Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-52/2022 29.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 27 mart 2019-cu il tаrixli, 2(039)-230/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 27 mart 2019-cu il tаrixli, 2(039)-230/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan 3.36 ha sahəsinin hüdudları daxilində olan 0.79 ha torpaq sahəsindən çıxarılması, iddia ərizəsinin verilməsi üçün banka ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi və mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc 108 (bir yüz səkkiz) manat 12 (on iki) qəpik Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı, maraqlı şəxs olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzinin 17 saylı Yevlax Layihə- Tədqiqat İdarəsini qeyd etməklə, iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehin zəbt etdiyi ona məxsus torpaq sahəsindən çıxarılması və torpaq münasibətlərinin nizama salınması, torpaq sahəsinin sərhəd nöqtələrinin müəyyən edilərək onun naturada Dövlət Aktına uyğunlaşdırılaraq onun istifadəsinə verilməsi barədə, iddia ərizəsi üçün banka ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Həmin qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2020-ci il tarixli, 2(107)- 61/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin 27 mart 2019-cu il tаrixli, 2(039)-230/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2020-ci il tarixli, 2(107)- 61/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(102)-406/2021 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-61/2020 nömrəli, 02 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Yevlax rayonu Tanrıqulular kəndində 0.5660 ha torpaq sahəsi onun mülkiyyətindədir. Məhz həmin torpaq sahəsindən istifad edir, iddiaçıya və onun ailəsinə məxsus torpaq sahəsini zəbt etməmişdir. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq Yevlax Rayon Məhkəməsinin 27 mart 2019-cu il tаrixli, 2(039)-230/2019 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsi baxmayaraq iddiaçı X3 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. . Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(102)-406/2021 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-61/2020 nömrəli, 02 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(102)-406/2021 saylı qərarında göstərilmişdir ki, Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 iyun 2020-cu il tarixli, 10/966 saylı ekspert rəyi ilə əsaslandırsa da, həmin rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməmişdir. Ekspert rəyində göstərilib ki, Cavabdeh ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin məkan göstəricilərini əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilmədiyindən həmin torpaq sahəsinin İddiaçı ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün deyildir. 18 aprel 2015-ci il tarixli Çıxarışla iddiaçının mülkiyyətinə qeydiyyata alınmış 3,36 ha torpaq sahəsinin koordinatları daxilində yerləşən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi arasında uyğunsuzluq vardır. İddiaçı JN-104 nömrəli Dövlət Aktına əsasən mülkiyyətində olan 3,36 ha torpaq sahəsinin cizgisindəki yerləşmə sxeminə əsasən istifadə etdiyi torpaq sahəsinin döngə nöqtələri müəyyənləşdi və aşkar olundu ki, İddiaçı JN-104 nömrəli Dövlət Aktına əsasən mülkiyyətində olan 3,36 ha torpaq sahəsinin 0.79 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir. Göründüyü kimi ekspert rəyi ziddiyyətlidir. Rəydə əvvəlcə iddiaçıya və cavabdehə (onların ailə üzvlərinə) məxsus torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etməyin mümkün olmaması göstərildiyi halda, sonradan JN-104 nömrəli Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 3,36 ha torpaq sahəsinin 0.79 ha hissəsinin cavabdeh tərəfindən istifadə edilməsi qeyd edilir. Rəydə iddiaçıya və cavabdehə (onların ailə üzvlərinə) məxsus torpaq sahələrinin üstüstə düşüb-düşməməsini müəyyən etməyin mümkün olmamasının səbəbi kimi Cavabdeh ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin məkan göstəricilərini əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməməsi göstərilib. Halbuki Cavabdeh və ailə üzvlərinin torpağa mülkiyyət hüququna dair ilkin olaraq JN-635 saylı Dövlət Aktı, sonradan isə verilmiş Çıxarışı var və həmin Aktın, Çıxarışın ekspertiza tədqiqatına hansı səbəbdən təqdim edilməməsi məlum deyil, bununla bağlı ekspert də vəsatət verməyib. Nəticədə cavabdehə ayrılmış torpaq sahəsinin naturada yerinin müəyyən edilib-edilməməsinin ən azı JN-635 saylı Dövlət aktındakı göstəricilər üzrə mümkünlüyü ekspertiza tədqiqatından kənarda qalıb. Bundan başqa, rəydə qeyd edilib ki, 18 aprel 2015-ci il tarixli Çıxarışla iddiaçının mülkiyyətinə qeydiyyata alınmış 3,36 ha torpaq sahəsinin koordinatları daxilində yerləşən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi arasında uyğunsuzluq vardır. Rəydə cavabdehin iddiaçıya məxsus torpağın 0.79 ha hissəsindən istifadə etməsi iddiaçının torpağa dair ilkin sənəd olan JN-104 nömrəli Dövlət Aktına əsasən müəyyən edilib. Amma nəzərə alınsa ki, iddiaçının 3,36 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sonuncu sənəd 18 aprel 2015-ci il tarixli Çıxarışdır və həmin Çıxarışa əsasən də iddiaçının mülkiyyətinə qeydiyyata alınmış 3,36 ha torpaq sahəsinin koordinatları daxilində yerləşən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi arasında uyğunsuzluq vardır, belə olan halda zəbtin ilkin sənəd olan JN-104 nömrəli Dövlət Aktına əsasən müəyyən edilməsi əsaslı sayıla bilməz. Qeyd edilən hallar göstərir ki, apellyasiya məhkəməsi ekspert rəyinə formal yanaşmış, rəyi MPM-in 88 və 103.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi ziddiyyətli, tam olmayan mütəxəssis rəyinə istinad etməklə iddianı qismən təmin etmiş, apellyasiya məhkəməsi də aldığı ekspert rəyindəki ziddiyyətlərə diqqət yetirməmiş, onların aradan qaldırılması yönündə heç bir prosessual hərəkət etməmiş, eyni səhvi təkrarlayaraq qətnaməni dəyişdirmədən saxlamaqla səhvə yol vermişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, tətbiq edilən maddi hüquq normaları da işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir. Bu iddiaların təmin olunmasının da əsas şərti mülkiyyətdə olan əmlakın digər şəxsin qanunsuz sahibliyində olması halının müəyyən edilməsindən asılıdır. Hazırki işdə isə iddiaçının mülkiyyətində olan torpağın bir hissəsinin cavabdehin istifadə etməsi halı sübutların düzgün qiymətləndirilməsi ilə müəyyən edilib, belə olan halda mülkiyyətin müdafiəsi ilə bağlı maddi hüquq normaları da düzgün tətbiq edilmiş hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, ekspert rəyindəki ziddiyyətləri aradan qaldırmaq üçün tədbirlər görməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 27 mart 2019-cu il tаrixli, 2(039)-230/2019 nömrəli qətnaməsi ləğv edilməli, iddia isə təmin edilməməlidir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(107)-1018/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. 01 mart 2022-ci il tarixində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin "xxxx" MMC tərəfindən Şəki Apellyasiya Məhkəməsinə məktub və mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc barədə tərtib olunmuş smeta və hesab vərəqi göndərilmişdir. Həmin məktubda göstərilmişdir ki, təqdim edilən smetada nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd "xxxx" MMC-nə təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyinin göndərilməsi təmin ediləcəkdir. Smeta və hesab vərəqi tərəflərə göndərilmiş, smeta və hesab vərəqində göstərilmiş rüsumun ödənilməsi və məhkəməyə məlumat verilməsi xahiş olunmuş, lakin tərəflərdən heç biri smetada nəzərdə tutulmuş xidmət haqqını ödəməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(107)-52/2022 nömrəli qərardadı ilə iş üzrə icrааt təzələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 29.4-cü maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. MPM-in 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbüsü ilə ekspertiza təyin edə bilər. Təhlil olunan işdən aydın olur ki, hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. 01 mart 2022-ci il tarixində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin "xxxx" MMC tərəfindən Şəki Apellyasiya Məhkəməsinə məktub və mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc barədə tərtib olunmuş smeta və hesab vərəqi göndərilmişdir. Həmin məktubda göstərilmişdir ki, təqdim edilən smetada nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd "xxxx" MMC-nə təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyinin göndərilməsi təmin ediləcəkdir. Bu məqsədlə mütəxəssis rəyinin verilməsi ilə bağlı smeta və hesab vərəqi tərəflərə göndərilmiş, smeta və hesab vərəqində göstərilmiş rüsumun ödənilməsi və məhkəməyə məlumat verilməsi xahiş olunmuş, eyni zamanda MPM-in 97.5-ci maddəsinin tələbləri tərəflərə izah olunmuşdur. Buna baxmayaraq, tərəflərdən heç biri smetada nəzərdə tutulmuş xidmət haqqını ödəməmişdir. Halbuki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Hazırda təhlil olunan işdən bəlli olur ki, tərəflərə məhkəmə kollegiyası tərəfindən 30 mart 2022-ci il və 27 may 2022-ci il tarixlərində məktub ünvanlanmış və MPM-in 97.5-ci maddəsinin tələbləri izah edilmişdir. Buna baxmayaraq tərəflərdən heç biri smetada nəzərdə tutulmuş xidmət haqqını ödəməmişdir. Öz növbəsində iddiaçı da öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə iclasında tədqiq olunan sübutları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 27 mart 2019-cu il tаrixli, 2(039)-230/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq və MPM-in 372, 384, 387, 392, 393-cü maddələrini rəhbər tutaraq Qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 27 mart 2019-cu il tаrixli, 2(039)-230/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-52/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-52/2022
29.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver