Məhkəmə qərarları › İş №2(107)-604/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-604/2021

02.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-604/2021 02.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-725/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 3700 manat borc, 15000 manat əldən çıxmış fayda, 1900 manat hüquqi xidmət və gediş-gəliş üçün sərf olunan məbləğin və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-725/2020 nömrəli (hakim R.Şirinov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 3700 manat borc, 300 manat hüquqi xidmət və gediş-gəliş üçün sərf olunan məbləğ, 30 manat dövlət rüsumu, cəmi 4030 (dörd min otuz) manat məbləğ alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayon H.Ciddi küçəsi 63 A saylı evdə yaşayır. İsmayıllı rayon Kürdmaşı kənd sakini Cavabdeh Fəzayil oğlu ilə tanışlığı olduğundan o ondan pula ehtiyacı olduğunu bildirmişdir. O, evdə xəstə uşağı üçün topladığı pulu qaytaracağına inanıb ona vermişdir. Pulu qaytaracağına söz verirmiş. İlqar hər zaman yaxın vaxtlarda pulu qaytaracağına söz versədə pulu qaytarmamışdır. İlqar pulunu qaytarmadığına görə o, dəfələrlə onun yaşadığı ünvana da getsə də o pulunu qaytarmaq əvəzinə ona vədlər verib yola salmışdır. Pulunu ala bilmədiyindən yaxın dostu X1 bildirmişdir. O, ona bildirmişdir ki, o, İsmayıllı polisində işləyən Arzu Mahmudova deyər bu işlə məşğul olar. Onlar İsmayıllı rayonunda olmuşlar. Polis işçisi Arzu Mahmudov ondan pulunun qaytarılmasına dair iltizam da almışdır. İlqar xx xxxx 2017-ci ildə 100 manat, xx xxxxxx 2017-ci ildə 100 manat ayr-ayrı vaxtlarda poçtla 400 manat göndərməklə kifayətlənmişdir. O da pulunun uzun müddət qaytarılmamasından narahat qalıb pulunun ildə 100 manat, xx xxxxxxxx 2017-ci ildə 100 manat və xx xxxxxx 2017-ci məhkəmə vasitəsi ilə alınmasını tələb etmək qərarına gəlmişdir. Onun pulunun alınması barədə cavabdehin öz imzası ilə yazılmış sənədləri də vardır. Onun Cavabdeh Fəzayil oğluna borc verdiyi 3900 üç min doqquz yüz) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, İsmayıllı Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş bu qətnamənin müəyyən hissələri ilə razılaşmır və hesab edir ki, aşağıda şərh edəcəyi səbələrə görə məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətəbiq etməmişdir. Belə ki, ilk əvvəl etiraf edirki, onun iddiaçıya cəmi 3700 manat borcu qalmışdır. Eyni zamanda, etiraf edir ki, iddiaçı və ailəsi ilə olan dostluq münasibətlərinə əsaslanaraq 2014-cü ildə ondan qeyri-müəyyən müddətə ödənilməsi şərti ilə 4600 manat məbləğində borc pul almışdır. Həmin məbləğin 900 manatını hissə-hissə ödəmiş, 3700 manat hissəsi isə ödənilməmiş qalmışdır. Lakin iddiaçı əsas borcdan əlavə ondan əldən çıxmış fayda kimi 15000 manat, borcun ondan geri qaytarılması üçün gedişgəlişə, hüquqi xidmətlərə və sairəyə sərf etdiyi 1900 manat tələb etmişdir. O, iddiaçının bu tələbini tamamilə qəbul etməmiş, tələbin həmin hissəsini tamamilə əsassız hesab etmişdir. Belə ki, iddiaçı borcun .alınması ilə bağlı çəkdiyi zərərlə əlaqədar tələblərini əsaslandıracaq heç bir sübut təqdim etməmiş və təqdim etmək iqtidarında da olmamışdır. İddiaçı borc pul tələbi ilə bağlı cəmi bir neçə dəfə telefonla əlaqə saxlayıb və o da hər dəfə pulun müəyyən hissəsini ona göndərmişdir. İddiaçı ilə onlar ailəvi dost olmuş, ailəvi olaraq bir-birinin evinə gedib-gəlmişlər. Bu gediş-gəlişlər borcun tələbi ilə bağlı olmamışdır. Eyni zamanda, məhkəmə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu bütünlüklə onun üzərinə qoymaqla mülki prosessual qanunvericiliyin müvafiq tələblərini düzgün tətbiq etməmişdir. Qeyd edilən prosessual maddənin tələblərinə riayət edilmiş olsaydı iddiaçının 20600 manat məbləğində tələbinin müqabilində 4000 manat təmin edilmişdir. Bu halda 30 manat ödənilmiş dövlət rüsumu iddia tələbinə bölünməli, əldə olunan qismət məbləğin təmin olunmuş hissəsinə vurulmalı, alınan nəticə, yəni 5,8 manat məbləği ödənilmiş dövlət rüsumunun əvəzi kimi onun üzərində, digər qalan 24,2 manat hissəsi isə iddiaçını özünə aid edilməli idi. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmşdir . Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf qətnamənin yalnız hüquqi xidmət və gediş-gəliş xərci ilə bağlı hissəsini mübahisələndirmişdir. Qətnamənin digər hissəsi mübahisələndirilmir. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yalnız bu hədd daxilində işə baxılmalı və qətnamə bu hissədə yoxlanılmalıdır. Qətnamənin digər hissəsi barədə isə araşdırma aparılmır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx xxxxxx 2017-ci il tarixli yazılı iltizamdan müəyyən edilir ki, cavabdeh 2014-cü ildən iddiaçıya borclu olduğu 4600 manat pulu 2017-ci ilin fevral ayından başlayaraq 100- 200 manat ödəmək şərti ilə hissə-hissə qaytaracağını, 2017-ci ilin avqust ayından isə hissəhissə ödəyəcəyi məbləği 300 manata qədər artıracağını bildirmişdir. Ödəniş qəbzlərindən müəyyən edilir ki, cavabdeh 2017-ci ilin müxtəlif aylarında borcundan 900 manat ödəniş etmişdir. xx xxxxxxx 2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı cavabdehə 4600 manat borc pul vermişdir. Cavabdeh borcunu qaytarmadığından 4600 manat borc məbləğinin qaytarılması ilə bağlı 2017-ci ildə cavabdehdən yazılı iltizam alınmışdır. Bundan sonra cavabdeh həmin ilin müxtəlif aylarında borcdan 900 manatı qaytarmış, 3700 manat borc cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh öz xətti ilə qəbz yazıb iddiaçıya verməklə üzərinə öhdəlik götürsə də, buna əməl etməmiş və belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən kollegiya qeyd dir ki, birinci instansiya məhkəməsi hüquqi xidmət və gediş-gəliş xərci ilə bağlı nəticəyə gələrkən hər hansı mötəbər sübuta istinad etməyərək, ehtimallara əsaslanmışdır. Halbuki məhkəmə qətnaməsi ehtimallara deyil, mötəbər sübutlara əsaslanmalıdır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadıqda məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qətnamənin “hüquqi yardım və gediş-gəliş xərci ilə bağlı 300 manat” hissəsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-725/2020 nömrəli qətnaməsi qismən - “300 manat hüquqi xidmət və gediş-gəliş üçün sərf olunan məbləğ” hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətanmə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar