Məhkəmə qərarları › İş №2(107)-481/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-481/2025

17.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-481/2025 17.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Cavabdeh qarşı “Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 2 (iki) baş inəyin və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina) X4 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Cavabdeh qarşı “Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 2 (iki) baş inəyin və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması barədə Balakən Rayon Məhkəməsinin 04 mart 2025-ci il tаrixli, e-2(019)-434/2025 nömrəli qərаrdаdındаn iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 22 oktyabr 2020-ci il tarixində 2020/ÖM-07 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 2 (iki) baş inəyin və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 özünüməşğulluq proqramı çərçivəsində Cavabdeh ilə “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 22 oktyabr 2020-ci il tarixli 2020/ÖM-07 nömrəli müqavilə bağlamış və həmin müqaviləyə əsasən Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı “zərfinə daxil olan aktivlər, yəni 18473,18474 birka nömrəli 2 baş inək və 400 kq qarışıq yem natura şəklində verilmişdir. 28 sentyabr 2021- ci il tarixli aralıq və 14 dekabr 2021-ci il tarixli monitorinqlər zamanı Cavabdeh verilmiş “İribuynuzlu maldarlıq təsərrüfatı “zərfinə daxil olan aktivlər, yəni 18473,18474 birka nömrəli 2 baş inək aşkar edilmədiyindən iddiaçı həmin aktivlərin qaytarılması ilə bağlı hazırkı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 04 mart 2025-ci il tаrixli, e-2(019)-434/2025 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Cavabdeh qarşı “Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 2 (iki) baş inəyin və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması tələbi”nə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, iddiaçıya hazırkı iddia tələbi ilə məhkəmə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilməsinin izah edilməsi qərara alınmışdır. Həmin qərardaddan iş üzrə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 şikаyət vermişdir. Balakən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tаrixli, e-2(019)-434/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “X3” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərməklə, hakimiyyət səlahiyyətlərindən istifadə edib ictimai idarəetmə sahəsində fəaliyyət göstərdiyindən o, inzibati orqan hesab olunduğundan, eyni zamanda iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 ilə Cavabdeh arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 22 oktyabr 2020-ci il tarixli 2020/ÖM-07 nömrəli müqavilə də tərəflərin hüquq bərabərliyinə əsaslanan mülki müqavilə deyil, iddiaçı tərəfin cavabdehdən daha üstün vəziyyətdə olduğu inzibati müqavilə olduğundan, tərəflər arasındakı mübahisəyə inzibati icraat qaydasında baxılmalıdır. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında əmlakların təhvil verilməsinə dair imzalanmış 22 oktyabr 2020 tarixli aktla vətəndaş Cavabdeh “maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Cavabdeh 22 oktyabr 2020-ci il tarixdə fərdi sahibkar kimi fəaliyyətinin aktiv olmadığı və ya ailə kəndli təsərrüfatının üzvü olmadığı üçün o “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivlərlə təmin edilmişdir. Özünüməşğulluğa cəlb edilmək üçün müraciət etmiş şəxsə aktivlər verilən gün şəxsin məşğul şəxs olub-olmadığı yoxlanılır. Əgər həmin şəxsin məşğul şəxs olması aşkar edildikdə ona əmlakın verilməsinin və özünüməşğulluğuna kömək göstərilməsinin dayandırılması haqqında 5 (beş) iş günü müddətində Agentliyin müvafiq yerli qurumu və ya Mərkəz tərəfindən qərar qəbul edilir, onun elektron kabinetində yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir. Cavabdeh aktivlərlə təmin edildikdən sonra 5 (beş) iş günü müddətində özünüməşğulluğa cəlb olunmuş şəxs seçilmiş özünüməşğulluq istiqamətinə uyğun olaraq ailə kəndli təsərrüfatı kimi uçota durmalı idi. Ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmadığı üçün hazır ki iş üzrə yaranmış mübahisə ümumi məhkəmələrdə baxılmalıdır. Hazırda tərəflər arasında yaranmış mübahisə nə iş üzrə iddiaçı X1, nə də iş üzrə Cavabdeh sahibkarlıq fəaliyyətindən irəli gələrək yaranmamışdır. Mövcud mübahisə əsas etibarilə cavabdehin məşğulluğunun təmin edilməsi üçün onun istifadəsinə verilən əmlaklarla bağlı tərəflərarası müqavilədə cavabdeh üçün nəzərdə tutulan öhdəliklərin icra edilməməsi nəticəsində yaranmışdır. Həmin müqavilə çərçivəsində yaranan münasibətlər nə iddiaçı, nə də cavabdeh tərəfindən ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə əlaqəli olmayıb, iddia obyekti olan əmlakların müqavilədə nəzərdə tutulan şərtlər çərçivəsində əvəzsiz surətdə cavabdehin istifadəsinə verilməsinə baxmayaraq, onun qanunla və müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməməsi ilə əlaqədar olmuşdur. Odur ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(019)-434/2025 saylı qərardadının ləğv edilməsi, işə ümumi qaydada baxılmasının davam etdirilməsini xahiş etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin hazırkı iş üzrə mübahisəyə inzibati icraat qaydasında baxılmalı olmasına dair apardığı əsaslandırma, buna dair gəldiyi nəticə ilə razılaşır, lakin hesab edir ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin normalarının pozulmasına yol verərək, iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilməli olduğu halda, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Odur ki, Balakən Rayon Məhkəməsinin 04 mart 2025-ci il tаrixli, e-2(019)-434/2025 nömrəli qərаrdаdı qəbul edilərkən prosessual hüquq normaları pozulduğundan, qərardadın ləğv edilməsi üçün əsaslar vardır. “İnzibati və mülki münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyatına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 1-4-cü bəndlərində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 ilə Cavabdeh arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 22 oktyabr 2020-ci il tarixli 2020/ÖM-07 nömrəli müqavilə iddiaçı tərəfin cavabdehdən daha üstün vəziyyətdə olduğu inzibati müqavilə olduğundan hazırki iddia tələbinə inzibati icraat qaydasında baxılmalıdır. Lakin, məhkəmə bu nəticəyə gəldiyi halda, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 152-ci maddəsi ilə iddia ərizəsini geri qaytarmışdır. Halbuki, həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Ona görə də, şikayət qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 04 mart 2025-ci il tаrixli, e-2(019)-434/2025 nömrəli qərаrdаdı ləğv edilməli, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Cavabdeh qarşı “Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 2 (iki) baş inəyin və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması tələbi”nə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya həmin tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-cü mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 04 mart 2025-ci il tаrixli, e-2(019)-434/2025 nömrəli qərаrdаdı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Cavabdeh qarşı “Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 2 (iki) baş inəyin və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması tələbi”nə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya həmin tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar