Məhkəmə qərarları › İş №2(107)-634/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-634/2025

10.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-634/2025 10.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X16 qızının katibliyi, apellyasiya şikayəti vermiş İddiaçı və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2(019)-22/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları

İddiaçı 16 may 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 0,94 ha torpaq sahəsi üçün ödədiyi 1000 ABŞ dolları pulun və X9 üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə 50000 ABŞ dolları pulun onun vərəsələri olan cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsində iş üzrə aparılan məhkəmə hazırlıq mərhələsində İddiaçı 18 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 0,94 ha torpaq sahəsi üçün ödədiyi 1000 ABŞ dolları pulun, X9 tərəfindən üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə 50000 ABŞ dolları pulun, 4 il müddətində torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi 2200 manat pulun, hazırkı iddia ərizəsini məhkəməyə təqdim etmək üçün ödədiyi 352 manat pulun və vəkilə ödədiyi 100 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bundan sonra isə, iş üzrə aparılan məhkəmə hazırlıq mərhələsində İddiaçı 26 fevral 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə yenidən məhkəməyə müraciət edərək, 0,94 ha torpaq sahəsi üçün ödədiyi 1000 ABŞ dolları pulun indeksasiya dəyəri olan 2849,53 manat pulun, X9 tərəfindən üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə 50000 ABŞ dolları pulun, 4 il müddətində torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi 2200 manat pulun, hazırkı iddia ərizəsini məhkəməyə təqdim etmək üçün ödədiyi 352 manat pulun və vəkilə ödədiyi 100 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizələrdə iddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və onun ailə üzvlərinə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 956 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Cavabdehlər və X10 çöl sahəsində yerləşən onlara verilmiş 0,94 ha torpaq sahəsini istifadə edə bilmədiklərinə və təcili pula ehtiyacları olduğuna görə satmaq istədiklərini bildirmişlər. 2003-cü ildə X10 ilə 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılığa gələrək onunla ilkin alqı-satqı müqaviləsi bağlamışlar. Həmin vaxt o, onlara 1000 ABŞ dolları pul vermişdir. Bunun əvəzində isə onlar 0,94 ha torpaq sahəsini onun sahibliyinə vermişlər. Həmin vaxt onlar razılaşmışlar ki, gələcəkdə 0,94 ha torpaq sahəsinin alqı-satqı müqaviləsini notarial qaydada rəsmiləşdirsinlər. Təxminən üç il torpaq sahəsini istifadə etdikdən sonra cavabdehləri və Məhəmməd Kövrüyevi həmin torpaq sahəsinin notarial qaydada alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat kontoruna dəvət etmiş, lakin onlar notariat kontoruna getməkdən imtina etmişlər. Belə olan halda onları 21 avqust 2006-cı il tarixdə Balakən rayonu Gərəkli kənd İnzibati Ərazi Dairəsinə dəvət etmişdir. 21 avqust 2006-cı il tarixdə Balakən rayonu Gərəkli kənd İnzibati Ərazi Dairəsində iltizam tərtib edilmiş, həmin iltizama əsasən Balakən rayonu Gərəkli kənd sakini X10 özünə və ailə üzvlərinə 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə 956 nömrəli Dövlət Aktına əsasən “Tğoy” çöl sahəsindən verilmiş 0,94 ha pay torpaq sahəsini ailəsinin razılığı əsasında Bakı şəhəri Lökbatan qəsəbəsində yaşayan İddiaçı 1000 ABŞ dollarına satmış, gələcəkdə peşman olaraq 0,94 ha pay torpağını geri tələb edərsə, əvəzində İddiaçı 50000 (əlli min) ABŞ dolları qaytarmağa söz vermişdir. Həmin “iltizam” notarial qaydada təsdiq edilmiş və reyestrdə qeydə alınaraq dövlət rüsumu tutulmuşdur. Eyni zamanda, həmin tarixdə Məhəmməd Kövrüyev tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Q.Ş.Məmmədova ünvanlanmış, Cavabdeh1, X5, Cavabdeh2, Cavabdeh4, X13 və Cavabdeh3 Rəşid oğlu tərəfindən imzalanması göstərilən ərizədən görünür ki, onun ailə üzvləri ilə birlikdə Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 №-li qərarı ilə 0,94 ha torpaq sahəsinin ailə üzvlərinin razılığı ilə satmaq qərarına gəlməsi, satmaq istədikləri torpaq sahəsinin girov qoyulmaması və onunla bağlı məhkəmə mübahisəsinin olmaması göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 №-li qərarına müvafiq olaraq satmaq istədikləri 0,94 ha torpaq sahəsi barədə arayış verilməsi xahiş olunması barədə arayış tərtib edilmişdir. X10 02 mart 2007-ci ildə ölmüşdür. Onun ölümündən sonra Notariat Kontorunda vərəsəlik işinin açılması və alqı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirilməsi ilə bağlı dəfələrlə cavabdehlərə müraciət etsə də, onlar bildirmişlər ki, hazırda sənədləri qaydasında deyil, sənədlər tam hazır olandan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. Bundan sonra o, həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşlaşdırmışdır. O, dəfələrlə cavabdehlərə daşınmaz əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, 2022-ci ildə onlar notariat kontoruna gəlməyəcəklərini bildirmişlər. Bu səbəbdən cavabdehlərlə aralarında mübahisə yaranmışdır. Bundan sonra İddiaçı cavabdehlər Cavabdeh1, Mahmudova (Kövrüyeva) Səadət Məhəmməd qızına, Cavabdeh2, Cavabdeh4, X11 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərar ilə 956 nömrəli dövlət aktına əsasən Cavabdeh1 Alihacı qızına, Mahmudova (Kövrüyeva) Səadət Məhəmməd qızına, Cavabdeh2, Cavabdeh4, X11, Cavabdeh3 məxsus, İddiaçı istifadəsində olan Balakən rayonu Gərəkli kəndində “Tğoy” çöl sahəsində yerləşən 0,94 ha pay torpaq sahəsinə dair iddiaçı ilə cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli e-2(019)-154/2023 nömrəli qətnaməsi ilə iddiası təmin olunmamışdır. Həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(019)-514/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli e-2(019)-154/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Beləliklə, 21 avqust 2006-cı ildə Balakən rayonu Gərəkli kənd İnzibati Ərazi Dairəsində notarial qaydada akt tərtib edərək Cavabdeh1, Mahmudova (Kövrüyeva) Səadət Məhəmməd qızına, Cavabdeh2, Cavabdeh4, X11 və Cavabdeh3 məxsus olan 0,94 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini 1000 ABŞ dollarına X9 tərəfindən ona satıldığına, hazırda Məhəmməd Kövriyev öldüyünə, cavabdehlər onun vərəsələri olduğuna, mübahisələndirilən əmlakın ümumbirgə mülkiyyətdə olduğuna, tərəflərin əgər alqı-satqının gələcəkdə baş tutmaması nəticəsində 50000 ABŞ dolları İddiaçı qaytarmağı öhdəsinə götürdüyünə, alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarlı hesab olunmadığına, hazırda torpaq sahəsini cavabdehlərin geri qaytarmaq üçün iddia etdiklərinə görə hesab edir ki, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olduğundan, cavabdehlər 0,94 ha torpaq sahəsi üçün ödədiyi 1000 ABŞ dollarını ona ödəməlidirlər. Eyni zamanda X9 tərəfindən üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə 50000 ABŞ dolları onun vərəsələri olan cavabdehlərdən alınıb ona ödənilməlidir. Bundan əlavə o, torpaq sahəsini 2006-cı ildə aldıqdan sonra yaxşılaşdırma işləri aparmışdır. Belə ki, 0,94 hektar torpaq sahəsinin əkinə yaralı vəziyyətə gətirilməsi üçün 2006-cı ildən 2023-cü ilədək hər il hər hektara 10 traktor qoşqusu olmaqla üzvü gübrə(peyin) vermişdir. Torpağa verilmiş bir traktor qoşqusunun qiyməti orta hesabla 30 manat, qoşquya doldurulması üçün 10 manat, səpilməsi üçün 15 manat olmaqla hər qoşquya orta hesabla 55 manat vəsait xərcləmişdir. Bir ildə torpaq sahəsinə 550 manat xərc cəkmişdir. Beləliklə 2006-cı ildən 2023-cü ilədək 17 il ərzində torpaq sahəsinin yaxşılaşdırılmasına 9350 manat xərc çəkmişdir. Lakin verilmiş gübrənin (peyinin) torpaq sahəsini yalnız 3-4 il müddətə münbitləşdirməsini nəzərə alaraq, 4 ilə görə bu xərcin 2200 manatını tələb edir.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı mülki iş üzrə qəbul edilmiş Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 17 mart 2025-ci il tarixli e-2(019)- 22/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 (mirasdan aldıqları pay həddində) torpaq sahəsinə görə ödənmiş 1000 ABŞ dollarının infilyasiya nəzərə alınmaqla dəyəri 2849,53 manat, ödənmiş dövlət rüsumuna görə 10,56 manat və vəkilə hüquqi yardıma görə ödənmiş məbləğin 03 manatı alınıb İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edlilməsin. 150 manat ekspertiza xərcinin 145,50 manatı İddiaçı, 4,50 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.” Balakən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2(019)-22/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı 2003-cü ildə X10 ilə, sonuncunun və ailə üzvülərinin mülkiyyətində olan, Balakən rayonu Gərəkli kəndində yerləşən 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı ilə bağlı şifahi razılığa gəlmiş, 21 avqust 2006-cı il tarixdə Balakən rayonu Gərəkli kənd İnzibati Ərazi Dairəsində onlar arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı iltizam tərtib edilmiş, iltizamda Balakən rayonu Gərəkli kənd sakini X10 özünə və ailə üzvlərinə 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə 956 nömrəli Dövlət Aktına əsasən “Tğoy” çöl sahəsindən verilmiş 0,94 ha pay torpaq sahəsini ailəsinin razılığı əsasında Bakı şəhəri Lökbatan qəsəbəsində yaşayan İddiaçı 1000 ABŞ dollarına satmış, gələcəkdə peşman olaraq 0,94 ha pay torpağını geri tələb edərsə, əvəzində İddiaçı 50000 (əlli min) ABŞ dolları qaytarmağa söz vermişdir. Həmin iltizam Gərəkli kənd İnzibati Ərazi Dairəsində təsdiq edilmiş və reyestrdə qeydə alınmışdır. İddiaçı 1000 ABŞ dollarını X6 vermiş, sonuncu isə torpaq sahəsini iddiaçının istifadəsinə və sahibliyinə vermişdir. İddiaçı 2022-ci ilin sonuna kimi həmin torpaq sahəsindən istifadə etmişdir. 2022-ci ildə cavabdehlər torpaq sahəsinin alqı-satqısı ilə bağlı notariat kontoruna getməkdən imtina etdiklərinə görə tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı cavabdehlər Cavabdeh1, Mahmudova (Kövrüyeva) Səadət Məhəmməd qızına, Cavabdeh2, Cavabdeh4, X11 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərar ilə 956 nömrəli dövlət aktına əsasən Cavabdeh1 Alihacı qızına, Mahmudova (Kövrüyeva) Səadət Məhəmməd qızına, Cavabdeh2, Cavabdeh4, X11, Cavabdeh3 məxsus, İddiaçı istifadəsində olan Balakən Rayonu Gərəkli kəndində “Tğoy” çöl sahəsində yerləşən 0,94 ha pay torpaq sahəsinə dair iddiaçı ilə cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli e-2(019)-154/2023 nömrəli qətnaməsi ilə iddiası təmin olunmamışdır. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(019)-514/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli e-2(019)-154/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin hallarını, İddiaçı 0,94 hektar torpaq sahəsinə görə 1000 ABŞ dollarını mərhum X6 verməsini, 1000 ABŞ dollarının infilyasiya nəzərə alınmaqla hazırkı dəyərinin 2849,53 manat olmasını, mərhum X2 vərəsələri olan cavabdehlər- Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 0,94 hektar torpaq sahəsini geri alsalar da həmin məbləği iddiaçıya qaytarmamalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi 1000 ABŞ dollarının infilyasiya nəzərə alınmaqla dəyəri olan 2849,53 manatın cavabdehlərdən alınıb ona verilməsinə aid hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbi 50000 ABŞ dolları pula və torpaq sahəsinin yaxşılaşdırılmasına görə tələb olunan 2200 manat pula aid hissədə isə təmin edilməməlidir. Belə ki, İddiaçı mərhum X10 tərəfindən verilmiş, 21 avqust 2006-cı il tarixdə Balakən rayonu Gərəkli kənd İnzibati Ərazi Dairəsində təsdiq olunmuş iltizamda sonuncunun 0,94 ha pay torpağı geri tələb olunduğu halda ona 50000 (əlli min) ABŞ dolları qaytarmağa söz verməsinə əsaslanaraq həmin məbləğin cavabdehlərdən alınıb ona verilməsini tələb edir. Qeyd edilməlidir ki, iddiaçının əsaslandığı 21 avqust 2006-cı il tarixli iltizam (müqavilə) etibarsız olmuşdur, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən isə əqd etibarsız olduqda tərəflərin hər biri aldıqlarını digər tərəfə qaytarmalıdır. Qanunvericiliyin bu tələbinə əsasən İddiaçı cavabdehlərdən 50000 (əlli min) ABŞ dollarını tələb etməsi əsaslı hesab oluna bilməz. İddiaçı tələb etdiyi 2200 manat yaxşılaşdırma xərci ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. İddiaçı 0,94 hektar torpaq sahəsinə hər il 10 traktor qoşqusu üzvü gübrə (peyin) verdiyini, bunun üçün hər il 550 manat xərc cəkdiyini, 4 ilə görə bu xərcin 2200 manat təşkil etdiyini göstərsə də bunları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzi tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli 10/3927-9/4226 nömrəli ekspert rəyindən də görünür ki, ekspert tərəfindən yaxşılaşdırma ilə bağlı tədqiqat aparılmamışdır və torpaq sahəsinin dəyərinin yaxşılaşdırmaya görə artması qeyd edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi 2200 manat yaxşılaşdırma xərcinə aid hissədə də təmin edilməməlidir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənmiş dövlət rüsumunun 10,56 manatı və vəkilə göstərdiyi yardıma görə ödənmiş məbləğin 03 manatı cavabdehlər Cavabdeh1,Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 alınıb İddiaçı ödənilməlidir. Məhkəmə onu da diqqətə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-1306.2-ci maddələrinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 mirasdan aldıqları pay həddində torpaq sahəsinə görə ödənmiş 1000 ABŞ dollarının infilyasiya nəzərə alınmaqla dəyəri 2849,53 manat, ödənmiş dövlət rüsumuna görə 10,56 manat və vəkilə hüquqi yardıma görə ödənmiş məbləğin 03 manatı alınıb İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. 150 manat ekspertiza xərcinin 145,5 manatı İddiaçı, 4,5 manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 337.5, 425.1, 1091.1, 1091.2, 1092.1, 1306.1, 1306.2 və 1307-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1, 115, 119.1 və 121.1-ci maddələrinə istinad etmişdir. Eyni zamanda, mülki iş üzrə qəbul edilmiş Balakən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2(019)-22/2025 nömrəli qətnaməsində aşağıda qeyd olunan sənədlərə istinad olunmuşdur: - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-514/2023 nömrəli qətnaməsi: Həmin qətnamədən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Mahmudova (Kövrüyeva) Səadət Məhəmməd qızına, Cavabdeh4, Cavabdeh2, X7 və Cavabdeh3 qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə 956 nömrəli dövlət aktına əsasən cavabdehlər Cavabdeh1, Mahmudova (Kövrüyeva) Səadət Məhəmməd qızına, Cavabdeh4, Cavabdeh2, X7 və Cavabdeh3 məxsus, İddiaçı istifadəsində olan Balakən rayonu Gərəkli kəndində “Tğoy” çöl sahəsində yerləşən 0,94 ha pay torpaq sahəsinə dair iddiaçı ilə cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” barədə iddia tələbi Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli e- 2(019)-154/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Eyni zamanda, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti də təmin edilməyərək, Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, e-2(019)154/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - JN-0956 KOD-40110018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı: Həmin sənəddən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Cavabdeh3, X6, X8, X1, Cavabdeh2, Cavabdeh4, X11 və Cavabdeh3 Rəşid oğluna Balakən rayonu Gərəkli kəndi ərazisindən 0,94 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. - 21 avqust 2006-cı il tarixli “İltizam”: Həmin sənəddən görünür ki, Balakən rayonu Gərəkli kənd sakini X10 özünə və ailə üzvlərinə 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə 956 nömrəli Dövlət Aktına əsasən “Tğoy” çöl sahəsindən verilmiş 0,94 ha pay torpaq sahəsini ailəsinin razılığı əsasında Bakı şəhəri Lökbatan qəsəbəsində yaşayan İddiaçı 1000 ABŞ dollarına satmış, gələcəkdə peşman olaraq 0,94 ha pay torpağını geri tələb edərsə, əvəzində İddiaçı 50000 (əlli min) ABŞ dolları qaytarmağa söz vermişdir. - X15 tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Q.Ş.Məmmədova ünvanlanmış və Cavabdeh1, X5, Cavabdeh2, Cavabdeh4, X13 və Cavabdeh3 Rəşid oğlu tərəfindən də imzalandığı qeyd olunan ərizə: Həmin ərizədən görünür ki, onun ailə üzvləri ilə birlikdə Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998 il tarixli 08 №-li qərarı ilə 0,94 ha torpaq sahəsinin ailə üzvlərinin razılığı ilə satmaq qərarına gəlməsi, satmaq istədikləri torpaq sahəsinin girov qoyulmaması və onunla bağlı məhkəmə mübahisəsinin olmaması göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 №-li qərarına müvafiq olaraq satmaq istədikləri 0,94 ha torpaq sahəsi barədə arayış verilməsi xahiş olunur. - Balakən rayon Gərəkli Bələdiyyəsi tərəfindən Cavabdeh1 xx.xx.2020-ci il tarixdə verilmiş 94 nömrəli arayış: Həmin sənəddən görünür ki, JN-956 nömrəli Dövlət Aktına əsasən onların ailə üzvlərinə verilmiş 0,94 ha pay torpaq sahəsindən İddiaçı adlı vətəndaş istifadə edir. Həmin torpaq sahəsinin vergisi isə 2015-2020-ci illər ərzində heç kim tərəfindən ödənilməmişdir. - Balakən rayon Gərəkli İcra Nümayəndəliyi tərəfindən 12 mart 2007-ci il tarixdə verilmiş AZ-İ seriylı 226286 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 02 mart 2007-ci il tarixdə ölmüşdür. -İşdə olan xx.xx.2022-ci il tarixli 17193 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün 352 manat məbləğində dövlət rüsumu ödəniş edilmişdir. -İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Balakən Vəkil Bürosuna 100 manat məbləğində ödəniş edilmişdir. -İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli 9/5723 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən) müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən 884,4 manat pul məbləğinin 21 avqust 2006-cı il tarixindən hazırkı dövrədək 322,2% infilyasiya faiz dərəcəsi nəzərə alınmaqla, qeyd edilən indeksasiya məbləği 2849,53 manat məbləğində müəyyən edilir.

3. Apellyasiya şikayəti və ona etiraz

3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2(019)-22/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, e-2(019)-22/2025 nömrəli qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi və iddianın təmin edilməmiş hissəsində də təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 0,94 ha torpaq sahəsi üçün ödədiyi 1000 ABŞ dolları pulun indeksasiya dəyəri olan 2849,53 manat pulun, mərhum X9 tərəfindən üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə 50000 ABŞ dolları pulun, 4 il müddətində torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi 2200 manat pulun, hazırkı iddia ərizəsini məhkəməyə təqdim etmək üçün ödədiyi 352 manat pulun və vəkilə ödədiyi 100 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(019)-22/2025 saylı qətnaməsiilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 (mirasdan aldıqları pay həddində) torpaq sahəsinə görə ödənmiş 1000 ABŞ dollarının infilyasiya nəzərə alınmaqla dəyəri 2849,53 manat, ödənmiş dövlət rüsumuna görə 10,56 manat və vəkilə hüquqi yardıma görə ödənmiş məbləğin 03 manatı alınıb İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları ilə bağlı qeyd olunur ki, Cavabdeh1 və onun ailə üzvlərinə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cil tarixli 08 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 956 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Cavabdehlər və mərhum X10 çöl sahəsində yerləşən onlara verilmiş 0,94 ha torpaq sahəsini istifadə edə bilmədiklərinə və təcili pula ehtiyacları olduğuna görə satmaq istədiklərini bildirmişlər. 2003-cü ildə X10 ilə 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılığa gələrək onunla ilkin alqısatqı müqaviləsi bağlamışlar. Həmin vaxt İddiaçı onlara 1000 ABŞ dolları pul vermişdir. Bunun əvəzində isə onlar 0,94 ha torpaq sahəsini onun sahibliyinə vermişlər. Həmin vaxt onlar razılaşmışlar ki, gələcəkdə 0,94 ha torpaq sahəsinin alqı-satqı müqaviləsini notarial qaydada rəsmiləşdirsinlər. Təxminən üç il torpaq sahəsini istifadə etdikdən sonra cavabdehləri və X15i həmin torpaq sahəsinin notarial qaydada alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat kontoruna dəvət etmiş, lakin onlar notariat kontoruna getməkdən imtina etmişlər. Belə olan halda onları 21 avqust 2006-cı il tarixdə Balakən rayonu Gərəkli kənd İnzibati Ərazi Dairəsinə dəvət etmişdir. 21 avqust 2006-cı ildə Balakən rayonu Gərəkli kənd İnzibati Ərazi Dairəsində iltizam tərtib edilmiş, həmin iltizama əsasən Balakən rayonu Gərəkli kənd sakini X10 özünə və ailə üzvlərinə 1998-ci il 30 iyun tarixli 08 nömrəli qərarı ilə 956 nömrəli Dövlət Aktına əsasən “Tğoy” çöl sahəsindən verilmiş 0,94 ha pay torpaq sahəsini ailəsinin razılığı əsasında İddiaçı 1000 ABŞ dollarına satmış, gələcəkdə peşman olaraq 0,94 ha pay torpağını geri tələb edərsə, əvəzində İddiaçı 50000 (əlli min) ABŞ dolları qaytarmağa söz vermişdir. Həmin iltizam notarial qaydada təsdiq edilmiş və reyestrdə qeydə alınaraq dövlət rüsumu tutulmuşdur. Eyni zamanda həmin tarixdə Məhəmməd Kövrüyev tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədrinə ünvanlanmış və Cavabdeh1, X5, Cavabdeh2, Cavabdeh4, X13 və Cavabdeh3 Rəşid oğlu tərəfindən imzalanması göstərilən ərizədən görünür ki, onun ailə üzvləri ilə birlikdə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998ci il 30 iyun tarixli 08 №-li qərarı ilə 0,94 ha torpaq sahəsinin ailə üzvlərinin razılığı ilə satmaq qərarına gəlməsi, satmaq istədikləri torpaq sahəsinin girov qoyulmaması və onunla bağlı məhkəmə mübahisəsinin olmaması göstərilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 №-li qərarına müvafiq olaraq satmaq istədikləri 0,94 ha torpaq sahəsi barədə arayış verilməsi xahiş edilmişdir. Lakin, X10 02 mart 2007-ci ildə ölmüşdür. Onun ölümündən sonra notariat kontorunda vərəsəlik işinin açılması və alqı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirilməsi ilə bağlı dəfələrlə cavabdehlərə müraciət etsə də, onlar bildirmişlər ki, hazırda sənədləri qaydasında deyil, sənədlər tam hazır olandan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. İddiaçı isə həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşlaşdırmışdır. O, dəfələrlə cavabdehlərə daşınmaz əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, 2022-ci ildə onlar notariat kontoruna gəlməyəcəklərini bildirmişlər. Bu səbəbdən cavabdehlərlə aralarında mübahisə yaranmışdır. Bundan sonra İddiaçı cavabdehlər Cavabdeh1, Mahmudova (Kövrüyeva) Səadət Məhəmməd qızına, Cavabdeh2, Cavabdeh4, X11 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 1998-ci il 30 iyun tarixli 08 nömrəli qərar ilə 956 nömrəli dövlət aktına əsasən Cavabdeh1 Alihacı qızına, Mahmudova (Kövrüyeva) Səadət Məhəmməd qızına, Cavabdeh2, Cavabdeh4, X11 və Cavabdeh3 məxsus, İddiaçı istifadəsində olan Balakən Rayonu Gərəkli kəndində “Tğoy” çöl sahəsində yerləşən 0,94 ha pay torpaq sahəsinə dair iddiaçı ilə cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli e-2(019)-154/2023 nömrəli qətnaməsi ilə iddiası təmin olunmamışdır. Həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(019)-514/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli e-2(019)-154/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Beləliklə 21 avqust 2006-cı ildə Balakən rayonu Gərəkli kənd İnzibati Ərazi Dairəsində notarial qaydada akt tərtib edərək Cavabdeh1, Mahmudova (Kövrüyeva) Səadət Məhəmməd qızına, Kövrüyeva Sev̇nıc Məhəmməd qızına, Cavabdeh4, Kövrüyev Saḣbı Rəşid oğluna və Cavabdeh3 məxsus olan 0,94 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini 1000 ABŞ dollarına X9 tərəfindən ona satıldığına, hazırda Məhəmməd Kövriyev öldüyünə, cavabdehlər onun vərəsələri olduğuna, mübahisələndirilən əmlakın ümumbirgə mülkiyyətdə olduğuna, tərəflərin əgər alqı-satqının gələcəkdə baş tutmaması nəticəsində 50000 ABŞ dolları İddiaçı qaytarmağı öhdəsinə götürdüyünə, alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarlı hesab olunmadığına, hazırda torpaq sahəsini cavabdehlərin geri qaytarmaq üçün iddia etdiklərinə görə hesab edir ki, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olduğundan, cavabdehlər 0,94 ha torpaq sahəsi üçün ödədiyi 1000 ABŞ dollarını ona ödəməlidirlər. Eyni zamanda, X9 tərəfindən üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə 50000 ABŞ dolları onun vərəsələri olan cavabdehlərdən alınıb ona ödənilməlidir. Bundan əlavə iddiaçı torpaq sahəsini 2006-cı ildə aldıqdan sonra yaxşılaşdırma işləri aparmışdır. Belə ki, 0,94 hektar torpaq sahəsinin əkinə yaralı vəziyyətə gətirilməsi üçün 2006-cı ildən 2023-cü ilədək hər il hər hektara 10 traktor qoşqusu olmaqla üzvü gübrə (peyin) vermişdir. Torpağa verilmiş bir traktor qoşqusunun qiyməti orta hesabla 30 manat, qoşquya doldurulması üçün 10 manat, səpilməsi üçün 15 manat olmaqla hər qoşquya orta hesabla 55 manat vəsait xərcləmişdir. Bir ildə torpaq sahəsinə 550 manat xərc cəkmişdir. Beləliklə 2006-cı ildən 2023-cü ilədək 17 il ərzində torpaq sahəsinin yaxşılaşdırılmasına 9350 manat xərc çəkmişdir. Lakin verilmiş gübrənin (peyinin) torpaq sahəsini yalnız 3-4 il müddətə münbitləşdirməsini nəzərə alaraq, 4 ilə görə bu xərcin 2200 manatını tələb edir. Lakin işə baxan birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallara düzgün hüquqi qiymət verməmiş, iş materiallarında olan sübutları və Mülki-Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq, iddianı 50000 ABŞ dollarına aid hissədə, 2200 manat çəkilmiş xərcə və vəkilə ödənilmiş 100 manatın 97 manatına münasibətdə düzgün olmayaraq iddianı rədd etmişdir. Halbuki, məlum razılaşmanın təminatı kimi X9 gələcəkdə peşman olaraq 0,94 ha pay torpağını geri tələb edərsə, əvəzində İddiaçı 50000 (əlli min) ABŞ dolları qaytarmağı barədə öhdəlik götürmüşdür. Lakin, X9 02 mart 2007-ci ildə ölmüş, onun vərəsələri və digər mülkiyyətçilər isə 2022-ci ildən 0,94 ha torpaq sahəsini iddiaçıdan geri tələb etmişlər. Belə olan halda birinci instansiya məhkəməsi işin bu hallarına düzgün hüquqi qiymət verməmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.8-328.9-cu maddələrinin, 560-cı maddəsinin tələbləri pozmaqla iddianı həmin hissədə rədd etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi İddiaçı tələb etdiyi 2200 manat yaxşılaşdırma xərci ilə bağlı məhkəmə qeyd etmişdir ki, “İddiaçı 0,94 hektar torpaq sahəsinə hər il 10 traktor qoşqusu üzvü gübrə (peyin) verdiyini, bunun üçün hər il 550 manat xərc cəkdiyini, 4 ilə görə bu xərcin 2200 manat təşkil etdiyini göstərsə də, bunları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir”. İş materiallarından da görünür ki, mülki iş üzrə xx.xx.2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertin qarşısında aşağıdakı məzmundan ibarət iki sual qoyulmuşdur: iddiaçı tərəfindən 0,94 ha torpaq sahəsində 2003-cü ildən 2023-cü ilə kimi hansı yaxşılaşdırma işləri görülmüşdür və bu işlərin görülməsinə neçə manat xərc çəkilmişdir? 0,94 ha torpaq sahəsinin hazırkı bazar qiyməti neçə manat təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli 10/3927- 9/4226 nömrəli ekspert rəyindən isə görünür ki, ekspert tərəfindən yaxşılaşdırma ilə bağlı tədqiqat aparılmamışdır və torpaq sahəsinin dəyərinin yaxşılaşdırmaya görə artması qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi isə buna görə iddia tələbini 2200 manat yaxşılaşdırma xərcinə aid hissədə təmin etməmişdir. Lakin, məhkəmə bu istiqamətdə araşdırma aparmamış, iş üzrə əlavə məhkəmə ekspertizası təyin etməmişdir. Hansıki, iddianın dəlillərini araşdıraraq ona düzgün hüquqi qiymət verilməsi hakimin xidməti vəzifəsindən irəli gəlir. Eyni zamanda əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə 100 manat xərcin, konkret hallar və təqdim edilmiş məlumatları düzgün qiymətləndirməyərək digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini təmin etməyərək Mülki-Prosessual Məcəllənin 121.1-ci maddəsinin tələblərini pozmaqla vəkilin göstərdiyi yardıma görə 03 manat pulun cavabdehlərdən alınıb iddiaçıya verilməsini qət etmişdir. Beləliklə, Balakən Rayon Məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, iş materiallarında olan sübutları və Mülki Prosessual-Məcəllənin tələblərini nəzərə almayaraq iddianı 50000 ABŞ dollarına aid hissədə və 2200 manat çəkilmiş xərcə və vəkilə ödənilmiş 100 manatın 97 manatına münasibətdə düzgün olmayaraq rədd etmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması, tətbiq edilməli olan hüquq normasını tətbiq etməməsi və sübutlara düzgün hüquqi qiymət verməməsi nəticəsində bu pozuntu düzgün qətnamə qəbul olunmaması ilə nəticələnmişdir. Yuxarıda qeyd etdiyi halları nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə çıxarılmış qətnamə maddi və prosessual hüquq normalarının pozulması, eyni zamanda düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən - məhkəmə qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbi tam təmin edilməlidir.

3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. İş üzrə apellyasiya icraatı:

4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarına apellyasiya şikayəti vermiş İddiaçı və onun nümayəndəsi Nümayəndə gəlmiş olsalar da, həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 isə məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin hər hansı üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclaslarında apellyasiya şikayətini vermiş İddiaçı və onun nümayəndəsi Daanov X14 Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2(019)-22/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Balakən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, e-2(019)-22/2025 nömrəli qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi və iddianın təmin olunmamış hissəsində də təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Balakən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, e-2(019)-22/2025 nömrəli qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi və iddianın təmin edilməmiş hissəsində də təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi - hüquqdan sui-istifadə əsaslarından biridir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası, İddiaçı apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Balakən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2(019)-22/2025 nömrəli qətnaməsi qismən, yəni cavabdehlərdən “ödənmiş dövlət rüsumuna görə 10,56 manat və vəkilə hüquqi yardıma görə ödənmiş məbləğin 03 manatın alınması” hissəsində ləğv edilməli və iddiaçının xeyrinə cavabdehlərdən dövlət rüsumuna görə tutulan pulun miqdarı 48,49 (qırx səkkiz manat 49 qəpik) manat məbləğində və vəkilə hüquqi yardım üçün ödənilmiş xidmət haqqına görə tutulan pulun miqdarı 100 (yüz) manat məbləğində müəyyən edilməklə, həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı işin konkret halları, o cümlədən də İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə müəyyən olunur ki, Balakən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2(019)-22/2025 nömrəli qətnaməsinə əsasən iddiaçının “0,94 ha torpaq sahəsi üçün ödədiyi 1000 ABŞ dolları pulun indeksasiya dəyəri olan 2849,53 manat pulun, X9 tərəfindən üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə 50000 ABŞ dolları pulun, 4 il müddətində torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi 2200 manat pulun, hazırkı iddia ərizəsini məhkəməyə təqdim etmək üçün ödədiyi 352 manat pulun və vəkilə ödədiyi 100 manat pulun cavabdehlərdən alınıb ona verilməsi” barədə iddia tələbi qismən təmin edilərək, “cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 (mirasdan aldıqları pay həddində) torpaq sahəsinə görə ödənmiş 1000 ABŞ dollarının infilyasiya nəzərə alınmaqla dəyəri 2849,53 manat, ödənmiş dövlət rüsumuna görə 10,56 manat və vəkilə hüquqi yardıma görə ödənmiş məbləğin 03 manatı alınıb İddiaçı ödənilməsi” qət edilmişdir. Lakin, İddiaçı hazırkı apellyasiya şikayətində yuxarıda qeyd olunan iddia tələbinin təmin olunmayan hissələri ilə əlaqədar birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya şikayətində “Balakən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2(019)-22/2025 nömrəli qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi və iddianın təmin edilməmiş hissəsində də təmin edilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qeyd etmək lazımdır ki, apellyasiya icraatı zamanı apellyasiya şikayətinin tələbinə və dəlillərinə uyğun araşdırma aparılaraq, həmin araşdırma nəticəsində mübahisənin konkret halları və qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir ki, mərhum X9 tərəfindən üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə “50000 ABŞ dolları pulun və 4 il müddətində torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi 2200 manat pulun” cavabdehlərdən tutulması ilə bağlı iddia tələbi üzrə birinci instansiya məhkəməsində iddiaçının həmin iddia tələbinin dəlillərinə uyğun araşdırmalar aparılmış və iddiaçının həmin tələblərlə əlaqədar apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara birinci instansiya məhkəməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Həmçinin, bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, işin hallarına görə iddiaçı mübahisə predmeti olan 0,94 ha torpaq sahəsindən 2003–2023-cü illər ərzində istifadə edərək gəlir əldə etmiş və həmin torpaq sahəsi üzrə müvafiq qaydada nəzərdə tutulan subsidiyaları almışdır. Eləcə də, mübahisə predmeti olan 0,94 ha torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” JN-0956, KOD-40110018 nömrəli Dövlət Aktı yalnız mərhum X3 deyil, onunla yanaşı digər 7 nəfərin adı göstərilməklə tərtib edilmiş və həmin sənədin 1-ci qrafasında mülkiyyətçi qismində X4 adı qeyd olunmuşdur. Yəni, məlum torpaq sahəsi 8 nəfərin mülkiyyətinə verilməsinə baxmayaraq, iddiaçı tərəfin “50000 ABŞ dolları pulun tutulması” barədə iddia tələbini əsaslandırdığı 21 avqust 2006-cı il tarixli “İltizam” yalnız onlardan biri, yəni mərhum X9 tərəfindən imzalanmışdır. Göründüyü kimi, bu qeyd olunanlar və eyni zamanda, yuxarıda təsvir olunan işin halları bir daha təsdiq edir ki, hazırkı iddia ərizəsində cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 mərhum X3 üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə “50000 ABŞ dolları pulun və 4 il müddətində torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi 2200 manat pulun tutulması” hissəsində iddia tələbinin əsaslılığı iş üzrə aparılan məhkəmə araşdırmaları zamanı müvafiq qaydada müəyyən edilməmiş və sübut olunmamışdır. Ona görə də, birinci instansiya məhkəməsi tərəfindən 17 mart 2025-ci il tarixli e-2(019)-22/2025 nömrəli qətnaməsində iddia tələbinin “50000 ABŞ dolları pulun və 4 il müddətində torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi 2200 manat pulun tutulması” hissəsində - əsaslılığı və qanuniliyi şübhə doğurmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bundan əlavə, işin yuxarıda təsvir olunan halları nəzərə alınmaqla, aşağıda qeyd olunanlara əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi 17 mart 2025-ci il tarixli e-2(019)-22/2025 nömrəli qətnaməsində cavabdehlərdən “ödənmiş dövlət rüsumuna görə 10,56 manat və vəkilə hüquqi yardıma görə ödənmiş məbləğin 03 manatın alınması” qənaətinə gəlməklə, düzgün nəticəyə gəlməmiş və bu nəticə - həmin hissədə iş üzrə qanuni və əsaslı nəticə hesab edilə bilməz. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə ilə təmsil olunan iddiaçı - iddia tələbində “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqının” da cavabdehlərdən tutulmasını xahiş etmiş və bununla bağlı müvafiq sübutları məhkəməyə təqdim etmişdir. Lakin, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etdiyinə əsaslanaraq, cavabdehlərdən hüquqi yardımla əlaqədar cəmi 03 (üç) manat məbləğində vəkilə (nümayəndəyə) ödənilmiş xidmət haqqının əvəzini tutmuşdur. Halbuki, birinci instansiya məhkəməsinin həmin tələbə bu cür yanaşması əsassız olmaqla yanaşı, qanunvericiliyin tələbləri baxımından da düzgün olmamışdır. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbləri baxımından məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olsa da (maddə 119.1), məhkəmə - nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara almalıdır (maddə 121.1). Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında da qeyd olunur ki, ərizəçi - xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin sübut olunduğu və “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” halda tutulmasına yol verilir. Hazırkı iş üzrə də iddiaçı hüquqi yardımla əlaqədar 100 manat məbləğində pul ödəməsini təsdiq edən sənədi məhkəməyə təqdim etmiş və həmin məbləğin - hazırkı iş üzrə “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” şübhə doğurmur. Ona görə də, həmin hissədə iddia tələbi təmin edilməli və cavabdehlərdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə iddia ərizəsində tələb olunan məbləğdə, yəni 100 (yüz) manat məbləğində pul tutulmalıdır. Həmçinin, Balakən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2(019)-22/2025 nömrəli qətnaməsinə əsasən cavabdehlərdən “1000 ABŞ dolları pulun indeksasiya dəyəri olan 2849,53 manat məbləğində” pul tutulsa da, hazırkı iddia ərizəsi verilərkən “ödənmiş dövlət rüsumuna görə 10,56 manat məbləğində pulun” cavabdehlərdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Lakin, birinci instansiya məhkəməsinin həmin nəticəsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun deyildir. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbləri baxımından məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1) və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən isə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Ona görə də, Balakən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2(019)-22/2025 nömrəli qətnaməsi ilə iddia tələbi üzrə 2849,53 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutulduğu üçün, həmin məbləğə mütənasib olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hesablanan 48,49 (qırx səkkiz manat 49 qəpik) manat məbləğində pul vəsaiti də iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2(019)-22/2025 nömrəli qətnaməsi qismən, yəni cavabdehlərdən “ödənmiş dövlət rüsumuna görə 10,56 manat və vəkilə hüquqi yardıma görə ödənmiş məbləğin 03 manatın alınması” hissəsində qətnamə ləğv edilməli və iddiaçının xeyrinə cavabdehlərdən dövlət rüsumuna görə tutulan pulun miqdarı 48,49 manat məbləğində və vəkilə hüquqi yardım üçün ödənilmiş xidmət haqqına görə tutulan pulun miqdarı 100 manat məbləğində müəyyən edilməklə, həmin hissədə yeni qətnamə qəbul edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 (mirasdan aldıqları pay həddində) torpaq sahəsinə görə ödənmiş 1000 ABŞ dollarının infilyasiyası nəzərə alınmaqla 2849,53 manat, ödənilmiş dövlət rüsumuna görə 48,49 manat və vəkilə hüquqi yardım üçün ödənilmiş xidmət haqqına görə 100 manat olmaqla, ümumilikdə cəmi 2998,02 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli və qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, işin halları nəzərə alınmaqla, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2(019)-22/2025 nömrəli qətnaməsi qismən, yəni cavabdehlərdən “ödənmiş dövlət rüsumuna görə 10,56 manat və vəkilə hüquqi yardıma görə ödənmiş məbləğin 03 manatın alınması” hissəsində ləğv edilsin və iddiaçının xeyrinə cavabdehlərdən dövlət rüsumuna görə tutulan pulun miqdarı 48,49 (qırx səkkiz manat 49 qəpik) manat məbləğində və vəkilə hüquqi yardım üçün ödənilmiş xidmət haqqına görə tutulan pulun miqdarı 100 (yüz) manat məbləğində müəyyən edilməklə, həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 (mirasdan aldıqları pay həddində) torpaq sahəsinə görə ödənmiş 1000 ABŞ dollarının infilyasiyası nəzərə alınmaqla 2849,53 (iki min səkkiz yüz qırx doqquz manat 53 qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 48,49 (qırx səkkiz manat 49 qəpik) manat və vəkilə hüquqi yardım üçün ödənilmiş xidmət haqqına görə 100 (yüz) manat olmaqla, ümumilikdə cəmi 2998,02 (iki min doqquz yüz doxsan səkkiz manat 02 qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Balakən Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2(019)-22/2025 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar