Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-587/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1518/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə, Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığrta Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6.500 (altı min beş yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına hesabına ödənilən 30 (otuz) manat dövlət rüsumunun ASC “xxxxxxxxxxxxxxxxxx” Sığrta Şirkətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1518/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6.500 (altı min beş yüz) manat sığorta ödənişi məbləği və 30,0 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 6.530 (altı min beş yüz otuz) manat məbləğində pul vəsaiti iddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığrta Şirkətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Belə ki, yol-nəqliyyat hadisə zamanı zərərçəkənlər X6 və X7 olmuşdur. Hadisə zamanı X1 az ağır zərər vurulmuş, X7 aldığı bədən xəsarətlərindən vəfat etmişdir. X3 qanuni nümayəndəsi, babası Mehdiyev Qalib ilə danışmış və ona bildirmiş ki, Sığorta Şirkəti tərəfindən ona 3.500 manat pul ödənilmişdir. Lakin sığorta şirkəti zərərçəkmişin nümayəndəsini aldadaraq sənəddə məbləği 5000 manat olaraq qeyd etmişdir. Bundan əlavə tələb üzrə iddia müddəti də ötürülmüşdür. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1518/2019 saylıqətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığrta Şirkətinin nümayəndəsi və Cavabdeh2 heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1518/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, xx.xx.2015-ci il tarixdə, saat 12:00 radələrində Xırdalan şəhəri, H.Əliyev prospekti ərazisində Cavabdeh1 ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış “Vaz2108” minik markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomobili etibarnaməsi olmadan idarə edərkən yalnış manevr edərək hərəkət təhlükəsizliyi qaydalarını pozmuş, nəticədə X1 az ağır zərər vurulmuş, X7 aldığı bədən xəsarətlərindən bir neçə gün sonra X12 Xəstəxanasında vəfat etmişdir. xx.xx.2015-ci il tarixli Abşeron Rayon Məhkəməsinin hökmünə əsasən, Cavabdeh1 əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkib əlaməti olmuşdur. Bununla əlaqədar olaraq, 1233/16, 1232/16 saylı işlərə dair sığorta aktları tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkənə 1.500 ( min beş yüz) manat, zərərçəkənin qanuni nümayəndəsi X4 dəymiş zərərə görə 5.000 (beş min) manat, ümumilikdə 6.500 (altı min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096,2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (reqres tələbi hüququ) əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, apelyator iddiaçının zərərçəkənin nümayəndəsini aldadaraq sənəddə məbləği 5000 manat olaraq qeyd edib, 3500 manat verdiyini birdirsə də, bunu təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. İş materiallarında olan xx xxxxx 2016-ci il tarixli, 627 nömrəli ödəniş tapşırığından görünür ki, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığrta Şirkəti tərəfindən 5.000 (beş min) manat məbləğində pul X5 ödənilmişdir. Bundan əlavə xx xxxxx 2016-cı il tarixli ödəniş tapşırığından görünür ki, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığrta Şirkəti tərəfindən 1500 (bir min beş yüz) manat məbləğində pul X5 ödənilmişdir. Bundan əlavə cavabdeh iddia müddətinin tətbiq edilməli olduğunu bildirir. Məhkəmə kollegiyası bu nüansa münasibət bildirərək qeyd edir ki, “reqres iddia” ilə “subroqasiya hüququ” ayrıayrı anlayışlardır və onlar biri-digərindən fərqli hüquqi nəticələr doğurur. “Reqres iddia” (əks tələb)-başqasının vurmuş olduğu ziyanı ödəyən şəxsin, vermiş olduğu ödəniş miqdarında digər şəxsə qarşı tələbidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. “Subroqasiya hüququ” isə-sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində təsbit olunmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi hazırkı halda iş üzrə tərəflər arasında hər hansı bir müqavilə olmamışdır və öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsində təsbit olunmuşdur ki, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Qanunvericilikdə nəzərdə tutulan bu norma, heç də iddia müddətinin zaman ölçüsünü deyil, iddia müddəti axımının başlanması anını müəyyən etmişdir. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)- 1518/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1518/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-587/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-587/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver