Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-559/2023 10.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(037)-67/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Cavabdeh Səfərova X2 rayon Təzəkənd kəndində yerləşən torpaq sahələrini satmaq üçün İddiaçı ilə razılığa gəlmişdir. İddiaçı tərəfindən cavabdehə bu məqsədlə 3000 manat pul verilmişdir. Əlavə olaraq, iddiaçı cavabdehə övladının müalicə olunması üçün 1000 manat pul vermişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat məbləğində pulun, habelə ödənilmiş 60 manat dövlət rüsumunun, ümumilikdə 4060 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ehtimal edilən mülkiyyətində olan torpaq sahəsini gələcəkdə almaq məqsədi ilə ona 2020-ci il tarixdə həmin torpaq sahəsini onun adına rəsmiləşdirməsi üçün müxtəlif vaxtlarda 3.000 manat və övladının müalicə olunması üçün isə 1000 manat məbləğində ümumilikdə 4.000 manat pul vermişdir. Cavabdeh sonrakı müddətdə müxtəlif bəhanələr gətirərək torpaq sahəsində sənədləşmə işlərində problemlərin davam etdiyini, torpaq sahəsinin qiymətinin qalxdığını, ona görə də başqa şəxsə sataraq onun pulunu qaytaracağını və bu tip müxtəlif bəhanələr gətirərək ondan almış olduğu pulu qaytarmaqdan imtina etmişdir. Bununla bağlı Səbail rayon Polis şöbəsinə müraciət etmiş, hazırki mübahisənin mülki xarakterli olması əsası ilə cinayət işinin başlanması rədd edilmiş və məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş edir.
4. İddiaçı sonuncu məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir.Ona görə də məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Əvvəlki məhkəmə iclasında cavabdeh məhkəməyə ərizə təqdim edərək, göstərmişdir ki, İddiaçılə 2020-ci ildə şifahi torpaq alğı-satqısı etmişlər və ona torpağın sənədləşməsi üçün 3000 manat beh vermişdir. Həmin pul ona torpaqlarla yerində tanış olduqdan sonra verilmiş və torpağın hər sotuna 70 manat qiymətləndirilməklə qalan pulun notariusda veriləcəyi bildirilmiş, lakin 60 manatdan razılaşaraq torpaq sənədlərini düzəltdikdən sonra notariusa getməsini bildirdikdə iddiaçı ona sonra gedəcəklərini bildirmişdir. Uşaqlarının revmatizması olduğu üçün onları həkimə aparmaq məqsədi ilə iddiaçıdan 1000 manat almışdır. Sonradan onun həyat yoldaşı ilə danışıqları zamanı iddiaçı torpağın sotunu 50 manatdan verəcəyini bildirmiş, o isə etiraz edərək 100 manatdan satacağını demişdir. Belə olan halda aralarında mübahisə yaranmış və iddiaçı onu polisə şikayət etmiş və hər ikisi izahatlarını vermişdir. İddiaçı ona heç bir rəsmi sənədlə pul verməmiş, şahidi də yoxdur. İndi isə o, torpağın sotunu 100 manatdan satır, iddiaçı istəsə pulunu ödəyib ala bilər. İddiaçının verdiyi behlə o sənədləri düzəltmişdir və hazırda onun iddiaçıya borcu yoxdur. Ona görə də, iddianın rədd edilməsini xahiş edir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Hazırki tələb üzrə iddianın 3000 manat hissəsinə münasibətdə iddianın əsasını torpaq sahəsinin alğı-satqısı üçün iddiaçı tərəfindən verilmiş pul məbləğinin cavabdehdən alınması ilə bağlı mübahisə, iddianın 1000 manat hissəsinə münasibətdə isə borc müqaviləsi təşkil edir.
7. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etmişdir.
8. Tərəf ifadələrindən də göründüyü kimi, cavabdeh iddiaçıdan özünə məxsus torpaq sahəsinin alğı-satqısı üçün 3000 manat məbləğində pul almış və bu halı cavabdeh etiraf etməklə beh kimi aldığını bildirir. İlk baxışda tərəflər arasında ilkin müqavilə bağlandığı kimi görünsə də, əslində ilkin müqavilənin formasına dair qaydalara əməl edilmədiyi üçün onun əhəmiyyətsizliyinə səbəb olmuşdur.
9. Qanunvericilik daşınmaz əmlaklarla bağlı alğı-satqı müqaviləsinin bağlanmasının xüsusi qaydasını müəyyənləşdirmişdir.
10. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında hər hansı bir əqd bağlanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
11. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir.Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur.Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür.Hüquqi fakt rolunda isə qanun,müqavilə,əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə,əsassız varlanma hesab edilir.
12. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır,lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın,yəni əmlakın əldə edilmə əsasının sonradan aradan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt – varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir.
13. Məhkəmə cavabdehin iddiaçıdan aldığı 3000 manat məbləğində pulun beh olaraq aldığına dair etiraz mülahizəsinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, öz istinad etdiyi halları sübut edə bilməmişdir.
14. Göründüyü kimi, hazırki tələb üzrə 3000 manat məbləğin beh olaraq verilməsinə dair hər hansı yazılı müqavilə məhkəməyə təqdim edilməmişdir.
15. Məhkəmə hazırkı tələbin 1000 manat hissəsinə dair aşağıdakıları qeyd edir. Tərəf ifadələrindən də göründüyü kimi iddiaçı uşaqlarının müalicəsi üçün cavabdehə 1000 manat məbləğində borc vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 4000 manat pul İddiaçı xeyrinə tutulmalıdır.
16. İsmayıllı Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(037)-67/2023 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia təmin olunmuş, Cavabdeh 4000 manat pul və 60 manat dövlət rüsumu olmaqla, cəmi 4060 (dörd min altmış) manat məbləğinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 144, 337, 386, 402, 439, 646, 1091 və 1092-ci maddələrinə istinad etmişdir.
18. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizənin dəlilləri ilə əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, Bakıda iddiaçının evində kirayədə qalmış və işləymişdir. Söhbət əsnasında kənddəki əkin torpaqlarını satmaq niyyətində olduğunu bildirmişdir. İddiaçı ona bildirmişdir ki, “torpaqları başqasına niyə satırsan, elə özümüz alarıq”. İddiaçı İsmayıllı rayonuna gələrək Təzəkənd kəndində ərimlə görüşmüş və hər üç torpaq sahəsinə yerində baxaraq bəyənmişdir. Lakin hər üç torpaq sahəsinin hər sotuna 60 manat verəcəyini, eyni zamanda torpaqlarda bağ salacağı, həmin bağlarda işləməyi və nəzarəti də özümüzə tapşırmaqla aylıq bizə əmək haqqı ödəyəcəyini demişdir. O, iddiaçının bu təklifini onlar üçün daimi iş və qazanc yeri yarandığına görə əri ilə məsləhətləşərək qəbul etmişdir. Ancaq torpağın mülkiyyət sənədləri lazımi qaydada olmadığı üçün ona pul lazım olduğundan və eyni zamanda iddiaçı sözünü danmamaq üçün ondan 3000 manat beh istəmişdir. İddiaçı bununla razılaşaraq ona 3000 manat beh vermişdir. İddiaçıdan onun verdiyi beh məbləğini öz aralarında rəsmiləşdirilməsini istəsə də o, bundan imtina etmiş və bildirmişdir ki, əgər torpağı almasa pulu geri almayacaq. O üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək 2020-ci ilin sonunadək torpağın mülkiyyət sənədlərini tam şəkildə hazırlayıb iddiaçıya alqı-satqını rəsmiləşdirmək üçün notariata getməyə hazır olduğunu demişdir. Lakin iddiaçı əlində bir sıra vacib işlər olduğunu bildirib bir-iki ay gözləməyi və səbr etməyi demişdir. O, razılaşıb altı aydan çox gözləmişdir. 2021ci ilin iyun ayınadək iddiaçıdan bir təklif gəlməmişdir. O, onda iddiaçıya bildirmişdir ki, uşaqlarının müalicəsinə təcili pul lazımdır, mümkünsə alqı-satqını rəsmiləşdirək. İddiaçı müalicə üçün ona lazım olan 1000 manatı versə də, alqı-satqının rəsmiləşdirilməsini yenə də müəyyən müddətə saxlamışdır. Həmin vaxt ondan torpaqların mülkiyyət sənədini istəmiş, o isə ona sənədləri notariatda təqdim edəcəyini bildirmişdir. Çünki, iddiaçının dələduzluq cinayətinə görə 4 il həbsdə olmasını bilirdi və ona etibar etməmişdir, lakin alqısatqıdan da heç vaxt imtina etməmişdir. Sadəcə iddiaçının özü ona məlum olmayan səbəbdən alqı-satqını ləngidirdi. O, iddiaçıya bildirmişdir ki, torpaqları almaq istəyən müştərilər var, onlar özlərinə başqa yerdən torpaq tapdıqdan sonra o torpağı sata bilməyəcək. Demişdir ki, “narahat olma mütləq torpağı mən alacam və orada sizin iştirakınızla böyük işlər görəcəyik.” Beləcə o gözləmə mövqeyində qalmışdır. 2021-ci ilin dekabr ayında onun heç nədən xəbəri və xəbərdarlıq olmadan onu Səbail rayon prokurorluğuna, sonra isə Səbail rayon polis şöbəsinə dəvət etdilər və hər iki orqanda ona bildirildi ki, iddiaçı, yəni İddiaçı onun barəsində şikayət edib, güya onun pulunu dələduzqla aldadıb aldığını və torpaqları ona satmaq istəmədiyini bildirib. Göründüyü kimi iddiaçı tam səmimiyyətdən kənar olmaqla aralarında bağlanmış şifahi razılaşmanı pozmaqla torpaqları almaqdan özü imtina edib və bunda onu günahlandırmaqla verdiyi pulu geri tələb edir. Əslində isə iddiaçı ona böyük zərər vurub. Torpaq alıcısı olan bir neçə real müştəri əldən çıxıb. Göründüyü kimi iddiaçı üzərinə götürdüyü öhdəliyi birtərəfli olaraq qəsdən yerinə yetirməmişdir. Bununla da ona maddi və mənəvi zərər vurmuşdur. O isə aralarında olan razılaşmaya uyğun olaraq torpağın dövlət reyestrində qeydiyyatını həyata keçirib iddiaçını bu barədə məlumatlandırmaqla ondan alğı-satqının notarial qaydada rəsmiləşdirilməsini tələb və təklif etmişdir. O, iddiaçıdan ayrı-ayrılıqda aldığı 3000 və 1000 manatı, cəmi 4000 manatı beh kimi almışdır. Çünki, iddiaçının özünə də bildirmişdir ki, onun pula ehtiyacı var və torpağı almağa müştərilər də var, sadəcə torpağı bir qədər baha satmaq istəyir ki, həm problemlərini həll etsin, həm də gəlir əldə etmək üçün iş qursun.
20. Məhkəmə yalnız iddiaçının izahatına əsaslanaraq iş üzrə ədalətli qərara qəbul etmək üçün heç bir araşdırma aparmamış, cavabdeh kimi məhkəmədə mənim iştirakımı təmin etməmiş, tərəfimdən məhkəməyə sübutların təqdim edilməsinə şərait yaratmamış işin halları ilə bağlı sübutların təqdim edilməsini tələb etməmişdir.
21. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(037)- 67/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
24. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 402.6-cı maddəsinə əsasən niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 491.1-ci maddəsinə əsaəsn beh müqaviləsinin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda,o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
28. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(037)- 67/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
30. Hazırki işin mübahisəsiz halları bu qətnamənin 1-ci bəndində göstərilmişdir. Cavabdehə iddiaçı tərəfindən verilmiş 3000 manat pulun verilmə əsası, həmçinin torpağın alqı-satqısının gerçəkləşdirilməməsinin səbəbləri tərəflər arasında mübahisəlidir.
31. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında hər hansı bir əqd bağlanmamışdır və cavabdehin iddiaçıdan aldığı 3000 manat məbləğində pulun beh olaraq alındığına dair cavabdeh məhkəməyə hər hansı sübut təqdim etməmiş, öz istinad etdiyi halları sübut edə bilməmişdir. Apellyasiya şikayətinin bu qətnamənin 19-cu bəndində göstərilmiş dəlilləri birinci instansiya məhkəməsinin bu qətnamənin 8-14-cü bəndlərində göstərilmiş əsaslandırmaları ilə təkzib edilir və məhkəmə kolelgiyası həmin bəndlərdə göstərilənləri təkrarlamağa zərurət duymur. Eyni zamanda iddianın təmin edilmiş 1000 manata aid hissəsində də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin 1000 manatın cavabdehin uşaqlarının müalicəsi üçün cavabdeh tərəfindən iddiaçıdan alındığı hər iki tərəfin izahatları ilə təsdiq edilir. Mübahisəli hal həmin pulun borc olaraq və ya gerçəkləşdirilməli olan alqı-satqı üçün verilən behin tərkib hissəsi olaraq verilməsidir ki, yuxarıda qeyd olunduğu kimi, alqı-satqı razılaşması ilə bağlı beh verildiyi sübut olunmadığından birinci instansiya məhkəməsi həmin pulun borc olaraq verildiyini hesab etməkdə haqlı olmuşdur.
32. Apellyasiya şikayətinin bu qətnamənin 20-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, işin materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində işin icraatından xəbərdar olmuş, məhkəməyə iddiaya qarşı etiraz da göndərmişdir. Cavabdehin həmin bənddə göstərilmiş məhkəmənin ondan sübutlar tələb etməməsi barədə dəlillərinə gəldikdə isə, nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixdə 2(037)-67/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixdə 2(037)-67/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev