Məhkəmə qərarları › İş №2(107)-517/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-517/2023

13.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-517/2023 13.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-71/2023 saylı mülki iş üzrə qəbul etdiyi 31 yanvar 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “qanunsuz olaraq qətimkan tədbiri kimi həbsə alınmaqla fiziki şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəkil xidmətinə ödənmiş 2.000 (iki min) manat pulun, vurulmuş mənəvi ziyanın əvəzi kimi 50.000 (əlli min) manat məbləğində pulun dövlət büdcəsindən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Ağdaş Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) 06 oktyabr 2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Rayon Məhkəməsi “mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi” barədə mövqeyini onunla əsaslandırmışdır ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ünvanı Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun küçəsidir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 35.1-ci mаddəsinə əsаsən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayan iddiaçı isə qərardaddan verdiyi şikayətdə bildirir ki, xx.xx.2021-ci il tarixdə Ağdaş rayon X1 Qrupunun müstəntiqi polis mayoru Azər Hüseynli tərəfindən Azərbaycan Respublikasınını CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində işə cəlb olunmaqla, həmin maddə ilə ittiham edilməklə barəsində xx.xx.2021-ci il tarixdə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Barəsində ********* saylı cinayət işi açılmış və işin istintaq müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə, xx.xx.2021-ci il tarixdən isə xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Nəhayət xx.xx.2022-ci il tarixdə ittiham aktı təsdiq edilməsi üçün cinayət işi ilə birlikdə Ağdaş rayon prokurorluğuna göndərilmiş, ittihamdakı sübutlar yoxlanılarkən belə nəticəyə gəlinmişdir ki, onun narkotik vasitələni əldə edərək saxlaması və daşıması sübuta yetirilməmişdir. Bu səbəbdən barəsində olan cinayət işinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.7-ci maddəsinə əsasən qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi,əmlakın və ya dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Hesab edir ki, iddia aidiyyəti üzrə düzgün verilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(MPM) 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 36.7-ci maddəsinə əsasən, qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Məhkəmə qeyd edir ki, MPM-nin 36.7-ci maddəsinin də məzmunundan göründüyü kimi, iddiaçının seçiminə görə mülki işə baxılması üçün ilk öncə vurulmuş zərər qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə əlaqədar olmalı, iddianın predmetini isə əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması təşkil etməlidir. Hazırkı halda iddianın predmetini yuxarıda sadalan subyektiv hüquqlar deyil, vurulmuş mənəvi ziyana görə əvəzinin ödənilməsidir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi “mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan iddiaçının verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 yanvar 2023cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar