Məhkəmə qərarları › İş №2(107)-542/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-542/2023

17.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-542/2023 17.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsi və ya əşya üçün ödənilmiş pul məbləğinin qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsi geri qaytarıldı, rüsum ödənilmədiyinə görə, istehlakçıların hüquqlarının müdafiəsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsi və ya əşya üçün ödənilmiş pul məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Şəki Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(075)-875/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş lazımi keyfiyyətli olmayan əşyanın (telefonun) müqaviləyə uyğun əşya ilə (telefonla) əvəz olunması, əks təqdirdə əşya üçün (telefon üçün) ödənilmiş 720 manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(075)-875/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsi və ya əşya üçün ödənilmiş pul məbləğinin qaytarılması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Şəki Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(075)-875/2023 saylı qərardadından iş üzrə İddiaçı şikаyəti 28 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(075)-875/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(075)- 875/2023 nömrəli qərardadı ləğv edilməli, mülki işin materialları iddia ərizəsi icraata qəbul edilməklə baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı dövlət rüsumunun ödənilməsi barədə heç bir sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Şəki Rayon Məhkəməsinin 16 mart 2023cü il tarixli 2(075)-875/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün əsaslar vardır. Belə ki, İddiaçı şiakyətində göstərmişdir ki, iddia ərizəsindən də göründüyü kimi verilmiş iddia istehlakçıların hüquqlarının pozulması ilə əlaqədardır. İstehlakçı olaraq hüququ cavabdeh tərəfindən pozulmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən mühüm qüsur dedikdə, maldan (işdən, xidmətdən) onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt məsrəfi tələb edən malı (işi, xidməti) müqavilədə nəzərdə tutulduğundan başqa şəklə salan, ya da aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsur başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçıların hüquqlarına malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması; malların (işlərin, xidmətlərin) təhlükəsizliyi; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsi; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək aiddir. Həmin Qanunun 5-ci maddəsinin 3-cü hissəsinə əsasən atıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 9-cu maddəsinin 4-cü hissəsinə əsasən istehlakçının materiallarından götürülmüş işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli kənara çıxma və ya digər mühüm qüsurlar aşkar edilərsə, istehlakçının istəyinə uyğun olaraq bu işlərin icraçının eynicinsli və keyfiyyətli materialından hazırlanmasını, yaxud müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. “Dövlət rüsumu haqqında” ARQ-nun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilmiş iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, hazırki iş üzrə iddia tələbi həqiqətən istehlakçı hüquqularının müdafiəsi barədə olmuşdur və həmin tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Ona görə də, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(075)-875/2023 nömrəli qərardadı ləğv edilməli, mülki işin materialları iddia ərizəsi icraata qəbul edilməklə baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(075)-875/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki işin materialları iddia ərizəsi icraata qəbul edilməklə baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar