Məhkəmə qərarları › İş №2(107)-545/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-545/2024

18.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-545/2024 18.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X18 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Şəhliyar oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(046)-151/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli 0.9018 ha torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 6000 (altı min) manat pul və dövlət rüsumuna görə ödənilmiş 80 manat pulun cavabdehlər X16 və X3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx xxxx 1952-ci il tarixdə Göyçay rayonu, Mirzəhüseynli kəndində anadan olmuş, hazırda ailə üzvləri ilə birgə həmin kənddə yaşayır. Yaşadığı evin aşağı hissəsində 1.5 ha torpaq sahəsi kolxoz dövründən onun və ailə üzvlərinin istifadəsindədir. Ölkədə torpaq islahatları gedən vaxt yaşadığı evin aşağı hissəsində yerləşən və kolxoz dövründən bu günədək istifadəsində olan 1.5 ha torpaq sahəsinin 0.9018 ha hissəsi Göyçay rayon Aqrar İslahat Komissiyasının 41nömrəli, 28 avqust 1998-ci il tarixli qərarı ilə X4, X19, X5 və X6 mülkiyyətinə verilmiş və onların adına KOD-40814058, JN 1035 nömrəli dövlət aktı işlənmişdir. Göyçay rayon Aqrar İslahat Komissiyasının 41-nömrəli, 28 avqust 1998-ci il tarixli qərarı ilə X4, X19, X5 və X6 mülkiyyətinə verilmiş 0.9018 ha torpaq sahəsi kolxoz dövründən bu günədək istifadəsində olduğundan və həmin torpaq sahəsinin yararlı hala salınmasına xərc çəkdiyindən həmin torpaq sahəsini X30, X11 və X12 ilə razılaşıb satın almaq qərarına gəlmişdir. xx.xx.2005-ci il tarixdə X13, X30, X12 və X11 tərəfindən həmin torpaq sahəsi ona satılmış, aralarında alqı-satqı müqaviləsi bağlanmış, alqı-satqı müqaviləsini Mirzəhüseynli bələdiyyəsinin sədri Sahib Hacıyev təsdiqləmişdir. Həmin torpaq sahəsi və KOD-40814058, JN 1035 nömrəli dövlət aktının əsli İddiaçı təhvil verilmiş, İddiaçı isə torpaq sahəsini bir daha bütövlükdə qəbul etmiş və torpaq sahəsinin əvəzində aralarında müəyyənləşdirilmiş (keçmiş pulnan 600000 manat) pul məbləği cavabdehlərə təqdim edilmiş, cavabdehlər isə həmin pul məbləğini qəbul etmişdir. Həmin vaxt cavabdehlər alqı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirməyi söz versə də bu günədək bununla bağlı notariat kontoruna gəlməkdən müxtəlif bəhanələrlə boyun qaçırırlar. Bir müddət keçdikdən sonra eşitmiş ki, cavabdehlər həmin torpaq sahəsini başqa şəxsə satmaq istəyir. Belə ki, JN : 1035 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının əsli onda olduğu halda, X12 həmin dövlət aktının itməsi barədə DƏDRX-nə bilə-bilə yalan məlumat vermiş və saxtakarlıq edərək həmin torpaq sahəsinə yenidən çıxarış almışdır. O, Göyçay rayon Notariat Ofisinin notariusu cənab Polad Nəcəfliyə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16-saylı ərazi idarəsinin rəisi cənab Füzuli İsayevə rəsmi müraciət edərək, kolxoz dövründən istifadəsində olan, sonradan Mirzəhüseynli bələdiyyəsinin sədri Sahib Hacıyevin möhürü və imzası ilə təsdiqləmiş xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə aldığı torpaq sahəsinin təkrar satılmasının qarşısını almaq istəsə də, 2022-ci ildə ona məlum olmuşdur ki, cavabdehlər həmin torpaq sahəsini (torpaq sahəsinin xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsilə satın almağı barədə məlumatlı olan) qonşusu X1. Hazırda həmin torpaq sahəsinin ərazi üzə mövcud bazar qiyməti 8-10 min manatdır. Hesab edir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud deyil. Bu baxımdan cavabdeh iddiaçıdan həmin torpaq sahəsinin satışından pul aldığı halda həmin torpaq sahəsini başqa şəxsə satmaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdehlərin əsassız varlanmadan əldə etdiyi vəsaiti ona qaytarmalı olduğundan hesab edir ki, həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, 0.9018 ha torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq müəyyən edilməlidir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin (hakim G.Qurbanova) 24 yanvar 2024-cü il tarixli, 2(046)-151/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 100 (yüz) ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi məzənnəsi ilə manatla hesablanaraq İddiaçı xeyrinə tutulması, Cavabdeh2 münasibətdə iddia tələbi qalan hissədə təmin edilməməsi, Cavabdeh1 münasibətdə iddia tələbinin təmin edilməməsi, Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2.40 (iki manat qırx qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Torpağa mülkiyyət hüququna dair kod 40814058, JN-1035 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə X8, Cavabdeh2, Cavabdeh1, X2 təsərrüfatı məhsullarının istehsalı üçün 0,90 ha torpaq sahəsi verilmişdir. xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 0.90 ha torpaq sahəsini X30, X11 və X12 tərəfindən İddiaçı satılmışdır. Qeyd: Müqavilədən “azyaşlı uşaqların əvəzinə valideyini imza etdi” sözləri yazılmış, Şıxaliyev.A, Şıxaliyev.A və Şıxaliyev.K adlarının qarşısında imzalar eyni şəxs tərəfindən icra edilmişdir. xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 0.90 ha torpaq sahəsi mülkiyyətçilər X30, X11 və X12 tərəfindən X1. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (046)-1545/2022 saylı qətnaməsindən görünür ki, iddia rədd edilmiş, İddiaçı cavabdehlər X30, X11 və X10 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin müqavilənin etibarlı sayılması və cavabdeh X20 qarşı cavabdehlər X30, X14 və X15 arasında 0.9018 ha torpaq sahəsinin notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2023-cü il tarixli 2(107)-247/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Göründüyü kimi maddi normanın mənasına görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak, pul, əmlak hüquqları və ya maddi fayda əldə etsin. Əsassız varlanma o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, belə nəticəyə gəlmişdir ki, məhkəmə iclasında İddiaçı Cavabdeh2 40 şirvan verdiyini bildirsədə, bu faktı təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh2 isə iddiaçıdan yalnız 100 ABŞ dolları almasını etiraf etmişdir. Bununla da Cavabdeh2 hüquqi əsas olmadan İddiaçı hesabına 100 ABŞ dolları məbləğində pul əldə etdiyindən əsassız varlanan şəxs sayılmalıdır. Belə olan halda Cavabdeh2 əsassız varlanan şəxs qismində əldə etdiyi 100 ABŞ dolları məbləğində pulu İddiaçı qaytarmalı, bununla da iddia ona qarşı irəli sürülmüş hissədə qismən təmin edilməlidir. Şahidin ifadəsinə gəldikdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, onun iştirakı ilə iddiaçı tərəfindən 40 şirvan məbləğində pulun cavabdehə verildiyi vaxtdan kifayət qədər uzun müddət (20 ilə yaxın) keçdiyindən, iddiaçının tam olaraq 40 şirvanın cavabdehə verildiyini xatırlaması inandırıcı gəlmədiyindən sübut qismində nəzərə alınmamalıdır. Digər Cavabdeh1 qarşı yönəldilmiş tələb üzrə hər hansı sübut təqdim edilmədiyindən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh2 100 ABŞ dolları tutularaq İddiaçı ödənilməlidir. Digər Cavabdeh1 qarşı olan hissədə iddia tələbi təmin edilməməlidir. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələbin məbləğinə mütənasib olaraq Cavabdeh2 aid edilməli, 2 manat 40 qəpik məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4, 1091.1, 1091.2, 1092.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 220.5, 107, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. O, 1 iyul 1952-ci il tarixdə Göyçay rayonu, Mirzəhüseynli kəndində anadan olmuş, hazırda ailə üzvlərilə birgə həmin kənddə yaşayır. Yaşadığı evin aşağı hissəsində 1.5 ha torpaq sahəsi kolxoz dövründən onun və ailə üzvlərinin istifadəsindədir. Ölkədə torpaq islahatları gedən vaxt yaşadığı evin aşağı hissəsində yerləşən və kolxoz dövründən bu günədək istifadəsində olan 1.5 ha torpaq sahəsinin 0.9018 ha hissəsi Göyçay rayon Aqrar İslahat Komissiyasının 41 nömrəli, 28 avqust 1998-ci il tarixli qərarı ilə X4, X19, X5 və X6 mülkiyyətinə verilmiş və onların adına KOD40814058, JN 1035 nömrəli dövlət aktı işlənmişdir. Göyçay rayon Aqrar İslahat Komissiyasının 41-nömrəli, 28 avqust 1998-ci il tarixli qərarı ilə X4, X19, X5 və X6 mülkiyyətinə verilmiş 0.9018 ha torpaq sahəsi kolxoz dövründən bu günədək istifadələrində olduğundan və həmin torpaq sahəsinin yararlı hala salınmasına xərc çəkdiyindən həmin torpaq sahəsini X30, X11 və X12 ilə razılaşıb satın almaq qərarına gəlmişdir. xx.xx.2005-ci il tarixdə X13, X30, X12 və X11 tərəfindən həmin torpaq sahəsi İddiaçı satılmış, aralarında alqı-satqı müqaviləsi bağlanmış, alqı-satqı müqaviləsini Mirzəhüseynli bələdiyyəsinin sədri Sahib Hacıyev təsdiqləmişdir. Həmin torpaq sahəsi və KOD-40814058, JN 1035 nömrəli dövlət aktının əsli İddiaçı təhvil verilmiş, İddiaçı isə torpaq sahəsini bir daha bütövlükdə qəbul etmiş və torpaq sahəsinin əvəzində aralarında müəyyənləşdirilmiş (keçmiş pulnan 400000 manat) pul məbləği cavabdehlərə təqdim edilmiş, cavabdehlər isə həmin pul məbləğini qəbul etmişdir. Həmin vaxt cavabdehlər alqı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirməyi söz versə də bu günədək bununla bağlı notariat kontoruna gəlməkdən müxtəlif bəhanələrlə boyun qaçırırlar. Bir müddət keçdikdən sonra cavabdehlər həmin torpaq sahəsini başqa şəxsə satmaq istəmişlər. Belə ki, JN:1035 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının əsli onda olduğu halda, X12 həmin dövlət aktının itməsi barədə DƏDRX-nə bilə-bilə yalan məlumat vermiş və saxtakarlıq edərək həmin torpaq sahəsinə yenidən çıxarış almışdır. O, Göyçay rayon Notariat Ofisinin notariusu cənab Polad Nəcəfliyə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı ərazi idarəsinin rəisi cənab Füzuli İsayevə rəsmi müraciət edərək, kolxoz dövründən istifadəsində olan, sonradan Mirzəhüseynli bələdiyyəsinin sədri Sahib Hacıyevin möhürü və imzası ilə təsdiqləmiş xx.xx.2005-ci il tarixli alqısatqı müqaviləsi ilə aldığı torpaq sahəsinin təkrar satılmasının qarşısını almaq istəsə də, həmin torpaq sahəsi (torpaq sahəsinin xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsilə satın almağı barədə məlumatlı olan) qonşusu X1. Hazırda həmin torpaq sahəsinin ərazi üzə mövcud bazar qiyməti 8-10 min manatdır. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud deyil. Bu baxımdan cavabdeh ondan həmin torpaq sahəsinin satışından pul aldığı halda həmin torpaq sahəsini başqa şəxsə satmaqla onun hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdehlərin əsassız varlanmadan əldə etdiyi vəsaiti ona qaytarmalı olduğundan həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, 0.9018 ha torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, Göyçay Rayon Məhkəməsinin e-2(046)- 151/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamənin qəbul edilməsini və onun “mübahisəli 0.9018 ha torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 6000 (altı min) manat pulun və dövlət rüsumuna görə ödənilmiş 80 manat pulun cavabdehlər X16 və X3 alınaraq ona verilməsi” barədə iddiasının təmin edilsin xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin e-2(046)-151/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamənin qəbul edilməsini və onun “mübahisəli 0.9018 ha torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 6000 (altı min) manat pulun və dövlət rüsumuna görə ödənilmiş 80 manat pulun cavabdehlər X16 və X3 alınaraq ona verilməsi” barədə iddiasının təmin edilsin xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(046)- 151/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin e-2(046)-151/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamənin qəbul edilməsini və onun “mübahisəli 0.9018 ha torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 6000 (altı min) manat pulun və dövlət rüsumuna görə ödənilmiş 80 manat pulun cavabdehlər X16 və X3 alınaraq ona verilməsi” barədə iddiasının təmin edilsin xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(046)-151/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(046)- 151/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə ilə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, maddi normanın mənasına görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak, pul, əmlak hüquqları və ya maddi fayda əldə etsin. Əsassız varlanma o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdeh2 isə iddiaçıdan 100 ABŞ dolları almasını etiraf etmişdir. Bununla da Cavabdeh2 hüquqi əsas olmadan İddiaçı hesabına 100 ABŞ dolları məbləğində pul əldə etdiyindən əsassız varlanan şəxs sayılmalıdır. Belə olan halda Cavabdeh2 əsassız varlanan şəxs qismində əldə etdiyi 100 ABŞ dolları məbləğində pulu İddiaçı qaytarmalı, bununla da iddia ona qarşı irəli sürülmüş hissədə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsada maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin ( məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli 0.9018 ha torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 6000 (altı min) manat pulun cavabdehlər X16 və X3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, (keçmiş pulnan 600000 manat) pul məbləği cavabdehlərə təqdim edilmiş, cavabdehlər isə həmin pul məbləğini qəbul etmişdir. Həmin vaxt cavabdehlər alqı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirməyi söz versə də bu günədək bununla bağlı notariat kontoruna gəlməkdən müxtəlif bəhanələrlə boyun qaçırırlar. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, torpağa mülkiyyət hüququna dair kod 40814058, JN-1035 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Göyçay rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə X8, Cavabdeh2, Cavabdeh1, X2 təsərrüfatı məhsullarının istehsalı üçün 0,90 ha torpaq sahəsi verilmişdir. xx.xx.2005-ci il tarixli müqaviləsi ilə Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 0.90 ha torpaq sahəsini X30, X11 və X12 tərəfindən İddiaçı satılmışdır. Qeyd: Müqavilədən “azyaşlı uşaqların əvəzinə valideyini imza etdi” sözləri yazılmış, Şıxaliyev.A, Şıxaliyev.A və Şıxaliyev.K adlarının qarşısında imzalar eyni şəxs tərəfindən icra edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin müqvilədə torpaq sahəsinin hansı qiymətə satılması barədə hər hansı bir qeyd aparılmamışdır. Daha sonra müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-1545/2022 saylı qətnaməsi ilə, İddiaçı cavabdehlər X30, X11 və X10 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin müqavilənin etibarlı sayılması və cavabdeh X20 qarşı cavabdehlər X30, X14 və X15 arasında 0.9018 ha torpaq sahəsinin notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2023-cü il tarixli 2(107)-247/2023 saylı qətnaməsi ilə, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kollegiyanın qənaətinə görə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsinə dair alqı-satqı müqaviləsi notaril qaydada təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Kollegiyanın qənaətinə görə tərəflər arasında bağlanmış həmin əqd əhəmiyyətsiz əqd olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu MM-in 354.1-ci maddəsini də şərh edərək bildirmişdir ki, “əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Göründüyü kimi, MM-in 354.1-ci maddəsindəki müddətin əqdin əhəmiyyətsizliyinin müəyyən edilməsi barədə iddiaya tətbiq edilmədiyi, çünki əhəmiyyətsiz əqdin tələbdən və məhkəmə qərarından asılı olmayaraq qanunvericiliyə zidd olması səbəbilə bağlandığı andan özlüyünə etibarsız olduğu, bu müddətin MM-in 337.5-ci maddəsində nəzərdə tutulmuş etibarsızlığın nəticələrinin tətbiqinə, yəni əhəmiyyətsiz əqd üzrə icra edilmiş əvəzedilən əşyaların əqdin qarşı tərəfinin əmlakına qarışması səbəbindən əmələ gətirdiyi əsasız varlanma halları üzrə geri qaytarılması tələblərinə tətbiq edilən iddia müddəti olduğu, KM-in qərarında aydın şəkildə izah olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqvilə əhəmiyyətsiz əqd olduğundan Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5ci maddəsinə əsasən, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı iddia tələbində (keçmiş pulnan 600000 manat) pul məbləğinin cavabdehlərə təqdim etdiyini bildirsə də, ancaq bu barədə hər hansı bir sübut növü məhkəmələrərə təqdim etməmişdir. Bununla belə birinci instansiya məhkəməsində izahat verən Cavabdeh2 iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, 1998-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra o qapıdan çölə çıxmamışdır. O, İddiaçı qapısına getməmiş və iddiaçıya torpaq sahəsi satmamışdır. İddiaçı onlara məxsus torpaq sahəsindən istifadə etməsinə görə 100 ABŞ dolları və buğda məhsulu vermişdir. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 iddianı qismən qəbul edərək iddiaçıdan 100 ABŞ dolları aldığını etiraf etdiyindən və yuxarıda qeyd edilən tərəflər arasında bağlanmış müqavilə əhəmiyyətsiz əqd olduğundan 100 ABŞ dolları Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Kollegiya iddiaçının cavabdehə buğda məhsulu verməsi barədə cavabdehin etirafına münasibət bildirərək qeyd edir ki, iddiaçı 13 il müddətində cavabdehə məxsus torpaq sahəsini istifadə edərək taxıl məhsulu əkib becərmiş və davamlı olaraq oradan məhsul toplamışdır. İşin bu halı kollegiyanın iclasında iştirak edən iddiaçının izahatı ilə müəyyən edilir. Ona görə də iddiaçının cavabdehə vermiş olduğu taxılın iddiaçıya qaytarılmasına əsas yoxdur. Digər tərəfdən iddiaçı iddiasında cavabdehlərdən torpaq sahəsinin indiki dəyəri olan 6000 manat pul tələb edir. Kollegiya iddia tələbinin digər cavabdeh X10 aid hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Belə ki, cavabdeh X12 yuxarıda qeyd edilən əhəmiyyətsiz əqd üzrə tərəf olmamış, eyni zamanda iddiaçı tərəf cavabdeh X10 hər hansı məbləğdə pul vəsaitinin verilməsi barədə sübut təqdim etməmişdir. Ona görə də iddia ona münasibətdə təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X21 ifadəsinə münasibət bildirərək qeyd edir ki, həmin şahid ifadəsi iddianın təmin edilməsi üçün yetərli hesab edilə bilməz. Belə ki, şahid birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsində qeyd etmişdir ki, 2005-ci ildə bələdiyyə sədri işləyərkən vətəndaşlardan torpaq vergisini ala bilməmişdir. Arzu Şıxaliyeva ailə üzvlərinə məxsus torpaq sahəsinin yerini bilmədiyini və həmin torpaq sahəsini satmaq fikrində olduğunu bildirmişdir. O, iddiaçıya həmin torpaq sahəsini almasını təklif etmişdir. 25 fevral 2005-ci il tarixdə Mustafayev X7 Arzu Arif qızından torpaq sahəsi almış və həmin alqı-satqıya görə İddiaçı onun yanında keçmiş pulnan 40 (qırx) şirvan pul ödəmişdir. İddiaçı isə iddia ərizəsində cavabdehə (keçmiş pulnan 600000 manat) pul məbləği verdiyini bildirmişdir. Göründüyü kimi şahid ifadəsi həqiqəti əks etdirmir. Digər tərəfdən kollegiya qeyd edir ki, şahid ifadələri digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İddiaçı tərəf isə digər sübut növü məhkəmələrə təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(046)- 151/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə ilə iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(046)-151/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən edilsin. Cavabdeh2 100 (yüz) ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi məzənnəsi ilə manatla hesablanaraq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh2 ödənilmiş dövlət rüsumu əvəzi olaraq 2.40 (iki manat qırx qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar