Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-493/2024 13.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(075)-1777/2019 saylı qətnaməsində düzəliş edilməsi barədə İddiaçı ASC-nin ərizəsinə dair iş üzrə (Açar sözlər: qətnaməyə düzəliş rədd edildi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(075)-1777/2019 saylı qətnaməsində düzəliş edilməsi barədə İddiaçı ASC-nin ərizəsinin təmin edilməməsi barədə Şəki Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(075)-1777/2019 nömrəli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 2019-cu il 27 noyabr tarixli e-2(075)-1777/2019 nömrəli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılaraq, Cavabdeh operativ lizinqə verilmiş “BOREX 2102” markalı ekskavatorun dövlət nömrə nişanının 10 N 906, mühərrik nömrəsinin isə 686515 kimi düzəliş edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(075)-1777/2019 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1777/2019 saylı qətnaməsində düzəliş edilməsi barədə iddiaçının nümayəndəsinin ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan iş üzrə İddiaçı ASC şikаyət verərək qərardadın ləğv edilməsini, qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(075)-1777/2019 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(075)- 1777/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2(075)- 1777/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, lizinq obyekti olan BOREX- 2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavatorun Cavabdeh alınaraq saz vəziyyətdə İddiaçı ASC-yə qaytarılması, 450,00 (dörd yüz əlli) manat və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd edilən qətnamə Şəki Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qətnamələrinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Kollegiya qeyd edir ki, mülki iş materiallarından göründüyü kimi 4 sentyabr 2019-cu ildə Şəki Rayon Məhkəməsinə daxil olmuş İddiaçı ASC-in Cavabdeh qarşı texnikanın geri qaytarılması və maddi ziyanın ödənilməsi barədə iddia ərizəsində BOREX-2102 markalı, 841952 şassi nömrəli, 683288 mühərrik nömrəli, 10 N 907 dövlət nömrə nişanlı ekskavatordan bəhs edilmiş, ərizənin nəticə hissəsində də həmin ekskavatorun cavabdehdən alınması xahiş edilmişdir. Məhkəmə də məhz həmin tələbə baxaraq qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 228.1-ci maddəsinə əsasən çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Mülki Prosessual Məcəllənin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Şərh olunan maddədə qətnamənin mahiyyətinə toxunmadan və ya onun mahiyyətini (məzmununu) dəyişdirmədən oradakı yanlışlıqların və ya açıq hesab səhvlərinin qətnaməni çıxarmış hakim (məhkəmə) tərəfindən düzəldilməsi imkanı nəzərdə tutulmuşdur. Qanunvericilikdə nəzərdə tutulmuş belə bir imkan məhkəmə qətnaməsində düzəlişlər edilməsinin üsullarından biridir. Qətnamədəki yanlışlaqlar, bir qayda olaraq, ayrı-ayrı sözlərin və ya ifadələrin yazılışı zamanı yol verilmiş yazı xətaları, qrammatik və orfoqrafik səhvlərlə əlaqədar olur. Açıq hesab səhvləri isə, hesablama əməliyyatlarının düzgün aparılmaması və bu zaman təsadüfi səhvlərə yol verilməsi ilə əlaqədar olur. Yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi nəticəsində mübahisənin mahiyyəti və mübahisə üzrə məhkəmənin gəldiyi nəticələr dəyişdirilə bilməz. İddiaçının istinad etdiyi "xxxx" ASC-nin (əvvəlki İddiaçı ASC) Şəki Regional Nümayəndəliyi ilə Cavabdeh arasında bağlanmış 2017-ci il 14 fevral tarixli 11/309 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətə lizinqə verilməsi barədə müqavilənin 1.1-ci bəndində həqiqətən BOREX-2102 markalı, 841952 şassi nömrəli, 686515 mühərrik nömrəli, 10 N 906 dövlət nömrə nişanlı ekskavator qeyd olunsa da, iddia ərizəsində cavabdehdən tələb edilən texnika həmin texnika olmadığından, məhkəmə həmin texnika barədə qətnamə qəbul edə bilməzdi. Nəticədə, məhkəmə qətnaməsində yanlışlığa yol verilməmişdir. İddia ərizəsinin tərtibi zamanı yanlışlığa yol verilmişsə belə, bu, məhkəmə qətnaməsində mövcud olmayan yanlışlığın düzəldilməsi üçün əsas deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(075)-1777/2019 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(075)-1777/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(075)-1777/2019 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-493/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-493/2024
13.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver