Məhkəmə qərarları › İş №2(107)-538/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-538/2020

04.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-538/2020 04.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 və ərizəçi İddiaçı1 iştirakı ilə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-700/2019 nömrəli qərardadından ərizəçi İddiaçı1 tərəfindən vеrilmiş şikаyətə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək Qax Rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli 2(024)-01 saylı qətnaməsinin qəbul edilməsi üçün əsas olmuş həlledici materialların-ƏMDK-nın Qax rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin saxta və etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-700/2019 nömrəli (hakim M.Qarayev) qərardadı ilə İddiaçı1 “Qax Rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli 2(024)-01 saylı qətnaməsinin qəbul edilməsi üçün əsas olmuş həlledici materialların-ƏMDK-nın Qax rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin saxta və etibarsız hesab edilməsi”nə dair iddia ərizəsinin qəbul etməkdən imtina edilməsi və ərizəni qəbul etməkdən imtina haqqında qərardadın ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı1 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, İddiaçı1 şikayətində göstərmişdir ki, Qax Rayon Məhkəməsi tərəfindən məhkəmənin xx xxxxx 2011-ci il tarixli 2(024)-01 saylı qətnaməsinin qəbul edilməsi üçün əsas olmuş həlledici materialların-ƏMDK-nın Qax rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin saxta və etibarsız hesab edilməsi tələbi haqqında tələbinə xx xxxxxx 2019-cu il tarixdə baxılaraq ərizəsi icraata götürülməkdən imtina barədə qərardad qəbul edilmişdir. Məhkəmə həmin qəradadı çıxararkən Azərbaycan Respublikası MPM-nin 88, 106, 151.3 və 286.1-ci və Azərbaycan Respublikasının Konstitusiyasının 60, 127.2-ci maddələrinin tələbləri pozulduğundan, maddi, prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən, izahatlara və sübutlara tam baxılmadığından və düzgün olmayan nəticəyə gəlindiyindən qərardadla razı deyildir və əsassız hesab edir. Məhkəmə AR-nın MPM-nin 153.2.2-ci maddəsinə istinad edərək ərizəni icraata qəbul etməkdən imtina etmişdir. Onun məhkəməyə təqdim etdiyi ərizə ilə Qax Rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli 2(024)-01 saylı qətnaməsi ilə rədd edilən İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və İmaməliyeva Səmayə Abduləziz qızının Qax şəhərində yerləşən 89 saylı Mərkəzi Aptekin özəlləşdirilməsindəki iştiraklarının qanunsuz hesab edilməsi və bununla bağlı bütün hüquqi məsələlərin etibarsız hesab edilərək ləğv edilməsi barədə tələblə eyni deyildir. İddianın predmeti eyni olsa da, əsaslar müxtəlifdir. Əvvəlki iddiada özəlləşmədə onların iştiraklarının qanunsuz hesab edilməsi tələbi qoyulmuş, indi isə ərizəsində xx xxxxx 2011-ci il tarixli qətnaməsinin qəbul olunması üçün əsas olmuş materialların Dövlət Əmlak Komitəsinin Qax rayon Şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərin saxta olduğu tələbini qoymuşdur. Tələbinin əsaslı olmasını sübut edən dəlillər ərizəsində konkret şəkildə qoyulmuşdur. Həm də Əmlak Məsələləri Dövlət Komitəsinin mövqeyi də ƏMDK-nin Qax rayon şöbəsinin mövqeyi eyni deyildir, bir-birinə ziddir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(024)-700/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-700/2019 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən ərizəçi İddiaçı1 şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini İddiaçı1 izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən əsaslı olduğundan təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-700/2019 nömrəli qərardadı tam ləğv edilərək, yeni qərardad qəbul edilməli və yeni qərardadla həll edilməli olan məsələ həll edilərək, ərizənin mümkünlüyünün çəkişmə prinsipinə riayət edilməklə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149-cu maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları;. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, MPM-in 152-ci maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə; iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin ərizənin yuxarıda sadalanan hallarla bağlı geri qaytarılması barədə mövqeyi əsassızdır. Belə ki, iddia ərizəsinin qaytarılması müəyyən maneələri aradan qaldırmaq məqsədi daşıyır. Həmin manelərin siyahısı da MPM-in 152-ci maddəsində dəqiq müəyyən edilmişdir ki, bu əsaslar bütünlüklə prosessual hüquqi xarakter daşıyır. Maddi hüquqi əsaslarla iddia ərizəsinin geri qaytarılmasına yol verilmir. Beləliklə təqdim olunmuş ərizənin məzmunundan, bununla bağlı birinci instansiya məhkəməsinin qərardadından göründüyü kimi qərarda qeyd olunan hallar hazırki ərizənin iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul etməkdən imtina üçün əsas deyil. Əvvəla ona görə ki, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)- 700/2019 nömrəli qərardadından göründüyü kimi ərizə Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə istinad edilməklə qəbulundan imtina edilmişdir. Həmin maddədə qeyd edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hazırki ərizədən isə görünür ki, İddiaçı1 ümumiyyətlə iddia ərizəsi üçün müəyyən edilmiş forma və məzmuna riayət etməmiş, iş üzrə cavabdeh olmalı olan şəxsi və onun poçt ünvanını göstərməmişdir. Buradan göründüyü kimi hazırki ərizə ilə cavabdeh müəyyən olunmadığı halda birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə istinad etməklə iddia iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul etməkdən imtina etmiş və beləliklə də qəbul etdiyi qərardadda prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. Mülki Prosessual Məcəllənin 151-ci maddəsinə əsasən; 151.1 iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. 151.3. Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 10 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası iş materialları əsasında belə qənaətə gəlir ki, “iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina haqqında” birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli olsa da, lakin apelyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Çünki iddianın mümkünlüyü məsələsinin həlli, təkcə iddianın yolverilməzliyi üçün müəyyən olunmuş halların mövcud olub-olmaması ilə bağlı aparılan araşdırma ilə bitmir. İddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Lakin qərardadın məzmunundan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ərizənin (iddianın) mümkünlüyü ilə bağlı digər hallar arışdırılıb onlara qiymət verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlüyü ilə bağlı digər halların arışdırılaraq, iddianın icraata qəbul edilməsi məsələsinin müəyyən edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi də öz növbəsində iddianın mümkünlüyü ilə bağlı çəkişmə prinsipinə riayət edilməklə iddia ərizəsinin forma və məzmununa uyğun tərtib olunub-olunmamasını, iddianın icraata qəbul edilməsini istisna edən başqa halların olub-olmamasını araşdırmalı, bu hallar müəyyən edildikdən sonra müvafiq qərar (icraata götürmək və ya ərizənin geri qaytarılması barədə) qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-700/2019 nömrəli qərardadı tam, xx xxxxxx 2019-cu il tarixli, 2(024)-700/2019 nömrəli qərardadı isə qismən –“şikayət təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın” hissəsində ləğv olunmalı və iddianın mümkünlüyü ilə bağlı digər şərtlərin çəkişmə prinsipinə riayət edilməklə araşdırılaraq hüquqi qiymət verilib baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-700/2019 nömrəli qərardadı tam, xx xxxxxx 2019-cu il tarixli, 2(024)-700/2019 nömrəli qərardadı isə qismən –“şikayət təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın” hissəsində ləğv edilsin. İddiaçı1 “Qax Rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli 2(024)-01 saylı qətnaməsinin qəbul edilməsi üçün əsas olmuş həlledici materialların-ƏMDK-nın Qax rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin saxta və etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər (iş materialları) iddianın mümkünlüyü ilə bağlı digər şərtlərin çəkişmə prinsipinə riayət edilməklə araşdırılaraq hüquqi qiymət verilib baxılması üçün Qax Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar