Məhkəmə qərarları › İş №2(107)-542/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-542/2020

25.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-542/2020 25.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı Ömərov Rəcəb Abakar oğlunun və Cavabdeh iştirakı ilə İddiaçı Ömərov Rəcəb Abakar oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)- 1084/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12000 manat pulun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək onun əsl iddiaçı Ömərov Rəcəb Abakar oğlu ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı ərizəsi məhkəmənin icraatına qəbul edilərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən İddiaçı əsl iddiaçı Ömərov Rəcəb Abakar oğlu ilə əvəz edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1084/2019 nömrəli(hakim T.Həsənov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 12000 (on iki min) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Ömərov Rəcəb Abakar oğluna verilməsi, iddiaçı Ömərov Rəcəb Abakar oğlunun iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. . Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1949-cu il tarixdə Zaqatala rayonu Muxax kəndində anadan olmuşdur. Hal-hazırda həmin kənddə ailəsi ilə birlikdə yaşayır. 2012-ci ilin may ayında Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində mülkiyyətində olan 4 otaqlı yaşayış evi ciddi dağıntılara məruz qalmış və hal-hazırda da həmin vəziyyətdədir. Zəlzələdən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin komissiyası evlərinə baxış keçirərək gücləndirilmiş bərpaya ehtiyacı olmasına dair rəy vermişdir. Cavabdeh da orada iştirak etmişdir. Zəlzələdən təxminən bir il keçdikdən sonra cavabdeh onların evinə gələrək evin tikilməsi üçün FHN-nin əməkdaşlarına 6000 manat verilməli olduğunu bildirmişdir. Cavabdehlə qohumluq münasibətləri olduğu üçün ona inanaraq 6000 manat pul vermişlər. Həmin vaxtdan bir neçə gün sonra cavabdeh yenidən onlara gələrək oğlunun da evinin tikilməsi üçün 7000 manat pul istəmişdir. Onlar yenə də cavabdehə inanaraq ona 7000 manat pul vermişlər. Beləliklə, cavabdeh onları aldadaraq 13000 manat pullarını mənimsəmişdir. Aradan xeyli müddət keçdikdən sonra, yəni 2014cü ilin mart ayında onlara məlum olmuşdur ki, cavabdeh onları aldatmışdır. Bundan sonra, cavabdehdən həmin pulu tələb etmişlər. Cavabdeh isə həmin puldan yalnız 1000 manatını qaytarmış, qalan pulu, 12000 manatı isə qaytarmamışdır. Onlar da məcbur olaraq Zaqatala RPŞ-yə müraciət etmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 1(033)- 18/2018 nömrəli hökmündə qeyd olunur ki, zərəçəkmiş şəxsə dəymiş ziyan Cavabdeh tərəfindən ödənilmişdir. Onun Cavabdeh qarşı şikayəti və və tələbi yoxdur, onunla barışaraq bağışlamışdır. Eyni zamanda həmin hökmdə şərh olunur ki, təqsirləndirilən şəxs Cavabdeh 13000 manat maddi ziyanın zərərçəkmiş şəxs Ömərov Rəcəb Abakar oğluna ödəməsi nəzərə alınsın. Hesab edir ki, nə qədər ki, iddiaçı tərəf ərizə yazaraq pulun tam ödənilməsini bildirmişlər, ona görə də onun iddiaçıya borcu yoxdur. Göstərilənləri nəzərə alaraq qətnamənin ləöv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də iddiaçının evinin təmir-tikintisi ilə bağlı iddiaçıdan 13000 manat pul almışdır. Lakin həmin pulun 1000 manatı bir, qalan 12000 manatıni isə istintaq ərəfəsində qaytarmışdır. Onun hazırda iddiaçıya heç bir borcu yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ömərov Rəcəb Abakar oğlu apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o zəlzələdən zərər çəkmiş evinin təmiri üçün pulu cavabdehə vermiş, cavabdeh də öz növbəsində təmir işlərinə köməklik göstərəcəyinə söz vermişdir. Lakin nə evi təmir olunmuş, nə də ki, pulu geri qaytarılmışdır. Cavabdeh cinayət məsuliyyətinə cəlb olunan ərəfədə bacı-qardaşı onun yanına gələrək, pulun qaytarılması barədə ərizə yazmasını xahiş etmişlər. O da mərhəmətlilik göstərərək ərizəni yazmış, lakin həmin vaxt ona cəmi 1000 manat pul ödənilmişdir. Bu vaxta qədər nə cavabdeh, nə də cavabdehin qohumları ona əlavə heç bir pul ödəməmişlər. Ona görə də apelyasiya şikayətinə etiraz edir və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)- 1084/2019 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlsə də, tətbiq edilməli olan maddi hüquq normasının təfsirində səhvə yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün tam hüquqlu məhkəmə kimi qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Belə ki, İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 1(033)-18/2018 nömrəli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 4500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, təqsirləndirilən şəxs Cavabdeh məhkəməyədək icraat zamanı tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınaraq, təyin edilmiş cəza yüngülləşdirilmiş və onun üzərində qəti olaraq, 4200 (dörd min iki yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdır. İşin faktiki hallarından, eləcə də yuxarıda sadalanan hüquq normalarından görünür ki, tərəflər arasında olan mübahisəli pul məbləği ilə bağlı cavabdeh tərəf, evin təmir-bərpası üçün öhdəlik götürdüyündən onlar arasında yaranmış münasibət də məhz öhdəlik hüquq münasibətlərinin yaranmasının əsası kimi qəbul edilməli və iddiaçının tələbi də məhz razılaşma əsasında nəzərdə tutulan işin icrası ilə əlaqədar öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Buradan da göründüyü kimi, iddiaçı tərəf 13000 manatı Cavabdeh borc kimi deyil, məhz zəlzələ nəticəsində zərər dəymiş evinin təmir-tikintisi üçün vermiş, cavabdeh də həmin pulun müqabilində iş icra etməyi öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Ömərov Rəcəb Abakar oğlu oğlu Cavabdeh evinin tikilməsi üçün 13000 manat pul vermiş, həmin pulu Cavabdeh özünün aldığını etiraf edir, lakin iddiaçıdan aldığı puldan 1000 manatını qaytarmış, onun iddiaçıya 12000 manat borcu qalmışdır. İddiaçı 12000 manat pulu tələb edir. Cavabdeh isə iddiaçının ona pulun ödənilməsi barədə ərizəsi olduğundan iddianı qəbul etmir. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitinin almasına dair hüququndan istifadə etmiş, üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə dair vəzifəsini isə icra etməmişdir. Odur ki, iddiaçı pul vəsaitinin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş maddi hüquq normasına, yəni Mülki Məcəllənin 739.1-ci və 740-cı maddələrinin tətbiqinə də tənqidi yanaşaraq qeyd edir ki, işə baxan məhkəmə həmin maddi normanın təfsirində səhvə yol vermişdir. Əvvəla ona görə ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi iddiaçı mübahisələndirdiyi pul məbləğini cavabdehə borc kimi deyil, iş icraçısı kimi (razılaşdırılmış işin icrası üçün) vermişdir. Buradan da göründüyü kimi, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik deyil, işin görülməsi, xidmətin göstərilməsi kimi öhdəliklərdən irəli gələn münasibətlər yaranmış, pul da həmin məqsədlə verilmiş, cavabdeh də məhz həmin öhdəlik üçün qeyd olunan pulu iddiaçıdan götürmüşdür. Lakin göründüyü kimi verilmiş pul təyinatı üzrə sərf olunmadığından, iddiaçı öz iradəsindən asılı olmayan səbəbdən maddi zərər qarşılığında qalmışdır. Məhkəmə kollegiyası sonda belə qənaətə gəlir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvinə səbəb olsa da, iddia tələbinin rədd olunması üçün əsas vermir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin faktiki halları tələbin maddi ziyanla bağlı qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur. Lakin birinci instansiya məhkəməsi iddianı qismən etsə də maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş “pulun qaytarılması barədə ərizəyə” də tənqidi yanaşaraq qeyd edir ki, cavabdeh törətmiş olduğu cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş və həmin hökm üzrə hazırki iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxs (iş üzrə iddiaçı) təqsirləndirilən şəxsə qarşı mərhəmətlilik göstərərk “pulun öna ödənilməsi barədə” ərizə vermiş, lakin cavabdeh tərəf bundan sui-istifadə edərək hazırki vaxtadək sonuncunun pulunu qaytarmamışdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1084/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, Cavabdeh 12000 (on iki min) manat alınaraq iddiaçı Ömərov Rəcəb Abakar oğluna verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1084/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 12000 (on iki min) manat məbləğində pul alınaraq iddiaçı Ömərov Rəcəb Abakar oğluna verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar