Məhkəmə qərarları › İş №2(107)-602/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-602/2023

22.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-602/2023 22.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-si 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: dövlət reyestrindən çıxarışın ləğv edilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçıların vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-si 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(033)-95/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 Saylı Zaqatala Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-si 18 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onların mərhum ailə üzvü X1 miras qalmış Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçılar və Sabir Mustafayevin hüquqları vərəsəlik şəhadətnamələrinə əsasən 08 yanvar 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”larla rəsmiləşdirilmişdir. X2 iddiaçılara qarşı qaldırmış olduğu iddiasından sonra məlum olmuşdur ki, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi ümumi birgə mülkiyyətlərində olan fərdi yaşayış evinin müəyyən hissəsini iddiaçıların razılığı, o cümlədən heç bir qanuni əsas olmadan və RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” qüvvədə ola-ola 17 aprel 2018-ci il tarixdə Sabir Mustafayevin adına qeydiyyata alaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirmişdir. Bundan sonra Sabir Mustafayev torpaq sahəsindəki payını X3 bağışlamışdır. X2 həmin əmlak üzərində hüquqları 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmiş, həmçinin texniki pasport tərtib edilmişdir. İş materiallarından da göründüyü kimi, hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərin içərisində Zaqatala Rayon İcra Hakimiyyətinin qeydiyyatı və nömrəsi olmayan bir məktubu, o cümlədən yenə də qeydiyyatı olmayan bir layihəsi var. Həmin sənədlərdə mərhum ailə üzvlərindən miras qalmış həmin əmlak Sabir Mustafayev tərəfindən inşa edilmiş ev kimi qeyd olunmuşdur ki, bunun da heç bir hüquqi qüvvəsi yoxdur. Nəticədə iddiaçılar cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı, sonuncunun üzərinə -“Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin qoyulması tələbinə dair” iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdirlər. Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1257/2021 iş nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2022-ci il tarixli, 2-1(116)-1257/2021 iş nömrəli qərardadı ilə iddia - 13 noyabr 2019-cu il tarixdə tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğvedilməsi hissəsində ümumi məhkəmənin aidiyyatı olması səbəbindən mümkün sayılmamış, 03 mart 2022-ci il tarixli, 2-1(116)-1257/2021 iş nömrəli qərarla Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1257/2021 iş nömrəli qərarı ləğv edilmiş və Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğvi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilmişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2022-ci il tarixli, 2-1(116)-1257/2021 iş nömrəli qərarından üçüncü şəxslər tərəfindən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2022-ci il tarixli, 2-1(102)-979/2022 iş nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2022-ci il tarixli, 2-1(116)-1257/2021 iş nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçıların hazırki tələblə məhkəməyə müraciət etməsinin səbəbi, 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(033)-95/2023 saylı qətnaməsi ilə (hakim V.Məmmədov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi tələbi barədə iddialarının rədd edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun onların özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçıların mərhum ailə üzvü X1 miras qalmış Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçılar və Sabir Mustafayevin hüquqları vərəsəlik şəhadətnamələrinə əsasən 08 yanvar 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”larla rəsmiləşdirilmişdir. X2 iddiaçılara qarşı qaldırmış olduğu iddiasından sonra məlum olmuşdur ki, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi ümumi birgə mülkiyyətlərində olan fərdi yaşayış evinin müəyyən hissəsini iddiaçıların razılığı, o cümlədən heç bir qanuni əsas olmadan və RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” qüvvədə ola-ola 17 aprel 2018-ci il tarixdə Sabir Mustafayevin adına qeydiyyata alaraq, RX seriyalı ******* nömrəli“ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirmişdir. Bundan sonra Sabir Mustafayev torpaq sahəsindəki payını X3 bağışlamışdır. X2 həmin əmlak üzərində hüquqları 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmiş, həmçinin texniki pasport tərtib edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3730/2021 nömrəli, 21 iyun 2021-ci il tarixli qərarı ilə həll edilmiş mübahisə digər tələblərlə yanaşı 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab olunması barədə olsa da, hazırkı tələb 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə ləğv olunması barədə olmaqla hüquqi nəticəsi fərqli olan yeni iddia olmuşdur. Bundan başqa, iddiaçıların mübahisələndirdiyi qeydiyyat və onun əsasında verilmiş çıxarış Ceyran Mustafayevanın torpaq sahəsinin 6/12 hissəsinə pay hüququnun əmələ gəlməsi və Sabir Mustafayevin payının eyni miqdarda azalması ilə bağlı olmuş, fərdi yaşayış evi ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. Lakin iddiaçılar iddia tələblərində həmin qeydiyyat və çıxarışın fərdi yaşayış evinə dair hissədə etibarsızlığını tələb etmişlər. Daşınmaz əmlakın fərdi yaşayış evi ilə bağlı qeydiyyat isə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə aparılmaqla, 13 noyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair reyestrdən çıxarış torpaq sahəsi ilə bağlı olmaqla fərdi yaşayış evi barəsində olmamış və S.Mustafayevin torpaq sahəsinin özünə düşən 6/12 hissəsini C.Mustafayevaya bağışlaması barədə xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında aparılmışdır. İddiaçılar C.Mustafayevanın mülkiyyət hüququnun əmələ gəlməsininin əsasını (bağışlanma müqaviləsini) mübahisələndirməmişdirlər. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən çıxarış və onun verilməsinə əsas olmuş qeydiyyat fərdi yaşayış evi ilə bağlı olmamışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçılar tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onların özünə aid edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 149.2, 152, 324.1, 331.1, 334.1, 337.1, 421.1, 421.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 78.1, 80, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Zaqatala Rayon Məhkəməsi 16 fevral 2023-cü il tarixli, e-2(033)-95/2023 iş nömrəli qətnaməsində “Məhkəmənin mövqeyi” bölməsində qeyd etmişdir ki, “İlk öncə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3730/2021 nömrəli, 21 iyun 2021-ci il tarixli qərarı ilə həll edilmiş mübahisə digər tələblərlə yanaşı 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab olunması barədə olsa da, hazırkı tələb 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın" fərdi yaşayış evinə dair hissədə ləğv olunması barədə olmaqla hüquqi nəticəsi fərqli olan yeni iddia olmuşdur. Bundan başqa, onların mübahisələndirdiyi qeydiyyat və onun əsasında verilmiş çıxarış Ceyran Mustafayevanın torpaq sahəsinin 6/12 hissəsinə pay hüququnun əmələ gəlməsi və Sabir Mustafayevin payının eyni miqdarda azalması ilə bağlı olmuş, fərdi yaşayış evi ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. Lakin onlar iddia tələblərində həmin qeydiyyat və çıxarışın fərdi yaşayış evinə dair hissədə etibarsızlığını tələb etmişlər. Daşınmaz əmlakın fərdi yaşayış evi ilə bağlı qeydiyyat isə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə aparılmaqla, 13 noyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair reyestrdən çıxarış torpaq sahəsi ilə bağlı olmaqla fərdi yaşayış evi barəsində olmamış və S.Mustafayevin torpaq sahəsinin özünə düşən 6/12 hissəsini C.Mustafayevaya bağışlaması barədə xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında aparılmışdır. Onlar C.Mustafayevanın mülkiyyət hüququnun əmələ gəlməsininin əsasını (bağışlanma müqaviləsini) mübahisələndirməmişdirlər. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən çıxarış və onun verilməsinə əsas olmuş qeydiyyat fərdi yaşayış evi ilə bağlı olmamışdır. Hansı ki, Zaqatala Rayon Məhkəməsi 16 fevral 2023-cü il tarixli, e-2(033)-95/2023 iş nömrəli qətnaməsində “İşin halları bölməsində qeyd etmişdir ki, “mülki işin materiallarında olan ********** və ********** qeydiyyat nömrəli, 08 yanvar 2016-cı il və 13 noyabr 2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünmüşdür ki, ünvan 2 ünvanda yerləşən 0,0313 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin 102,55 kv.m-in hər birinin 2/12 hissə olmaqla paylı mülkiyyət hüququ üzrə onların, torpaq sahəsinin 6/12 hissəsi X2, fərdi yaşayış evinin 102,55 kv.m-in 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəsi (iki yaşayış otağı 43,4 kv.m., qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) X5 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi, Zaqatala Rayon Məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməməklə yanaşı, sübutlardakı (********** qeydiyyat nömrəli, 13 noyabr 2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışı) məlumatları təhrif etməklə hazırda mübahisələndirilən qanunsuz və əsassız qətnaməsini qəbul etmişdir. Təhrif ondan ibarət olmuşdur ki, Zaqatala Rayon Məhkəməsi iddia etmişdir ki, mübahisələndirilən çıxarış fərdi yaşayış evi ilə bağlı olmamışdır. Lakin məhkəmə işin hallarında isə həmin çıxarışın fərdi yaşayış evinə də aid olmasını qeyd etmişdir. Bununla yanaşı, Zaqatala Rayon Məhkəməsi mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2022-ci il tarixli, 2-1(102)-979/2022 saylı qərarında qeyd olunan hüquqi mövqeyi də düzgün təhlil etməmiş və nəticədə yalnış qənaətə gəlmişdir. Qeyd olunanlara əsasən, Zaqatala Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(033)-95/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(033)-95/2023 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bir əmlak hüququ olaraq mülkiyyət hüququ təmin etdiyi səlahiyyətin həcmi baxımından tam və bütöv olan yeganə əşya hüququdur. Öz sahibinə əşya üzərində inhisarlı bir şəkildə ən geniş səlahiyyətlər təmin edən bu hüquq həm əşya barəsində sərəncam verə bilmə səlahiyyətini (yəni əşyanın hüquqi müqəddəratını və əmlak mənsubiyyətini müəyyən edə bilmə səlahiyyətini) təmin edir, həm də əşya üzərində üç səlahiyyətin (istifadə, sahiblik və sərəncam) hamısını birlikdə və ən geniş şəkildə təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar kimi aşağıdakılar qeyd edilmişdir: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; Maddə 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Zaqatala Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(033)-95/2023 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(033)-95/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə apellyasiya şikayətinə münasibətdə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(033)-95/2023 saylı qətnaməsi iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Şikayətin ilk dəlili ondan ibarətdir ki, Zaqatala Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də şikayət təmin edilə bilməz. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, onların mübahisələndirdiyi qeydiyyat və onun əsasında verilmiş çıxarış Ceyran Mustafayevanın torpaq sahəsinin 6/12 hissəsinə pay hüququnun əmələ gəlməsi və Sabir Mustafayevin payının eyni miqdarda azalması ilə bağlı olmuş, fərdi yaşayış evi ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. Lakin onlar iddia tələblərində həmin qeydiyyat və çıxarışın fərdi yaşayış evinə dair hissədə etibarsızlığını tələb etmişlər. Daşınmaz əmlakın fərdi yaşayış evi ilə bağlı qeydiyyat isə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə aparılmaqla, 13 noyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair reyestrdən çıxarış torpaq sahəsi ilə bağlı olmaqla fərdi yaşayış evi barəsində olmamış və S.Mustafayevin torpaq sahəsinin özünə düşən 6/12 hissəsini C.Mustafayevaya bağışlaması barədə xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında aparılmışdır. Onlar C.Mustafayevanın mülkiyyət hüququnun əmələ gəlməsininin əsasını mübahisələndirməmişdirlər. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən çıxarış və onun verilməsinə əsas olmuş qeydiyyat fərdi yaşayış evi ilə bağlı olmamışdır. Hansı ki, Zaqatala Rayon Məhkəməsi 16 fevral 2023-cü il tarixli, e-2(033)-95/2023 iş nömrəli qətnaməsində “İşin halları bölməsində qeyd etmişdir ki, “mülki işin materiallarında olan ********** və ********** qeydiyyat nömrəli, 08 yanvar 2016-cı il və 13 noyabr 2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünmüşdür ki, ünvan 2 ünvanda yerləşən 0,0313 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin 102,55 kv.m-in hər birinin 2/12 hissə olmaqla paylı mülkiyyət hüququ üzrə onların, torpaq sahəsinin 6/12 hissəsi X2, fərdi yaşayış evinin 102,55 kv.m-in 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəsi (iki yaşayış otağı 43,4 kv.m., qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) X5 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi, Zaqatala Rayon Məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməməklə yanaşı, sübutlardakı (********** qeydiyyat nömrəli, 13 noyabr 2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışı) məlumatları təhrif etməklə hazırda mübahisələndirilən qanunsuz və əsassız qətnaməsini qəbul etmişdir. Təhrif ondan ibarət olmuşdur ki, Zaqatala Rayon Məhkəməsi iddia etmişdir ki, mübahisələndirilən çıxarış fərdi yaşayış evi ilə bağlı olmamışdır. Lakin məhkəmə işin hallarında isə həmin çıxarışın fərdi yaşayış evinə də aid olmasını qeyd etmişdir. Bununla yanaşı, Zaqatala Rayon Məhkəməsi mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2022-ci il tarixli, 2-1(102)-979/2022 saylı qərarında qeyd olunan hüquqi mövqeyi də düzgün təhlil etməmiş və nəticədə yalnış qənaətə gəlmişdir. Kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. Zaqatala Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(033)-575/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxslər X4 və X6 qarşı iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın və 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi (sayılması) tələbinə dair iddiasının rədd edilməsi, 10 manat dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(102)-3730/2021 saylı qərarından görünür ki, İddiaçı2, İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş kasssasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(107)-308/2021 saylı nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi iddia tələbinin Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə 3də yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın etibarsız hesab edilməsinin rədd olunması hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi, qətnamənin qalan hissədə, yəni iddia tələbinin 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab olunmasının rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən məhkəmə tərəfindən 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab olunması barədə iddianı rədd etdiyi halda, yenidən indiki iddiaçı tərəfindən qaldırılan iddia tələbini əsaslı hesab edib təmin etmək qeyri-mümkündür. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Əgər əvvəlki məhkəmə iddiaçının 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab olunması barədə iddiasının rədd edilməsi barədə qətnamə çıxarırsa, bu qaçınılmaz şəkildə o deməkdir ki, məhkəmə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ı mövcud və etibarlı hesab etmişdir. Qeyd edilməlidir ki, eyni səbəb və məntiqə görə də, əgər yuxarıda qeyd edilən qətnamə ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ı etibarsızlığına dair qaldırılan iddia məhkəmə tərəfindən təmin edilmədikdə, bu artıq həmin aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın hüquqi nəticə əmələ gətirən etibarlı bir sənəd olduğunun təsdiq olunması deməkdir. Bu səbəblə də ilkin iddia işi üzrə məhkəmə icraatı və həmin icraatlar üzrə qəbul edilən məhkəmə qətnamələri hüquqi və məntiqi zərurət olaraq həmin aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın etibarlı olub-olmadığı məsələsini əhatə etmişdir. Məhkəmə icraatında tərəflərin iddiaçı və ya yeni iddiaçı kimi statuslarının dəyişməsi istinad olunan aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın etibarlı olub-olmaması baxımından heç bir əhəmiyyət kəsb etmir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıların mübahisələndirdiyi qeydiyyat və onun əsasında verilmiş çıxarış Ceyran Mustafayevanın torpaq sahəsinin 6/12 hissəsinə pay hüququnun əmələ gəlməsi və Sabir Mustafayevin payının eyni miqdarda azalması ilə bağlı olmuş, fərdi yaşayış evi ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. Lakin iddiaçılar iddia tələblərində həmin qeydiyyat və çıxarışın fərdi yaşayış evinə dair hissədə etibarsızlığını tələb etmişlər. Daşınmaz əmlakın fərdi yaşayış evi ilə bağlı qeydiyyat isə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016cı il tarixdə aparılmaqla, 13 noyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair reyestrdən çıxarış torpaq sahəsi ilə bağlı olmaqla fərdi yaşayış evi barəsində olmamış və S.Mustafayevin torpaq sahəsinin özünə düşən 6/12 hissəsini C.Mustafayevaya bağışlaması barədə xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında aparılmışdır. İddiaçılar C.Mustafayevanın mülkiyyət hüququnun əmələ gəlməsininin əsasını (bağışlanma müqaviləsini) mübahisələndirməmişdirlər. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq, əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyridəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmin əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi, mübahisəli əmlakları əldə edən şəxs, yəni iş üzrə cavabdehdə belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlaklarla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahələrini əldə edən şəxs (cavabdeh) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə iddiaçıların apellyasiya şikayətinə münasibətdə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(033)-95/2023 saylı qətnaməsi iddiaçıların apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(033)-95/2023 saylı qətnaməsi iddiaçıların apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar