Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-582/2025 01.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: ərazi aidiyyəti mübahisəsinin həlli) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X7 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair mülki işin ərazi aidiyyatı ilə bağlı mübahisəyə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024- cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və torpaq sahəsinin planı və ölçüsünə əsasən Ağdaş rayonu Pirkəkə kəndi ərazisində yerləşən paylı mülkiyyətə verilmiş 1.5894 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində onun payının 0.7947 hektarının torpaq sahəsinə gediş-gəliş və su yolu nəzərə alınmaqla naturada ayrılması qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X1 1988-ci ildə X8 ilə evlənərək ailə qurmuşdur. Onların birgə nikahlarından bir uşaqları anadan olmuş, uşaq anadan olandan bir müddət sonra vəfat etmişdir. Torpaq islahatı zamanı mərhum bacısı və ailəsinə Ağdaş rayonunun Pirkəkə ərazisindən ümumi birgə mülkiyyətlərinə 1.15894 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X1 2012-ci ildə, keçmiş əri X8 isə 2014-cü ildə Ağdaş rayonunun Pirkəkə kəndində vəfat etmişdir. Cavabdeh mərhum X2 arvadıdır. Mərhum bacısının qanun üzrə birinci növbə vərəsələri olmadığına görə qanun üzrə ikinci növbə vərəsə kimi mərhum keçmiş əri ilə ümumi birgə mülkiyyətlərinə verilmiş 1.5894 ha torpaq sahəsinin ona çatası ½ hissəsinə Ağdaş rayon notariat ofisində vərəsəlik işi açdırmışdır. Reyestrdə 2V-967 nömrə ilə 02 noyabr 2023-cü il tarixdə qeydiyyata alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən mərhumların ümumi birgə mülkivvətlərinə verilmiş 1.5894 ha torpaq sahəsindən mərhum bacısına çatası payından tam hissədə irs almışam. Bundan sonra həmin torpaq sahəsi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində ümumi birgə mülkiyyət hüququ əsasında onun və mərhum X3 adına qeydə alınmışdır və bu barədə ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. X10 yeganə qanun üzrə birinci növbə vərəsəsi olan Cavabdeh ərinin ölümündən sonra vərəsəlik açdırmadığına görə və payları naturada ayrılmadığına görə həmin torpaq sahəsi üzərində hüquqlarını keçən müddət ərzində istəyinə uyğun həyata keçirə bilməmişdir. Bu səbəbdən də mərhumun qohumları ilə aralarında narazılıqlar yaranmışdır. Mülkiyyətçi kimi mərhumla hər birinə çatası ½ hissə torpaq sahəsi üzərində hüquqları öz istəklərinə uyğun həyata keçirmək məqsədilə cavabdehlə mərhumun ölümündən sonra vərəsəlik işi açdıraraq və mirası qəbul edərək payına düşən torpaq sahəsinin öz aralarında qarşılıqlı razılaşma əsasında ayrılmasım təklif etsə də, cavabdeh vərəsəlik işi açdırmadığına görə torpaq sahəsinin naturada ayrılıb verilməsi ilə əlaqədar ümumi razılığa gələ bilməmişlər. Bütün bunlar da mülkiyyətçi kimi qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(014)-412/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi üzrə iş ərazi aidiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(014)-412/2025 nömrəli qərardadında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh Göyçay rayonu Müskürlü kəndində qeydiyyatda olduğundan hazırki işin ərazi aidiyyəti üzrə Ağdaş Rayon Məhkəməsində deyil, Göyçay Rayon Məhkəməsində baxılması qanuni və əsaslıdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-1245/2025 nömrəli qərardadı ilə Ağdaş Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddiası üzrə işin ərazi aidiyyətinə dair Ağdaş Rayon Məhkəməsi ilə Göyçay Rayon Məhkəməsi arasında fikir ayrılığı olduğundan, ərazi aidiyyətini müəyyən etmək üçün işin baxılmadan Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Göyçay Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 2(039)-1245/2025 nömrəli qərardadında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddiadır və buna görə də, hazırkı iş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əmlakın olduğu yerə görə Ağdaş Rayon Məhkəməsinə aiddir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçı X4 cavabdeh X5 qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddiası üzrə işə baxılmasında Ağdaş Rayon Məhkəməsi ilə Göyçay Rayon Məhkəməsi arasında fikir ayrılığı olduğundan işin ərazi aidiyyətini müəyyən etmək üçün iş baxılmadan Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Tətbiq edilən hüquq: Аzərbаycаn Respublikаsı Konstitusiyasının; 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin; 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. «Məhkəmələr və hаkimlər hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 15-ci mаddəsinin tələbinə görə işlərin Аzərbаycаn Respublikаsının qаnunvericiliyi ilə müəyyən edilmiş məhkəmə аidiyyətinin dəyişdirilməsi qаdаğаndır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarı Məhkəmə kolelgiyasının mövqeyi: Hazırda tərəflər arasında yaranmış mübahisə İddiaçı Cavabdeh qarşı Ağdaş rayonu Pirkəkə kəndi ərazisində yerləşən torpaq sahəsindən payınının naturada ayrılması ilə bağlıdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Ağdaş rayonu Pirkəkə kəndində yerləşən yerləşən 1.5894 ha torpaq sahəsi İddiaçı və X3 ümumi birgə mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi İddiaçı cavabdehlə Ağdaş rayonu Pirkəkə kəndində yerləşən torpaq sahəsindən mülkiyyətçi kimi payının ayrılması üsulu və şərtləri barədə razılığa gələ bilmədiyindən, onun tələbi öz əmlakından maneəsiz istifadəsinə, öz əmlakı üzərində tam sahiblik hüququnun həyata keçirilməsinin təmin edilməsinə, bir sözlə mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılmasına yönəldilmişdir. Apellyasiya instansiya məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərini əsas tutub, məhkəmələr arasındakı fikir ayrılıqlarını müəyyən edərək qeyd edir ki, iddiaçının, üzərində yaranmış mülkiyyət hüquqlarının pozulmasını aradan qaldırmaq niyyətində olduğu torpaq sahəsi Ağdaş rayonunun Pirkəkə kəndində yerləşir. Göründüyü kimi, iddiaçı mübahisənin müstəsna aidiyyət qaydasında həlli üçün Ağdaş Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında göstərilir ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Kollegiya hesab edir ki, hazırki halda iddia tələbi iddiaçının daşınmaz əşya üzərində mülkiyyət hüququnun pozulması ilə əlaqəlidir. Konstitusiya Məhkəməsinin göstərilən qərarındakı mövqe nəzərə alındıqda, görmək olar ki, hazırki işdə müstəsna aidiyyatın məqsədləri ilə bağlı həmin qərarda göstərilən hallara (mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsi) zərurəti vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında həmçinin göstərilir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Göstərilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair mülki işə ərazi aidiyyatı üzrə Ağdaş Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 402.2-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 35, 39, 44, 45 və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair mülki işin ərazi aidiyyatı ilə bağlı Ağdaş Rayon Məhkəməsi ilə Göyçay Rayon Məhkəməsi arasında fikir ayrılığı həll edilsin və mülki iş baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-582/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-582/2025
01.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver