Məhkəmə qərarları › İş №2(107)-567/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-567/2025

29.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-567/2025 29.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən payının naturada ayrılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: payın naturada ayrılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən payının naturada ayrılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(033)-35/2025 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Daşınmaz əmlakın dövlət reyestrindən 18 noyabr 2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********14, qeydiyyat nömrəsi ********** olan Çıxarışla Zaqatala rayonunun Fındıqlı qəsəbəsində yerləşən 0,9975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,249375 ha hissəsi X1, 0,3325 ha hissəsi Cavabdeh2, 0,165625 ha hissəsi Cavabdeh1 və 0,25 ha hissəsi İddiaçı paylı mülkiyyətində olmuşdur. İddiaçı torpaq sahəsinin özünə düşən hissəsinin naturada ayrılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən payının naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilmiş, Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 0.9975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun payına düşən 0.25 ha hissəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu, Fındıqlı qəsəbəsində mərhum anası X5, Cavabdeh2, Cavabdeh1 və onun ümumi paylı mülkiyyətində 0.9975 ha kəndə təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən 0.25 ha hissəsi ona məxsusdur. Mülki iş üzrə cavabdehlər payının naturada ayrılmasına razı olmadığı üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala rayonunun Fındıqlı qəsəbəsində yerləşən 0,9975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,249375 ha hissəsi X1, 0,3325 ha hissəsi Cavabdeh2, 0,165625 ha hissəsi Cavabdeh1 və 0,25 ha hissəsi İddiaçı paylı mülkiyyətindədir.

5. İş üzrə keçirilmiş ilkin məhkəmə tikinti-texniki ekspertiza üzrə ekspert rəyi ilə iddiaçının torpaq sahəsindəki 0,25 ha hissəsinin yerquruluşu planına uyğun naturada ayrılmasının mümkün olduğu müəyyən edilmişdir.

6. Məhkəmə rəyi vermiş şəxsin mühəndislik sahəsində xüsusi biliklərinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşmış və iddiaçının torpaq sahəsindəki 0,25 ha hissə payının cavabdehlər Cavabdeh2 0,3325 ha hissə və Cavabdeh1 0,165625 ha hissə paylarından naturada ayrılmasının mümkün olması barədə həmin rəylə müəyyən edilənləri işin hallarına uyğun saymışdır.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının öz paylarının naturada ayrılmasını tələb etmək hüququ vardır və payların naturada ayrılması mümkündür. Odur ki, iddia tələbi təmin olunmalı, Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən tərəflərin paylı mülkiyyətində olan 0,9975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının payına düşən 0,25 ha hissə naturada ayrılmalıdır. Payın naturada ayrılması iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə 30 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun aparılmalıdır.

8. Zaqatala Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(033)-35/2025 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia təmin olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 18 noyabr 2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,9975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payına düşən 0,25 ha hissə, cavabdehlər Cavabdeh2 payına düşən 0,3325 ha hissə və Cavabdeh1 payına düşən 0,165625 ha hissədən naturada ayrılması, iddiaçının payının naturada ayrılması, 30 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun aparılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 50 (əlli) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********000********.). İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 213 və 220-ci maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 18 noyabr 2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********14, qeydiyyat nömrəsi ********** olan çıxarış 24 fevral 2024-cü il tarixli akt Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2024-cü il tarixli 10/2265 nömrəli rəyi

11. Qətnаmədən nаrаzı qаlаn maraqlarına toxunan şəxs Maraqlı şəxs аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlak Daşınmaz Əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə aparılmış qeydiyyat əsasında mülkiyyətinə keçmişdir. Eyni zamanda həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnu bağışlanma ilə əldə etdiyi zaman, həmin əmlak üzərində heç bir məhdudiyyət, yüklülük olmamışdır. Bununla bağlı olaraq məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, mübahisəli torpaq sahəsi anasına məxsus olmuşdur. Həmin torpaq sahəsindən 0,25 ha hissəsi qardaşı olan iddiaçıya, 0,75 ha hissəsi isə notarial qaydada digər qardaşına bağışlanmışdır. Torpaq sahəsinin bölgüsündə digər qardaşı Maraqlı şəxs imkan verməmişdir ki, iddiaçı öz payından istifadə etsin. Qardaşı Tofiq hələ də çıxarış almayıb. O, bildirir ki, iddiaçıya çatacaq pay da onundur. O və digər cavabdeh olan oğlu Cavabdeh2 onlara çatacaq payları Maraqlı şəxs bağışlamışlar. Hazırda iddiaçının payına düşən hissənin naturada ayrılmasına etiraz etmir. Birinci instansiya məhkəməsi sözügedən qətnaməni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148.2-ci, 220.1 və 220.3-cü maddələrinin tələblərini nəzərə almadan, eyni zamanda Cavabdeh1 məhkəmə iclasında mübahisə predmeti olan torpağın mülkiyyətçisi olmadığını, həmin torpağın hazırda mülkiyyətçinin Maraqlı şəxs olduğunu bildirməsinə baxmayaraq, mübahisə predmeti olan torpağın payçılarını müəyyən etmədən qəbul etmişdir.

13. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(033)- 35/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı və Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(033)-35/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

16. Cavabdeh2 və maraqlarına toxunan şəxs Maraqlı şəxs işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və ya şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(033)- 35/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası maraqlarına toxunan şəxsin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Daşınmaz əmlakın dövlət reyestrindən 18 noyabr 2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********14, qeydiyyat nömrəsi ********** olan Çıxarışla Zaqatala rayonunun Fındıqlı qəsəbəsində yerləşən 0,9975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,249375 ha hissəsi X1, 0,3325 ha hissəsi Cavabdeh2, 0,165625 ha hissəsi Cavabdeh1 və 0,25 ha hissəsi İddiaçı paylı mülkiyyətində olmuşdur. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, 4 fevral 2024cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə X1 mirasından Maraqlı şəxs tam hissədə pay almışdır. 3 mart 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahəsindən özlərinin mülkiyyətində olan hissələri Maraqlı şəxs bağışlamışlar. Daşınmaz əmlakın dövlət reyestrindən 29 mart 2024-cü ildə verilmiş reyestr nömrəsi **********14, qeydiyyat nömrəsi ********** olan Çıxarışla Zaqatala rayonunun Fındıqlı qəsəbəsində yerləşən 0,9975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,25 ha hissəsi İddiaçı, 0.7475 ha hissəsi isə Maraqlı şəxs mülkiyyətindədir. İddiaçı torpaq sahəsinin özünə düşən hissəsinin naturada ayrılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı torpaq sahəsinin öz mülkiyyətində olan hissəsini Maraqlı şəxs özgəninkiləşdirməsi görünmür, digər mülkiyyətçilərin paylarının vərəsəlik və bağışlama yolu ilə apellyatora keçməsi iddiaçını torpaq sahəsinin öz mülkiyyətində qalmış hissəsinin naturada ayrılmasını tələb etmə hüququndan məhrum etmir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə Qərardadının 17-20-ci bəndlərində göstərilir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). 19. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. 20. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəli ümumi mülkiyyətdən payın ayrılması barədə olan Mülki Məcəllənin 220-ci maddəsinə əsasən həll etmişdir. Hazırki halda, mübahisəli torpaq sahəsi yalnız iki şəxs – İddiaçı və apellyator Maraqlı şəxs mülkiyyətində olduğundan və iddiaçının ümumi mülkiyyətdən çıxması torpaq sahəsinin ümumi mülkiyyət statusuna xitam verəcəyindən hazırki işə Mülki Məcəllənin 221-ci maddəsi tətbiq edilməlidir. Bununla belə, hər iki prosedurun ilk mərhələsi payın naturada ayrılması olduğundan və hazırki halda həmin mərhələ baş tutduğundan, növbəti mərhələlərə keçid edilməsinə zərurət qalmadığından, hazırki iş üzrə hər iki prosedurun hüquqi nəticəsi eynidir. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə zərurət yoxdur.

24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(033)-35/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(033)-35/2025 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar