Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-513/2024 16.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı “Mercedes Benz-230 minik” markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobilin sahibidir. xx.xx.2023-cü il tarixdə cavabdeh idarə etdiyi “Vaz 2121 Niva” markalı avtomobillə iddiaçıya məxsus “Mercedes Benz-230 minik” markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobili vurmuşdur. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 17:45-də Zaqatala rayonu Mosul kəndi ərazisində “Mercedes Benz-230 minik” markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi ilə nəticələnmiş yol nəqdliyyat hadisəsində Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zaqatala rayonu “AVTOSERVİS 100” sexinin 02 yanvar 2023-cü il tarixli 1 saylı aktından görünür ki, İddiaçı məxsus “Mercedes Benz-230 minik” markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobilə 3590 manat dəyərində ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2023-cü il tarixli, 9/3261 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “100” avtoservis mərkəzi tərəfindən tərtib edilmiş 02 yanvar 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1996-cı il buraxılışlı “Mercedes Benz 230 minik” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 2930 manat müəyyən edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3590 manat vurduğu zərərin, 55,90 manat dövlət rüsumunun və 50 manat vəkilə ödənilmiş xidmət haqqının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Mercedes” markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili etibarnamə ilə oğlu X2 idarə edir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində ona məxsus “Mercedes Benz-230 minik” markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobillə oğlu Zaqatala rayonu Mosul kəndi ərazisində kənd yolu ilə hərəkətdə olan zaman arxadan gələn Cavabdeh idarə etdiyi “VAZ 2121 Niva” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə oğlunun idarə etdiyi avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə zamanı avtomobilin arxa hissəsi, eyni zamanda arxa sol hissəsi tamamilə yararsız hala düşmüşdür. Belə ki, avtomobilə 3590 manat miqdarında ziyan dəymişdir. Avtomobilə dəymiş ziyanla bağlı Zaqatala rayonunda fəaliyyət göstərən Avtoservisdən akt alınmışdır. Həmin aktda açıq-aydın olaraq göstərilmişdir ki, avtomobilin hansı hissələri yararsız hala düşmüş, onların dəyəri neçə manat təşkil edir, eyni zamanda avtomobili təmir etmək üçün usta xərcləri neçə manat təşkil edir. Avtomobilə dəymiş zərər cəmi 3590 manat təşkil edir. Həmin zərər cavabdeh tərəfindən ödənilməlidir. Zaqatala Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) e-2(033)- 18/2024 nömrəli iş üzrə qəbul etdiyi 09 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 2930 (iki min doqquz yüz otuz) manat maddi zərər və 50 (əlli) manat vəkilə ödənilmiş xidmət haqqının alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh idarə etdiyi “VAZ 2121 Niva” markalı **-CR-*** qeydiyyat nişanlı avtomobillə 01.01.23-cü il tarixdə saat 17 radələrində Zaqatala rayonu Mosul kəndi ərazisində törətdiyi inzibati xəta nəticəsində, “Mercedes Benz-230 minik” markalı **-BK-*** qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı iddiaçıya maddi zərər dəymişdir. İddiaçı, avtomobilinin zədələnməsi ilə bağlı ona 3590 manat zərər dəydiyini iddia etmiş, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün “AVTOSERVİS 100” sexinin 02.01.23-cü il tarixli 1 saylı aktını təqdim etmiş, lakin aktı tərtib etmiş şəxsin fəaliyyətinin əsas vəzifəsinin zərərin həcmi ilə bağlı xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarət olmasına dair sübut təqdim etməmişdir. Zərərin həcmini müəyyənetmə sahəsində xüsusi biliyi olan ekspertlər isə 9/3261 saylı xx.xx.2023-cü il tarixli və 9/7342 saylı xx.xx.2023-cü il tarixli rəylərində, xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 1996-cı il buraxılışlı “Mercedes Benz 230 minik” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcinin hadisə baş verən tarixə təxminən 2930 manat olduğunu müəyyən etmişlər. Cavabdeh sıradan çıxdığı iddia edilən ehtiyat hissələrini, onların sayını mübahisələndirməmiş, yalnız dəymiş zərərin həcminin, ehtiyat hissələrinin amortizasiyası nəzərə alınmaqla müəyyən edilməli olması əsası ilə iddiaya etiraz etmişdir. Məhkəmə qeyd etmişdir ki, ekspertlər rəyləri verərkən “Mercedes Benz-230 minik” markalı **-BK-*** qeydiyyat nişanlı avtomobilin 1996-cı il buraxılışlı olduğunu xüsusi olaraq qeyd etmişlər. Bu hal isə, ekspertlərin rəyləri verərkən 1996-cı ildən istismarda olan avtomobilin ehtiyat hissələrinin amortizasiyasını nəzərə aldıqlarını təsdiq edir. Ekspertlərin rəyləri verərkən avtomobilin ehtiyat hissələrinin amortizasiyasını nəzərə almamaları halı iddianın rədd edilməsinə əsas ola bilməzdi. Belə ki, bu halda işin müəyyən edilmiş hallarından görünür ki, istismara yararlı vəziyyətdə olmuş, lakin zədələnməsi ilə əlaqədar hazırda istismara yararsız olan “Mercedes Benz- 230 minik” markalı **-BK-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinə ehtiyacı var. Bunun üçün də 2930 manat vəsait tələb olunur. Daha az vəsait avtomobilin istismara yararlı vəziyyətə qaytarılması üçün yetərli deyil. Cavabdeh isə hər bir halda, inzibati xəta törətməsəydi mövcud olacaq vəziyyəti, yəni “Mercedes Benz-230 minik” markalı **-BK-*** qeydiyyat nişanlı avtomobilin istismara yararlı vəziyyətini bərpa etməlidir ki, bunun üçün də 2930 manat vəsait tələb olunur. Dəyərləri amortizasiyası nəzərə alınmaqla müəyyən edilməsi və bu halda ehtiyat hissələrinin dəyərinin 2930 manatdan az təşkil etməsi, avtomobilin istismara yararlı vəziyyətini bərpa etmək üçün zəruri olan vəsaitin çatışmayan hissəsinin zərəri vuran şəxsə deyil, zərərçəkmiş şəxsə aid edilməsi xarakteri daşıyır. Halbuki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan iddiaçı ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini, o cümlədən avtomobilin istismara yararlı vəziyyətini bərpa etmək üçün çəkməli olduğu xərclərin əvəzini tələb edə bilər. Cavabdehin inzibati xəta törətməsi ilə əlaqədar iddiaçıya yalnız 2930 manat maddi zərər dəyməsi təsdiq olunduğundan, iddiaçının ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ, cavabdehin isə təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərərin əvəzini ödəmək, inzibati xəta törətməsəydi mövcud olacaq vəziyyəti bərpa etmək vəzifəsi olduğundan, zərərin əvəzi üzrə 2930 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi zərərin əvəzinin tutulması hissəsində qismən təmin edilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 459.1, 1097.1, 1108.1, 1115, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 107, 115, 119.1, 121.2, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə qərarında qeyd edir ki, “ekspertlər rəyləri verərkən “Mercedes Benz-230 minik” markalı **-BK-*** qeydiyyat nişanlı avtomobilin 1996-cı il buraxılışlı olduğunu xüsusi olaraq qeyd etmişlər. Bu hal isə, ekspertlərin rəyləri verərkən 1996-cı ildən istismarda olan avtomobilin ehtiyat hissələrinin amortizasiyasını nəzərə aldıqlarını təsdiq edir”. Əgər ekspertlər rəy verərkən 1996-cı ildən istismarda olan avtomobilin ehtiyat hissələrinin amortizasiyasını nəzərə aldıqlarını təsdiq edirlərsə o zaman niyə məhkəmənin ekspertizanın təyin olunmasına dair hər iki qərardadında ekspert qarşısında avtomobilin amortizasiyası ilə bağlı ehtiyyat hissələrin amortizasiyası nəzərə alınmaqla dəyəri nə qədər təşkil edir sualını qoymuşdur? Məhkəmə tərəfindən ikinci ekspertiza onun üçün təyin olunmuşdur ki, ilkin ekspertiza rəyində məhkəmə tərəfindən qoyulmuş suallara ekspert tərəfindən cavab verilməmişdir. Mülki iş üzrə verilmiş 17 noyabr 2023-cü il tarixli ekspert rəyi və 04 iyul 2023-cü il tarixli ekspert rəyinin təkrarıdır. Hər iki ekspertiza rəyini qarşılıqlı müqayisə etdikdə aydın olur ki, ekspertizarəyləri biri digərini təkrarlayır. Ekspertiza avtomobilə dəymiş zərər ilə bağlı mülki iş materiallarını tam araşdırmadan, ekspertiza qarşısında qoyulmuş suallara cavab vermədən vermiş olduğu rəy ekspertiza rəyini şübhə altına alır. Bunun üçün məhkəmə təkrar ekspertiza təyin etməli və ekspertiza qarşısında avtomobilin ehtiyyat hissələrin amortizasiyası nəzərə alınmaqla dəyəri nə qədər təşkil edir sualını qoymalı idi? Məhkəmə ilkin ekspertizanın rəyi ilə razılaşırsa o zaman niyə təkrar ekspertiza təyin edirdi. Məhkəmənin qərardadında qoyulmuş suallara ekspert tərəfindən cavab verilmədiyi üçün məhkəmə ikinci dəfə ekspertiza təyin etmiş idi. Bunun üçün təkrar məhkəmə ekspertizası təyin olunmalı, avtomobilə dəymiş real zərər müəyyən olunmalı, ehtiyat hissələrinin amortizasiyası nəzərə alınmaqla dəyəri müəyyən edilməli və yekun qərar qəbul olunmalıdır. Çünki avtomobilə dəymiş zərər həqiqəti əks etdirmir və işin hallarına uyğun deyil. Avtomobilə dəymiş zərəri müəyyən etmədən məhkəmənin öz mülahizəsinə görə qərar qəbul etməsi ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya şikayətinin məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 izahatında bildirmişdir ki, cavabdeh zərərin məbləğini mübahisələndirsə də, ona avtomobili aparıb özünün təmir etməsini təklif etmişlər, lakin cavabdeh bundan da yayınmışdır. Cavabdehin məqsədi işi uzatmaqdır. Hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, məhkəmə aktının əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi tərəflər arasında mövcud mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Çünki baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəyməsi, həmin hadisə baş verərkən cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinin pozması və bu hərəkətlərinə görə onun inzibati məsuliyyətə cəlb edilməsi işin mübahisəsiz hallarıdır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Apellyasiya şikayətində göstərilən dəlillərlə bağlı Məhkəmə qeyd edir ki, ekspert rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəylər birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş və ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 yanvar 2024cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-513/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-513/2024
16.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver