Məhkəmə qərarları › İş №2(107)-557/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-557/2021

26.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-557/2021 26.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlundan və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(037)-914/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10065.94 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmini tədbiri kimi Cavabdeh həbs edilərkən protokol tərtib olunaraq üzərindən götürülmüş, İsmayıllı rayon Prokurorluğunun depozit hesabına yerləşdirilən 9500 manat pul məbləğinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(037)-914/2020 saylı qərardadı ilə (hаkim Rəfayel Şirinov) iddianı təmin etmə tədbiri kimi Cavabdeh həbs edilərkən üzərindən götürülmüş, İsmayıllı rayon Prokurorluğunun depozit hesabına yerləşdirilən 9500 manat pul məbləğinin üzərinə həbs qoyulması barədə İddiaçı vəsatəti təmin edilməmişdir. İddiаçı İddiaçı şikayət verərək İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(037)-914/2020 saylı qərardadının ləğv оlunmаsını xаhiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin üzərindən götürülmüş 9500 manat pul məbləğinin onun törətdiyi cinayət hadisəsinə heç bir aidiyyəti yoxdur. İsmayıllı rayon Prokurorluğunda aparılan ibtidai istintaq materiallarında olan Cavabdeh ifadəsi, üzləşmə protokolu, onun ifadəsi və digər sənədlərlə təsdiq olunur ki, prokurorluğun depozit hesabına yerləşdirilən 9500 manat pul məbləği cavabdehin ondan aldığı puldur və hazırkı iddia tələbinin predmetidir. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(037)-914/2020 saylı qərardadının ləğv edilməsini, Cavabdeh həbs edilərkən üzərindən götürülərək İsmayıllı rayon Prokurorluğunun depozit hesabına yerləşdirilən 9500 manat pul məbləğinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(037)-914/2020 saylı qərardadı ilə şikаyət təmin edilməmiş və mülki işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiаçı İddiaçı məhkəm kollegiyasının iclasına gəlməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Cavabdeh məhkəmə kollegiyasının iclasında iştirakının təmin edilməsini xahiş etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(037)-914/2020 saylı qərardadı tam, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(037)-914/2020 saylı qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq tədbiri görülə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri görülə bilər. Həmin Məcəllənin 160.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında qərardad dərhal icra edilir. Həmin Məcəllənin 163.3-cü maddəsinə əsasən, iddianın təmin edilməsi haqqında qərardaddan şikayət verilməsi həmin qərardadın icrasını dayandırmır. Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi iddianı təmin etmək barədə qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianın təmin edilməsi iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirəcək və ya qeyrimümkün edə biləcək halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin tədbiri institutu mahiyyət etibarı ilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiətinə görə, iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardır: gələcək qətnamənin icrasını təmin etmək və bu məqsədlə zəruri hallarda işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaq. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. İş materiallarından görünür ki, İddiaçı 10065.94 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məkhəmədən xahiş etmişdir. Müəyyən edilmişdir ki, həbs edildiyi zaman Cavabdeh alınaraq prokurorluğun depozit hesabına yerləşdirilən pul məbləği 9489 manat olmuşdur. İşə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilənədək Cavabdeh həbs edilərkən üzərindən götürülmüş və Azərbaycan Respublikası Baş X2 Təminat şöbəsinin Maliyyə sektorunun depozit hesabına yerləşdirilən 9489 manat pul məbləğinin istintaq başa çatdıqdan sonra cinayət əməlinə aidiyyəti olmayan əşyalarla birlikdə onun özünə qaytarılması məhkəmə qətnaməsinin icrasını çətinləşdirmək ehtimalını artırmaqla, iddiaçıya maddi ziyanın vurulması və onun hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Ona görə də, mübahisə mahiyyəti üzrə həll olunana qədər Cavabdeh həbs edilərkən üzərindən götürülərək İsmayıllı rayon Prokurorluğunun depozit hesabına yerləşdirilən 9489 manat pul məbləğinin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(037)-914/2020 saylı qərardadı tam, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(037)-914/2020 saylı qərardadı qismən- şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, yeni qərardad qəbul edilməli İddiaçı iddianın təmini tədbiri barədə ərizəsi təmin edilməli, Cavabdeh həbs edilərkən üzərindən götürülərək İsmayıllı rayon Prokurorluğunun depozit hesabına yerləşdirilən 9489 manat pul məbləğinin üzərinə həbs qoyulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən tərəfindən verilmiş şikayət təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli , 2(037)-914/2020 saylı qərardadı tam, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(037)-914/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Yeni qərardad qəbul edilməklə İddiaçı iddianın təmini tədbiri barədə ərizəsi təmin edilsin. Cavabdeh həbs edilərkən üzərindən götürülərək Azərbaycan Respublikası Baş X2 Təminat şöbəsinin Maliyyə sektorunun depozit hesabına yerləşdirilən 9489 manat pul məbləğinin üzərinə həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərаrdаd qəbul edildiyi andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar