Məhkəmə qərarları › İş №2(107)-50/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-50/2025

07.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-50/2025 07.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və payın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Fərdi yaşayış evinin naturada bölünməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və payın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(075)-8/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, N.Nərimanov küçəsində dalan 7/5-də 0.11977 ha torpaq sahəsində yerləşən mərtəbəli, 4 otaqlı, 76,5 kv.m yaşayış, 106, 49 kv.m köməkçi sahədən ibarət 5 saylı fərdi yaşayış evinin naturada bölünməsi, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhəri, N.Nərimanov küçəsində dalan 7-də 0.11977 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 76,5 kv.m yaşayış, 106, 49 kv .m köməkçi sahədən ibarət 5 saylı fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən 1/2 hissə onun, 1/2 hissə isə Cavabdeh paylı mülkiyyətindədir. Cavabdeh paylı mülkiyyətlərində olan həyətdəki ağacları özbaşına kəsir, qanunsuz hörgü və hasar çəkmə işləri aparır, ona məxsus olan hissədə qonşu ilə söküntü işləri aparır. Sanitar qovşaq, təndir, hamam, navesi sökür. Evin taxta döşəmələrini, pəncərələrini söküb, qardaşı İlhama qanunsuz ev tikmişdir. Onu isə evə girməyə icazə vermədiyi üçün onun qanunsuz əməllərini həyata keçirməyinə mane ola bilmir. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq heç bir əhəmiyyət vermir və öz qanunsuz əməllərini davam etdirir. Bu hal isə mülkiyyətində olan torpaq sahəsinə və onun üzərindəki tikililələrə olan mülkiyyət hüququndan onu məhrum edir. Cavabdehlə aralarında olan bu problemin yeganə həlli yolu yalnız maneələrin aradan qaldırılması və payın naturada müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsi ilə mümkündür. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə izahat verərək bildirmişdir ki, mübahisələndirilən fərdi yaşayış evinin ½ hissəsi iddiaçının, ½ hissəsi isə cavabdehin mülkiyyətindədir. Hal-hazırda İddiaçı Türkiyədə yaşayır. Cavabdeh bu vəziyyətdən istifadə edərək həmin evin müəyyən hissəsini sökmüşdür. Bundan başqa həyətdəki ağacları kəsmişdir. Qeyd olunan əmlakdan tərəflərin payları müəyyən olunub ayrılmadığı üçün cavabdeh həmin əmlakdan qeyri-qanuni istifadə edir. Cavabdeh nəzərə almır ki, fərdi yaşayış evinin ½ hissəsi iddiaçının mülkiyyətindədir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hesab edir ki, iddia tələbi əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx.xx.2024-cü il tarixli, e-2(075)- 8/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Şəki şəhəri, N.Nərimanov küçəsində dalan 7/5-də 0.11977 ha torpaq sahəsində yerləşən mərtəbəli, 4 otaqlı, 76,5 kv.m yaşayış, 106, 49 kv.m köməkçi sahədən ibarət 5 saylı fərdi yaşayış evinin naturada bölünməsi, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, iş üzrə 100 manat ekspertiza xərcinin İddiaçı alınaraq dövlət büdcəsinə- AZ.MEM. VÖİN **********, X2, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİK CTREAZ 22 hesaba ödənilməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 26 iyul 2021-ci il tarixdə verilmiş **********01-10301 reyetr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışa əsasən Şəki şəhəri, N.Nərimanov küçəsi, dalan 7, ev 3 (Yeni qaydalarla : ünvan 1 ünvanında 0.1722 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 76.5 kv.metr yaşayış sahəli, 106,49 kv.metr köməkçi sahəli fərdi yaşayış evinin ½ hissəsi Cavabdeh ½ hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı həmin evdən ona düşən payın dəqiq müəyyən edilməməsini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya hər hansı münasibət bildirməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə qeyd etmişdir ki, tərəflərin paylı mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov küçəsi, dalan 7, ev 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən iddiaçının ½ hissə payının naturada ayrılması mümkün deyil. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli, 10/6259 saylı məhkəmə tikintitexniki ekspertizasının rəyi ilə öz təsdiqini tapır. Eyni zamanda iş üzrə ekspertiza aparan şəxs X5 məhkəmə iclasında verdiyi ifadəsində mübahisələndirilən fərdi yaşayış evinin paylara münasibətdə naturada bölünməsinin mümkün olmadığını bildirmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

9. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşmış və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

10. Beləliklə məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı Şəki şəhəri, N.Nərimanov küçəsində dalan 7/5-də 0.11977 ha torpaq sahəsində yerləşən mərtəbəli, 4 otaqlı, 76,5 kv.m yaşayış, 106, 49 kv.m köməkçi sahədən ibarət 5 saylı fərdi yaşayış evinin naturada bölünməsi, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməli, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 213.1, 213.2, 215.1, 215.2, 215.5, 220.1, 220.2, 220.3, 220.4, 220.6-cı maddələri, “X4rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh paylı mülkiyyətdə olan həyətdəki ağacları özbaşına kəsir, qanunsuz hörgü və hasar çəkmə işləri aparır, iddiaçıya məxsus olan hissədə qonşu ilə söküntü işləri aparır. Sanitar qovşaq, təndir, hamam, navesi sökür. Evin taxta döşəmələrini, pəncərələrini söküb, qardaşı İlhama qanunsuz ev tikib. İddiaçını isə evinə girməyə icazə vermədiyi üçün onun qanunsuz əməllərini həyata keçirməyinə mane ola bilmir. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq heç bir əhəmiyyət vermir və öz qanunsuz əməllərini davam etdirir. Bu hal isə mülkiyyətində olan torpaq sahəsinə və onun üzərindəki tikililələrə olan mülkiyyət hüququndan iddiaçını məhrum edir.

14. Hazırkı vəziyyətdə cavabdehin hərəkətləri iddiaçıya bilavasitə öz torpaq sahəsindən istifadə etməsinə ciddi maneçilik törətməklə onun hüququnu kobud surətdə pozur. Bu təsirə məruz qalan iddiaçı bilavasitə öz torpaq sahəsindən istifadə etməyə maneçilik törədən və onun hüququnu əhəmiyyətli dərəcədə pozan hərəkətlərə son qoyulmasını cavabdehdən tələb etməkdə haqlıdır.

15. Cavabdehlə iddiaçı arasında olan bu problemin yeganə həlli yolu yalnız maneələrin aradan qaldırılması və payın naturada müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsi ilə mümkün idi. Tələbin təmin edilməsinə yönələn yeganə maneə texniki cəhətdən evin bölgüsünün mükünlüyü idi. Bu isə ekspertin rəyində son dərəcə dəqiq ifadə olunmuşdur. Lakin məhkəmə tələbi təmin etməmişdir.

16. MPM-nin 9.3-cü maddəsində məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görsənir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız cavabdehin mövqeyinə münasibətdə icra edərək qanusuz qətnamə qəbul etmişdir. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.

17. Ekspert rəyində açıq-aydın göstərilir ki, tərəflərin istifadəsində olan daşınmaz əmlakın tərəflərin faktiki istifadə vəziyyəti üzrə, paylardan qismən kənara çıxmaqla bölünməsi mümkündür. Bunun üçün həmin yaşayış evi tərəflərin faktiki istifadəsində olduğu kimi (texniki pasportda göstərilən qaydada) bölünə bilər. Məhkəmə bu xüsusu nəzərə almadan yalnız cavadehin münasibətinin məlum olmadığı səbəbilə iddianı təmin etməmişdir. Halbuki paylardan qismən kənara çıxmaqla bölünmə dedikdə digərinə nisbətdə az pay düşən tərəf o, idi. Məhkəmə qətnaməni sadəcə bir abzasda olan cümlələrlə əsaslandırmış və mübahisəli əraziyə yerində baxış keçirməmişdir.

18. MPM-nin 218.1-ci maddəsinin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır. Belə ki, işdə kifayət qədər qanun pozuntusuna dəlalət edən sübutlar, ekspert rəyi olmasına baxmayaraq məhkəmə bu hallara əhəmiyyət verməmişdir.

19. Odur ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-8/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

22. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli qərardadının 17-ci bəndinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. İddiaçı Şəki Rayon Məhkəməsinin e-2(075)-8/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Kollegiyanın iclasında müəyyən edildi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 26 iyul 2021-ci il tarixdə verilmiş **********01-10301 reyetr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışa əsasən Şəki şəhəri, N.Nərimanov küçəsi, dalan 7, ev 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında 0.1722 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 76.5 kv.metr yaşayış sahəli, 106,49 kv.metr köməkçi sahəli fərdi yaşayış evinin ½ hissəsi Cavabdeh ½ hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı həmin evdən ona düşən payın ayrılması ilə bağlı cavabdehlə aralarında razılığın əldə edilməməsini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

33. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və baxılan iş üzrə birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmişdir.

34. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli, 10/6259 nömrəli məhkəmə tikinti texniki ekspertizasının rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışa əsasən paylı mülkiyyətdə olan, Şəki şəhəri, N.Nərimanov küçəsində dalan 7-də 0.11977 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 76.5 kv.metr yaşayış, 106,49 kv.metr köməkçi sahədən ibarət 5 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə, həyətyanı sahədə əlavə tikililərin olmasına görə, inşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

35. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 noyabr 2023-cü il tarixli, 3-16-16/2- 10/4174 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən paylı mülkiyyətdə olan və tərəflərin istifadəsində olan daşınmaz əmlakın tərəflərin faktiki istifadə vəziyyəti üzrə, paylardan qismən kənara çıxmaqla bölünməsi mümkündür. Bunun üçün həmin yaşayış evi tərəflərin faktiki istifadəsində olduğu kimi (texniki pasportda göstərilən qaydada) bölünə bilər.

36. Həmçinin mülki iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyasının 16 may 2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti texniki ekspertizası, məhkəmə kollegiyasının 22 aprel 2025-ci il tarixli qərardadı ilə isə təkrar məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, həmin qərardadların icrası üzrə alınmış rəylər mülki iş materiallarına əlavə edilmişdir.

37. Məhkəmə kollegiyasının 16 may 2024-cü il tarixli 2(107)-636/2024 nömrəli qərardadının icrası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli 10/4370 nömrəli rəydə göstərilmişdir ki, Şəki şəhəri, N.Nərimanov küçəsində dalan 7/5-də yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin naturada ½ hissəyə bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti Texniki X1 göstərilənlərə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur.

38. Məhkəmə tikinti texniki ekspertizasının 17 fevral 2025-ci il tarixli, 10/4370 saylı rəyinə əlavə edilmiş sxemlərdə aparılmış bölgü variantlarındakı ölçüləri müqayisə etdikdə tərəflərə təklif edilən 2 ayrı-ayrı hissələrin ölçülərinin eynilik təşkil etməməsi müəyyən edildiyindən, həmin rəyin məzmununda isə buna əsaslandırılmış bir münasibət bildirilmədiyindən, həmin rəylə onun məhkəmə tikinti texniki ekspertizasının iş materiallarında olan 01 fevral 2023-cü il tarixli, 10/6259 nömrəli rəyini təkzib etməsini müəyyən etmək mümkün olmadığından məhkəmə kollegiyası 22 aprel 2025-ci il tarixli 2(107)-50/2025 nömrəli qərardadı ilə 17 fevral 2025-ci il tarixli, 10/4370 saylı rəylə əsassızlığına görə razılaşmadığından iş üzrə təkrar məhkəmə tikinti texniki ekspertizası təyin edilmişdir.

39. Məhkəmə kollegiyasının 22 aprel 2025-ci il tarixli 2(107)-50/2025 nömrəli qərardadının icrası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 sentyabr 2025-ci il tarixli 10/3218 nömrəli rəydə göstərilmişdir ki, Şəki şəhəri, N.Nərimanov küçəsində dalan 7-də 0.1197 ha torpaq sahəsinin konfiqurasiyasını, tikililərin torpaq sahəsində yerləşmə vəziyyətini, tikililərin mərtəbəliyini, payçılara düşən payı, yalnız bir mətbəx, dəhliz olduğunu nəzərə alaraq, həmin torpaq sahəsi və fərdi yaşayış evindən iddiaçının və cavabdehin hər birinin sənəd üzrə paylarının ½ hissələrlə naturada ayrılmasının mümkün olmadığı müəyyən olundu.

40. Göründüyü kimi iki ekspertiza tədqiqatı zamanı tərəflərin paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin onların sənəd üzrə paylarından kənara çıxılmaqla bölünməsinin mümkün olduğu qeyd edilsə də, mübahisəli əmlakın tərəflərin malik olduqları paylara uyğun bölünməsinin mümkünlüyü istiqamətində aparılan ekspertiza tədqiqatları zamanı fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh paylı mülkiyyətdə olan həyətdəki ağacları özbaşına kəsməsi, qanunsuz hörgü və hasar çəkmə işləri aparması, iddiaçıya məxsus olan hissədə qonşu ilə söküntü işləri aparması, sanitar qovşaq, təndir, hamam, navesi, evin taxta döşəmələrini, pəncərələrini sökməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, qanunsuz ağac kəsilməsi, özgəsinin əmlakının qəsdən məhv edilməsi halları olduğu təqdirdə iddiaçının aidiyyəti üzrə hüquq mühafizə orqanlarına, digər hallarla bağlı isə müvafiq iddia ərizəsi ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin evinə girməyə icazə verilməməsi, cavabdehin hərəkətlərinin iddiaçıya bilavasitə öz torpaq sahəsindən istifadə etməsinə ciddi maneçilik törətməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı evdən, torpaq sahəsindən istifadə edilməsinə maneənin aradan qaldırılması, evə köçürülmə və sair bu kimi tələblərlə də aidiyyəti üzrə birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspert rəyində tərəflərin istifadəsində olan daşınmaz əmlakın tərəflərin faktiki istifadə vəziyyəti üzrə, paylardan qismən kənara çıxmaqla bölünməsinin mümkün olmasının açıq-aydın göstərilməsi, paylardan qismən kənara çıxmaqla bölünmə dedikdə digərinə nisbətdə az pay düşən tərəfin o, olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə tikinti texniki ekspertizasının 17 fevral 2025-ci il tarixli, 10/4370 saylı rəyinə əlavə edilmiş sxemlərdə iddiaçıya təklif edilən əmlak ölçüsünün ümumi şəkildə daha az olması göstərilsə də, tərəflərin sənəd üzrə paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin yaşayış və köməkçi sahələrinin müqayisəli tədqiqatı aparıldıqda ekspert tərəfindən sənəd üzrə paylı mülkiyyətdə olan 76.5 kv/m sahədən ibarət 4 yaşayış otağından 60.7 kv/m hissədən ibarət 3 yaşayış otağının məhz iddiaçıya aid edilməsi, cavabdehin istifadəsində saxlanılması təklif edilən yaşayış sahəsinin isə 15.8 kvadratmetrdən ibarət bir yaşayış otağından ibarət olması, əksinə sənəd üzrə cəmi 106.49 kv/m köməkçi sahədən cavabdehə təklif edilən köməkçi sahələrin ölçüsünün evin birinci mərtəbəsi üzrə 59.57 kvadratmetrdən, evin ikinci mərtəbəsi üzrə isə 29.45 kv/m ölçüdə şüşəbəndin təxminən yarısından ibarət olmaqla, ekspertin həmin rəylə cavabdehə təklif etdiyi köməkçi sahənin ölçüsünün iddiaçıya təklif edilən köməkçi sahələrin ölçüsündən əhəmiyyətli dərəcədə çox olması müəyyən edilmişdir.

44. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tikililərin mərtəbəliyi, payçılara düşən pay, yalnız bir mətbəxin olması nəzərə alınaraq Şəki şəhəri, N.Nərimanov küçəsində dalan 7-də yerləşən fərdi yaşayış evindən iddiaçının və cavabdehin hər birinin sənəd üzrə paylarının ½ hissələrlə naturada ayrılmasının mümkün olmamasına dair məhkəmə tikinti texniki ekspertizasının 09 sentyabr 2025-ci il tarixli 10/3218 nömrəli rəyində ifadə edilmiş mövqe qanuni və əsaslıdır.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli əraziyə yerində baxış keçirilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, Şəki şəhəri, N.Nərimanov küçəsində dalan 7/3-də (Yeni qaydalarla: ünvan 1 yerləşən fərdi yaşayış evinin, onun yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici və texniki sənədləri iş materiallarına əlavə edilmiş, iş üzrə bir neçə dəfə məhkəmə tikinti texniki ekspertizaları təyin edilməklə, həmçinin məhkəməyə təqdim edilmiş rəylərdə mübahisəli əmlakın təsviri verilmiş, beləliklə də mübahisəli əraziyə yerində baxış keçirilməsi zərurəti müəyyən edilməmişdir.

46. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli daşınmaz əmlak payları bəlli olan mülkiyyət hüququ əsasında tərəflərə məxsusdur. Məhkəmə təyin edilərək alınmış ekspert rəyinə uyğun olaraq payların naturada bölünməsinin mümkün olmaması nəticəsinə gəlmişdir. İşin hallarından görünür ki, sözügedən daşınmaz əmlakın tərəflərin sənəd üzrə ½ paylarına uyğun şəkildə naturada bölgüsünün mümkün olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, əksinə verilmiş ekspert rəylərinə əsasən bunun mümkünsüz olması müəyyən edilmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tikinti texniki ekspertizasının 01 fevral 2023-cü il tarixli 10/6259 nömrəli, 09 sentyabr 2025-ci il tarixli 10/3218 nömrəli rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadları əsasında keçirilmiş ekspertizaların 01 fevral 2023-cü il tarixli 10/6259 nömrəli, 09 sentyabr 2025-ci il tarixli 10/3218 nömrəli rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

48. Məhkəmə tikinti texniki ekspertizasının 17 fevral 2025-ci il tarixli, 10/4370 saylı rəyi ilə əsassızlığına görə razılaşmamaqla yanaşı, həmin rəy məhkəmə tikinti texniki ekspertizasının 01 fevral 2023-cü il tarixli 10/6259 nömrəli, 09 sentyabr 2025-ci il tarixli 10/3218 nömrəli rəyləri ilə təkzib edildiyindən məhkəmə kollegiyası 17 fevral 2025-ci il tarixli, 10/4370 saylı rəyə tənqidi yanaşmaqla həmin rəyi iş üzrə mötəbər sübut qismində qəbul etmir.

49. Məhkəmə kollegiyası məhkəmə tikinti texniki ekspertizasının 24 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/4174 saylı rəyi ilə bağlı qeyd etməyi vacib hesab edir ki, həmin rəydə paylı mülkiyyətdə olan əmlakın tərəflərin faktiki istifadə vəziyyəti üzrə, paylardan qismən kənara çıxmaqla bölünməsinin mümkün olması qeyd edilsə də, həmin rəyin nə məzmununda, nə də nəticə hissəsində paylı mülkiyyətdə olan evin yaşayış və qeyriyaşayış sahələrinin ayrı-ayrılıqda və birlikdə ölçülərinə istinad edilməklə təhlili aparılmamış, ümumi şəkildə mübahisəli əmlakın texniki pasportuna istinad edilmişdir. Hansı ki, iş materiallarında olan, mübahisəli əmlaka dair 26 iyul 2021-ci il tarixdə tərtib edilmiş 5843 inventar nömrəli texniki pasportda fərdi yaşayış evinin yaşayış və köməkçi otaqları, şüşəbənd və açıq eyvanları, mətbəxi təcrid edilmiş şəkildə deyil, vahid əmlak kimi təsvir edilmişlər. Bir sözlə 24 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/4174 saylı rəy verilərkən gəlinən nəticə üzrə ekspert tərəfindən lazımi qaydada əsaslandırma aparılmamışdır.

50. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tikinti texniki ekspertizasının 24 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/4174 saylı rəyi ilə tərəflərin paylı mülkiyyətlərində olan əmlakın mülkiyyət paylarına uyğun, yəni ½ hissələrlə bölünməsi istiqamətində tədqiqat aparılmadığından, aparılan tədqiqatın özü belə lazımi qaydada əsaslandırılmadığından adıçəkilən rəyə hazırkı mübahisənin həllində mötəbər sübut qismində istinad edilməsi mümkünsüzdür.

51. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti üzrə əlavə olaraq qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli Qərardadının 18-19-cu bəndlərində göstərilmişdir ki, hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.

52. Həmin Qərarın 62-ci bəndində göstərilmişdir ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.

53. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli Qərardadından da göründüyü kimi bu xarakterli iddialarda ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi əmlakın iştirakçılar üçün hərracda (qapalı hərracda) satılması, əşya qapalı hərracda mülkiyyətçilər tərəfindən əldə edilmədiyi halda isə ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi mümkündür.

54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla, iş materiallarında olan sübutlar MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir.

55. Odur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-8/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Apellyasiya şikayətinin təmin edilməməsi nəzərə alınaraq məhkəmə kollegiyasının qərardadlarının icrası üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizalarının cəmi dəyəri olan 200 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-8/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə tikinti-texniki ekspertizalarının cəmi dəyəri olan 200 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar