Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-599/2023 11.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh qarşı “pul tələbi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, əsassız varlanma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, İddiaçı2 iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, e2(033)-167/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı1 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23 000 manat borcun, illik 5 faiz dərəcəsi ilə hesablanmış 1150 manat dəbbə pulunun və iddia ərizəsi üçün ödənilmiş 162,45 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin yay aylarından 02 sentyabr 2021-ci ilədək olan müddətdə Zaqatala rayon Faldarlı kənd sakini Cavabdeh faktiki olaraq özünə məxsus olmasını bildirdiyi Zaqatala rayonu, Faldarlı kəndində yerləşən 0,45 ha torpaq sahəsi və üzərində olan yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən bütün zəruri sənədləri hazırlayıb həmin daşınmaz əmlakı satacağını vəd edərək ondan 23.000 (iyirmi üç min) manat pul almış, lakin vədinə əməl etməyərək nə notarial alqı-satqı üçün mülkiyyət hüququnu təsdiq edən sənədləri hazırlatmamış, nə də aldığı 23.000 manat pulu qaytarmışdır. Buna görə o, Cavabdeh verdiyi 23.000 manatın qaytarılması üçün 21 may 2022-ci il tarixdə ərizə ilə Zaqatala Rayon Prokurorluğuna və Zaqatala Rayon Polis Şöbəsinə müraciət etmişdir. Həmin orqanlarda aparılmış araşdırma zamanı Cavabdeh verdiyi izahatlarından göründüyü kimi o, 2021-ci ilin sentyabr ayının əvvəllərinədək olan müddət ərzində ondan 23000 manatı (iyirmi üç min manat) aldığını etiraf etmiş və pulu qaytaracağına söz vermişdir. Buna baxmayaraq, tərəfindən verilmiş pul hələ də ona qaytarılmamışdır. Cavabdeh 23000 (iyirmi üç min) manat alması faktı onun öz şəxsi etirafından başqa araşdırma zamanı şahidlərin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi barədə Zaqatala RPŞ-nin müstəntiqi polis kapitanı Surac Əhmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, Cavabdeh 23000 manatı almasına dair iddiaçı G.Cəbrayılovaya verdiyi qəbz və onlar arasında “Whatsapp” şəbəkəsi vasitəsilə əlaqə zamanı Cavabdeh göndərdiyi səs yazıları ilə tam təsdiq edilir. Buna görə də, o pulun qaytarılması tələbi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin satmaq üçün təqdim etdiyi əmlakın özünə aid olması barədə sənədləri hazırlamadan, bu halda daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış almadan, həmin çıxarış əsasında notarial alqı-satqı aparılmamış, yalan vədlərlə aldadıb tələb edərək əvvəlcədən əmlakın bütün dəyərini alması cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hesabına əsassız varlanmasıdır. Cavabdeh Qoşqar sənədləşmə alınmadığı halda həmin məbləği 2021-ci ilin sentyabr ayında qaytarmalı idi. Həmin vaxtdan dəfələrlə tələb etsə də göstərilən məbləğ iddiaçıya qaytarılmamışdır. Ötən dövr ərzində həmin məbləğin minimum illik 5 faizi həcmində dəbbə pulunu da ödəməlidir.
3. İddiaçı1 əsl iddiaçı olaraq İddiaçı2 ilə əvəz edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, məhkəmə prosesində əlavə olaraq göstərmişdir ki, evə dair verilmiş 23000 manat pul vəsaiti ona məxsus olmuşdur, o, müəllimə işləməklə kurslarda şagirdlərə özəl dərs tədris edir. Ailələrində olan razılığa əsasən yay aylarında dincəlmək üçün Zaqatala rayonunda ev almaq qərarına gəlmişlər. İnternet vasitəsi ilə Cavabdehla tanış olduqdan sonra Zaqatala şəhərinə gələrək evə baxıb bəyənmişlər. Qoşqarın verdiyi vədə əsasən torpağın sənədlərini rayon bələdiyyəsindən aldıqdan sonra aralarında alqı-satqı müqaviləsi bağlanmalı idi, lakin onlar tərəfindən evin pulunun tam verilməsinə baxmayaraq evə dair heç bir sənəd hazır olmayıb. Onlar artıq aldandıqlarını başa düşdükləri üçün pulların qaytarılmasını tələb etməyə başlamışlar. Pulun onun tərəfindən cavabdehə verilməsi xx.xx.2021-ci il tarixli qəbzlə təsdiq olunur.
5. İddiaçı2 nümayəndəsi – Vəkil birinci instansiya məhkəməsinin məhkəmə iclasında oxşar məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, özünə məxsus fərdi yaşayış evini 25 000 manata satmaq üçün “tap.az” internet səhifəsinə elan yerləşdirmiş və həmin evə İddiaçı2 müştəri çıxmışdır. Tərəflər həmin evə görə 23000 manat verilməsinə razılığa gəlmişlər. Cavabdeh iddiaçıya Faldar kəndində evlərin əksəriyyətinin sənədlərinin olmadığını və ona məxsus evin də sənədinin olmadığını bildirmişdir. İddiaçı cavabdehə evin sənədi olmasa da almaq istədiyini bildirmiş və ona 500 manat beh pul vermişdir. Bu danışıqdan 3-4 ay keçdikdən sonra iddiaçı evin sənədlərini istəmiş, lakin sonuncu evin dəyərini tam ödəmədiyindən evin sənədlərini qaydasına salıb iddiaçıya verməmişdir. İddiaçı ona hissə-hissə olmaqla evin tam dəyərini ödəmişdir. O, iddiaçıdan aldiği 23 000 manat pulu qaytarmağa razıdır. Lakin dəbbə pulu kimi hesablanmış 1150 manat pulu ödəməyə razı deyil. Göstərilənlərin nəzərə alınmasını xahiş edərək iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, e2(033)-167/2023 saylı qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 23000 (iyirmi üç min) manatın alınaraq İddiaçı2 verilməsi, iddiaçı tərəfindən ödənilmiş 162,45 (bir yüz altmış iki manat qırx beş qəpik) manat dövlət rüsumunun 159 (bir yüz əlli doqquz) manatının Cavabdeh alınaraq İddiaçı2 verilməsi, qalıq 3,45 (üç manat qırx beş qəpik) manatının isə İddiaçı2 özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh özünə məxsus Zaqatala rayonu, Faldarlı kəndində yerləşən 0,45 ha torpaq sahəsi və üzərində olan yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən bütün zəruri sənədləri hazırlayıb həmin daşınmaz əmlakı satacağını vəd edərək iddiaçıdan müxtəlif vaxtlarda hissə-hissə 23.000 manat pul almış, lakin vədinə əməl etməyərək nə notarial alqı-satqı üçün mülkiyyət hüququnu təsdiq edən sənədləri hazırlatmamış və iddiaçıdan aldığı 23.000 manat pulu ona qaytarmamışdır.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi 23 000 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilməlidir.
10. Məhkəmə iddia tələbinin illik 5 faiz dərəcəsi ilə hesablanmış 1150 manat dəbbə pulunun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsinə münasibət bildirərək hesab etmişdir ki, iddia bu hissədə təmin edilməməlidir.
11. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi cavabdehin öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etməsi, təsdiq edilmədiyindən, eləcə də tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma bağlanmadığından iddiaçı dəbbə pulunun ödənilməsini tələb edə bilməz.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 162,45 manat dövlət rüsumunun 159 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, qalıq 3,45 manat isə iddiaçının özünə aid edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 448.1, 448.2, 14.2. və 14.2.7, 439.4, 1091.1, 1091.2, 1092.1, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 462.1, 465.2, 463.1, 463.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.3, 217.4, 218.3cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh şəxs Cavabdeh məhkəməyə ərizə verərək iddianı qismən qəbul etdiyini, İddiaçı1 götürdüyü 23 000 manatı evi satdıqdan sonra hissə-hissə qaytaracağını bildirmişdir. Məhkəmə iclasında da İddiaçı1 Cavabdeh verdiyi 23000 manatı özünün Qoşqara verdiyi qaydada, yəni hissə-hissə qaytarmasına razı olduğunu bildirmişdir. Belə olan halda məhkəmə tərəfindən tərəflər arasında barışıq sazişi tərtib olunaraq iş üzrə yekun qərardad qəbul olunmalı idi. Hesab edir ki, qəbul olunmuş qətnamə qanuni deyildir.
16. Hesab edir ki, şikayətdə qeyd etdilən faktlar apellyasiya məhkəməsinin kollegiyasında şikayətə baxılarkən tam hüquqlu məhkəmə kimi araşdırılaraq hüquqi qiymət veriləcəkdir. Qətnamə tamamilə ləğv edilməli, işin icraatına xitam verilməlidir. MPM-in 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Məhkəmə bu maddənin tələblərini pozaraq tərəflər arasında barışıq sazişi bağlanması üçün şərait yaratmamışdır. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur. Məhkəmə bu maddədə qeyd olunan borcunu verməmişdir. Tərəflər barışdıqlarını bəyan etsələrdə məhkəmə tərəfindən barışıq sazişi bağlanmadı və məhkəmə tərəfindən təsdiq edilmədiyinə görə xitam verilmədi. Qeyd olunanlara əsasən hesab edir ki, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyildir.
17. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357-362-ci maddələrinə əsasən Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-167/2023 saylı qətnaməsinin tam ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndəsi (vəkili), Cavabdeh və cavabdehin vəkili gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat vermədən 11 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin və cavabdehin vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2. və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətindən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, e-2(033)-167/2023 saylı qətnaməsinin tam ləğv edilib, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə apelyasiya şikayətlərinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
28. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh özünə məxsus Zaqatala rayonu, Faldarlı kəndində yerləşən 0,45 ha torpaq sahəsi və üzərində olan yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən bütün zəruri sənədləri hazırlayıb həmin daşınmaz əmlakı satacağını vəd edərək iddiaçıdan müxtəlif vaxtlarda hissə-hissə 23.000 manat pul almış, lakin vədinə əməl etməyərək nə notarial alqı-satqı üçün mülkiyyət hüququnu təsdiq edən sənədləri hazırlatmamış, iddiaçıdan aldığı 23.000 manat pulu ona qaytarmamış, beləliklə iddiaçının hesabına əsassız varlanmışdır.
29. Məhkəmə kollegiyası apellyatorun məhkəmə tərəfindən tərəflər arasında barışıq sazişi tərtib olunaraq iş üzrə yekun qərardad qəbul olunmalı olması, işin icraatına xitam verilməli olması, məhkəmənin tərəflər arasında barışıq sazişi bağlanması üçün şərait yaratmaması, buna dair borcunu verməməsi, tərəflər barışdıqlarını bəyan etsələr də məhkəmə tərəfindən barışıq sazişinin bağlanmaması, məhkəmə tərəfindən təsdiq edilmədiyinə görə xitam verilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
30. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinin tələbindən də göründüyü kimi barışıq sazişi ilə bağlı tərəflərin təşəbbüsü olmalı və tərəflər buna dair şərtlərini də məhkəməyə bildirməlidirlər. Lakin hər iki tərəfin vəkillə təmsil olduğu birinci instansiya məhkəməsindəki məhkəmə araşdırması zamanı aralarında barışıq sazişinin bağlanması barədə tərəflərin təşəbbüsdə olmalarına dair məhkəmə iclas protokollarında hər hansı vəsatətə rast gəlinməmiş və iş materiallarından tərəflərin buna dair hər hansı bir ərizə təqdim etmələri, verilmiş vəsatət, ərizə müzakirə edilməmişdirsə belə bu halda məhkəmə iclas protokollarına qeyd verilməsi halları müəyyən edilməmişdir.
31. Məhkəmə kollegiyası apellyatorun məhkəmənin qətnamədə göstərdiyi nəticələrin işin hallarına uyğun olmamasına dair dəlilini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmaqla birinci instansiya məhkəməsi iddianı düzgün olaraq qismən təmin etmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrə əsaslanır.
33. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, e-2(033)-167/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Kollegiyası Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, e-2(033)-167/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, cavabdeh, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.