən mülkiyyətlərində olan fərdi yaşayış evinə gedən yolun zəbtdən azad edilməsi və yolun cavabdehlərin hesabına genişləndirilməsini, qaz xəttinin yerinin dəyişdirilməsini tələb edirlər. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirdi ki, mübahisəli yoldan iri maşın çətinliklə keçə bilər. Lakin onlar fərdi yaşayış evinə gedən yola istənilən avtomobilin sərbəst gediş-gəlişinin təmin edilməsini istəyirlər. Məhz buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tаrixli, 2(075)-6/2021 saylı qətnaməsi ilə İddiaçı2 və İddiaçı3 «Şəki rayonu Şorsu kəndində yerləşən mülkiyyətlərində olan fərdi yaşayış evinə gedən yolun zəbtdən azad edilməsi və yolun cavabdehlərin hesabına genişləndirilməsi» tələbinə dair iddialarının təmin edilməməsi, 150 manat ekspertiza xərcinin İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 12 iyun 2009-cu il tarixli, A seriyalı, 180027 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 nömrəli qərarına ilə Şəki rayonu Şorsu kənd sakini İddiaçı1 fərdi yaşayış evi tikmək üçün 1600 kv.m torpaq sahəsi verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 26 noyabr 2020-ci il tarixli, 209 saylı ekspert rəyi ilə mübahisəli yolun Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 nömrəli qərarına əsasən Şəki rayonu Şorsu kənd sakini İddiaçı1 kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1600 kv.m torpaq sahəsinə dair “A” seriyalı 180027 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində nəzərdə tutulmadığı, həmin yolun və ya onun hər hansı hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddiaçıların izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab etmişdir ki, iddia tələbinin qanuni əsası olmadığından rədd olunmalıdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunur ki, mübahisə predmeti olan yol Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 nömrəli qərarına əsasən Şəki rayonu Şorsu kənd sakini İddiaçı1 kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1600 kv.m torpaq sahəsinə dair “A” seriyalı 180027 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində nəzərdə tutulmamışdır. İddiaçıya məxsus fərdi yaşayış evinə gedən yol və ya onun hər hansı hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilməmişdir. Bundan başqa həmin ərazidə qaz xətti çəkilərkən bütün fərdi yaşayış evlərinə münasibətdə qaz xəttinin sxematik planı tərtib edilmiş, həmin vaxt iddiaçının hər hansı tələbi olmamışdır. Mübahisəli yol cavabdehlər tərəfindən zəbt edilmədiyindən hazırda qaz xəttinin dəyişdirilməsini də məhkəmə məqsədəmüvafiq hesab etmir. Odur ki, iddia tələbi əsaslı deyildir. Şərh edilən maddələrə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İB-nə qarşı “yolun açılması” tələbinə dair iddiaları əsassız hesab edilərək təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.3, 157.2, 157.4, 170.1, 178.1, 238.1-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1, 111-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Şəki rayonunun Şorsu kəndində yaşayır. Yaşadığı illərdi yaşayış evi 1985-ci ildə atası, mərhum İddiaçı1h Hacı oğlu tərəfindən inşa edilmişdir. Həmin evin yerləşdiyi 0.16 ha torpaq sahəsi X6 Komissiyasının 11 iyul 1998-ci il tarixli 54 nömrəli qərarına əsasən həyətyanı torpaq sahəsi kimi atasının xüsusi mülkiyyətinə verilmişdir. Evə iki yolla getmək mümkündür. İri qabaritli və ağır maşınla isə ancaq bir yolla getmək mümkündür. Belə ki, həyətyanı torpaq sahəsi yerin relyefinə görə hündürdə yerləşir və eyni zamanda torpağın gilli olması kənd təsərrüfatı məhsullarının maşınla həmin yolla gətirilməsi mümkün olmamaqdadır. Digər ikinci yol isə əlverişlidir, lakin həmin ümumi istifadə yolu qonşuları tərəfindən zəbt olunmuş və nəticədə yolu keçmək çətinləşmişdir, 2017-ci ildə həyətlərinə ot gətirən zaman maşın qonşusu Cavabdeh2 dam örtüyünə dəydi və şiferi sındırdı. Nəticədə ondan polisə şikayət etdi. Ona və sürücüyə cərimə yazıldı. Elə o gündən aralarında mübahisə yaranmışdır. Qonşuları Cavabdeh2 və Cavabdeh1 tərəfindən Şorsu bələdiyyəsinə məxsus ümumi istifadə olunan yol iki tərəfdən zəbt olunmuş və nəticədə yol daralmışdır. Məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının ona verdiyi hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə onu "yola verdi”. Belə ki, məhkəmə, məhkəmə araşdırması aparan zaman ekspertə müraciət etmiş və "Müstəqil Məhkəmə Ekspertizası” MMC tərəfindən verilmiş rəyində “A” seriyalı 180027 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində mübahisəli olan yolun nəzərdə tutulmadığı qeyd edilmişdir. Məlumat üçün bildirir ki, torpaq islahatı zamanı və ya ümumiyyətlə mülkiyyətə, istifadəyə verilmiş torpaq şehlərinin planı və ölçüsü sənədində (şəhadətnamələrdə) ümumi istifadə yolları qətiyyən göstərilmir. Belə çıxır ki, məhkəmə ekspertə ya düzgün müraciət etməmiş, ya da düzgün sənəd təqdim etməmişdir. Məhkəmə tərəfindən ekspertə mübahisəli yolun eninin Şorsu kəndinin baş planında neçə metr olması barədə müraciət olunmalı idi. Şorsu kəndinin baş planında sözügedən yolun ən dar hissəsinin eni 7 metrdir. Fakitiki isə həmin yol zəbt olunaraq cəmi 3 metr saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsində əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Onun savadsız olmağından və qanunları bilməməyindən məhkəmə istifadə edərək, şikayətinə düzgün baxmamış, onu düzgün yönləndirməmiş və nəticədə müraciəti həll olunmadan qalmışdır. Məhkəmə onun müraciətini qəbul etdiyi zaman, həmin müraciətin məhkəmə tərəfindən baxılıb baxılmaması müəyyən etsəydi və ya ümumi istifadə yolunun zəbt olunması ilə bağlı, sözügedən yolla münasibətdə mülkiyyət sahibi müraciət etməsinin qanuna müvafiq olması ona izah edilsəydi və ya məhkəmə tərəfindən bu istiqamətdə təsirli tədbirlər görülsəydi bu qədər süründürməçilik, ərizə baxılmamış və problem həll olunmamış qalmazdı. Qeyd edilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli 2(075)-6/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 2 fevral 2021-ci il tarixli, 2(075)-6/2021 saylı qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 2 fevral 2021-ci il tarixli, 2(075)-6/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh3 İB məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, iddiaçılardan yalnız İddiaçı3 birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni İddiaçı3 münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya hesab edir ki, hazırki halda qətnamə İddiaçı3 münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 2 fevral 2021-ci il tarixli, 2(075)-6/2021 saylı qətnaməsi İddiaçı3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilmiş və ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 26 noyabr 2020-ci il tarixli, 209 saylı ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən ekspertiza baxışına təqdim edilən yol Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 nömrəli qərarına əsasən Şəki rayonu Şorsu kənd sakini İddiaçı1 kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1600 kv.m torpaq sahəsinə dair “A” seriyalı 180027 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində nəzərdə tutulmamışdır. Həmin plan və ölçüdə göstərilən 1600 kv.m torpaq sahəsinin cənubunda nəzərdə tutulan yolun eni ən az yerdə miqyasa görə 8 m-dir ki, bu yol iddia predmeti deyil. İddiaçı Şəki rayonu, Şorsu kənd sakini İddiaçı1 yaşadığı fərdi yaşayış evinə gedən yol və ya onun hər hansı hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilməmişdir. Mübahisəli yol ərazisi ArcMap proqramı vasitəsilə işlənilmiş ortofotoplanda aydın şəkildə göstərilmişdir. Cavabdeh3 İB tərəfindən çəkilmiş D-57 mm diametrli qaz xəttinin yerinin dəyişdirilməsi mümkündür. Bunun üçün Cavabdeh3 İB tərəfindən layihə əsasında qaz xəttinin mövcud ağac kollarına doğru həmin hissəni təmizləməklə hasara doğru yaxınlaşdırılması texniki cəhətdən məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilmiş rəyi mötəbər sübut kimi qəbul etməmiş, işin obyektiv araşdırılması məqsədilə ekspertiza təyin etmiş və ekspertizanın aparaılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı1 oğluna kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1600 kv.metr torpaq sahəsinə dair “A” seriyalı 180027 nömrəli plan ölçü sənədində göstərilən torpaq sahəsinə sənəd üzrə nəzərdə tutulan gediş gəliş yolu və faktiki vəziyyətdə olan yol mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Mərkəzin Sənədlərlə iş və arxiv şöbəsi tərəfindən Şəki rayonu Şorsu kəndinin həyətyanıya dair 1:2000 miqyaslı xəritənin skan variantı məhkəməyə təqdim edilmişdir. İddiaçı1, Cavabdeh1, Cavabdeh2 məxsus plan ölçü sənədlərində göstərilən torpaq sahələri ilə tərəflərin naturada istifadə etdikləri torpaq sahələrinin coğrafi yerləşməsində kəskin konfiqurasiya fərqi olduğundan sualın cavablandırılması mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, ekspert rəyində torpaq sahələrinin coğrafi yerləşməsində kəskin konfiqurasiya fərqi olduğu üçün məhkəmə kollegiyası tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, məhkəmə öz qərarını yalnız tərəflərin müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Belə olduğu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə iddia tələbini sübut edəcək hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan başqa kollegiya qeyd edir ki, həmin ərazidə qaz xətti çəkilərkən bütün fərdi yaşayış evlərinə münasibətdə qaz xəttinin sxematik planı tərtib edilmiş, həmin vaxt iddiaçının hər hansı tələbi olmamışdır. Mübahisəli yolun cavabdehlər tərəfindən zəbt edildiyi sübuta yetirilmədiyindən hazırda qaz xəttinin dəyişdirilməsini də məhkəmə kollegiya məqsədəmüvafiq hesab etmir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci madəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən isə Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, əlavə ekspertiza və təkrar ekspertiza təyin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, iddiaçı və cavabdehlərə məxsus torpaq sahələrinin coğrafi yerləşməsində kəskin konfiqurasiya fərqi olduğu üçün rəy verilməsi mümkün olmamışdır. Yəni yenidən əlavə və ya təkrar ekspertizanın keçiriməsi nəticəni dəyişməyəcəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı3 apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tаrixli, 2(075)-6/2021 saylı qətnaməsi İddiaçı3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı3 tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rаyоn Məhkəməsinin 2 fevral 2021-ci il tаrixli, 2(075)-6/2021 saylı qətnaməsi İddiaçı3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdeh İddiaçı3 tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ 013601**********3944, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.