Məhkəmə qərarları › İş №2(107)-636/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-636/2025

11.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-636/2025 11.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliyi, pul və zərər tələbi) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, İddiaçı iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-2(039)-142/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh aralarında razılaşaraq **-ZX-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu 14000 manat pul vəsaiti müqabilində alması barədə etibarnamə əsasında cavabdehin adına rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı pul və tələbin nəqliyyat vasitəsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddianın həcminin azaldılmasına dair ərizə verərək, Cavabdeh 5000 manat pul vəsatinin və həmin pul vəsaitinə görə xx.xx.2023-cü il tarixdən hesablanmaqla məhkəmə qətnaməsi qəbul edildiyi günə qədər olan dövr ərzində bank faizinin uçot dərəcəsinə müvafiq olan məbləğinin alınaraq ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, Baş X16 İdarəsinin həyətində yerləşən 48 saylı Notariusun qarşısında Yevlax rayon sakini Cavabdeh ona (iddiaçıya) məxsus **-ZX-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu 14000 manat pul vəsaiti müqabilində alması barədə razılığına gəlmişlər və xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında həmin yarımqoşqu cavabdehin adına rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh ona (iddiaçıya) məxsus olan yarımqoşqunun pulunu vermək əvəzinə onun (cavabdehin) xəbəri olmadan yarımqoşqunu xx.xx.2023-cü il tarixdə X8 adına rəsmiləşdirmişdir. Dəfələrlə ona (iddiaçıya) məxsus yarımqoşqunu və ya 14000 manat pul vəsaitini qaytarmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə həmin pul vəsaitini qaytarmaqdan yayınmışdır. X11 isə öz növbəsində yarımqoşqunu xx.xx.2023-cü il tarixdə X6 adına rəsmiləşdirmişdir. Hal-hazırda həmin şəxsin mülkiyyətindədir. Bundan sonra o (iddiaçı) əlacsız şalaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh verdiyi etibarnaməni ləğv etdirmək məcburiyyətində qalmışdır. Sonuncu dəfə cavabdehlə əlaqə yaratdıqda, ondan ya qoşqunu geri qaytarmasını, ya da 14000 manat pul vəsaitini qaytarmasını tələb etmiş, cavabdeh isə ona cavabında hədə-qorxu gələrək hara istəyirsə şikayət etməsini və heçkimdən qorxmadığını bildirmişdir. Bundan sonra o (iddiaçı) məcbur qalaraq Binəqədi RPİnə müraciət etmiş, İstintaq şöbəsində material üzrə araşdırma aparılaraq izahatları alınmış və cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Çoxsaylı şikayətlərdən sonra cavabdeh pulun müəyyən hissəsini qaytarsa da, 5000 (beş min) manatı bu günədək qaytarmamışdır. Hesab edir ki, ona (iddiaçıya) məxsus yarımqoşquya dair vermiş olduğu etibarnamə etibarsız hesab edilərək, onun (iddiaçının) mülkiyyətinə qaytarılmalı və yaxud razılaşdıqları pul vəsaiti cavabdeh tərəfindən ona ödənilməlidir. Mübahisə predmeti olan pul vəsaitinin yaranma səbəbi ona (iddiaçıya) məxsus Cavabdeh tərəfindən onun (iddiaçının) etibarından istifadə edilməklə üçüncü şəxs X8, sonradan isə digər üçüncü şəxs X6 adına qeydiyyata alınmış **-ZX-*** dövlət qeydiyyat nişanlı, YUKSEL markalı yarımqoşqudur. Bu səbəbdən məhkəmə araşdırması zamanı pul vəsatinin qaytarılması üçün tələbin mübahisə predmeti olan həmin yarımqoşquya yönəldilməsi zərurəti yaranacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-cimaddəsinə görə Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətietməlidir, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 385.2-ci maddəsinə görə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətlərizamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, Cavabdeh 5000 manat pul vəsatinin həmin pul vəsaitinə görə xx.xx.2023-cü il tarixdən hesablanmaqla məhkəmə qətnaməsi qəbul edildiyi günə qədər olan dövr ərzində bank faizinin uçot dərəcəsinə müvafiq olan məbləğinin alınaraq ona (iddiaçıya) verilməsinə və həmin tələbin mübahisə predmetinə əsas olmuş **-ZX-*** dövlət qeydiyyat nişanlı, YUKSEL markalı yarımqoşquya yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə olan komputer bazasından çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində olan Yuksel markalı, 99ZX924 qeydiyyat nişanlı yarımqoşqunu xx.xx.2023-cü il tarixdə X4 etibar etmiş, həmin etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmiş və qeyd edilən nəqliyyat vasitəsi alqı-satqı müqviləsinə əsasən xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır «Elektron notariat» X1 çıxarışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə X3 adına verilmiş etibarnamə xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-i tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı X7 barəsində şikayəti həmin şöbədə araşdırılmış və tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilərək, şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin qərardan görünür ki, X7 araşdırma zamanı verdiyi izahatında İddiaçı 14000 (on dörd min) manat müqabilində yarımqoşqu aldığını, həmin məbləğdən cəmi 9000 (doqquz min) mantını ödədiyini, qalan 5000 (beş min) manat pulu isə 2 ay müddətində ödəyəcəyinə dair söz vermişdir. Yevlax Rayin Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-2(039)-142/2025 nömrəli (hakim: Q.Paşayev) qətnaməsi ilə, iddia tələbi təmin edilərək, Cavabdeh 5000 (beş min) manat və 1 il 10 ay müddət üçün illik 5% hesblanmaqla 458.3 (dörd yüz əlli səkkiz manat otuz qəpik) manat, cəmi 5458.3 (beş min dörd yüz əlli səkkiz manat otuz qəpik) manat pul alınaraq İddiaçı verilməsi və cavabdeh X2 74.59 (yetmiş dörd manat əlli doqquz qəpik) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 21 aprel 2023-cü il tarixdə cavabdeh X7 İddiaçı sonuncuya məxsus yarımqoşqunu 14000 (on dörd min) manat müqabilində alması barədə razılığa gəlmişlər. Həmin yarımqoşquya görə cavabdeh Kənan Abdullazadə tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya 8500 (səkkiz min beş yüz) manat ödənilmiş, Kənan Abdullazadə tərəfindən bu barədə yazılı izahat verilmiş və qalan borcunu 2023-cü ilin sentyabr ayınadək ödəyəcəyinə dair öhdəlik götürmüşdür. İddiaçı tərəfindən həmin yarımqoşquya dair cavabdehin adına xx.xx.2023-cü il tarixdə etibarnamə verilmiş, lakin cavabdeh qalan borcunu ödəmədiyindən iddiaçı tərəfindən həmin etibarnamə xx.xx.2023cü il tarixdə ləğv etdirilmişdir. Sonrakı vaxtlarda cavabdeh borcundan 500 (beş yüz) manat ödəmiş, lakin qalan 5000 (beş min) manat borcunu ödəməkdən yayınmışdır. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddianın 5000 manat pul vəsaitinə görə xx.xx.2023-cü il tarixdən hesablanmaqla məhkəmə qətnaməsi qəbul edildiyi günə qədər olan dövr ərzində bank faizinin uçot dərəcəsinə müvafiq olan məbləğin cavabdehdən tutulması hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 385, 385.1, 385.2, 390.1, 425.1, 442, 445.2.1, 445.7, 448.1, 449.1, 449.2 və 449.3 -ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1 -ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcun məbləği ilə razı deyil. Onun 5000 manat borcu yoxdur. O, 5000 manat borcu olduqdan sonra davamlı olaraq İddiaçı pul ödəmişdir. Onun birinci instansiya məhkəməsində iştirakı təmin olunmayıb, əgər olunsa idi, sübutlarını məhkəməyə təqdim edərdi. Apellyasiya şikayətinə əlavə etdiyi 11 noyabr 2024-cü il tarixli, 5627 saylı qəbzdən görünür ki, o, İddiaçı 400 manat pul ödəmişdir. Lakin o, iddia verərkən həmin qəbzdə olan 400 manatı və bundan başqa ona ödədiyi pulları nəzərə almamışdır. Qətnamədə qeyd edilən faizin ödənilməsi hissəsi ilə də razı deyil. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən ona göndərilmiş pulların hamısı hesablanaraq borc məbləğindən çıxılmışdır. xx.xx.2024-cü il tarixdə onun kartına 400 manat pul vurulmuşdur. Əgər həmin pulu doğrudanda cavabdeh hesabına atmışdırsa onda qəbzidə ona göndərməli idi. Bundan başqa, cavabdehlə aralarında faizlə bağlı hər hanası razılaşma olmamışdır. Odur ki, nəzərə alınmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Bundan başqa, cavabdeh məhkəməyə ərizə göndərərək xəstə olduğu üçün məhkəmə iclasının xəstə olduğu üçün təxirə salınmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, cavabdeh xəstə olduğunu bildirsədə bununla bağlı hər hansı sənədi (xəstəlik barədə arayış və s.) məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Belə ki, İddiaçı iddia, həmçinin tələbin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat pul vəsatinin və həmin pul vəsaitinə görə xx.xx.2023-cü il tarixdən hesablanmaqla məhkəmə qətnaməsi qəbul edildiyi günə qədər olan dövr ərzində bank faizinin uçot dərəcəsinə müvafiq olan məbləğinin alınaraq ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apelyator isə birinci instansiya məhkəməsinin qətnaməsini borcun məbləği və gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi hissəsində mübahisələndirmişdir. Göründüyü kimi, hazırda mübahisəli qətnamə üzrə tərəflər arasında fikir ayrılığı borcun məbləği və gecikdirilmiş məbləğə hesablanmış faiz ilə bağlıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinсi instansiya məhkəməsinin qətnaməsini yalnız yuxarıda qeyd edilmiş hissələrdə mübahisələndirdiyindən məhkəmə kоllegiyаsı birinсi instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə yоxlаyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin pulun bir hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “eManat” qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 17:16-da iddiaçı tərəfindən cavabdehin kart hesabına 400 manat məbləğində pul göstərilmişdir. Həmçinin, məhkəmə kollegiyasının iclası zamanı iddiaçı tərəfindən mobil telefonu məhkəməyə təqdim edilmişdir. Kollegiya tərəfindən mobil telefonda olan Birbank hesabına baxış keçirilən zaman, xx.xx.2024-cü il tarixdə, saat 17:17-də iddiaçının kart hesabına “eManat” ödəniş terminalından 400 manat məbləğində pulun köçürüldüyü müəyyən edilmişdir. Araşdırma zamanı daha sonra müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən qəbz nömrəsi və ödəniş tarixi ilə iddiaçının Birbank hesabına xx.xx.2024-cü il tarixdə, saat 17:17-də mədaxil edilən qəbz nömrəsi, tarix və məbləğ üst-üstə düşür. Bundan başqa, məhkəmə kollegiyasının iclasında iddiaçı özüdə bildirmişdir ki, cavabdeh ona göndərdiyi pulun qəbzini atmadığı üçün köçürmədən məlumatsızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, doğrudanda xx.xx.2024-cü il tarixdə, saat 17:16 radələrində cavabdeh tərəfindən “eManat” ödəniş terminalı vasitəsilə iddiaçının kart hesabına 400 manat məbləğində pul köçürülmüşdür. Lakin, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman həmin ödəməni nəzərə almamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən “eManat” ödəniş terminalı vasitəsilə iddiaçının kart hesabına köçürülmüş 400 manat məbləğində pul cavabdehdən tələb edilən 5000 manat puldan çıxılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin gecikdirilmiş məbləğə hesablanmış faizlərin tutulmalı olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsaslıdır. Belə ki, tərəflər arsında faiz borcunun ödənilməsi ilə bağlı hər hansı razılıq olmamışdır. Bundan başqa, iddiaçı tərəf borcun ödənilməməsi ilə bağlı cavabdehin hər hansı təqsiri olması, eyni zamanda cavabdehin həmin puldan faydalanması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, şikayətin dəlilləri qeyd edilən hissədə əsaslı olduğundan birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi həmin hissədə ləğv edilərək iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin borcun bir hissəsinin əlbəəl qaytarılması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, cavabdeh tərəf borcun bir hissəsini iddiaçıya əlbəəl qaytardığını bildirmişdir. Göründüyü kimi, cavabdeh tərəf iddiaçıya ödəməli olan pulun bir hissəsini əlbəəl qaytardığını bildirsə də, bunula bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər. Məhkəmə kollegiyası sübut etmə yükü ilə bağlı bildirir ki, tərəf (və/vəya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ödənilməli olan pulun bir hissəsinin iddiaçıya məhz əlbəəl verilməsi qənaətinə gəlmək olmur. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-2(039)-142/2025 nömrəli qətnaməsi qismən yəni, 400 manat əsas borc və illik 5% üzrə hesablanmış 458.3 manata aid hissədə ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilsin və ləğv edilmiş hissədə iddia tələbi təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar