Məhkəmə qərarları › İş №2(107)-612/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-612/2024

14.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-612/2024 14.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “tikilinin eyvanının bağlanması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən olunur ki, Zaqatala şəhərində (keçmiş Göyəm kənd ərazisi) yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əkmələr) torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışla müəyyən olunur ki, Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əkmələr) torpaq sahəsi cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikilinin eyvanının mülkiyyətində olan torpaq sahəsinə baxan hissəsindəki 5 metr uzunluğundakı dəmir barmaqlığın sökülərək həmin hissənin divarla eyni səviyyədə məsafə saxlamadan kubik daşla (mişar daşı) və sementlə cavabdehin hesabına hörülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Zaqatala rayonu Çökəkoba kəndində xüsusi mülkiyyətində 0,0386 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin üzərində özü yaşadığı evi vardır. Qonşuluğunda yerləşən torpaq sahəsində Cavabdeh yaşadığı tikili vardır. Həmin tikilinin açıq eyvanı onun həyətinə baxdığı, həmin eyvandan həyətini maneəsiz müşahidə etdiyi, həmin eyvanda hər gün müxtəlif tədbirlər keçirib onun həyətinə müxtəlif tullantı məhsulları atdığı üçün, həmçinin həmin eyvanda axşamlar ucadan səs-küy saldıqları üçün eyvanın onun həyətinə baxan hissəsinin cavabdehin hesabına bağlanılması tələbinə dair Zaqatala Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia təmin olunmuş, lakin iş icra mərhələsinə gəldikdə mülki iş onun istədiyi kimi icra olunmamışdır. Ona görə ki, həmin eyvanın nə ilə bağlanması onun iddiasında və məhkəmə qətnaməsində dəqiq göstərilməmişdir. Bu səbəbdən də o, yenidən sözügedən eyvanın cavabdehin hesabına dəmir barmaqlıq hissəsinin sökülməsi və həmin hissənin kubik (mişar daşı) və sementlə hörülməsinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Əvvəlki iddiası üzrə keçirilmiş ekspertizanın nəticəsinə dair ekspert rəyində Cavabdeh inşa etdiyi və yaşadığı tikilinin inşası zamanı qanunvericilik normalarına əməl olunmaması və qanunvericiliyin tələblərinin pozulması qeyd olunmuşdur. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(033)- 95/2024 nömrəli iş üzrə qəbul etdiyi 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) iddia təmin edilmiş, Cavabdeh mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən tikilinin eyvanının İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Göyəm kənd ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxan hissəsindəki 5 metr uzunluğunda olan dəmir barmaqlıqlar sökülərək həmin hissə divarla eyni səviyyədə məsafə saxlanılmadan mişar daşı (kubik daş) və sementlə Cavabdeh hesabına hörülməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Zaqatala şəhəri Göyəm kənd ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsinə qonşu ərazidə Cavabdeh məxsus 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yerləşir. Həmin torpaq sahəsi üzərində cavabdehə məxsus tikili mövcuddur. Tikilinin eyvanının bir hissəsinin iddiaçının mülkiyyətində olan 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxması İddiaçı hüquqlarını əhəmiyyətli dərəcədə pozduğundan və bu hal məhkəmə tərəfindən qonşunun mülkiyyətinə əhəmiyyətli dərəcədə hədsiz təsir kimi qiymətləndirildiyindən Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən və fərdi yaşayış evi kimi istifadə edilən tikilinin açıq eyvanının İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Göyəm kənd ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxan hissəsinin Cavabdeh hesabına bağlanması qət edilmişdir. Həmin qətnamənin icrası olaraq Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində tikilmiş tikilinin dəmir barmaqlıqlarla hasarlanmış eyvanının iddiaçının mülkiyyətində olan torpaq sahəsinə baxan hissəsini polietilen materialından olan ağ rəngdə örtüklə (tend) bağlamışdır. Lakin dəmir barmaqlıqların yan hissələri açıq vəziyyətdə saxlanmış və həmin hissələrdən Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini sərbəst şəkildə müşahidə etmək imkanı mövcuddur və eyvanın hasarlanması üçün istifadə edilmiş barmaqlıqların da 30-39 santimetr həcmində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhəddini keçməsi aşkar edilmişdir. İddiaçı iddia tələbi ilə müraciət edərək Zaqatala rayonu Çökəkoba kəndində yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikilinin eyvanının mülkiyyətində olan torpaq sahəsinə baxan hissəsindəki 5 metr uzunluğundakı dəmir barmaqlığın sökülərək həmin hissənin divarla eyni səviyyədə məsafə saxlamadan kubik daşla (mişar daşı) və sementlə cavabdehin hesabına hörülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməməsinə və yenidən sübut edilməməsinə dair müddəasına əsaslanaraq qeyd edir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə məhkəmə Cavabdeh mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən və fərdi yaşayış evi kimi istifadə edilən tikilinin açıq eyvanının İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Göyəm kənd ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxmasını İddiaçı hüquqlarını əhəmiyyətli dərəcədə pozulması kimi müəyyən etdiyindən və bu hal məhkəmə tərəfindən qonşunun mülkiyyətinə əhəmiyyətli dərəcədə hədsiz təsir kimi qiymətləndirildiyindən qeyd edilən halların sübut edilməsi zərurətini aradan qaldırmışdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2023-cü il tarixli, 10/6511 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikili torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilməklə yanaşı şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət edilmədən və icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidmətinin rəyi alınmadan inşa edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilinin açıq eyvanından İddiaçı mülkiyyətində olan torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi kimi istifadə olunan tikili və onun içərisi tamamilə görünür və bu iddiaçının haqlı narazılığına səbəb olur. İddiaçı tərəfindən Cavabdeh həmin pəncərənin bağlanması tövsiyyə edilmiş və bununla bağlı dəfələrlə Zaqatala Rayon İcra Hakimiyyətinə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən tövsiyyə nəzərə alınmamışdır. Yuxarıda qeyd edilmiş hüquq normalarının məzmunundan da göründüyü kimi daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməli, öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməli, eyni zamanda hüququ əhəmiyyətsiz dərəcədə pozulursa bununla bağlı qonşu təsirinə dözməlidirlər. Cavabdeh məxsus torpaq sahəsi üzərində inşa edilmiş tikili qanunvericiliyin tələbləri pozulmaqla inşa edilməklə yanaşı, həmin tikilidən İddiaçı məxsus Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş və fərdi yaşayış evi kimi istifadə edilən tikiliyə doğru açılmış açıq eyvan İddiaçı hüquqlarını əhəmiyyətli dərəcədə pozur və bu hal məhkəmə tərəfindən qonşunun mülkiyyətinə əhəmiyyətli dərəcədə hədsiz təsir kimi qiymətləndirilir. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan görünür ki, cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilinin eyvanının iddiaçıya məxsus torpaq sahəsinə baxan hissəsinin zəruri həddə bağlanmaması səbəbindən cavabdehin iddiaçıya məxsus torpaq sahəsinə münasibətdə hədsiz təsiri davam edir və Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsinin qəbul edilərək icra edilməsi bu müdaxiləni aradan qaldırmaq üçün yetərli vasitə olmamışdır. Eyni zamanda Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi iddiaçı X3 tələbi əsasında çıxarıldığından və həmin tələbdə eyvanın bağlanma üsulu ilə bağlı tələb yer almadığından qətnamənin mövcudluğu müdaxilənin qarşısını almağa kifayət etməmişdir. Məhkəmə eyni zamanda, cavabdeh tərəfin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması, orada yaşayış evi tikilməsinin nəzərdə tutulmadığı barədə dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,0386 hektar torpaq sahəsinin tam mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi üzərində yerləşən, gözlənilən mülkiyyət hüququ olan tikilidən sərbəst və maneəsiz istifadə etmək hüququ vardır. Həmin ev tikildiyi vaxtdan etibarən iddiaçı orada yaşamışdır. Hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, iddiaçının ona sahiblik etməsinə hazıradək etiraz edilməmişdir. Göründüyü kimi, evin sahibi İddiaçı həmin əmlaka gözlənilən mülkiyyət hüququ vardır. Bundan əlavə iddiaçıya məxsus torpaq sahəsində baxış keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, cavabdehə məxsus tikili onun öz mülkiyyətində olan torpaq sahəsi üzərində, cavabdehlə iddiaçıya məxsus torpaq sahələrinin tam sərhəddində tikilməsinə baxmayaraq, həmin tikilinin eyvanının iddiaçının mülkiyyətində olan torpaq sahəsinə baxan hissəsinin hasarlanması üçün istifadə edilmiş barmaqlıqlar cavabdehin mülkiyyətində olan torpaq sahəsinin sərhədini 30-39 santimetr həcmində keçmiş və həmin barmaqlıqlar faktiki olaraq İddiaçı mülkiyyətində olan 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilinə düşür. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2023-cü il tarixli 10/6511 nömrəli ekspert rəyi ilə Zaqatala rayonu Çökəkoba kəndində yerləşən reyestr nömrəsi **********49 olan Cavabdeh məxsus 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı tərəfindən istifadə edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı Zaqatala rayonu Çökək kəndində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. O, Cavabdeh məxsus 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hansı bir hissəsini zəbt etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ vardır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5, 157.2, 170.1, 170.2, 171.1, 171.2, 172.2, 180.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 82.3, 88, 89, 107, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri Torpaq Məcəlləsinin 13-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı mülkiyyətində olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müvafiq icazə sənədləri olmadan tikili inşa etmişdir. İddiaçı bilirdi ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evi inşa etmək qanunla qadağandır. Bu səbəbdən də həmin torpaqda inşa edilmiş tikilini qanuni tikili kimi qəbul etmək olmaz. Əks təqdirdə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin digər mülkiyyətçiləri də, eyni əsasla, qonşu torpaq sahələrinin mülkiyyətçilərindən onun torpaq sahəsinə baxan hissənin bağlanılmasını tələb edə bilər. Birinci instansiya məhkəməsi eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153.4, 171.1 və 171.2-ci maddələrinin tələblərini də pozmuş və düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırma hissəsində qeyd edir ki, Cavabdeh məxsus torpaq sahəsi üzərində inşa edilmiş tikili qanunvericiliyin tələbləri pozulmaqla inşa edilməklə yanaşı, həmin tikilidən İddiaçı məxsus Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş və fərdi yaşayış evi kimi istifadə edilən tikiliyə doğru açılmış açıq eyvan İddiaçı hüquqlarını əhəmiyyətli dərəcədə pozur və bu hal məhkəmə tərəfindən qonşunun mülkiyyətinə əhəmiyyətli dərəcədə hədsiz təsir kimi qiymətləndirilir. Lakin birinci instansiya məhkəməsi qətnamədə cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilinin eyvanının iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmasının nədə ifadə olunduğunu qeyd etməmiş və qətnaməni qeyri-müəyyən əsaslarla qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Eyni zamanda həmin Məcəllənin 171-ci maddəsini 2-ci bəndində qeyd edilir ki, təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Mülki Məcəllənin “mülkiyyət hüququnun məhdudlaşdırılması” ilə bağlı 8-ci fəslində yer alan, qonşu təsirinə dözmək vəzifəsini müəyyən edən yuxarıda göstərilən maddələrin tələblərindən görünür ki, qonşu təsirləri o zaman qadağan edilə bilər ki, mülkiyyətçinin hüquqları əhəmiyyətli dərəcədə yəni öz mülkiyyətindən istifadəsinə maneçilik yaradacaq dərəcədə pozulmalı, eyni zamanda həmin təsirlər qonşu hüquqlarını əhəmiyyətli dərəcədə pozsa belə həmin təsirlər daşınmaz əmlakın adi istifadəsindən törənməməlidir. Lakin qətnamədən görünür ki, iddiaçının iddia tələbində göstərdiyi təsirlər - yəni torpaq sahəsi üzərində inşa edilmiş tikilinin açıq eyvanı onun həyətinə baxması, həmin eyvandan həyətini maneəsiz müşahidə edilməsi, həmin eyvanda hər gün müxtəlif tədbirlər keçirib onun həyətinə müxtəlif tullantı məhsulları atılması, həmçinin həmin eyvanda axşamlar ucadan səs-küy salınması daşınmaz əmlakın adi istifadəsindən törənən təsirlərdir və onun hüquqlarını əhəmiyyətli dərəcədə pozmur. Belə ki, hər kəs mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evində eyvan nəzərdə tuta bilər və həmin eyvanlar hansısa qonşu torpaq sahəsinə baxa bilər. Əks təqdirdə böyük şəhərlərdə yaxın-yaxına tikilən çoxmərtəbəli binalarda eyvanlar nəzərdə tutulmazdı. İddiaçının iddiasında hər gün müxtəlif tədbirlər keçirilməsi ilə bağlı fikirləri absurddur, çünki həmin tikili cavabdehin yaşadığı evdir və orada həmin evdən yaşamaq üçün istifadə olunur, orada restoran fəaliyyəti göstərilmir. Yəni hər ev sahibəsi kimi cavabdehin evinə qonaqlar gəlir və yaranan səs-küy və digər təsirlər də daşınmaz əmlakdan adi istifadədən yaranan təsirlərdir. Digər bir məsələ isə birinci instansiya məhkəməsi qətnamədə cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikili qanunvericiliyin tələbləri pozulmaqla inşa edildiyini qeyd etmişdir. Halbuki məhkəmə iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş tikilinin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını araşdırmamışdır. Bununla da birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Mülki Məcəllənin 153.4-cü maddəsini nəzərə almamışdır. Beləliklə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin Mülki Məcəllənin 152.1-ci maddəsində qeyd olunduğu kimi dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Mülki Məcəlləsinin 180-cı maddəsinin tələbləri polzulmuşdur. Zaqatala Rayon Məhkəməsi cavabdehin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş tikilinin iddiaçı tərəfə olan hissəsini bağlamaqla cavabdeh tərəfindən inşa edilmiş tikilinin qanuni tikili olması qənaətinə gəlmişdir. İlk olaraq qeyd olunmalıdır ki, iddiaçının inşa etdiyi tikili özbaşına tikilidir və cavabdeh də qanunla kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işi apara bilməz. Zaqatala Rayon Məhkəməsi isə qətnaməsi ilə cavabdehin üzərinə tikintisinə qanunla icazə verilməyən torpaq sahəsində tikinti işləri aparılması öhdəliyi qoymuşdur. Birinci instansiya məhkəməsi əvvəllər də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ərizəsinə baxaraq məhkəmə qətnaməsi qəbul etmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Beləliklə, birinci instansiya məhkəməsi qətnaməsindən görünür ki, məhkəmə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi olduğunu bildiyi halda, iş üzrə icraata xitam vermək əvəzinə işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə aktı olan hazırki qətnaməni qəbul etmişdir. Halbuki Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsində cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi kimi istifadə edilən tikilinin açıq eyvanının cavabdehin hesabına bağlanmasını qət etmişdir. Hazırki qətnamə ilə məhkəmə eyvanın iddiada göstərilən materiallarla bağlanmasını qət edərək ikinci dəfə həm cavabdehin mülkiyyət hüquqlarını pozmaqla, həm də prosessual qaydaları pozmuşdur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Cavabdeh apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh tərəfindən şikayətində qətnamənin tam ləğvi xahiş edildiyindən Məhkəmə qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. İşdə olan sənədlərə, habelə iddiaçı və cavabdeh tərəfin məhkəməyə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, İddiaçı (hazırki iş üzrə iddiaçı) Cavabdeh (hazırki iş üzrə cavabdeh) qarşı “eyvanın bağlanması və sair tələbi barədə” iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh da öz növbəsində İddiaçı qarşı “zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və sair tələbi barədə” qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Hər iki iddia əsasında 2(033)-21/2023 nömrəli mülki işə baxılması zamanı Azərbaycan Respublikasının Ədliyya Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2023-cü il tarixli, 10/6511 nömrəli ekspert rəyi alınmışdır. Həmin rəylə müəyyən edilmişdir ki, Cavabdeh aid tikilinin inşası zamanı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2-ci maddələrinin tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunan ekspert rəyinə və işdəki digər sübutlara əsaslanan Zaqatala Rayon Məhkəməsi tərəfindən işin halları kimi müəyyən edilmişdir ki, İddiaçı məxsus 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş və fərdi yaşayış evi kimi istifadə edilən tikiliyə doğru Cavabdeh tərəfindən açılmış açıq eyvan İddiaçı hüquqlarını əhəmiyyətli dərəcədə pozur və bu hal məhkəmə tərəfindən qonşunun mülkiyyətinə əhəmiyyətli dərəcədə hədsiz təsir kimi qiymətləndirilir. Bunları müəyyən edən Zaqatala Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 2(033)- 21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ilk iddiasının təmin edilməsini, cavabdehin mülkiyyətində olan və Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi kimi istifadə edilən tikilinin açıq eyvanının iddiaçının mülkiyyətində olan və Zaqatala şəhəri Göyəm kəndi ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxan hissəsinin cavabdehin hesabına bağlanması, cavabdehin iddiaçıya qarşı “zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və sair tələbi barədə” qarşılıqlı iddiasının təmin edilməməsini qət etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra hərəkətlərinin aparılması Zaqatala rayon icra şöbəsinə tapşırılmışdır. Zaqatala rayon icra şöbəsinin icra məmuru X2 ərizə ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsində eynvanın hansı üsulla bağlanması göstərilmədiyi üçün qətnaməyə izah verilməsini xahiş etmişdir. Sözügedən ərizəyə Zaqatala Rayon Məhkəməsində baxılan zaman icra məmuru verdiyi izahatında bildirmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023-029 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası zamanı borclu Cavabdeh mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən və fərdi yaşayış evi kimi istifadə edilən tikilinin açıq eyvanının tələbkar İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Göyəm kəndi ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxan hissəsi borclu tərəfindən tend ilə bağlanılmışdır. Lakin tələbkar qətnamənin bu cür icrasını qəbul etmir. Bu səbəbdən qətnaməyə izah verilməsinə zərurət yaranmışdır. Zaqatala Rayon Məhkəməsinin 8(033)-38/2023 №-li, 13 iyul 2023-cü il tarixli qərardadı ilə həmin məhkəmənin 18 aprel 2023-cü il tarixli qətnaməsinə izah verilməsindən imtina edilmiş və məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə verilmiş tələblər üzrə qətnamə çıxarmışdır. İddiaçının ərizəsində həmin eyvanın necə, hansı materialla bağlanılmasına dair hər hansı tələb irəli sürülməmişdir. Bundan sonra İddiaçı, Cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpa edilməməsinə əsaslanaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında mövcud mülki mübahisənin həlli ilə bağlı Məhkəmə bildirir ki, İddiaçı məxsus Zaqatala rayonu ərazisində (keçmiş Göyəm kəndi ərazisi) yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş və fərdi yaşayış evi kimi istifadə edilən tikiliyə doğru Cavabdeh tərəfindən açılmış eyvanın açıq formada mövcudluğu İddiaçı hüquqlarının pozub-pozmamasının araşdırılmasına zərurət yoxdur. Çünki qeyd olunan hala qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin 2(033)- 21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə artıq hüquqi qiymət verilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh aid tikilinin eyvanının İddiaçı həyətinə baxan hissəsinin açıq formada olması sonuncunun hüquqlarını əhəmiyyətli dərəcədə pozur. Bu hal məhkəmə tərəfindən qonşunun mülkiyyətinə əhəmiyyətli dərəcədə hədsiz təsir kimi qiymətləndirilmişdir. Həmçinin hazırki işə baxılarkən Rayon Məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh məxsus torpaq sahəsi üzərində yerləşən tikilinin eyvanı dəmir barmaqlıqlarla hasarlanmış və üzərinə polietilen materialından olan ağ rəngdə örtük çəkilmiş, barmaqlıqların yan hissələri isə açıq vəziyyətdə saxlanılmış və həmin hissələrdən cavabdehə iddiaçıya məxsus torpaq sahəsini sərbəst şəkildə müşahidə etmək imkanı yaranır. Cavabdehə məxsus tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin tam sərhədində tikilməsi nəzərə alındığı halda eyvanın iddiaçının mülkiyyətində olan torpaq sahəsinə baxan hissəsinin hasarlanması üçün nəzərdə tutulmuş dəmir barmaqlıqlar yerləşməsinə görə 30-39 santimetr həcmində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhəddini keçir. Göründüyü kimi, cavabdehin inşa edilmiş tikilinin eyvanının iddiaçıya məxsus torpaq sahəsinə baxan hissəsinin zəruri həddə bağlanmaması səbəbindən cavabdehin iddiaçıya məxsus torpaq sahəsinə münasibətdə hədsiz təsiri davam edir və Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsinin qəbul edilməsi və icra edilməsi bu müdaxiləni aradan qaldırmaq üçün yetərli vasitə olmamışdır. Eyni zamanda Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi iddiaçının tələbi əsasında çıxarıldığından və həmin tələbdə eyvanın bağlanma üsulu ilə bağlı tələb yer almadığından bu qətnamənin mövcudluğu müdaxilənin qarşısını almağa kifayət etməmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı, ona məxsus torpaq sahəsinə cavabdehin göstərdiyi qəsdin və təsirin qarşısını almaq məqsədilə sonuncunun mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikilinin eyvanının ona məxsus torpaq sahəsinə baxan hissəsindəki 5 metr uzunluğundakı dəmir barmaqlığın sökülərək həmin hissənin divarla eyni səviyyədə məsafə saxlamadan kubik daşla (mişar daşı) və sementlə cavabdehin hesabına hörülməsini tələb etməkdə, Rayon Məhkəməsi isə bu tələbi təmin etməkdə haqlı olmuşdur. Cavabdehin həmin müdaxiləyə qonşu kimi iddiaçının dözümlülük göstərməsi barədə dəlilləri əsassızdır. Cavabdehin iddiaya və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına qarşı apellyasiya şikayətində ifadə olunmuş digər dəlili isə ondan ibarətdir ki, onun inşa etdiyi tikili özbaşına tikilidir. Rayon Məhkəməsi isə cavabdehin üzərinə tikintisinə qanunla icazə verilməyən torpaq sahəsində tikinti işləri aparılması öhdəliyi qoymuşdur ki, bununla da məhkəmə Mülki Məcəllənin 180-ci maddəsinin tələbləririnə zidd olaraq həmin özbaşına tikilinin qanuni tikili olması qənaətinə gəlmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 180-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun (maddə 180.3). Məhkəmə hesab edir ki, cavabdeh inşa etdiyi tikilinin (evin) mülkiyyətçisi olmasa da, tikilinin yerləşdiyi torpaq sahəsi ona məxsusdur. Odur ki, cavabdeh sadə prosedur qaydalarına riayət etməklə, qanuni əsaslarla mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikilini (evi) öz adına dövlət qeydiyyatına aldıra bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarda qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Mübahisəli sahəyə dair şikayətçiyə (Akimovaya) orderin verilməsindən ibarət hərəkət elə bir hərəkətdir ki, bu hərəkətin nəticəsi olaraq şikayətçi sahənin mülkiyyətçisi hesab edilməlidir, çünki bu order əsasında şikayətçi ilə səlahiyyətli orqan arasında sahəyə dair “sosial kirayə müqaviləsi” bağlanıla bilər ki, həmin müqaviləyə və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərə əməl edərək şikayətçi sahəni pulsuz olaraq özəlləşdirə bilərdi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdə formal təsnifatdan asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqlar” sayılır və mülkiyyət kimi qiymətlədirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, cavabdehin, ona məxsus torpaq sahəsində inşa etdiyi tikili (ev) üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, o, həmin tikiliyə münasibətdə “qanuni gözləntiyə” malik olan şəxsdir. Odur ki, Məhkəmə hesab edir ki, cavabdehə aid tikilinin hazırki statusunun “özbaşına tikili” olması, həmin tikilinin eyvanının iddiaçıya məxsus torpaq sahəsinə baxan hissəsinin kubik daşla (mişar daşı) və sementlə hörülməklə bağlanması barədə tələbin təmin edilməsinin qarşısını almır və bu tələbin təmin edilməsi tikili barəsində “qanuni gözləntiyə” malik olan cavabdehin hüquqlarını pozmur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş tikili ilə bağlı hazırki iş üzrə qarşılıqlı və ya müstəqil tələb irəli sürülməmişdir. Bu səbəbdən də həmin tikilinin qanunvericiliyin tələblərinə uyğun inşa edilib-edilməməsi hazırki məhkəmə baxışı çərçivəsində araşdırma predmeti ola bilməz. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin müzakirə olunan hissələrə aid apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bunlardan başqa, cavabdeh bildirir ki, eyni tərəflər arasında eyni predmet barəsində qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğuna görə, hazırki iş üzrə icraata xitam verilməli olduğu halda, Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxmışdır. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi iddiaçının tələbi əsasında çıxarıldığından və həmin tələbdə eyvanın bağlanma üsulu ilə bağlı tələb yer almadığından bu qətnamənin mövcudluğu müdaxilənin qarşısını almağa kifayət etməmişdir. Cavabdehin inşa etdiyi tikilinin eyvanının iddiaçıya məxsus torpaq sahəsinə baxan hissəsinin zəruri həddə bağlanmaması səbəbindən cavabdehin iddiaçıya məxsus torpaq sahəsinə münasibətdə hədsiz təsiri hazırda da davam edir. Bu səbəbdən Məhkəmə hesab edir ki, ədalət mühakiməsini həyata keçirən Rayon Məhkəməsi, iddiaçının iddiasına mahiyyəti üzrə baxaraq iddiaçının pozulmuş hüquqlarını bərpa etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 yanvar 2024cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar