Məhkəmə qərarları › İş №2(107)-496/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-496/2024

16.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-496/2024 16.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı "nikahda olma faktının müəyyən edilməsinə" dair mülki iş üzrə (Açar sözlər: Faktiki nikah münasibətlərində olma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı "nikahda olma faktının müəyyən edilməsi" barədə ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(063)-75/2024 nömrəli qətnaməsindən ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Ərizəçi İddiaçı "nikahda olma faktının müəyyən edilməsinə" dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 ilə 03 oktyabr 1994-cü il tarixdən nikahda olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1966-cı il tarixdə doğulmuşdur. 03 oktyabr 1994-cü il tarixində X5 ilə dini nikaha daxil olmaqla evlənmişdir. X1 ilə faktiki nikah münasibətlərindən 16 sentyabr 1994-cü il tarixdə Alim adlı uşaqları doğulmuşdur. Ucar Rayon Xalq Məhkəməsinin 07 oktyabr 1994-cü il tarixli qətnaməsi ilə X4 atasının X5 olması faktının müəyyən edilməsi qət edilmiş, daha sonra isə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. X5 07 avqust 1994-cü il tarixdə vəfat etdiyindən nikahları dövlət qeydiyyatına alınmamış və bununla bağlı nikah haqqında şəhadətnamə də verilməmişdir. Mərhum əri X5 ilə ər-arvad münasibətlərində olmağına dair faktın müəyyən edilməsi hazırda ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda nikahda olma faktının müəyyən edilməsi nikahın qeydə alınması, eləcə də nikah haqqında şəhadətnamənin verilməsi onun üçün vacibdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, rayon qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəblərini bildirməmiş, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir.

5. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Ucar Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(063)-75/2024 nömrəli qətnaməsi ilə (hakim X.Bədəlov), ərizəçi İddiaçı "nikahda olma faktının müəyyən edilməsinə" dair ərizəsinin əsassız olduğundan təmin edilməməsi, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun ərizəçi İddiaçı aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir;

7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair" 02 noyabr 2010-cu il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinə dair müvafiq qərar qəbul edənədək məhkəmələr nəzərə almalıdırlar ki, faktiki nikah münasibətlərindən irəli gələn hüquqi nəticələr qanunvericiliklə tanınmadığından, 1944-cü il 8 iyul tarixindən sonra başlanmış faktiki nikah münasibətlərində olma faktı onlar tərəfindən müəyyən edilə bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikasının MPM-in 307.2.4-cü maddəsində nəzərdə tutulmuş faktiki nikah münasibətlərində olma faktı yalnız 1944-cü ilin iyulun 8-dən əvvəl başlanıb, ər-arvadın birinin vəfatına qədər davam etdiyi halları nəzərdə tutduğundan hazırkı ərizənin təmin edilməsi istisna edilir.

9. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, ərizəçi İddiaçı "nikahda olma faktının müəyyən edilməsinə" dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir.

10. Həmçinin, məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ və İİ hissəsələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.4, 2.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.4, 13.7, 107, 119.1, 308-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair" 02 noyabr 2010-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a)Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan ərizəçi İddiaçı apellyasiya şikayəti vermişdir.

13. Apellyasiya şikayətinin dəlilləri ərizənin dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair" 02 noyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, MPM-in 307.2.4-cü maddəsində nəzərdə tutulmuş faktiki nikah münasibətlərində olma faktı 1944-cü ilin iyulun 8-dən qabaq başlanıb, ər-arvadın birinin vəfatına qədər davam etdiyi halları nəzərdə tutur. Halbuki hesab edirlər bu ümumi müəyyən olunmuş haldır. Hər bir iş öz xüsusuiyyətinə görə araşdırılmalıdır. Tərəflərindən məhkəməyə toy diski təqdim olunmuşdur. Onların toyundan çox qısa müddət sonra qəza nəticəsində əri rəhmətə getmişdir. Yəni nikaha daxil olmaq üçün bu qısa zaman məhkəmə tərəfindən nəzərə alına bilərdi. Təqdim etdikləri bütün sübutlardan və şahid ifadələrindən görünür ki, faktiki nikah münasibətləri mövcud olmuş və hətta aidiyyatı qurum bu halı təsdiq edərək ərizəçiyə ailə başçısını itirməyə görə müəyyən müddət pensiya vermişdir. Yəni ki bu işdə qanunvericiliyin verdiyi imkandan sui istifadə halı mövcud deyil.

14. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair" 02 noyabr 2010-cu il tarixli Qərarına əsaslanaraq göstərmişdir ki, MPM-in 307.2.4-cü maddəsində nəzərdə tutulmuş faktiki nikah münasibətlərində olma faktı 1944-cü ilin iyulun 8-dən qabaq başlanıb, ər-arvadın birinin vəfatına qədər davam etdiyi halları nəzərdə tutur.

15. Odur ki, Ucar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq ərizəçi İddiaçı, ərizəçinin birinci instansiya məhkəməsindəki vəkili həmçinin nümayəndəsi Vəkil, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Ərizəçinin nümayəndəsi Vəkil məhkəmə kollegiyasına göndərdiyi ərizəsində məhkəmə prosesinin iştirakları olmadan keçirilməsi və şikayətlərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, işdə iştirak edən digər şəxslər gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat mverməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (01 iyun 2000-ci ilədək qüvvədə olan) 6-cı maddəsinə əsasən yalnız vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanlarında bağlanmış nikah tanınır. Nikahın dini mərasimi, eləcə də digər dini mərasimlər hüquqi əhəmiyyətə malik deyildir. 13-cü maddəsinə əsasən nikah ətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanlarında bağlanır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 305.1.1-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.4-cü maddəsinə əsasən məhkəmə ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair" 02 noyabr 2010-cu il tarixli Qərarı.

21. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.

Apellyasiya baxışının hədləri

22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Apellyator Ucar Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(063)- 75/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq ərizəni düzgün olaraq rədd etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

27. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Ucar Rayon Xalq Məhkəməsinin 7 oktyabr 1994-cü il tarixli 2-83/1994 nömrəli qətnaməsinə əsasən ərizəçi İddiaçı 16 sentyabr 1994-cü il tarixdə doğulmuş X4 atasının X5 olması faktı müəyyən edilmişdir. X5 07 avqust 1994-cü il tarixdə ölmüşdür. X5 ilə nikahlarının rəsmiləşdirilməməsi səbəbli hazırda ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət ala bilmədiyini əsas gətirən İddiaçı X5 ilə faktiki nikah münasibətlərində olması faktının müəyyən edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təqdim etdikləri bütün sübutlardan və şahid ifadələrindən faktiki nikah münasibətlərinin mövcud olmasının görünməsi, aidiyyatı qurumun bu halı təsdiq edərək ərizəçiyə ailə başçısını itirməyə görə müəyyən müddət pensiya verməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair" 02 noyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinə dair müvafiq qərar qəbul edənədək məhkəmələr nəzərə almalıdırlar ki, faktiki nikah münasibətlərindən irəli gələn hüquqi nəticələr qanunvericiliklə tanınmadığından, 1944cü il 8 iyul tarixindən sonra başlanmış faktiki nikah münasibətlərində olma faktı onlar tərəfindən müəyyən edilə bilməz. Yəni mübahisələndirilən məsələ üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair" Qərarında ifadə edilmiş qəti mövqeyi mövcuddur.

29. Bu baxımdan kollegiya qeyd edir ki, ərizəçiyə ailə başçısının itirilməsi əsası ilə müəyyən müddət ərzində pensiya verilmiş olsa belə bu hal ərizəçinin hazırkı ərizəsinin təmin edilməsinin əsası qismində çıxış edə bilməz.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

31. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə əsasən faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi üçün zəruri şərtlər ondan ibarətdir ki, faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olur; faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alına bilmir.

32. Həmin Qərarın 5.1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunur ki, faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər. Bu o, deməkdir ki, faktiki nikah yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər. Faktiki nikah münasibətində olma faktı SSRİ X8 Heyətinin 08 iyul 1944-cü il tarixlə Fərmanının qəbul edilməsinədək dövlət orqanlarında qeydə alınan nikaha bərabər tutulur. Həmin tarixdən sonra faktiki nikah münasibətində olma faktı heç bir hüquqi nəticəyə səbəb olmur. Bu tarixdən sonra yaranmış faktiki nikah münasibətində olma faktının Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməsi yolverilməzdir. Çünki, həmin maddədə nəzərdə tutulan “qanunla müəyyən edilmiş hallarda” ifadəsi əslində ərizəçilərin 08 iyul 1944-cü il tarixədək yaranan faktiki nikah münasibətində olma faktının müəyyən edilməsini ehtiva edir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının bir sıra bəndlərində ərizəni icraata qəbul etməkdən Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməli olması, ərizə və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı olması, ərizənin Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalı olmasına dair (2.2, 9.2. 12.1-ci bəndlərdə) göstərişlər qeyd edilsə də, Həmin Qərarın 5 və 5.1-ci bəndlərinə münasibətdə ərizənin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsi, sonrakı mərhələdə iş üzrə icraata xitam verilməsi, ərizənin geri qaytarılması, sonrakı mərhələdə ərizənin baxılmamış saxlanılmasına dair göstərişlər mövcud deyildir.

34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Ucar Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(063)-75/2024 nömrəli qətnaməsi ərizəçi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(063)-75/2024 nömrəli qətnaməsi ərizəçi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar